Siyavuş Kərimi: “Ağlıma gəlməzdi ki, nə vaxtsa musiqiçi, professor və rektor ola bilərəm”

Payız fəsillərin gözəli, sevgi, romantika ilə dolu bir fəsildir. Qızılı yarpaqların xışıltısı, yağış damlalarının səsi və Tanrının bəxş etdiyi bütün rənglərin bir araya gəldiyi payız ruhumuza sakitlik, duyğularımıza isə təkrarsız zövq verir. Bəlkə də bu səbəbdən payızda dünyaya gələn Siyavuş Kərimi başqa sənət sahibi deyil, məhz bəstəkar oldu...
Balaca ikən fikirləşirdi ki, böyüyəndə atası kimi neftçi olacaq. Amma atası Əşrəf kişi 1961-ci ildə onun əlindən tutub Bülbül adına orta ixtisas musiqi məktəbinə gətirir. Atasının milli musiqimizə, muğam sənətinə məhəbbəti onun gələcəyini təyin etmişdi. Bülbül adına musiqi məktəbində tar sinfini bitirdikdən sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirir. 1979-cu ildən başlayaraq Rəşid Behbudovun yaratdığı Mahnı Teatrının orkestrində solist, “Azkonsert”in “Aşıqlar” qrupunun, Azərbaycan Televiziyası və Radiosu estrada-simfonik orkestrinin bədii rəhbəri, “Cəngi” estrada-folklor ansamblının musiqi rəhbəri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifələrində çalışır.
Xalq artisti, professor Siyavuş Kəriminin adı çağdaş musiqi tariximizdə beynəlxalq miqyaslı bir çox layihələrin müəllifi kimi çəkilir. 2001-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib. Bəstəkar “Sarı gəlin”, “Sonuncu döyüş”, “Girov” və s. bədii, çoxseriyalı “Heydər Əliyev” televiziya filmlərinə, animasiya filmləri və teatr tamaşalarına musiqi yazıb. 2003-cü ildə Akademik Milli Dram Teatrında səhnəyə qoyulan “Hamlet” tamaşasına yazdığı musiqiyə görə “Qızıl Dərviş” mükafatına layiq görülüb. “Saz məktəbi” dərsliyinin həmmüəllifi, iki cilddən ibarət “Azərbaycan xalq mahnıları” məcmuəsinin tərtibçisidir. 2001-ci ildən Azərbaycan Milli Konservatoriyasının rektorudur.
Noyabrın 9-da 60 yaşı tamam olan bəstəkarla görüşüb həmsöhbət olduq.

- Siyavuş müəllim, illər öncəsinə boylananda həyatınızın hansı dönəmini daha çox yada salırsınız?
- Çətin sualdır. Amma geriyə baxanda ən çox xatırladığım bir məqam olur. Bizim yeniyetmə vaxtımızda 50-60 yaşlı adamlara çox qoca kimi baxırdıq. İndi özüm gəlib bu yaşa çatanda görürəm ki, bu heç də belə deyil. Əksinə, bu yaşdan gənc nəslə baxanda da onlara lap kiçikyaşlı uşaq kimi yanaşırsan. İnsanın həyatı film kimi yadına düşür. Epizodik olaraq. Ola bilər hansısa məqam yaddan çıxır. Bu epizodlar isə müəyyən bir dövrü əhatə edir. Hər onilliyin öz təravəti, gözəlliyi var. İstər uşaqlıq, atalı-analı illərim, istərsə də yaşımın müəyyən bir dövrü hər birinin öz mənası, yaşam tərzi var. Yəqin ki, bütün bunlar elə həyatın özüdür. Hər kəs istəyər ki, mənalı və uğurlu bir həyat yaşasın. Bu isə sadəcə qismətdir.
- Cavabınızdan belə bir sual yaranır. Bəs 40-45 il bundan əvvəl gənc Siyavuşun xəyallarında olan arzuları bu gün reallaşıbmı?
- İş ondadır ki, həyat gözlənilməz hadisələrlə doludur. Atam neftçi idi və mən də uşaq ikən neftçi olmağı arzulayırdım. Heç vaxt ağlıma gəlməzdi ki, musiqiçi, professor və rektor ola bilərəm. Heç vaxt proqramlaşmış həyat yaşamamışam. Hər şey tale və alın yazısıdır. Buna görə də Tanrıya və mənə xoş münasibət göstərən bütün insanlara minnətdar olmalıyam.
- Ad gününüzü necə qeyd edirsiniz?
- Ad günü şəxsi məsələ olduğuna görə çalışıram hər zaman ailəmlə birlikdə qeyd edim. Sözsüz ki, 60 yaş yubileydir, qeyd edilməlidir. Mən müsəlman ənənələrinə sadiq insan olduğumdan yəqin ki, ad günümü dostlarla iki aydan sonra (bu günlər islam təqviminə görə Məhərrəm ayıdır - red.) qeyd edəcəyəm.
- Rəhbərlik etdiyiniz ali məktəbdə hansı yeniliklər var?
- Siz də şahidsiniz ki, Milli Konservatoriya necə işıqlı və qürur duyulası bir təhsil ocağıdır. Sözsüz ki, bu bina möhtərəm Prezidentimizin Azərbaycan milli musiqisinə, mədəniyyətimizə çox böyük hədiyyəsidir. Açılışda Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etdi. Binasız şəraitdə işləmək bizə çətin idi. Belə gözəl şəraitdə tədrisin səviyyəsi də yüksək olmalıdır, yaxşı nəticələrimiz var. Bütün kollektiv böyük sevgi ilə hər səhər bura gəlir. Bəzən iş saatı bitsə də, otaqlarda dərslər davam edir. Bütün bunlar məni hədsiz sevindirir. Arzulayıram ki, təhsil ocağımız milli mədəniyyət mərkəzinə çevrilsin. Onu da qeyd etmək istərdim ki, Milli Konservatoriya Azərbaycan milli musiqi mədəniyyətinin inkişafına cavabdeh olan vacib tədris müəssisəsidir. Biz bu gün tədrisdə yeni istiqamətlərin təmin olunması məsələsinə çox ciddi yanaşırıq və bu sahədə müəyyən işlər görməyə çalışırıq.
- İdarəçilik və yaradıcılıq bir-birinə mane olmur ki?
- Musiqi həyatımın son dəqiqəsinə kimi mənimlədir. İş ondadır ki, konservatoriyaya rəhbərliyin özü də yaradıcı işdir. Musiqiyə zaman az qalsa da, onsuz mümkün deyil. Konservatoriyada özümüzü ifadə etmək üçün bütün imkanlar var. Çalışırıq ki, bu imkanlardan yetərincə istifadə edək.
- Yeni filmlərə, tamaşalara musiqilər yazırsınızmı? Yeri gəlmişkən, “Dərvişin qeydləri” filminə bəstələdiyiniz musiqi ekran əsərinin təsirini daha da artırır və filmdə bir möhtəşəmlik yaşadır.
- Bu işlərim davam edir. Hazırda bir film musiqisi üzərində işləyirəm. Başqa təkliflər də var. “Dərvişin qeydləri” isə son işlərimdən biridir və çox şadam ki, filmin musiqisi tamaşaçıların rəğbətini qazanıb. Kino bir çox sənət növlərinin vəhdətidir. Mən də bir musiqiçi kimi istərdim ki, yazdığım musiqi nəinki o filmi tamamlasın, hətta filmdən ayrıca da dinlənilərək qəbul edilsin.
- Müsahibələrinizin birində bildirmisiniz ki, Milli Konservatoriyada “musiqi terapiyası” ilə məşğul olan laboratoriya açmaq fikrindəsiniz?
- Belə bir fikir olsa da, hələlik onun tədrisinə gəlib çatmamışıq. Musiqinin insanların əhval-ruhiyyəsinə böyük təsiri var. Əlbəttə ki, psixoloji durum insanların sağlamlığına müəyyən təsir göstərir. Eşitdiyimə, bildiyimə görə bir sıra ölkələrdə bu istiqamətdə işlər var. İstərdim ki, bizim muğam sağlamlıq amilinə çevrilsin. Bu tək mənim işim deyil, sözsüz ki, bu yolda səhiyyə və digər elm adamları ilə birlikdə çalışmalıyıq.
- Bəstəkarın hər notu onun qəlbinin səsidir. Bəstələriniz arasında avtoportretiniz olanı varmı və sizi bütövlükdə təqdim edə bilirmi?
- Doğrusu, bu günə kimi bu haqda heç düşünməmişəm. Bəlkə də var. Yazdığım hər bir musiqi, bəstə mənə əzizdir və ürəyimdən gələn notlardır. Buna görə də haradasa deyə bilərəm ki, belə bir əsər var.
- 2001 və 2002-ci illərdə gerçəkləşdirdiyiniz beynəlxalq layihələri davam etdirmək fikriniz varmı?
- Bu iş davamını tapmalıdır və düşünürəm ki, belə layihələr yenidən təqdim ediləcək. Cəhdlər də var. Beynəlxalq layihələrə, musiqinin mübadiləsinə hər zaman ehtiyac var.
- Estrada sahəsində yeni yaranan əsərlər sizi qane edirmi?
- Bugünkü estrada ifaçılarını və onların ifa etdikləri əsərləri tənqid etmək düzgün olmazdı. Müasir dövrdə internet var, informasiya bolluğudur. Bizdə də dünyada baş verən musiqi hadisələrinə xüsusi münasibətlər yaranır və çalışırlar ki, bu cərəyanlara qoşulsunlar. Hamımıza bəllidir ki, bizim xalq mahnılarımız və görkəmli bəstəkarlarımızın əsərləri bu gün də sevilərək oxunur. Yaxşı mahnı heç zaman unudulmur. Əfsus ki, indi keyfiyyət baxımından elədir ki, birgünlük, beşgünlük mahnılar peyda olur və unudulur. Yaxşı mahnı da, ifaçı da heç zaman unudulmur.
- Yaradıcılığınızı bir albom şəklində musiqisevərlərə təqdim etməyi düşünürsünüzmü?
- Əsərlərimi bir yerə toplayıb ortaya çıxarmaq üçün ya mən tənbəllik edirəm, ya da zaman qıtlığı var. Çalışaram bunu nəzərə alım.
- Siyavuş müəllim, sonda sənətinizin vurğunlarına nə demək istərdiniz?
- İlk növbədə ad günüm ərəfəsində məni yadınıza saldığınıza görə, təbrik etdiyinizə görə “Mədəniyyət” qəzetinin kollektivinə təşəkkürümü bildirirəm. Hər kəsə uğurlar arzulayıram. Demək istəyirəm ki, mən günümün çox hissəsini tələbələrlə keçirirəm. Onların mənə olan hörmətini hiss etmək nə qədər xoşdursa, Azərbaycan mədəniyyətinin, musiqisinin bu gənclərin timsalında etibarlı əllərdə olduğunu görmək ikiqat xoşdur. Azərbaycan mədəniyyəti bütün dünyada öz qüdrətini hər zaman nümayiş etdirəcək.
- Müsahibəyə görə sağ olun.

* * *
Doğum günü ərəfəsində xoş bir xəbər Siyavuş Kərimi sənətinin vurğunlarını da sevindirdi. Prezident İlham Əliyevin sərəncamına əsasən Xalq artisti musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edildi. Bu münasibətlə yubilyarı bir daha təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar