Müsahibimiz Londonda fəaliyyət göstərən “Aloff” teatrının yaradıcısı və prodüseri Sənan Əliyevdir
III Bakı Beynəlxalq Teatr Konfransı ölkəmizin mədəni həyatında tarixə çevrilən səhifələrdən biri oldu. Konfransda teatr sənəti və multikulturalizm haqqında fikir mübadilələrinə bələdçilik edən qonaqlardan biri də Londonda fəaliyyət göstərən “Aloff” teatrının yaradıcısı və prodüseri Sənan Əliyev idi. Onunla konfransın son günündə görüşüb təəssüratlarını öyrəndik, Londondakı fəaliyyəti ilə maraqlandıq.
- Konfransda iştirakıma görə beynəlxalq teatr layihələri üzrə əlaqələndirici Şaiq Səfərova dərin təşəkkürümü bildirirəm. Qeyd edim ki, Londonda təhsil aldığım zaman universitetdə “Azərbaycan mədəniyyətlərarası cəmiyyəti”ni yaratmışdım. Cəmiyyətin müxtəlif ölkələrdən üzvləri var idi. Yəni müxtəlif mədəniyyətlərin bir araya gəlməsi mövzusuna hələ tələbəlik illərindən maraq göstərməyə başlamışam. Çünki müxtəlif mədəniyyətlərin mübadiləsi, həmçinin bizim bu prosesdən öyrənməyimiz gözəl hadisədir. Mədəni müxtəliflik Londonda yaşamağı seçməyimdə də əsas amillərdən biri oldu. Bu amil insanı yeni-yeni ideyalara sövq edir.
- Londonda təhsiliniz teatrla bağlı idi?
- Bəlkə də taleyin qismətidir. Mən Londona tamamilə fərqli bir sahə üzrə təhsil almağa getmişdim. Beynəlxalq münasibətlər və kommunikasiya üzrə təhsil alırdım. Diplomat olmaq arzusunda idim. Amma orada olduğum zaman ədəbiyyata sonsuz sevgim nəticəsində ingilis yazıçı və şairləri ilə əlaqələrim yarandı. Universitetdə ədəbi gecələr keçirərək Azərbaycan ədəbiyyatından tərcümələri onlara təqdim etməyə başladım. Beləcə, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərini tərcümə etdim. Bu əsəri tərcümə etməkdə məqsədim Azərbaycan dramaturgiyasını ingilislərə tanıtmaq idi. İngilis dilində Azərbaycan ədəbiyyatı, demək olar ki, yox dərəcəsindədir və onlar bizim ədəbiyyatımız haqqında az məlumatlıdırlar. Əsər tərcümə ediləndən sonra onu səhnələşdirmək qərarına gəldik. Teatr aləminə səyahətim bu əsərlə başlandı. Azərbaycan teatrında Axundzadənin adı ilklər sırasında olduğu kimi, mənim karyeramda da ilk cığır Mirzə Fətəlinin adı ilə bağlı oldu. Komediya 2010-cu ildə London teatrının səhnəsində oynanıldı. Bu da mədəni müxtəlifliyin bir parçası idi. Müxtəlif mədəniyyətlərin qovuşması, ölkələrin bir-birini tanıması, mədəniyyətlərini paylaşması vacibdir.
- Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqələriniz hansı səviyyədədir?
- 2010-cu ildə M.F.Axundzadənin əsərini səhnələşdirdiyim zaman nazirliklə əməkdaşlığa başladım. Çox sağ olsunlar, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bizə böyük köməklik göstərildi. Tamaşanın geyim və rekvizitləri nazirlik tərəfindən təchiz edildi. Bu gün də nazirlik bizdən köməyini əsirgəmir və mədəniyyətimizin tanıdılması istiqamətində layihələrə yaxından dəstək olur.
- Bir qədər də “Aloff” teatrının tarixindən danışaq.
- İlk tamaşadan sonra Avropada Azərbaycan teatrını tanıdacaq bir mərkəz açmaq ideyası yarandı. Sırf ingilis dilində Azərbaycan dramaturqlarının əsərlərini oynayan bir teatr. Çünki orada Azərbaycan teatrı haqqında təsəvvür azdır. Həm də Şekspirin vətənində yaşamağın özü insanı belə bir addım atmağa vadar edir. Hazırda “Aloff” teatrının kollektivi bütünlüklə ingilislərdən ibarətdir. Tək azərbaycanlı mənəm. Teatrın məqsədi ingilis auditoriyası üçün Azərbaycan əsərlərini tərcümə edib səhnələşdirməkdir. Tərcümələrlə birbaşa özüm məşğul oluram. Bu zaman ingilis dramaturqlarla da məsləhətləşirəm. Məsləhətləşmənin əsas məqsədi milli mədəni fərqləri, müxtəlifliyi, dəyərləri qoruyub saxlayaraq ingilis auditoriyasına uyğunlaşdırmaqdır.
- İndiyə kimi neçə tamaşa səhnələşdirmisiniz?
- “Müsyö Jordan və dərviş Məstəli şah”dan sonra Elçinin “Şekspir”, “Mənim sevimli dəlim”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsərlərini səhnələşdirmişik. Onu da qeyd edim ki, “Mənim sevimli dəlim” tamaşası Londonda oynanılarkən böyük uğur qazandı və belə qərara gəldik ki, tamaşa ilə Edinburq şəhərində keçirilən məşhur beynəlxalq teatr festivalında iştirak edək. Festivalda uğurla çıxış etdik. Teatr tənqidçiləri tamaşa haqqında müsbət fikirlər söylədilər. Bir müddət fasilə verdik. Bu fasilə də yeni tərcümələrlə əlaqədar idi. Bu zaman Londonda Kamal Abdullanın “Yarımçıq əlyazma” kitabının təqdimatı oldu və bizim aktyorlar kitabdan bəzi səhnələri canlandırdılar. Daha sonra İlyas Əfəndiyevin 100 illik yubileyi ilə əlaqədar “Sən həmişə mənimləsən” əsərini nümayiş etdirdik. Tamaşa üç həftə fasiləsiz oynanıldı və anşlaqla keçdi. Zalın 80 faizini ingilislər təşkil edirdi. Tamaşa barədə müxtəlif fikirlər səsləndi.
- Teatrınızın adı hansı mənanı ifadə edir?
- Teatrı yaradarkən fikirləşirdim elə bir ad seçək ki, həm Azərbaycan, həm də ingilislərə yaxın olsun. Azərbaycan Odlar Yurdudur. “Alovu” “Aloff” kimi təqdim etdim və “Azərbaycan land of fire” şüarının baş hərflərini ifadə edir.
- Qarşıda hansı layihələriniz var?
- Azərbaycan teatrı ilə bağlı bir sıra yeniliklər barədə düşünürəm. Elçinin “Cəhənnəm adamları” əsəri əsasında ingilis bəstəkarı ilə birlikdə Edinburq festivalına müzikl hazırlayırıq.
- Bəs teatr necə maliyyələşir?
- Avropa Azərbaycan Cəmiyyəti, bu ölkədəki səfirliyimiz, Britaniya İncəsənət Konsulluğundan aldığımız qrantlar və sözsüz ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bütün bu işlərin öhdəsindən gəlirik. Onu da bildirmək istəyirəm ki, Azərbaycanda gənc yazarlar arasında Avropa auditoriyasına uyğun modern, müasir dram əsərləri mövzusunda müsabiqə keçirmək fikrindəyik. Qalib gələn üç əsəri tərcümə edib səhnələşdirəcəyik. Bu əsərlər təkcə bizim teatrda oynanılmayacaq. Bizim Britaniyanın müxtəlif teatrları ilə müqaviləmiz var və müqavilə əsasında bu əsərlər həmin teatrlarda səhnələşdiriləcək.
- Bütün işlərinizdə sizə uğurlar arzulayırıq.
Lalə Azəri