Sadəddin Topukçu: “Azərbaycan mövcud imkanlardan yararlanıb daha çox turist cəlb edə bilər”

Aralıq dənizində ərazisinə (9,3 min kv. km) görə üçüncü (Siciliya və Sardiniyadan sonra) böyük ada olan Kipr minilliklər boyu fərqli mədəniyyətlərin qovuşduğu məkandır. Ada tarixən böyük imperiyaların (Roma, Bizans, Osmanlı, Britaniya) tərkibində olub. Türk və yunan icması uzun illər adada yanaşı yaşayıblar. 1960-cı ildə Kipr Britaniya müstəmləkəsindən müstəqil dövlətə çevriləndə də iki icma konfederativ dövlət yaradıb. Lakin bu dövlətin ömrü uzun olmayıb, yunanların türkləri sıxışdırmaq siyasəti münaqişəni alovlandırdı. Türkiyə vəziyyətə müdaxilə etməyə məcbur olub və 1974-cü ildə ada iki hissəyə bölünüb. 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Cümhuriyyətinin yarandığı elan edilib.

Ötən müddətdə Kipr türklərinin dövləti yalnız Türkiyə tərəfindən tanınsa da, Şimali Kipr müxtəlif ölkələrlə ticarət, turizm, təhsil, mədəniyyət əlaqələri qurur, TÜRKSOY-da təmsil olunur, qurumun mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Təsadüfi deyil ki, bu il TÜRKSOY-un ənənəvi layihələrindən olan və 17-ci dəfə gerçəkləşən “Opera günləri”nin möhtəşəm finalı sentyabrın 30-da Şimali Kiprin qədim Bellapais monastırında gerçəkləşib. ŞKTC-də çoxlu sayda azərbaycanlı tələbə oxuyur. Şimali Kiprin inkişaf etmiş turizm sektoru da azərbaycanlı turistləri cəlb edir.
ŞKTC-nin Bakıdakı təmsilçisi Sadəddin Topukçu ilə söhbətimiz də bu mövzuda oldu. Həmsöhbətim daha öncə ölkəsinin Pakistanda (İslamabad) nümayəndəsi olub, İstanbuldakı nümayəndəlikdə 4 il konsul kimi fəaliyyət göstərib.

- Bu gün Kipr türkləri üzləşdiyimiz ədalətsizliyə, təcridə rəğmən dünya ilə əlaqələr qurmağa çalışırlar. Düşünürəm ki, bunun öhdəsindən gələ bilirik. Məsələn, turizm baxımından çox gözəl imkanlarımız var. Bir çox ölkələrin turizm agentlikləri ilə əlaqələr qurmuşuq. Qürurla deyirəm ki, Şimali Kiprə gələn turistlərin sayı ildə 1 milyon nəfəri keçir. Bu göstəricinin milyon yarım olmasını hədəfə almışıq. İkinci önə çəkdiyimiz istiqamət təhsildir. Hazırda Şimali Kiprdə 11 universitet fəaliyyət göstərir. Ali təhsil ocaqlarında 70 min tələbə təhsil alır. 300 min əhalisi olan Şimali Kiprdə bu qədər tələbə sayının olması uğurlu göstəricidir. Onların çoxu Türkiyədən, qalanları isə 35-40 ölkədən gəlir. Azərbaycandan çoxlu tələbələr var və biz onların sayının daha da artmasını istəyirik. Biz həm tələbələrə təhsil veririk, həm də onların vasitəsilə dünyaya çıxırıq. Beləliklə, ölkəmiz beynəlxalq tanınmış təhsil mərkəzinə çevrilib.
- Azərbaycanla Şimali Kipr arasında mədəni əlaqələr barədə nə deyə bilərsiniz?
- Mədəniyyət, dil bizim ortaq dəyərlərimizdən biridir. Bir-birimizi daha yaxşı anlaya bilmək üçün bu dəyərlərimizi müxtəlif vasitələrlə möhkəmlətməyimiz lazımdır. Qarşılıqlı işbirliyi, mədəni mübadilə vasitəsilə belə əlaqələrimizi genişləndirməliyik. Bu istiqamətdə mədəniyyət proqramları həyata keçirilir. Onu da qeyd edim ki, əlaqələrimizin genişlənməsinin əsas vasitəçilərindən biri də Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələrdir. Onların təklifi ilə Azərbaycan sənətçilərini ölkəmizə dəvət edirik. İki il əvvəl Azərbaycan Dövlət Milli Dram Teatrı ilə Şimali Kipr Teatrı arasında bir anlaşma imzalandı. Azərbaycan Xalq yazıçısı Elçinin bir əsəri səhnələşdirildi. Tamaşanı Azərbaycandan gedən bir rejissor bizim aktyorlarla birgə səhnəyə qoydular. Hər il Şimali Kiprin Girne şəhərində TÜRKSOY opera günləri çərçivəsində konsertlər keçirilir. Bu tədbirlərdə Azərbaycandan da ifaçılar iştirak edirlər. Bütün bu mədəniyyət layihələri, qarşılıqlı səfərlər iki xalqın bir-birini daha yaxından tanımasına kömək olur.
- Turizm əlaqələrini, eləcə də Azərbaycanın bu sahədə imkanlarını necə qiymətləndirirsiniz?
- Şimali Kiprin iqtisadiyyatı iki əsas faktor üzərində qurulub - biri təhsil, digəri isə turizmdir. Ərazimiz kiçik olduğu üçün böyük sənaye təsisatları qurmaq mümkün deyil. Ona görə də xidmət sektoruna önəm verməyimiz lazımdır. Sevindirici haldır ki, hər il turizm sahəsində əhəmiyyətli nailiyyətlər əldə edirik. Qeyd etdiyim kimi, ölkəmizə gələn turist sayı ildən-ilə artır. Yeni turizm təsisatları inşa edilir. Şimalı Kiprdəki gözəl və cəlbedici məkanlara azərbaycanlı turistlər də böyük maraq göstərir. Eyni zamanda Bakıda keçirilən beynəlxalq turizm sərgilərində bizim turizm şirkətləri də iştirak edir. Ölkəmizdə turizmin müxtəlif sahələri, məsələn, mədəni turizmi, çimərlik turizmi, dini turizm inkişaf edir. Ölkədə müxtəlif dinlərə aid qədim məbədlər çoxlu ziyarətçi cəlb edir. Turist marağına səbəb olan tarixi yerlərimiz də çoxdur. Çünki Kipr tarix boyu müxtəlif mədəniyyətlərin gəlib keçdiyi bir məkandır və bu mədəniyyətlərin izləri qalmaqdadır. Məsələn, ölkəmizdə qədim amfiteatr, Salamis bölgəsində qədim şəhərin qalıqları mövcuddur. Bu bölgələrdə arxeoloji qazıntılar davam etdirilir.
Azərbaycan da böyük turizm potensialı olan ölkədir. Bu sahəyə yatırımlar qoyulur. Son illərdə turizmin inkişafına daha çox yer ayrılır. Şəkidə, Şahdağ turizm kompleksində olmuşam. Turizm baxımından çox gözəl yerlərdir. Qobustan qoruğu, oradakı muzey çox xoşuma gəldi. Bakı yaxınlığındakı palçıq vulkanları turizm baxımından çox cəlbedici məkandır. Dünyanın çox yerində belə nadir təbiət hadisəsinə rast gəlmək olmur. Düşünürəm ki, Azərbaycan bu imkandan yararlanıb daha çox turist cəlb edə bilər. İki il öncə buraya gələndə təsəvvür etdiyimdən daha gözəl, inkişaf etmiş bir ölkə gördüm. Əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə Azərbaycan bölgənin ən inkişaf etmiş bir ölkəsi olacaq.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar