Bu il Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Əflatun Nemətzadənin anadan olmasının 70, yaradıcılıq fəaliyyətinin 50 ili tamam olur. Keçmiş sovetlər dövründə Azərbaycanda, eləcə də Rusiyanın Sankt-Peterburq, Moskva şəhərlərində tamaşalar səhnələşdirən həmyerlimiz Yəməndə milli operanın qurucusudur. Rejissorluq sahəsində əldə etdiyi nailiyyətlərlə türk xalqlarının mədəni irisinin inkişafına töhfələr verib. Türkdilli ölkələrin opera sənətçilərinin iştirakı ilə “Ağrıdağ”, “Koroğlu”, “Alpamış”, “Birjan və Sara” kimi beynəlxalq layihələrə imza atıb. Hazırda Türkiyədə yaşayan soydaşımızla bu günlərdə Bakıda görüşdük.

- Əflatun müəllim, bu günlərdə yaradıcılığınızın 50 illiyi və 70 illik yubileyiniz TÜRKSOY tərəfindən təntənəli şəkildə qeyd olundu. 50 illik fəaliyyət, sizcə, bir göz qırpımında keçdi, yoxsa uzun, keşməkeşli bir yol oldu?
- Yubileyimin TÜRKSOY tərəfindən qeyd olunması çoxillik fəaliyyətimə verilən qiymət olaraq mənim üçün çox sevindirici hadisə idi. Həmin tədbirdə Azərbaycan və Türkiyənin dövlət rəsmiləri, türkdilli ölkələrin elm və mədəniyyət xadimləri, Ankaradakı diplomatik korpusun təmsilçiləri, sənətsevərlər iştirak edirdi. Mərasimdə Türkiyə parlamentinin sədri Cəmil Çiçək, Ankara valisi Mehmet Qılınclar və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrik məktubları oxundu. Mən bu təbriklərdən çox təsirləndim. Tədbirdə türkdilli ölkələrin mədəniyyət və incəsənət xadimləri tərəfindən geniş konsert proqramı təqdim olundu, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, görkəmli qazax bəstəkarı Mukan Tölebayevin əsərlərindən nümunələr səsləndi. Mənim üçün önəmli hadisələrdən biri də türk dünyası qarşısında səmərəli fəaliyyətimə görə TÜRKSOY-un yubiley medalı ilə təltif edilməyim oldu. Yubiley tədbirinin sonunda mənə söz verildi. Bir anlıq düşündüm ki, bu 50 il nə tez keçdi. Deməli, insan öz yolunu əvvəlcədən müəyyən edirsə, özünü orada tapırsa və o yola doğru gedirsə, etdikləri ona sadəcə xoşbəxtlik verir. Həyatda amalsız, məqsədsiz yaşamaq qeyri-mümkündür.

- Necə oldu ki, məhz incəsənət sahəsini seçdiniz? Sizi bu sahəyə gətirən, sevdirən hansı amillər idi?
- Əslən Cənubi Azərbaycandan, Ərdəbil şəhərindənik. Babam Mirzə Mütəllim həkim olub və Lənkəran xanının ailəsini müalicə etmək üçün oraya dəvət olunub. Sonra da xan ona təklif edib ki, orada yaşasın və beləliklə, ailə burada qalır. Bizim nəslimizin əksəriyyəti həkimdir. Mən isə artıq orta məktəbin 7-ci sinfində oxuyarkən həvəskar aktyor kimi səhnəyə çıxmışdım. Məncə, sənət böyük bir çaya bənzəyir. Bəzən insana elə gəlir ki, bu böyük çay ağır, sakit axır. Lakin bu belə deyil, əslində kənardan görünən sakitliyin içərisində dalğalar bir-birinə dəyir. Orta məktəbi bitirib Sumqayıtda tornaçı işlədim, sonra Bakıda Teatr İnstitutunun musiqili komediya fakültəsinə daxil oldum. Adil İsgəndərov və Sultan Dadaşov məndən imtahan götürdü. Artıq üçüncü kursda Musiqili Komediya Teatrında aktyor kimi işləməyə başladım. Müxtəlif rollar ifa edirdim. Sonra Bəşir Səfəroğlu məni sevdi və özünə dublyor seçdi. O, xəstələnəndə mən “Milyonçunun dilənçi oğlu”nda polis rəisi rolunu oynayırdım. Hətta vaxt tapıb məqalələr, hekayələr də yazırdım. Sonra həyat elə gətirdi ki, tanınmış teatrşünas Cəfər Cəfərov məni özünə aspirant götürdü. Turan Cavid isə məni Teatr Muzeyinə işə dəvət etdi. İki il muzeydə işlədim, amma gördüm ki, səhnə məni özünə çəkir. Sonra Sankt-Peterburq Konservatoriyanın rejissorluq fakültəsinə daxil oldum. Beləliklə, o çay məni qoynuna alıb apardı. O zaman iqtisadi çətinliklərim də var idi və peşə məktəblərindən birində özfəaliyyət dərnəyinin rəhbəri oldum. Üçüncü kursda artıq Mariinski Teatrında rejissor assistenti kimi çalışırdım. Konservatoriyadan sonra məni Sverdlovsk (indiki Yekaterinburq) şəhərinə təcrübə keçməyə göndərdilər. Orada 4 ay praktika keçdim və bu müddətdə “Karmen” operasını hazırladım. Sonra məktub gəldi ki, Heydər Əliyevin təlimatı ilə sizi Azərbaycana işə çağırırıq və mən də gəldim. O vaxt mədəniyyət naziri Zakir Bağırov idi. Mənə üç tamaşa verdilər. Onların içərisində məni ən çox cəlb edən Aleksandr Borodinin “Knyaz İqor” əsəri oldu. Bu bəxtsiz operadır, çünki proloqunu itiriblər və finalı da yoxdur. Sankt-Peterburq Konservatoriyasının kitabxanasında Borodinin əl yazısını tapdım. Tamaşanın ikinci hissəsində türklərin gücü göstərilir və bu, rusların xoşuna gəlmədiyinə görə heç yerdə verilmirdi. Böyük Teatrın direktoru Boris Pokrovski məni dəstəklədi və Qara Qarayevə məktub yazdı. Sonra o mənimlə görüşdü və ona hər şeyi ətraflı anlatdım. Q.Qarayev mənə dedi ki, SSRİ-də “Knyaz İqor”u ilk dəfə sən tamaşaya qoyursan və sənə kömək edəcəyəm. Beləliklə, Rauf Abdullayevlə birlikdə əsəri səhnəyə qoyduq.

- Sonradan fəaliyyətinizi Moskvada Böyük Teatrda davam etdirdiniz. Bunun ardınca isə Yəməndə milli teatr qurmaq kimi çətin bir missiya da sizin öhdənizə verildi. O günləri necə xatırlayırsınız?
- Bir işlə əlaqədar Moskvaya getmişdim və o zaman gördüm ki, Böyük Teatrda müsabiqə elan olunub. Namizədlərin çox olmasına baxmayaraq, mən müsabiqədən keçdim və işimi orada davam etdirdim. Hətta orada “Sevil” operasını qısaldaraq bir pərdədə tamaşaya qoydum və Fikrət Əmirovu da dəvət etdim. Bir gün işə gələndə mənə dedilər ki, Heydər Əliyev səni gözləyir. O, teatrın proqramına baxıb, adım diqqətini cəlb edib və çağırıb. Gördüm ki, ulu öndər SSRİ-nin mədəniyyət naziri Demiçovla əyləşib. Heydər Əliyev mənə dedi ki, səni Sverdlovskdan Bakıya çağırdıq və iş, ev verdik, bəs nə üçün qalmadın. Cavabımda dedim ki, Böyük Teatrda işləmək arzumdur. Sonra məni Yəmənə göndərdilər. Orada milli teatr qurmalı idim. Hər gün “Məşədi İbad”dan hissələri məşq edir, pianonu isə çırtma vurmaqla əvəz edirdik. Önəmli olan bu idi ki, Yəmənin paytaxtı Ədəndə milli teatrı 1982-ci il martın 22-də Üzeyir bəyin əsəri ilə açdıq. Orada 20-yə yaxın əsəri tamaşaya qoydum. Yəməndən sonra yenidən Böyük Teatra və sonra da Bakıya gəldik. Bakıda isə “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Şah İsmayıl” operalarını tamaşaya qoydum.

- Əflatun müəllim, yaradıcılığınızda Türkiyə dövrü xüsusi bir yer tutur. Türkiyədə beynəlxalq səhnə layihələriniz oldu. Bu necə baş verdi?
- İndiki kimi yadımdadır. Bir gün məni təcili nazirliyə çağırdılar. Türkiyənin mədəniyyət naziri Bakıya gəlmişdi. O, 1999-cu ilin noyabr ayında “Şah İsmayıl” operasına baxandan sonra məni Türkiyəyə dəvət etdi. Əvvəlcə Süleyman Ələsgərovun “Milyonçunun dilənçi oğlu” əsərini Ankarada səhnəyə qoydum. Oradan döndükdə Türkiyənin Mədəniyyət Nazirliyi mənə dedi ki, Mersində də opera teatrı qur. Mən oraya Firəngiz Əlizadəni dəvət də etdim. Məşqlərə başladıq. Mersin Dövlət Opera və Balet Teatrı mənim təklifimlə “Arşın mal alan”ın tamaşası ilə açıldı. Balet səhnəsi isə Firəngiz Əlizadənin yazdığı baletlə təqdim olundu. Orada bir çox əsərləri səhnəyə qoydum. 2002-ci ildə türk teatrının korifeyi Cüneyd Gökçə Mersinə gəldi və dedi ki, İhsan Doğramacı səni Bilkent Universitetinə dəvət edir. Orda ilk dəfə iki fakültə açdım, Bilkent teatrını qurdum, tamaşalar səhnələşdirdim. 2003-cü ildə məni Qazi Universitetinə konservatoriya qurmağa dəvət etdilər. 2006-cı ildə Ankarada mənim librettom əsasında “Dodaqdan qəlbə” tamaşaya qoyuldu.

- Türkdilli ölkələrin sənətçilərini ilk dəfə bir araya siz gətirərək beynəlxalq layihəyə imza atmsınız. Bu barədə nə deyə bilərsiniz?
- İlk beynəlxalq layihəm Çətin İşıközüllünün “Ağrıdağı” operası oldu. Operanın digər adı da “Gülbahar”dır. Onu 1999-cu ildə tamaşaya qoydum. Bakıdan Azərbaycan Dövlət Xor Kapellasını, Azərbaycan Dövlət Rəqs Ansamblının rəhbəri Afaq Məlikovanı dəvət etdim. O zaman Düsen Kaseinov Qazaxıstanın mədəniyyət naziri idi və mən onunla telefonla danışır, sənətçi istəyirdim. O da göndərirdi. Tamaşaya Özbəkistandan da sənətçi çağırdıq. Beləliklə, 6 türkdilli dövlətin sənətkarlarından ibarət opera təşkil etdim. “Koroğlu” layihəsini Bilkent Universitetində başladım. Layihə Anıtqəbir yanında bir meydanda olacaqdı. Amma onu həyata keçirə bilmədik. Sonra iş elə gətirdi ki, TÜRKSOY-un baş katibi Düsen Kaseinovla tanış oldum və layihəni ona göstərdim. O da dedi ki, bu bizim layihədir, lakin maddi imkanımız yoxdur. İndiki xarici işlər naziri Mövlud Çavuşoğlu bizə kömək etdi. Rauf Abdullayevlə birlikdə 45 gün Bişkekdə tamaşanı məşq etdik. Beləliklə, 2009-cu ildə Bişkekdə 2 tamaşa, Almatıda və Ankarada isə 1 tamaşa göstərdik. Üzeyir Hacıbəylinin doğum günü - 18 sentyabrda “Koroğlu” tamaşasını Bakıda göstərdik. Bu, TÜRKSOY-un birinci beynəlxalq layihəsi idi. İkinci layihə təklifi Türkiyənin keçmiş mədəniyyət və turizm naziri Ərtoğrul Günaydan gəldi. O bildirdi ki, TÜRKSOY-la İstanbul Beynəlxalq Opera Festivalının final hazırlığına “Koroğlu” tamaşasını hazırlayın. Astana operasında Başqırdıstan, Tatarıstan, Qazaxıstan və Tatarıstandan gələn sənətkarlarla məşqlərə başladıq. Astanadan həmin kollektivlə birlikdə İstanbula gəldik. 4 ölkənin mədəniyyət naziri səhnəyə çıxdı, 6 min tamaşaçı bizi ayaq üstə qarşıladı. Bunun ardınca 2010-cu ildə Parisdə göstəriləcək Novruz tamaşası üçün eyniadlı ssenari hazırladım. Bütün türk dövlətlərindən 169 nəfər sənətçi topladıq və məşqlərə başladıq. 28 mart 2010-cu ildə tamaşanı UNESCO səhnəsində də göstərdik. Sonra “Novruz”u Strasburqa apardıq.
- Sizin TÜRKSOY-la birgə fəaliyyətinizə eyni zamanda “Alpamış”, “Birjan və Sara” kimi operalar da daxildir...
- Düsen Kaseinov TÜRKSOY-un rəhbərliyinə gələndən sonra qurum çox dinamik işləyir. Onun təklifi ilə Erkəgəldi Raxmadiyevin “Alpamış” operasını, sonra isə Mukan Tölebayevin 100 illik yubileyində “Birjan və Sara” operasını tamaşaya qoydum. Samsunda nümayiş etdirilən bu tamaşanın finalında hər kəs ağlayırdı. “Birjan və Sara” da “Koroğlu” qədər bəyənildi. Tamaşanı 4 böyük şəhərdə beynəlxalq festivala çağırdılar.
Bütün bunlarla yanaşı, bu illərdə kitablarımı yazmaqda da davam etdim. Bu günə qədər 18 kitabım nəşr olunub. Hazırda Prezident İlham Əliyevə həsr etdiyim “Siyasət səmasında parlayan ulduz” adlı kitabım nəşr olunmaq üzrədir. Eyni zamanda Ankara vilayət qəzetində məqalələrlə çıxış edirəm. Ümumiyyətlə, mən yazmasam yaşaya bilmərəm. Bu günə qədər yazdığım məqalələrdə bütün sahələri əhatə etmişəm. Təkcə Qarabağla bağlı 300 səhifə material yazmışam. Harada yaşamağımdan asılı olmayaraq, qəlbim hər zaman Azərbaycanla döyünür. Yubileyimdə də öz torpağıma, öz vətənimə təşəkkür etdim, çünki məni bu torpaq yetişdirib.

Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar