“İnsan məhsula öz adını, soyadını verəndə daha məsuliyyətli olur”

Sabun bişirmək deyəndə ilk olaraq ağlımıza “Bizim Cəbiş müəllim” filminin baş qəhrəmanı gəlir. Özü də o qədər yaxşı olmayan, müəllim adına kölgə salan bir məşğuliyyət kimi!.. Ədəbiyyata bir köynək yaxın olanlar isə böyük şairimiz Mirzə Ələkbər Sabiri də xatırlayırlar. Bu məqamda insanın lap ürəyi sıxılır. Elə bir fitri istedad sahibinin ailəsini dolandırmaq üçün əl atdığı işə bax: sabun bişirmək!

Bu günlərdə isə Bakıda sabunbişirən xanımla tanış oldum. Bəli, bəli! Heç təəccüblənməyin, ali təhsilli (sonradan biləcəkdim ki, müsahibim ixtisasına görə pedaqoqdur, arada şeir yazmağı da var), paytaxtın mərkəzində yaşayan, elə bir ciddi maddi qayğısı olmayan gülərüz bir xanım öz kiçik emalatxanasında təbii inqrediyentlərdən istifadə etməklə gözəl, ətirli sabun bişirir.
Beləliklə, ətir saçan qadınla tanış olaq: Sevda Qasımova. Ali filoloji təhsil alıb. Neçə il orta məktəbdə rus dili və ədəbiyyatını tədris edib, ali məktəbdə işləyib. Jurnalistika həmişə onu cəlb etdiyi üçün Moskvada nəşr olunan «Qastronom» jurnalı ilə əməkdaşlıq edib, Azərbaycan mətbəxi və kulinariyası barədə məqalələr yazıb. «Bizim mətbəx» jurnalının redaktoru olub. Arabir şeir yazır. Yaradıcı ruhlu xanım olduğundan son üç ildə isə əvvəlcə hobbi kimi maraq göstərdiyi sabunbişirmə sahəsində müəyyən uğurlar qazanıb, hətta öz soyadını verdiyi “Gasimoff Natural Handmade Soap” markası ilə faydalı məhsullar hazırlayır.
- Jurnalistika həmişə məni cəlb edib: məqalələr yazmışam, rus dilində təhsil alsam da, televiziyada Azərbaycan dilində yayımlanan mətbəx proqramında işləmişəm, kulinariya jurnalına redaktorluq etmişəm...
- Amma birdən-birə uzaqlaşdınız...
- Anam ağır xəstəliyə tutuldu... Daha bütün günü işdə vaxt keçirmək mümkün deyildi. Amma işsiz də darıxırdım. Bir gün iyirmi il görmədiyim rəfiqəm Rusiyadan Bakıya gəldi. O mənə ideya verdi ki, bəlkə sabun bişirməklə başını qatasan.
- Siz də bu təklifi qəbul etdiniz.
- İdeya xoşuma gəldi. Özüm də maraqlanırdım bu işlə. Amma Bakıda sabun bişirmək üçün nə material var, nə qəlib, nə də məsləhət alacaq bir usta. Rəfiqəm söz verdi ki, ilk partiya üçün lazım olan nə varsa, hamısını göndərəcək. Beləcə, onun verdiyi təkanla işə başladım.
- Amma hazırladığınız sabunlar heç də həvəskar əlinin məhsuluna oxşamır. Yəqin ustadınız olmasa da, müəyyən ədəbiyyatdan bəhrələnmisiniz?
- İnanırsınız, heç rus dilində də yetərli ədəbiyyat yoxdu. İngilis dilində tapdığım ədəbiyyatı peşəkar tərcüməçiyə çevirtdirib oxumuşam. Amma Rusiyada bu işin peşəkarları çoxdur. Moskvada ustad dərslərində iştirak etmişəm. İndi də tez-tez Rusiyaya gedirəm, çünki orda eksklüziv sabun bişirmək üçün nə lazımsa, tapmaq olar.
- Bildiyim qədər satışda da təbii sabunlar var. Qəşəng, müxtəlif formalı, şux rəngli, tünd ətirli...
- Əvvəllər mən də elə bilirdim ki, gül, pişik, nə bilim, daha hansı formada ucuz qiymətə təklif edilən sabunlar təbii sabundur. Qəlib olsa, həmin sabunu məktəbli də düzəldər. Təbii sabunun səthi hamar olmur, həm də ona təbii efir yağları qatanda ətri çox tünd və qalıcı ola bilməz. Sintetik ətirləyici isə, bəli, tünd ətir saçır. Təbii komponentlərin qatıldığı, konkret dəri üçün, hər hansı problemi aradan qaldırmaq üçün nəzərdə tutulan müalicəvi sabun baha və çətin başa gəlir. Təsəvvür edirsiniz, sabun üç saat yarıma bişir, sonra qəlibə tökülür, 12 saat qalır. Sonda ona gərək olan qatqılar əlavə edilir.
- Sevda xanım, el arasında xörəyi gur odda bişirəndə belə deyirlər ki, sabun qaynatmırsan ki, vam odda bişir. Məgər sabun bişsin deyə, onu gur qaynatmaq lazımdır?
- Xeyr, sabun 75 dərəcədə davamlı qarışdırılmaqla bişirilir. Çünki, 100 dərəcədə qaynasa, daşıb dağılar, ondan sabun çıxmaz.
- Sizi tanımayan elə bilər ki, söz ehtiyatı geniş olan və yaradıcı ruhlu bir texnoloq ilə söhbət edir. Amma ali humanitar təhsil almısınız. Yəqin orta məktəbdə kimyanı çox sevmisiniz?
- Qətiyyən! Kimyanı heç sevməmişəm. Amma sabun bişirməyə olan maraq məni kimyanın müəyyən sirlərinə yiyələnməyə, bitkilərin kimyəvi təsirini öyrənməyə vadar edib. Həm də sabunla yanaşı, mən dəriyə və saça müxtəlif qulluq vasitələri, krem və maskalar, təmizləyici vasitələr də düzəldirəm.
- Səhv etmirəmsə, öz sabunlarınıza soyadınızı vermisiniz?
- Gasimoff Natural Handmade Soap. Üstəlik, loqotip olaraq, ağac şəklini seçmişəm. Ağac həm kökə, nəslə bağlılığın, həm də təbiiliyin rəmzidir. Qasımova da mənim qızlıq soyadımdır. Mən həmişə valideynlərimlə fəxr etmişəm, edirəm də. Buna görə də öz soyadımı bişirdiyim sabunlara vermişəm. Hesab edirəm ki, insan məhsula öz adını, soyadını verəndə daha məsuliyyətli olur. Çünki kimsə nəslinin adına ləkə gətirməyi istəməz.
- Müştəri qıtlığı hiss etmirsiniz ki?
- Yox. Onların əksəriyyəti ilə münasibətimiz artıq rəfiqəliyə çevrilib. Bəziləri ilə o qədər mehriban olmuşuq ki, onlardan pul almağa utanıram.
- Amma zəhməti hörmətə satmazlar.
- Onlar da bunu deyirlər. Mən istəmirəm ki, bir dəfə məndən nəsə alan adam üzünü döndərib getsin. Özümə rəva bilmədiyimi başqasına da qıymaram. Buna görə də sifarişi alanda müştərini sorğu-suala tuturam. Xonçaya qoymaq üçün, ya da hər hansı münasibətlə, kimə hədiyyə etmək istəyir, yoxsa müalicəvi sabun lazımdır, bəlkə SPA-dəsti daha münasibdir? Çox zaman onlar mənə deyirlər ki, öz məsləhət bildiyin kimi et. Məsələn, mən düzəltdiklərimi 10 manatlıq bəzəkli səbətdə, qutuda da təklif edə bilərəm, ya da 5 manatlıq qalın kətan, kiş torbada. Alıcı heç bunun fərqinə varmır da. Özüm məsləhət görürəm ki, məsələn, bu məhsula 10 yox, 5 manatlıq büküm daha uyğundur.
- Yeri gəlmişkən, qutu və səbəti də özünüz düzəldirsiniz?
- Yox. Bu işlə gəlinim məşğul olur. Nərgiz ixtisasca mühasibdir, amma gözəl əl qabiliyyəti, tərtibat zövqü var. Sadəcə, nəvəm hələ körpədir deyə, yaradıcılığa çox vaxt ayıra bilmir.
- Maşallah, gəlin ocağa çəkib ki! Sevda xanım, Azərbaycan üçün bir qədər nadir, komponentləri ölkədə tapılmayan bir sahə ilə məşğul olursunuz. Buna görə yorulmursunuz ki?
- Mən bu işlə ürəkdən, sevərək məşğul oluram. Kimsə məni buna məcbur etmir. Hər kompozisiyanı fikirləşmək, tərkibini öyrənmək mənə zövq verir. Zənn edirəm ki, bu da yaradıcılıqdır. Yaradıcılıq isə yorucu ola bilməz.

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar