Əşrəf Heybətov: “Əsərlərimdə də Azərbaycanı tərənnüm edirəm. Bu mənim vətənimə olan borcumdur”

Yaradıcılıq sərhədsiz uçuş meydanıdır. Yaradıcı insanlar yalnız bu meydanda özlərini rahat və sərbəst hiss edirlər. Həyatını sənətə həsr edən belə insanlardan biri də Əməkdar rəssam Əşrəf Heybətovdur.

Əşrəf Nəzir oğlu Heybətov 1951-ci ildə Bakıda dünyaya göz açıb. 1979-cu ildə İncəsənət İnstitutundan məzun olub. 1991-ci ildən UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Rusiya Rəssamlar İttifaqının, Rusiya Şərqşünaslıq Cəmiyyətinin, Azərbaycan-Almaniya Dostluq Cəmiyyəti idarə heyətinin üzvü və daha neçə-neçə qurumda təmsil olunan Əşrəf müəllimlə evində görüşdük. Öyrəndik ki, H.Zərdabi küçəsində yerləşən bu mənzil rəssamın 60 illik yubileyində ölkə başçısı İlham Əliyev tərəfindən ona hədiyyə edilib.
Hazırda bu məkan həm də mənzil-muzeydir. Burada rəssamın gəzib-dolaşdığı ölkələrin hər birindən nümunəyə rast gəlmək mümkündür: “Buraya köçəndə qərara gəldim ki, olduğum ölkələrin suvenirini, eksponatlarını evimdə yerləşdirim. İndi hər gələn qonaq burada müxtəlif ölkələrə aid nə isə tapır”.
Təbii ki, muzeyin ən dəyərli eksponatları Əşrəf Heybətovun öz əsərləridir. Onun işlərinin əsas mövzusu Azərbaycan və xalqımızın adət-ənənələridir. İlin çox hissəsini Almaniyada və Moskvada keçirən rəssamı ümumtürk miqyaslı mövzular da maraqlandırır...
Görkəmli qırğız yazıçısı Çingiz Aytmatov onun yaradıcılığına yüksək qiymət verərək deyib: “Əşrəfin əsərlərində Şərqin qədim ənənələri və Qərbin müasir plastikası üzvi şəkildə birləşir. Bu da seyrçini düşünməyə vadar edir”.

- Əşrəf müəllim, ildə neçə dəfə Bakıda olursunuz?
- İldə 3-4 dəfə Bakıya gəlmək imkanım olur. Prezident İlham Əliyev mənə ev verdikdən sonra daha tez-tez gəlirəm. Çalışıram, Yeni ili Bakıda, doğma şəhərimdə qarşılayım. Burada böyük ruh alıram, dostlarla görüşürəm. Bütün bunlar yaradıcılığıma müsbət təsir göstərir. Dəniz mənzərələrini çəkməyi, Şüvəlanda dənizə yaxın ərazidə işləməyi çox sevirəm. Bilirsiniz ki, yaradıcılığım Moskvadan başlayıb. Bakıda İncəsənət İnstitutunu bitirdikdən sonra Xalq rəssamı Tahir Salahovun köməkliyi ilə Moskvaya getdim. 1980-ci ildə Moskvada Olimpiada keçirilirdi. Həmin ərəfədə idman kompleksləri və müəyyən binaların üzərinə mozaikalar işlədim. 1981-ci ildə Moskva Beynəlxalq Münasibətlər İnstitutunda ilk sərgim təşkil olundu.
- Dünyanın bir çox ölkələrini gəzmiş insan kimi Yeni ili Bakıda qarşılamağın xüsusi özəlliyini nə ilə izah edərdiniz?
- Yaradıcı insan üçün əsas gözəllik və ruh yaxınlığıdır. Qanım və canım məni Bakıya, Vətənə çəkir. Vətəndən yaxşı məkan ola bilməz. Buna görə də yaradıcılığımın əsas mövzusu Azərbaycan, Abşeron və Bakıdır. Həmçinin xalq tipajları da bu silsilədə özünə yer alır. Abşeronda çox qədim, dərin izlər, Yanardağ kimi ecazkar yerlər var. Nağılvarı bir məkandır bu yerlər.
- Vətənin daha hansı məkanları sizi cəlb edir?
- Şəki. İlk dəfə Şəkiyə 17 yaşım olanda, dostum, görkəmli sənətkarlarımız Cövdət Hacıyevin və Əminə Dilbazinin övladı İsmayıl Hacıyevlə birlikdə getdim və o gündən bu günə bu qədim şəhər mənim üçün sirli bir aləmdir. Azərbaycana gələndə hər il bir rayonda əhali ilə görüşlərim olur, rəssamlıqla maraqlananlar üçün ustad dərsləri təşkil edirəm. 5-6 il əvvəl Şəki sakinləri ilə görüşə getmişdim. Bugünlərdə isə Qubada görüşüm nəzərdə tutulub.
- Belə görüşlərin nəticəsi necə olur?
- Xalqla görüşlər ölkəmizə dərindən bələd olmağıma imkan verir. Ustad dərsləri zamanı orada rəssamlığa meyli olanlara müəyyən qədər yardım edə bilirəmsə, bu mənə xoşdur. Etnoqrafik məkanlar, tarix və mədəni irslə tanışlıq insana böyük zövq verir.
- Rəsmi olaraq iş yeriniz varmı?
- Mən azad rəssamam. Səyahəti çox sevirəm. Etiraf edim ki, dərs deməyə elə də səbrim yoxdur. Berlin-Moskva-Bakı bu üçbucaqda yaşayan insanam. 15 il Moskvada yaşamışam, 18 ildir ki, Berlində oluram. Buna görə də rəsmi iş yerim olmayıb.
- Bu şəhərlər içərisində yaradıcılığınızda mühüm əhəmiyyət kəsb edəni hansıdır?
- Sözsüz ki, doğma Bakı mənə daha rahatdır. Amma yaradıcılığımda Moskva dövrü mühüm əhəmiyyət kəsb edib. Orada yaşadığım müddətdə zəngin mədəni mühitlə tanış oldum. Tanınmış, ustad monumentalistlərdən dərs aldım, onlarla ünsiyyətdə olub təcrübə qazana bildim. Tələbəlikdən bu mənim ən böyük arzum idi. Həm də o vaxtlar Moskva böyük mədəniyyət mərkəzlərindən biri idi. Həyatımda Tahir Salahov və Çingiz Aytmatov kimi təvazökar və səmimi insana rast gəlmədim. Onlar dahi insanlardır. Çingiz Aytmatovla uzun illər dostluq etdik. O deyirdi ki, Əşrəf mənim ruh dostumdur. O, Lüksemburqda səfir işlədiyi zamanlar həmin şəhərdə bir neçə dəfə sərgilərim olmuşdu. Sənəti yüksək dəyərləndirən insan idi.
- Ən çox hansı üslubda işləyirsiniz?
- Yağlı boya və qrafika üslubunda əsərlərim çoxdur. Eskizlərim əsasında Nepalda Tibet motivləri mövzusunda xalça toxundu. Bu bizim Şərq xalçalarının naxışlarından fərqlidir. 2010-cu ildə Frankfurtda alman nağıllarına illüstrasiyalarım və iki kitabım işıq üzü gördü. Bakıda “Şərq dünyası” adlı 100 əsərimin yer aldığı kataloq da maraqla qarşılandı. Bir neçə il əvvəl Bakı Slavyan Universitetində sərgim təşkil olundu. Burada dizayn, monumental, portret və s. əsərlərim təqdim edildi. Vatikanda Roma Papasının, Almaniyada kansler Angela Merkelin və digərlərinin portretini işləmişəm. Amma mənim üçün ən böyük fəxr ölkəmizin birinci xanımı Mehriban Əliyevanın portretidir. Foto əsasında işlədiyim əsəri Mehriban xanımın Almaniyaya səfəri zamanı ona hədiyyə etdim.
- Azərbaycan-Almaniya Dostluq Cəmiyyətinin sədri kimi missiyanız nədən ibarətdir?
- İctimai fəaliyyətdə əsas məqsədim Azərbaycana dost qazanmaqdır. Bununla da mədəniyyət və incəsənətimizi dünyanın bir çox yerlərində tanıtmaq imkanım oldu. Konfrans və simpoziumlar zamanı bu imkanımdan istifadə etməyə çalışıram. Dünya Şərqşünaslarının Konqresi kimi nüfuzlu tədbirlərdə Əşrəf Heybətov olaraq deyil, Azərbaycanı təmsil edən rəssam olaraq təqdim edilirəm. Əsərlərimdə də Azərbaycanı tərənnüm edirəm. Mənim silsilə rəsmlərimdə əks olunan Azərbaycan gözəlləri, milli geyimlərimiz və s. bütün dünyada sərgilənib. Bu mənim vətənimə olan borcumdur. Hər birimiz təbliğat aparmalıyıq. Heydər Əliyev Fondunun dəstəyi ilə müasir Azərbaycan rəssamlarının işləri bütün dünyada təbliğ edilir.
- Evinizdə nümayiş etdirdiyiniz eksponatlardan məlum olur ki, dünyanın çox ölkəsində olmusunuz...
- Çox zaman insanlar Parisdə, Londonda olmuşam deyə fəxr edirlər. Amma bu gün paytaxtımıza çatan ikinci şəhər tapmaq çətindir. Bakı güclü iqtisadiyyatımız sayəsində günü-gündən gözəlləşir. İqtisadiyyat gücləndikcə mədəniyyəti də öz arxasınca aparır və mədəniyyət sahəsinə böyük investisiyalar ayrılır. Dövlətimizin bu siyasətini dəstəkləmək hər birimizin borcudur. Xaricdə yaşayan incəsənət adamlarımız da Azərbaycanın imicini yüksək saxlamaq və qorumaq üçün səylərini əsirgəməməlidirlər. Mən vətənpərvər insanları çox sevirəm və dəyərləndirirəm. Çalışaq, problemlərimizi evimizdə, yəni Azərbaycanda öz aramızda həll edək...
- Hobbiniz varmı?
- Azərbaycan filmləri, din, tarix və ekologiya mənim maraq göstərdiyim sahələrdir. Ekologiya həm siyasət, həm də sənətlə bağlı sahədir. Yaradıcılığımda ekologiyaya həsr edilən əsərlər də üstünlük təşkil edir. Ekoloji problemlərə dair layihələrdə iştirak edirəm. Digər hobbim isə kitab yazmaqdır. Hazırda “Zaman və təsadüflər” adlı kitab üzərində işləyirəm. Doqquz bölmədən ibarət olan bu kitabda həyatımda görüşdüyüm maraqlı və görkəmli insanlar haqqında fikirlərim, səyahət etdiyim ölkələr haqqında materiallar yer alacaq.
- Nə kimi yeni layihələriniz var?
- Özümü bir daha xoşbəxt rəssam hesab edirəm ki, 2016-cı ilin aprel ayında Moskvada Şərq Xalqları Muzeyində “Türk dünyası” adlı sərgim planlaşdırılıb. Səbirsizliklə və çox ciddi şəkildə bu sərgiyə hazırlaşıram. Düzdür, 2012-ci ildə Almaniyada belə sərgilərim olub. Orada türk konsulluqları mənim sərgilərimi təşkil ediblər. Moskvada isə “Bakı və bakılılar” adlı sərgim ilk dəfə 2011-ci ilin oktyabrında nümayiş etdirilib. Sərgini Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva açmışdı. Ankarada TÜRKSOY-un qərargahında da yubiley sərgim maraqla qarşılandı. Moskvada təşkil olunacaq sərginin də uğurla keçəcəyinə əminəm.
- Yeni ildə xalqımıza arzularınız...
- İlk olaraq bütün xalqımıza cansağlığı diləyirəm. Xaricdə yaşayan həmvətənlərimizə isə sözdə də, işdə də birlik arzulayıram. Ancaq birliyə can atmalıyıq. Biz o zaman güclü ola bilərik.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar