“On tələbəmdən ikisi öz sənətinə yaxşı yiyələnəndə, yetişəndə bu məndə böyük fəxr doğurur”

“Quruluşçu rejissoru Məhərrəm Bədirzadədir”. Yəqin bu qeyd çoxlarına tanışdır. Tamaşaçıların sevə-sevə baxdığı televiziya tamaşalarının, maraqlı teleproqramların müəllifi olan rejissor 50 ilə yaxındır ki, bu sahədə çalışır.

Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə 1945-ci ilin yanvarında Bakıda dünyaya göz açıb. 190 saylı orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olunub. Onun quruluş verdiyi bir çox tamaşalar Azərbaycan televiziyasının “qızıl fondu”nda qorunub saxlanılır. Azərbaycan televiziyası tarixində ilk rejissordur ki, Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl dərviş” mükafatına layiq görülüb. Quruluş verdiyi “Sarı gəlin” televiziya filminə görə “Qızıl qılınc” mükafatı ilə təltif edilib. “Gürzə” teleserialı isə 2009-cu ilin “ən yaxşı teleserialı” adını qazanıb.
Məhərrəm müəllim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq kafedrasının dosentidir. Onu da qeyd edək ki, Qarabağ savaşının ən ağır illərində öz sənət dostları ilə cəbhə xəttinə gedərək hər kəsi “Ocaq başı”na yığıb ürəklərə Vətən, torpaq sevgisi, qələbə əzmi axıdan bu yorulmaz insan dəfələrlə ölüm təhlükəsi ilə rastlaşıb. Son illər “Gəzdim Azərbaycanı”, “Tamam ciddi”, “Yumor, yumor” kimi kütləvi əyləncəli proqramlarla evlərə müsafir olan Məhərrəm Bədirzadə həm də teletamaşaçı məhəbbətini qazanan “Qayınana əməliyyatı”, “Gəlinlər” komediyalarına quruluş verib.
Bugünlərdə 70 yaşını tamamlayan rejissorla həmsöhbət olduq. Ötən illəri xatırlayan həmsöhbətim vaxtilə aktyorluq sevdası ilə yaşadığını, lakin rejissorluğun onun alın yazısı olduğunu deyir.

“Arzum teatr aktyoru olmaq idi”

Orta məktəbdə oxuyanda Azərbaycan televiziyasında uşaq rollarını oynayardım. Arzum teatr aktyoru olmaq idi. Evdən aktyor olmağımı istəmədilər, elə bu səbəbdən də sənədlərimi rejissorluq fakültəsinə verdim. 1967-ci ildə radioda rejissor kimi fəaliyyətə başladım. Bir sıra tamaşalarda rejissor assistenti kimi işlədim. O dövrdə teatra gəlmək çətin idi. Orada Adil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov, Məhərrəm Haşımov, Əşrəf Quliyev kimi sənətkarlar vardı. 1971-ci ildən televiziyaya keçdim. Teatr rejissoru ola bilməsəm də, 1972-ci ildə ilk dəfə M.F.Axundzadənin “Lənkəran xanının vəziri” tamaşasını hazırlamışam. İkisaatlıq tamaşa efirdə canlı yayımlandı. Baş rolda Əliağa Ağayev, Ağahüseyn Cavadov, Kamal Xudaverdiyev oynayırdılar. Səhnəni elə qurmuşdum ki, hər dəfə pərdə qalxanda başqa bir məkan olurdu. Hətta bu tamaşada rəqs də vardı, sonda hamı “Yallı” gedirdi. Mehdi Məmmədov, Tofiq Kazımov kimi qüdrətli rejissorlara bir neçə tamaşada assistentlik etmişəm.

Düşərli “Səhər görüşləri”

Azərbaycan Televiziyasında “Səhər görüşləri” verilişi ilk dəfə 1976-cı il aprelin 4-də yayımlandı. Bu verilişin həyatımda önəmli yeri var. Verilişin mənə tapşırılması böyük məsuliyyət idi və mənə uğur gətirdi. Bir çox tanınmış aktyorlar bu proqramda iştirak etmək üçün can atırdılar. “Səhər görüşləri” mənə böyük stimul verdi.

Həyatın “Dalğa”ları

“Dalğa” proqramı efirə getdiyi ilk gündən geniş əks-səda doğurdu. Bu proqramda müxtəlif sahələri əks etdirəm məsələlər öz əksini tapırdı. Tamaşaçıların marağı da böyük idi. Bu layihədə İlqar Əlfioğlu ilə birlikdə çalışdım. Onun aparıcılıq qabiliyyəti, peşəkarlığı bizim verilişi daha da populyar etdi. Bütün rayonlarda, cəbhə bölgələrində olurduq. “Dalğa” yaradıcılığıma həm də publisistikanı gətirdi.

İncə yumorlu teletamaşalar

O vaxtlar tamaşa hazırlamağa çox da imkan yox idi. Çox istəyirdim tamaşalar hazırlayım. Həyatımın ən məhsuldar dövrü 1990-cı ildən bu günə qədər olan mərhələdir. Bu illər ərzində bir çox tamaşaların çəkilişinə nail oldum. Xronoloji ardıcıllığa nəzər salanda AzTV-nin 25 il müddətində ən məhsuldar rejissoru sayılıram və mənə daha çox şöhrət qazandıran çəkdiyim televiziya tamaşaları, eləcə də televiziya filmləridir. Elçinin “Mən sənin dayınam”, Mirzəağa Atəşin “Gəlinlər”, Əhməd Orucoğlunun “Qayınana əməliyyatı”, İsi Məlikzadənin “Gəl qohum olaq” və s. əsərlər əsasında hazırladığım teletamaşalar incə yumoru, gözlənilməz məqamları ilə yadda qalıb. “Sonuncu şahid”, “Gürzə”, “Ünvansız eşq” teleserialları milli televiziyada bu istiqamətdə ilk nümunələrdir.

“Yetirmələrimlə fəxr edirəm”

Düzü, dərs demək, tələbələr yetişdirmək fikrim yox idi. Amma hərdən hiss edirdim ki, mütləq bildiklərimi gələcək nəslə ötürməliyəm. Televiziya teatrı fərqli sahədir. Teatr rejissoru təkcə öz truppasından istifadə edə bilirsə, televiziya rejissorunun imkanı daha genişdir. Biz istənilən teatrdan aktyor dəvət edə bilərdik. Teatrlarda bu dəvətlər son illərdə həyata keçməyə başlayıb. Amma televiziya tamaşalarında həmişə aktyorlar bir buket şəklində yığılıb.
Artıq 10 ildir ki, Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. On tələbəmdən ikisi öz sənətinə yaxşı yiyələnəndə, yetişəndə bu məndə böyük fəxr doğurur. Biz mərhum Tariyel Vəliyevlə Yeni il çəkilişləri zamanı günlərlə evə getmədən işləmişik. Bütün telekanallarda yetişdirmələrim var. Bəzən zəng edib mənimlə məsləhətləşirlər. Bu zaman çox sevinirəm. Məni yaşadan da budur. Onların sayəsində bu yaşımda özüm də yeni axtarışlara başlayıram. Bəzən elə suallarla müraciət edirlər ki, bütün gecəni işləyirəm, internet və kitablar, bu günə qədər etdiyim eksperimentləri yenidən nəzərdən keçirib onların suallarını cavablandırmağa çalışıram. Bütün bunlar məni gəncləşdirir.

Ailə də, sənət də müqəddəsdir

Ailə mənim üçün birinci kadrdır. Yubileyimlə bağlı dövlət televiziyası veriliş hazırladı. Orada çıxış edən dostlarımın hər birinin “Məhərrəmin gözəl ailəsi var” söyləməsi mənim üçün böyük sevinc hissi idi. Ailəcanlı olmağımla hər zaman fəxr etmişəm. Ona görə ki, biz sənətə gələn vaxtlarda rejissorlara, aktyorlara qız vermirdilər. Buna imkan yaradanlar var idi ki, haqqımızda belə düşünürdülər. Amma bu sahədə çalışan mənim kimilər sübut etdi ki, ailə də, sənət də hər ikisi müqəddəsdir. Həmişə ailəmi birinci düşünmüşəm. Yaradıcılığımda da həmişə ilk tənqidçim ailəm olub. İki qızım, 4 nəvəm həyatda qazandığım ən dəyərli, ən qiymətli varlıqlardır.

Dostluğa sədaqət

Dostlarım çoxdur və onlara sadiqəm. Düzdür, bəzən deyirlər, insanın çoxlu dostu olmamalıdır. Amma məndə əksinədir. Son dövrdə çəkdiyim televiziya tamaşalarını müxtəlif istirahət mərkəzlərində və təşkilatlarda lentə almışıq. Bunların heç biri üçün cüzi də olsa pul ödəməmişəm. Bunlar dostlarımın sayəsində mümkün olub. Unutqan dostları yad etmək məqsədilə bir hadisəni xatırladıram. Bəlkə də bəzən soyuqqanlı olmaq, çox da ifrata varmaq lazım deyil. Həyatımda unutmadığım bir dostum da var. Bir vaxtlar onun yerinə düz 4 il işləyib ayın axırı da qol çəkib pul aldım. Həmin pulu da Sankt-Peterburqda təhsil alan həmin dostuma göndərirdim. Kasıb, amma istedadlı idi. Bir gündə iki nəfərin yerinə işlədiyimi ailəm də bilmirdi. Amma dostum qayıtdı və heç elə bil mən adda adam tanımır. Bəzən dost seçimində də yanılmamaq gərək. Bu gün ətrafımda yaxşı dostlar çoxdur. Xalq artisti Azər Paşa Nemətov ən yaxın dostlarımdan biridir. Bölgələrdə də yaxşı dostlarım var. Allah bütün dostlara cansağlığı versin!

“Tələbələrimlə müzakirələr edir, axtarışlar aparıram”

Bu gün işləməyə, yaratmağa bütün imkanlar var. Televiziyada vaxtaşırı verilişlər, tamaşalar hazırlayıram. Həm universitetdə, həm də televiziyada tələbələrimlə müzakirələr edir, axtarışlar aparıram. Onlar məndən öyrənir, mən onlardan. Gənclərə tövsiyəm budur ki, mütaliə etsinlər, dünya televiziyalarının təcrübələrindən yararlansınlar. Sənəti sevsinlər. Özlərini sənətdə yox, sənəti özlərində tapa bilsinlər. Televiziya həm məsuliyyət, həm də sehrli bir aləmdir.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar