“Əsas hədəfimiz iki ölkə arasında mədəni əlaqələri inkişaf etdirməkdir”

Misirlə Azərbaycan arasında mədəni əlaqələrin zəngin tarixi var. Bu gün də hər iki tərəf bu sahədə münasibətlərin genişlənməsinə xüsusi önəm verir. Misir Ərəb Respublikası Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzi də bunun göstəricisidir. Mərkəzə rəhbərlik edən Dr. Əhməd Sami Elaydi həm də Misirin ilk azərbaycanşünas alimidir. Ölkəmizlə bağlı bir sıra tədqiqatların, tərcümələrin müəllifidir. Aspirantura təhsilini Bakıda alıb. Azərbaycan dilində səlis danışır. Ayn-Şəms Universitetində dərs dediyi zaman tələbələrinə Azərbaycan haqqında geniş məlumat verməklə yanaşı, onların iştirakı ilə Xocalı, 20 Yanvar faciələrimizlə bağlı tamaşalar da səhnələşdirib. Bütün bu məlumatları əldə etdikdən sonra onunla söhbətə də elə məndə maraq yaradan sualla başladım.

- Xalqlarımız tarixən müəyyən ümumi dəyərləri paylaşsa da, ölkələrimiz arasında uzaq məsafə mövcuddur. Maraqlıdır, sizdə Azərbaycan sevgisi necə yarandı?
- Mən Misirin Ayn-Şəms Universitetinin ədəbiyyat fakültəsinin məzunuyam və orada da dərs demişəm. Universitetdə Türk dili və ədəbiyyatı kafedrasında çalışırdım. 1998-ci ildən etibarən belə qərara alındı ki, həmin kafedranın nəzdində keçmiş SSRİ-nin müstəqil ölkələrinin dili tədris olunsun. O vaxtdan da Azərbaycan dili tədris olunmağa başlandı və ilk mütəxəssis olaraq mən bu dili öyrənməyə başladım. Sonra qərara aldım ki, dil bilgimi də təkmilləşdirim. Etiraf edim ki, Azərbaycan dilini sevə-sevə öyrəndim. Magistraturada “Qaçaq Nəbi” dastanı üzrə dissertasiya yazdım, tədqiqat işi apardım. Hətta dastanı ərəb dilinə tərcümə etmişəm. Magistratura təhsilini başa vurduqdan sonra, 2007-ci ildə dövlət xətti ilə Bakı Dövlət Universitetinin filologiya fakültəsində müasir Azərbaycan ədəbiyyatı kafedrasında aspirantura təhsili aldım. Dissertasiya mövzum “Müstəqillik dövründə Azərbaycan romanı” olub. Bu müddətdə təxminən 30-35 Azərbaycan yazıçısının yaradıcılığını tədqiq etdim. Mənə bəlli oldu ki, milli şüurunuzun yaşadılmasında yazıçılarınızın tarixi mövzuda romanlarının mühüm rolu olub. Anar, Əzizə Cəfərzadə, İsa Hüseynov, Kamal Abdulla və digərlərinin romanları ilə bağlı tədqiqat aparmışam. Misirə qayıtdıqdan sonra yenə də Azərbaycan dili və ədəbiyyatından dərs deməyə başladım. 100-dən çox tələbəm Azərbaycan dilini öyrəndi.
- Azərbaycanşünas olmağınız həm Misir Mədəniyyət Mərkəzinə rəhbərlik, həm də səfirliyin mədəniyyət attaşesi vəzifəsini yerinə yetirmənizə kömək edirmi?
- Həddindən çox kömək edir. Azərbaycanı ikinci vətənim hesab edirəm və sevinirəm ki, məhz sevdiyim bir ölkədə mənə belə bir təyinat veriblər. Azərbaycan ədəbiyyatı ilə bağlı 20-dən çox məqaləm var. Tələbəlik illərimdə Azərbaycan yazıçıları ilə yaxından tanış olmuşam. Hələ Misirdə olarkən Azərbaycanda keçirilən konfranslarda iştirak edirdim. Yerli xalqın dilini, adət-ənənəsini bilmək öz işimi yerinə yetirməkdə mənə yardım edir.
- Misir Mədəniyyət Mərkəzinin Azərbaycanda əsas prioritetləri nədən ibarətdir və mədəniyyətlərimizin qarşılıqlı tanıdılması üçün hansı məqsədləriniz var?
- Bildiyiniz kimi, Misirdə baş verən məlum hadisələrlə bağlı əlaqələrdə bir qədər durğunluq dövrü yaşandı. Artıq bu dövr arxada qalıb. Məsələn, ötən il Azərbaycanda Misir mədəniyyəti günləri keçirildi. Bundan əlavə, oktyabr ayında Misirdən iki gənc ifaçı Bakıda gənclər arasında beynəlxalq muğam müsabiqəsində iştirak etdilər və ikinci, üçüncü yeri qazandılar. Misirdə Azərbaycanla bağlı konfranslar keçirilir. Əlaqələrin intensivləşməsinə də biz mərkəz olaraq öz töhfəmizi veririk. Məsələn, bildiyiniz kimi, dünyada ən böyük kitab sərgisi Frankfurtda, ikincisi isə Qahirədə keçirilir. Yanvarın 28-də 46-cı Qahirə beynəlxalq kitab sərgisi işə başlayıb. Azərbaycanı sərgidə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi təmsil edir. Misir Mədəniyyət Mərkəzi bu işin əlaqələndirilməsinə öz köməyini göstərib.
Sevindirici haldır ki, tərcümə sahəsində də böyük işlər görülür. Azərbaycanda Misir ədəbiyyatından tərcümələr edilir. Yeri gəlmişkən, mən özüm də bir neçə kitab və roman tərcümə etmişəm.
Mərkəz olaraq məqsədimiz iki ölkə arasında mədəni əlaqələri inkişaf etdirməkdir. İstəyirik ki, Misir mədəniyyətini Azərbaycanda tanıdaq. Əlbəttə, bu, uzun zaman tələb edir. Əsas hədəflərimizdən biri də bu layihələr vasitəsilə aramızdakı oxşarlığı göstərmək və müştərək işlər görməkdir. Əlaqələrimizi inkişaf etdirə bilən əsas hədəflərdən biri də tələbə mübadiləsidir. Məlumat üçün bildirim ki, gələn ay Azərbaycan və Misir universitetləri arasında müqavilə bağlana bilər. Bundan əlavə, Azərbaycan Milli Kitabxanası ilə Misirin Milli Kitabxanası arasında imzalanan müqavilənin vaxtı bitdiyi üçün onu yeniləməyi planlaşdırırıq. AMEA-nın Əlyazmalar İnstitutu ilə də əlaqələr qururuq. Çünki Azərbaycanla bağlı Misirdə xeyli əlyazma var. Azərbaycanın bir sıra ali məktəblərində tədbirlər keçiririk ki, bu da bir-birimizi daha yaxından tanımağımıza kömək edir. Mərkəzdə güzəştli kurslar da təşkil edirik. Dərsləri misirli müəllimlərlə yanaşı, Misirdə təhsil almış azərbaycanlı müəllimlər tədris edir və sonda məzunlara sertifikatlar verilir.
- Gələcəkdə hansı yeni layihələr nəzərdə tutulub?
- Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə mart ayında yeni sərgi keçirməyi planlaşdırırıq. Misir xalq yaradıcılığı sərgisində milli geyimlər, balıqqulaqları ilə bəzədilmiş lövhələr, gildən və misdən düzəldilmiş qablar, mədəniyyətimizi əks etdirən digər əşyalar nümayiş olunacaq. Misirdən gələn usta tamaşaçılar qarşısında əyani olaraq saxsı qabın hazırlanması prosesini göstərəcək. Xəttatlıq sənəti ilə bağlı mərkəzdə treninqlər də keçirmək niyyətindəyik və bunun üçün Misirdən xəttat dəvət edəcəyik. Bundan başqa, Bakıda “Tannura” rəqsini nümayiş etdirmək istəyirik. Bu rəqsi bir dəfə Xarici Dillər Universitetində təşkil etdiyimiz “Beynəlxalq ərəb dili günü” çərçivəsində göstərdik. Həmin tədbirdə ərəbşünaslar üçün pulsuz treninqlər keçirdik. Bir sözlə, gələcəkdə daha genişmiqyaslı tədbirlər keçirmək niyyətindəyik.
- Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq necə qurulub?
- Nazirlik Misir Mədəniyyət Mərkəzinin layihələrinin həyata keçirilməsinə çox yüksək səviyyədə kömək edir və hər zaman dəstək olur. Məsələn, ötən ilin iyun ayında tədbir keçirdik. Qeyd etdiyim sərgidən əlavə, bu ilin aprelində zərb alətləri ilə əlaqədar festival keçirməyi planlaşdırırıq və nazirliyi də dəvət etmişik. Əlaqələrimiz çox sıx və möhkəmdir.
- Azərbaycana ikinci dəfə gələndə, birinci ilə müqayisədə hansı dəyişikliyin şahidi oldunuz?
- Azərbaycan gündən-günə inkişaf edir. Mən də bunun şahidi olmuşam. Xüsusilə son 10 ildə ölkə həddindən artıq dəyişib, inkişaf edib. Məsələn, 2012-ci ildə 24 nəfərlik tələbə heyətimizlə Gənclər və İdman Nazirliyinin dəvəti ilə Bakıya gəlmişdik. Hələ hava limanında tələbələr deyirdi ki, biz Avropa ölkəsinə gəlmişik. Azərbaycan tolerant və təhlükəsiz ölkədir.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar