Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılıb. Bu ali məktəbin gələcək fəaliyyəti və görəcəyi işlər ictimaiyyətin marağını cəlb edir. Akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev AzərTAc-a müsahibəsində bu və digər məsələlər barədə ətraflı məlumat verib.

- Bakı Xoreoqrafiya Akademiyasının yaranması hansı zərurətdən irəli gəlib? Dövlət başçısının bununla bağlı sərəncamının əhəmiyyəti barədə nə deyərdiniz?
- Bu, Azərbaycanın mədəniyyət həyatında yeni bir hadisədir, çünki ümumiyyətlə, bütün Şərq aləmində ilk dəfə belə bir akademiyanın Azərbaycanda yaradılması, sözsüz ki, böyük əhəmiyyət daşıyır. Maraqlıdır ki, xoreoqrafiya təhsili də Şərq aləmində ilk dəfə keçən əsrin 20-ci illərində Azərbaycanda yaranıb. Bu ənənə indi də davam edir. Prezident İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyəti bir də ondadır ki, Azərbaycan təhsilində bu, yeni bir hadisədir, yəni ibtidai təhsildən doktoranturayadək altı pilləli təhsil bir təhsil kompleksində həyata keçiriləcəkdir. Bu da sənət baxımından, sənətin inkişafı, sənəti seçmək baxımından çox vacib məsələdir. Belə üsul artıq Moskva Xoreoqrafiya Akademiyasında, eləcə də digər ölkələrin analoji təhsil müəssisələrində tətbiq olunur və çox yaxşı nəticələr əldə edilib. İnanıram ki, Bakı Xoreoqrafiya Akademiyası təhsilin bütün pillələrində uğur qazanacaq və Azərbaycanın təhsilinə, mədəniyyətinə töhfələrini verəcək.
- Akademiyaya qəbul qaydalarında dəyişiklik olacaqmı?
- Akademiyaya qəbul qaydaları bu ali təhsil müəssisəsinin əsasnaməsində də əksini tapıb. Təbii ki, seçim aparılacaq, akademiyanın bakalavr pilləsinə qabiliyyət imtahanları keçiriləcək. Test imtahanlarından sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qabiliyyət imtahanları keçirəcək və ümumi qaydada qəbul aparılacaq. Əlbəttə, burada gərək çox ciddi seçim olsun. Bu baxımdan işimiz bir qədər yüngüldür, çünki bunun üçün artıq baza var. Yəni Bakı Xoreoqrafiya Məktəbinin bazasından kadr seçmək bizə o qədər də çətin olmayacaq. Son illər Azərbaycanın mədəniyyəti, incəsənəti renessans dövrünü yaşayır. Bu işdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın olduqca böyük xidmətləri var. Xüsusən son dövrlərdə ölkədə mədəniyyət tədbirlərinin, o cümlədən “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi, Azərbaycan Xalça Muzeyinin yeni binasının istifadəyə verilməsi, Beynəlxalq Muğam Mərkəzinin, Müasir İncəsənət Muzeyinin açılması mədəniyyətimizin inkişafına böyük töhfələrdir. Mehriban xanım Əliyeva, sözün əsl mənasında, muğam sənətini yenidən özünə qaytardı, indi muğam sənətinə, aşıq və vokal sənətlərinə çox böyük diqqət yetirilir. Ötən illərin səs yazıları yenidən bərpa olunur. Xarici ölkələrdə UNESCO-nun xətti ilə dəfələrlə muğam konsertləri təşkil edilib. Bütün bunlar onu göstərir ki, ümummilli lider Heydər Əliyevin ənənələri ləyaqətlə davam etdirilir.
- Azərbaycan klassik xoreoqrafiya ənənələri olan bir ölkədir. Milli baletimizin təşəkkülündə və inkişafında böyük xidmətlər göstərən görkəmli sənətkarlarımız olub. Bu ənənələr Bakı Xoreoqrafiya Akademiyası tərəfindən davam etdiriləcəkmi?
- Azərbaycan xalqı çox istedadlı xalqdır. İstər incəsənət, istərsə də mədəniyyət sahəsində çox böyük ənənələrimiz, uğurlarımız var. Azərbaycan dünya incəsənətində artıq öz sözünü deyib, dünya incəsənəti tarixində özünün layiqli yerini tutub. Xoreoqrafiya sahəsində ənənələrimizin böyük tarixi var. Hələ ötən əsrin əvvəllərində Azərbaycanda xoreoqrafiya təhsili var idi. Bizim Qəmər Almaszadə, Leyla Vəkilova kimi görkəmli xoreoqrafiya ustalarımız, Əminə Dilbazi, Roza Cəlilova, Böyükağa Atababayev, Böyükağa Məmmədov kimi milli rəqs ifaçılarımız olub. Uzun illər Bakı Xoreoqrafiya Məktəbində milli kadrların hazırlanması üçün böyük əmək sərf edən, Azərbaycan balet sənətinin sirlərini gənc nəslə öyrətmək sahəsində təqdirəlayiq fəaliyyət göstərən sənətkarlarımızın ənənələri qorunub saxlanmalıdır. Onların yetirmələri olan bir çox balet artisti sənət aləminin yüksək pillələrinə qalxıb, bu sənətin inkişafına töhfələr veriblər.
Bu gün bizim qarşımızda duran əsas vəzifə klassik balet ənənələrini qoruyub saxlamaqla yanaşı, onu inkişaf etdirmək, eləcə də müasir dünyada xoreoqrafiya sənətində yeni yaranan və Azərbaycanda hələ öyrənilməyən cərəyanları (məsələn, step-balet, modern balet, caz balet və s.) öyrənmək və tətbiq etməkdir. Xoreoqrafiya sənətimizi inkişaf etdirib beynəlxalq səviyyəyə çatdırmaq məqsədilə biz ən tanınmış mütəxəssisləri ustad dərsləri keçmək üçün buraya uzunmüddətli ezamiyyətə dəvət etməliyik. Həmçinin akademiyanın istedadlı müəllimlərini, tələbələrini yeni cərəyanları öyrənmək, burada tətbiq etmək üçün müxtəlif ölkələrə göndərməli və bu yolla milli kadrlarımızı hazırlamalıyıq. Bu gün ölkə başçısının da bizdən tələbi budur, yəni Azərbaycan xoreoqrafiya sənəti beynəlxalq standartlara cavab verməlidir. Buna bizim potensialımız var. İnanıram ki, dövlətimizin qayğısı sayəsində bu məqsədlərimizə nail olacaq, möhtərəm Prezidentimizin etimadını doğruldacağıq.
- Bakı Xoreoqrafiya Akademiyası üçün yeni binanın inşası nə vaxta nəzərdə tutulur? Bu, akademiya üçün hansı imkanları yaradacaq?
- Yeni binanın layihəsi artıq təsdiqlənib. Çox maraqlı layihədir. Yəqin ki, yaxın vaxtlarda binanın inşasına başlanacaq. Biz yeni tələblərə uyğun milli kadrlar hazırlamaq istəyiriksə, bunun üçün güclü maddi-texniki bazamız olmalıdır. Bakı Xoreoqrafiya Akademiyasının mütləq tədris teatrı olmalıdır, çünki müəllimlərin də, tələbələrin də ən əsas yaradıcılıq laboratoriyası tədris teatrıdır. İstər diplom, istərsə də kurs tamaşaları, imtahanlar tədris teatrında keçirilməlidir. Yeni layihədə tədris teatrının da tikintisi nəzərdə tutulub. Bundan əlavə, sənətlə bağlı ixtisaslarda mütləq xüsusiləşdirilmiş sinif otaqları olmalıdır. Bir sözlə, maddi-texniki baza müasir tələblərə cavab verməlidir. Müasir dünyada xoreoqrafiya sənətində texnikadan geniş istifadə olunur. Yəni kompüter, montaj otaqları vasitəsilə müasir rəqslər qurulur. İnanıram ki, yeni binamızda xoreoqrafiya sənətimizin müasir tələblər səviyyəsində inkişafı üçün hərtərəfli şərait olacaqdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar