Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra sıx əməkdaşlıq qurduğu beynəlxalq təşkilatlardan biri də UNESCO-dur. Ölkəmiz təşkilatla münasibətlərə xüsusi önəm verir, birgə tədbirlər həyata keçirilir, mədəniyyətimiz, incəsənətimiz, görkəmli ədəbiyyat, elm xadimlərinin irsi UNESCO səviyyəsində dünyaya tanıdılır. Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də təşkilatla səmərəli əməkdaşlığa, ölkəmizin tanıtımına mühüm töhfə verir.
Ötən il Azərbaycan-UNESCO əməkdaşlığının 20 illiyi qeyd edildi. Bu dövr bir çox layihələr, əlamətdar tədbirlərlə yadda qalıb. Qarşıda isə əməkdaşlığın daha geniş perspektivləri var. UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyanın birinci katibi Günay Əfəndiyeva ilə söhbətimiz də bu barədədir. Müsahibimin həm də çoxşaxəli fəaliyyətə və geniş maraq dairəsinə sahib insan olduğunu nəzərə alıb söhbətə bir qədər fərqli mövzudan körpü saldıq.

- Günay xanım, üç fərqli sahə üzrə ixtisas sahibisiniz - musiqi, tibb və diplomatiya. Maraqlıdır, bu necə baş verdi?
- Bilirsiniz, mən uşaq yaşlarından mədəni mühitdə böyümüşəm və çox sayda ədəbiyyat və incəsənət xadimləri ilə ünsiyyətdə olmuşam. Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışam. Sonra təhsilimi Tibb Universitetində davam etdirdim. Bu sahəni isə ona görə seçdim ki, daxilimdə insanlara kömək etmək istəyi vardı. Həmçinin insan psixologiyasını dərindən öyrənməyi hədəfləmişdim. Çünki psixologiya mənim üçün həmişə maraqlı sahə olub. Diplomatiyaya gəlincə, bu sahə məni hər zaman özünə cəlb edib. Hələ uşaqlıqdan SSRİ rəhbərliyinin - Siyasi Büronun bütün üzvlərinin, xarici ölkələrin dövlət başçılarının adlarını bilirdim, dünyada baş verən hadisələri izləyirdim. Hətta indi də o dövrlə bağlı nəyisə deyəndə təəccüblənirlər ki, mən bütün bunları haradan bilirəm (gülür).
Amma, düşünürəm ki, hər bir işin sütununu mədəniyyət təşkil edir. UNESCO-da fəaliyyətimdən öncə Azərbaycanın İstanbuldakı baş konsulluğunda mədəniyyət məsələləri üzrə konsul kimi çalışdım. UNESCO BMT-nin ixtisaslaşmış qurumu olaraq bir çox sahələri əhatə etsə də, onun əsas istiqamətlərindən birini mədəniyyət təşkil edir. Mədəniyyət mühitində olmağım, ona göstərdiyim maraq məni bu sahəyə istiqamətləndirdi. Yeri gəlmişkən, deyim ki, “Mədəniyyət” qəzetini də mütəmadi olaraq oxuyuram və hesab edirəm ki, bu qəzet Azərbaycanda mədəniyyət hadisələrini əks etdirən ən maraqlı qəzetlərdən biridir.
- UNESCO-Azərbaycan əlaqələrini necə dəyərləndirmək olar? 2014-cü il bu baxımdan nə ilə yadda qaldı?
- Azərbaycanın UNESCO ilə səmərəli əməkdaşlığı var. Ölkəmizin birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə qurumun baş qərargahında ölkəmizin tanıdılmasına xidmət edən mühüm tədbirlər, Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən ədiblərin, rəssamların və alimlərin yubileyləri keçirilir. Ümumiyyətlə, ölkəmizin dünyada tanıdılmasında Heydər Əliyev Fondu mühüm rol oynayır. Burada, əlbəttə, Fondun rəhbəri Mehriban xanımın fəaliyyəti, təşəbbüsləri bilavasitə özünü göstərir. Birinci xanımın təşəbbüsü ilə təkcə Azərbaycanda deyil, dünyanın digər ölkələrində də mədəni irsin qorunması üzrə layihələr həyata keçirilir, abidələr bərpa olunur. Bütün bunlar UNESCO səviyyəsində də yüksək qiymətləndirilir. Mənim üçün qürurvericidir ki, səfər etdiyim xarici ölkələrdə həmkarlarım və ya Azərbaycana gələn xarici qonaqlar özləri bunu etiraf edirlər.
Ötən il maraqlı, tədbirlərlə zəngin, nailiyyətlərlə yaddaqalan bir il oldu. Milli Komissiya tərəfindən müxtəlif layihələr həyata keçirildi. Ötən ilin bizim üçün əlamətdar hadisələrindən biri UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yaradılmasının 20 illiyi idi ki, bu da müxtəlif tədbirlərlə qeyd olundu. Milli Komissiya 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən təsis edilmişdir. O vaxtdan bu günədək UNESCO-Azərbaycan əlaqələri yüksələn xətlə davam edir. Bu, bir tərəfdən, Azərbaycanın özünü etibarlı tərəfdaş kimi təsdiqləməsi, digər tərəfdən, qurumun Azərbaycana hörmət bəsləməsi, ölkəmizin nüfuzunu, imkanlarını qiymətləndirməsi deməkdir. Ona görə ki, Azərbaycan UNESCO-ya çox mühüm töhfələr verib. Eyni zamanda bu qurum vasitəsilə Azərbaycan digər ölkələr kimi dünyaya açılır. Bildiyiniz kimi, UNESCO müxtəlif mədəniyyətlərin birləşməsidir. Azərbaycan da etnik rəngarəngliyi olan, tolerant bir ölkə kimi dünyaya nümunədir. Əlbəttə, bu faktor əməkdaşlığımızda mühüm rol oynayır. Ötənilki nailiyyətlərimizdən biri kəlağayı sənətimizin UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi oldu. Beynəlxalq əməkdaşlıq çərçivəsində UNESCO xəttilə iki ölkədə - Qvatemala və Banqladeşdə qeyri-maddi mədəni irsin qorunması üzrə layihə reallaşdırıldı.
- UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının beynəlxalq əlaqələri barədə nə deyərdiniz?
- Biz müxtəlif ölkələrin Milli Komissiyaları ilə əməkdaşlıq edirik. Bu baxımdan Türkiyənin UNESCO üzrə Milli Komissiyası ilə iki il bundan öncə Türkiyə-Azərbaycan ənənəvi əl sənətləri ilə bağlı böyük bir layihəyə başladığımızı qeyd edə bilərəm. Məqsəd hər iki ölkənin ortaq xalq tətbiqi sənəti nümunələrini üzə çıxarmaq və sonra da müxtəlif dillərdə kitab nəşr etməkdir. Tədqiqatçılardan ibarət nümayəndə heyətimiz Türkiyənin bir sıra bölgələrinə səfər edərək əl işləri ilə tanış oldu. Öz növbəsində onların da nümayəndə heyəti Azərbaycanın müxtəlif guşələrində bizim əl sənətlərimizlə bağlı tədqiqat aparıblar. 2015-ci il layihənin sonuncu mərhələsi hesab olunur və bu mərhələdə ortaq nöqtələrimizin müəyyən edilərək kitab şəklində nəşri nəzərdə tutulub. Eyni zamanda ötən il Moldova Milli Komissiyası ilə də “Bir-birimizi duyaq və dinləyək” layihəsinə başlamışıq. Dörd Azərbaycan xalq nağılını seçib Moldovaya yolladıq. Onlar UNESCO-nun Assosiativ Məktəblərinə verildi. Rumın dilinə tərcümə edilən bu nağıllara moldovalı uşaqlar illüstrasiyalar çəkdi və nəticədə “Azərbaycan xalq nağılları moldovalı uşaqların gözü ilə” kitabı işıq üzü gördü. Bu il onun təqdimatını keçirəcəyik.
Həmçinin bir çox beynəlxalq təşkilatlarla çalışırıq. Ötən il ATƏT və Qafqaz Müsəlmanları İdarəsi ilə birgə “Dini tolerantlığın möhkəmləndirilməsi - Azərbaycan modeli” mövzusunda böyük konfrans keçirdik. Eyni zamanda TÜRKSOY-la gözəl əlaqələrimiz mövcuddur.
- 2014-cü ilin dekabrında Bakıda TÜRKSOY-a üzv olan ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin toplantısı keçirildi. Bu mənada TÜRKSOY-UNESCO əlaqələrini necə xarakterizə edirsiniz?
- TÜRKSOY-un fəaliyyəti türkdilli ölkələr üçün böyük əhəmiyyət daşıyır. Çünki biz eyni köklərə, tarixə, dilə, dinə malik ölkələrik. Eyni zamanda türkdillli ölkələr UNESCO ilə əlaqələrə önəm verirlər. TÜRKSOY-a üzv olan ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin mütəmadi iclasları keçirilir. 2013-cü ildə təklif etdik ki, növbəti toplantı Azərbaycanda təşkil olunsun. Həm türkdilli dövlətlərdən, həm də təşkilatlardan 80-ə yaxın qonaq gəlmişdi. Bu toplantıda ilk dəfə olaraq bütün türkdilli qurumların rəhbər və nümayəndələri də iştirak edirdi. Məqsəd türkdilli ölkələrlə əməkdaşlığa kompleks şəkildə yanaşmaq və ölkələrimiz arasında işbirliyi potensialını daha yaxşı dəyərləndirmək idi. Türkdilli dövlətlərlə əlaqələrin gücləndirilməsi çox mühümdür. Bu baxımdan UNESCO müstəvisində də daha fəal işbirliyi qurmaq istəyirik. Toplantıda bir çox sənədlər qəbul olundu.
- Milli Komissiyanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı necə qurulub?
- Azərbaycanda müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə çalışırıq. Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq bizim üçün vacib əhəmiyyət kəsb edir. Çünki UNESCO-nun bir çox sahələri - maddi və qeyri-maddi mədəni irs, yubileylər proqramı, mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq, silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması və s. məsələlər mədəniyyətlə bağlıdır. Ona görə də bizim çox sıx və uğurlu əməkdaşlığımız var. Birlikdə keçirdiyimiz tədbirlər sırasında artıq ənənəvi olaraq hər il təşkil edilən “Davamlı İnkişaf Mədəniyyəti” konfransları UNESCO-nun yeni çağırışlarını özündə əks etdirir.
- Yeri gəlmişkən, Azərbaycan UNESCO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin üzvü olub. Bu müstəvidə ölkəmizin işğal olunmuş ərazilərindəki mədəni irslə bağlı məsələlərin gündəmə gətirilməsi istiqamətində hansı işlər görülür?
- Azərbaycan komitəyə üzv olduğu zaman bizim təşəbbüsümüzlə “İşğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında” sənəd qəbul edilib. Onun əsasında UNESCO-ya Ermənistanın işğalı altında olan abidələrin vəziyyətinin öyrənilməsi üçün xüsusi missiyaların göndərilməsi barədə bir neçə dəfə müraciət etmişik və təşkilat tərəfindən müsbət cavab almışıq. Lakin hər dəfə Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə görə bu missiyalar baş tutmayıb. Bizim Qarabağla bağlı bir çox layihələrimiz var. Məsələn, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində “Şuşa qrantı” müsabiqəsi təşkil edilmiş, Dağlıq Qarabağ və işğal olunmuş torpaqlarımızla bağlı geniş tədqiqatları özündə birləşdirən əsərlər meydana çıxmışdır. Ötən il AMEA-nın Konfliktologiya və İnsan Hüquqları İnstitutu ilə birgə “Azərbaycanın Ermənistanın işğalı altında qalan ərazilərində mədəni irsin qorunması və onlara vurulan ziyanın hesablanması tədbirləri” adlı böyük layihəyə başladıq. Bu ərazilərdə 1000-ə yaxın abidə ermənilər tərəfindən tamamilə dağıdılıb və 2000-dən çox abidə üzərində daş divarın yazıları və ya hansısa bədii təsvirlər dəyişdirilərək mənimsənilməyə məruz qalıb. Layihə bu il də davam edir. UNESCO mədəniyyət, elm, təhsil məsələləri ilə məşğul olan bir qurumdur. Təşkilatın toplantılarında siyasi mövzularda danışa bilməsək də, elmlə, təhsillə, mədəniyyətlə, insan hüquqları ilə bağlı danışanda bu problemi, işğalın fəsadlarını gündəmə gətiririk. Qarabağ məsələsi bizim hamımızın ümumi ağrısıdır. Ona görə bütün beynəlxalq səviyyələrdə Qarabağ həqiqətlərini dünyaya çatdırmağa çalışırıq.
- UNESCO-nun builki gündəliyində Azərbaycanla bağlı hansı layihələr nəzərdə tutulub?
- Bu il UNESCO-nun yaradılmasının 70 illiyidir. Bu çərçivədə müxtəlif tədbirlər keçiriləcək. Azərbaycan UNESCO üçün maraq kəsb edən ölkədir. Ölkəmizin təşkilatda böyük nüfuzu var. UNESCO Azərbaycanın keçirdiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaşlarından biridir, bu ilin mayında Bakıda üçüncü Forum keçiriləcək. Eyni zamanda hər il olduğu kimi, ilin sonunda Bakı Beynəlxalq Humanitar Forumunda da UNESCO təmsil olunacaq.
- Böyük bir ədəbiyyat mühitində dünyaya gəlib, böyüyüb başa çatıbsınız. Babalarınız İlyas Əfəndiyev və Teymur Elçin, atanız Elçin görkəmli ədiblərdir. Müsahibələrinizdən birində yaradıcılıqla məşğul olduğunuzu qeyd etmisiniz...
- Mən, ümumiyyətlə, ədəbiyyatı və mütaliəni çox sevirəm. Bu mənim üçün daxili bir tələbatdır. Özüm isə bəzən yazıram. Amma onları nəşr etməyi düşünmürəm. Ümumiyyətlə, hər bir insan nə isə yaza bilər. Çünki insanlar öz iç dünyasını bölüşməyə ehtiyac duyurlar. Mən isə düşüncələrimi kağızla bölüşürəm. Mənim üçün kağız ən gözəl dinləyici və çox yaxın dostdur.

Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar