Addis Hacıyev ölkəmizdən kənarda yaşayan məşhur soydaşlarımızdandır. 1964-cü ildə Bakıda Xalq rəssamı Altay Hacıyevin ailəsində dünyaya göz açıb. Rusiyada yaşayan soydaşımız həyat hekayətini “Mədəniyyət”ə danışdı.

- Rusiyada məşhur olsanız da, Vətəndə sizi az tanıyırlar. Zəhmət olmasa, özünüz haqqında danışın.
- Uşaqlığım Bakıda keçib. Gözümü açıb atamın rəngkarlıq, qrafika əsərlərini görmüşəm. Uzun müddət üçotaqlı evimizin bir otağı atamın emalatxanası olub. Evdə tək olanda həmişə emalatxanaya çəkilərdim. Yağlı boya qoxusu, tablolar, fırçalar, kitablar və incəsənətlə bağlı albomlar məni həyəcanlandırardı.
- Uşaqlıqda çəkdiyiniz ilk rəsmi xatırlayırsınızmı?
- İlk əl işlərimdən biri «Şir» adlı rəsm idi. Onu çəkəndə 4 yaşım vardı. 1968-ci ildə «Göyərçin» jurnalında çap olunmuşdu. Yadımdadır, Əmir babamın mənə ilk hədiyyəsi «Leninqrad» akvarel dəsti və fırçaları idi. Səkkiz yaşımda Y.Qaqarin adına Pionerlər Sarayındakı rəssamlıq studiyasına getdim. İlk müəllimlərim Mövsümə xanım və Sənan müəllim olublar.
- Sonra da rəssamlıq məktəbinə üz tutdunuz...
- 1979-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olundum. Sinfimizdə çoxlu rəssam övladı oxuyurdu. Hamımız özümüzü gələcəkdə məşhur rəssam kimi görürdük. 1983-cü ildə məktəbi fərqlənmə diplomu ilə bitirib, Moskvadakı Ümumittifaq Kinematoqrafiya İnstitutunun kino rəssamlığı bölümünə daxil oldum. O zamandan ömrümü Moskva ilə bağladım.
- Rəssamlıq sizin ailə, soy sənətinizdir: babanız - tanınmış rəssam, Əməkdar incəsənət xadimi Əmir Hacıyev, atanız - Xalq rəssamı Altay Hacıyev... Görünür, ənənəni poza bilməmisiniz...
- Doğrudur, ənənəni poza bilmədim. Babamdan və atamdan başqa nəslimizdən bir çox rəssam çıxıb. Hamısı bir yerə yığışanda rəssamlardan ibarət böyük məclis qurulurdu və saatlarla yaradıcı söhbətlər olurdu. Xalq rəssamı Bədurə Əfqanlı ata nənəm Səyyarə Hacıyevanın (Əmir Hacıyevin həyat yoldaşı) kiçik bacısı idi. Əməkdar rəssam Arif Ağamalov nənəmin və Bədurə xanımın kiçik qardaşı idi. Arif müəllimin həyat yoldaşı, Əməkdar rəssam Liya Ağamalova, övladları Eldar və Məlik Ağamalovlar tanınmış rəssamlardır. Uşaqlıqdan belə mühitdə böyüdüyümdən rəssam olmaqdan başqa yolum yox idi.
- Rusiyada tanınmış kino və teatr rəssamısınız. İndiyə kimi neçə filmin rəssamı olmusunuz?
- Seçdiyim sənət - kino rəssamlığı çox maraqlı sahədir. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda tanınmış sənət ustalarından dərs almışam. Kinoda rəssam kimi ilk işim 1986-cı ildə «Dundukley» adlı bədii film olub. 30 ilə yaxındır ki, kinoda çalışıram, amma birinci filmimi çox sevirəm. İndiyəcən 12 bədii filmin quruluşçu rəssamı olmuşam. Bundan başqa, teatr və reklam sahəsində də çox iş görmüşəm. İşlə bağlı dünyanın çox yerində olmuşam. Yunanıstan, Türkiyə, Misir, Kipr, Çexiya, Estoniya, Fransa, Gürcüstan və başqa ölkələrdə çəkilişlər aparmışam. 2 minə yaxın reklam filmi çəkmişəm.
- Eşitdiyimizə görə, Hollivudla da işbirliyiniz olub.
- İki filmim - «Əsr» və «Lal şərik» Hollivudla birgə çəkilib.
- Kinoda aktyor kimi necə, özünüzü sınamısınızmı?
- Bir neçə filmdə aktyor kimi çıxış etmişəm. Onların arasında ən bəyəndiyim «Sevgi tək gəlmir» filmidir. Bütün hallarda özümü rəssam kimi daha yaxşı ifadə edirəm.
- Hazırda hansı film üzərində çalışırsınız?
- İndi Rusiyada mistik fantaziya janrında çəkilən bədii film üzərində işləyirəm. Başqa bir layihəm Azərbaycanla bağlıdır, amma onun adı və detalları haqqında öncədən demək istəmirəm. Bircə onu deyə bilərəm ki, çox maraqlı film olacaq.
- Fəaliyyət sahəniz çox genişdir: rəssam, aktyor, rejissor, prodüser...
- Məni həm də Moskvada “Scream School” adlanan London Kino Məktəbinə dərs deməyə dəvət ediblər, bu yaxında dərslərə başlayacağam. Son iki ildir Rusiya Kinematoqrafçılar İttifaqının rəhbərliyində təmsil olunuram, burada da planlarım çoxdur.
- Rəssamlığın hansı janrlarında işləyirsiniz? Sərgiləriniz olurmu?
- Kino rəssamlığından başqa rəngkarlıq, qrafika janrlarında çox əsərlər yaratmışam. 70-ə yaxın yağlı boya və qrafik əsərim müxtəlif kolleksiyalardadır. Onların arasında Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycan və Rusiyanın rəssamlar ittifaqları, Yunanıstan Dövlət Müasir Sənət Muzeyi və başqaları var. Çox sərgilərin iştirakçısı olmuşam. İlk fərdi sərgim isə 1991-ci ildə Moskvada açıldı, bir il sonra isə Yunanıstanda sərgi təşkil etdim. O vaxtdan fərdi sərgim olmayıb, çünki bütün ömrümü kinoya bağlamışam. Son zamanlar yenidən rəngkarlıq və qrafika ilə məşğul oluram. Yeni bir qrafika seriyası üzərində çalışıram.
- Ailə üzvləriniz haqqında danışardınız...
- Həyat yoldaşım Oksana Pototskaya tanınmış kino və teatr aktrisasıdır. Rusiyada bir çox filmlərdə baş rolda çəkilib. Son illər Çin uşu gimnastikası və döyüş sənətilə məşğul olur. Şaolindən olan məşhur ustaddan dərs alıb, indi öz idman məktəbini yaradıb. Oğlumuz Aleksandr Rusiya Dövlət Kinematoqrafiya İnstitutunu kinooperator ixtisası üzrə bitirib. 10 ildən çoxdur ki, kino sahəsində çalışır. İki qız nəvəmiz var.
- Sonuncu dəfə Vətəndə nə vaxt olmusunuz?
- İşimlə bağlı olaraq vaxtım azdır, amma Vətənə ildə iki-üç dəfə getməyə çalışıram. Sonuncu dəfə keçən payızda - oktyabrda olmuşam.
- Bildiyimizə görə, yemək bişirməklə aranız yaxşıdır...
- Yemək bişirməyi çox sevirəm. Vaxtım olan kimi dostlarımı bir yerə yığıb onları bişirdiyim yeməklərə qonaq edirəm. Məncə, aşpazlıq incəsənətin bir növüdür. İncəsənətlə məşğul olan insan aşpazlıqla da mütləq maraqlanmalıdır. Dostlar təklif etdilər ki, mənim belə bacarığım varkən mətbəx verilişini aparım və iki aydır «Addislə ləzzətli görüşlər» verilişi internetdə davam edir. İndi fikrimiz var ki, bu verilişi mərkəzi kanalların birində davam etdirək. Tez-tez hazırladığım, xoşladığım yeməklər toyuq plovu, toyuq və balıq ləvəngisidir. - Türkiyə ilə də bağlılığınız var.
- Beş ildir ki, Bodrumda ev almışam. Dincəlməyə ora gedirəm. 2013-cü ildə İstanbulda çəkilişlərim olub.
- Ailə ənənənizin davam edəcəyinə inanırsınızmı?
- 6 yaşlı nəvəm Oksana rəssamlıqla məşğul olur. Şəkil çəkməyi çox sevir, tez-tez mənimlə bir yerdə oturub akvarellə, rəngli qələmlərlə işləyir. Bəlkə də o, rəssam olacaq. Məcbur etməyəcəyəm, rəssam olsa, sevinərəm.

Soltan Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar