Tofiq Bakıxanovun Qara Qarayevlə bağlı xatirələri

“Azərbaycan müəllimi” qəzetinin yeni layihəsi olan "Ömrün gizli səhifələri"ndə həyatı, fəaliyyəti ilə hər kəsə örnək ola biləcək şəxsiyyətlərdən söhbət açılır, keçdikləri həyat yolu onları yaxşı tanıyan insanların xatirələri ilə yad edilir. Layihənin ilk müsahibi Xalq artisti, bəstəkar Tofiq Bakıxanov öz müəllimi, dahi bəstəkar Qara Qarayevlə bağlı xatirələrini danışır. Müsahibəni təqdim edirik.

- Tofiq müəllim, Qara Qarayevlə necə tanış olmuşdunuz?
- Dünya şöhrətli bəstəkar, ictimai xadim və qayğıkeş müəllimim barədə danışmaq mənim üçün həm asan, həm də çətindir. Ona görə asandır ki, 1938-ci ildən bəri onun yaradıcılıq fəaliyyətinin şahidi olmuşam. Onun atası, mərhum həkim-pediatr Əbülfəz Qarayev atam, məşhur tarzən Əhməd Bakıxanovla dost idilər. Qara Qarayev Moskvada təhsil aldığı üçün Bakıda az-az olurdu. Nəhayət, 1947-ci ildə Bakıda Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Opera və Balet Teatrında keçirilən konsertdə mən skripkaçı solist kimi iştirak edəndə Qara Qarayev və Tofiq Quliyevlə tanış oldum. 1949-cu ildə filarmoniyada keçirilən Azərbaycan bəstəkarlarının yaradıcılıq baxışında skripkaçı solist kimi iştirak etdim. Baxışda münsiflər heyətinin üzvlərindən biri də Qara Qarayev idi. Konservatoriyada təhsil aldığım müddətdə rektorumuz Qara Qarayev idi. 1950-ci ildə əsərlərimi Qara müəllimə göstərdim. O da mənə bəstəkarlıqla məşğul olmağı məsləhət gördü. Həm də 6 ay mənimlə məşğul oldu. Nəhayət, əla qiymətlərlə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, Qara müəllimin sinfinə daxil oldum. Onun dərsə gəldiyi zaman dediklərini heç vaxt unutmaram: "Bəstəkar fəhlə kimi öz üzərində daim işləməlidir". Onun o qədər işləri var idi, amma hər gün royalın arxasına keçib bəstəkarlıqla məşğul olurdu.
- Necə müəllim idi, auditoriyaya necə daxil olurdu?
- O, çox tələbkar müəllim idi. Bəzi fikirləri indi də yadımdadır. Bizə tövsiyə edirdi ki, bəstəkar gərək həmişə axtarışlar aparsın. Deyirdi ki, bazara ət almağa girəndə yaxşısını axtarırsan. Ola bilsin ki, aldığın köhnə olsun. Sənət də belədir. Daim yaxşısını axtarmalısan. Köhnəlikdən əl çəkməlisən. Hazır olan heç bir şeyə icazə vermirdi. Asan olan yoldan tələbələri çəkindirirdi. İstəyirdi ki, daim axtarışda olaq.
- Qara müəllim dərsdən əlavə tələbələrinə necə kömək edirdi?
- Hər barədə kömək edirdi. O vaxt Şəfiqə Axundova getmişdi Leninqrada, istəyirdi orada oxusun. Eşidib ki, Qara müəllim Moskva ətrafında istirahət etməyə gəlib. Gedib yanına, deyib ki, Qara müəllim, bir məktub yazın, mənə oxumağa icazə versinlər. Qara müəllimin sözü ilə onu qəbul ediblər. Çox adamlara yaxşılıq edib. Məsələn, kimsə xəstə olanda ona kömək edirdi. Tələbə idik, amma onun sayəsində əsərlərimiz filarmoniyada ifa olunurdu. Qara müəllimdə tələbələrinə qarşı atalıq hissi var idi, baxmayaraq ki, aramızda yaş fərqi o qədər çox deyildi. O zaman gənc bəstəkarların çoxunun evi yox idi. Hüsü Hacıyev küçəsində onlara ev tikilirdi. Bilirsən, qızım, biz indiyədək Qara müəllimə borcluyuq. Çünki o bizə düz yol göstərib. Əsərlərimə həmişə doğru istiqamət verib. Başqa müəllimlərimiz də var idi, amma Qara müəllimin savadı, istedadı müqayisəedilməz idi.
- Onun sinfində neçə il təhsil aldınız?
- Təhsil 5 il idi. Amma mən çox sürətlə yazırdım deyə, 4-cü ili bitirəndə Qara müəllim dedi ki, Tofiq, sənə kifayətdir. Diplom işlərin də hazırdır. İki diplom işi yazmışdım.
- İndi Qara Qarayev deyəndə gözünüzün qabağına necə gəlir?
- Deyərdim ki, yüz ildə bir dəfə onun kimi insanlara rast gəlmək olar. Bilikli, hərtərəfli insan idi. Həm Azərbaycan, həm də dünya musiqisinə fikir verməyi tövsiyə edirdi. Ona görə ki, istəyirdi bu musiqilər arasında sintez yaransın. Çünki belə əsərlərlə dünya səhnəsinə çıxanda Azərbaycan mədəniyyətinin zənginliyini sübut etmək olur. O zaman belə qayda var idi ki, yaradıcı gənclər Moskvaya tez-tez gedirdi. Moskva ətrafında yaradıcılıq evləri var idi. Həmin evlərdə əsərlər yazırdıq. Ümumittifaq radiosunda səslənəndən sonra qəbul edib, ifa edirdilər. İkinci simfoniyamı orda yazdım. Mən, bir qayda olaraq, bütün əsərlərimi birinci Qara müəllimə, sonra isə Tofiq Quliyevə dinlədirdim. Onlara göstərməmiş əsərlərimi heç zaman ortalığa çıxarmırdım.
- Ondan əla qiymət alandan sonra əsərləriniz gün üzünə çıxırdı...
- Bəli. Əgər o bəyənmişdisə, deməli, hər şey yaxşı idi. Dinləyəndən sonra deyirdi ki, Tofiq, sənin musiqində baletin əlamətləri var. Mənə opera teatrı üçün balet yazmağı tövsiyə etdi. Onun məsləhətindən sonra neftçilərə həsr etdiyim "Xəzər balladası" baletini yazdım. 1968-ci ildə SSRİ-nin 14 respublikasını gəzdilər ki, Fransada keçiriləcək festivala əsər göndərsinlər. Tapılmadı. Gəlib tamaşama baxdıqdan sonra ayaq üstə əl çaldılar ki, bizə belə əsər lazımdır. Qara Qarayevin tələbəsi Rauf Hacıyev o zamanlar mədəniyyət naziri idi. Qara müəllimin oğlu Fərəc Qarayevə tapşırıq verdi ki, əsər yazsın. Fərəc müəllim "Qobustan kölgələri"ni yazdı. Mənim əsərim, Fərəc Qarayevin əsəri və Rauf Hacıyevin "Azərbaycan süitası" baleti 1969-cu ildə Parisdə keçiriləcək VII beynəlxalq rəqs festivalının proqramına daxil edildi. Qara Qarayevin də əsərləri proqrama daxil edilmişdi. O zaman 5 tamaşamız Parisdə göstərildi. Bu böyük müvəffəqiyyət idi. Burdan 18 nəfər getmişdik, Qara müəllim bizim rəhbərimiz idi. Tamaşamız gedəndən sonra fransız qəzetləri bu barədə yazmışdı. Qara müəllim mənə dedi ki, Tofiq, xəbərin var, fransız qəzetləri bizim barəmizdə nə yazır? Dedim ki, yox. Dedi ki, sənin "Xəzər ballada"nı o qədər tərifləyiblər. Bu sözlərdən böyük mükafat yoxdu.
- Qara Qarayevin özünəməxsus, sizi qorxudan xüsusiyyətləri hansı idi?
- O, prinsipial və obyektiv adam idi. Həmişə düz yolda olan insan idi. O tələbə ki, zəif idi, dərsə gələndə verdiyi tapşırıqları çatdırmayanda, onda çox hirslənirdi. Deyirdi ki, ay bala, 4 dərsin ərzində mənə cəmi bir səhifəlik əsər gətirmisən? Çünki əsərləri nota çevirib, dərsdə müzakirə edirdik. Günlərin bir günü gənclərin I qurultayı keçirilirdi. Baxmayaraq ki, biz onun sinfində IV kursda idik, amma əsərlərimizi ora daxil etdi. Dedi ki, qoy Moskvadan gələn bəstəkarlar bilsin ki, belə gənclər var. Əsərlərimiz çox bəyənildi. O zaman da belə qayda var idi ki, plenum, qurultay keçiriləndən sonra banket verirdilər. Restorana bizi də dəvət etmişdilər. Gecə saat ikidə evə qayıdanda hamımız Qara müəllimlə birlikdə idik, qar yağırdı. Nədənsə Qara müəllim dedi ki, istəyirəm, gedim Əhməd Bakıxanovla söhbət edim. Yoldaşlardan biri dedi ki, ay Qara müəllim axı gecdir. Cavab verdi ki, bizə gec yoxdur, səhərə qədər oturan adamlarıq. Gəldik bizə. Dekabrın 7-si gecə idi, mənim də anadan olan günüm dekabrın 8-də idi. Anam rəhmətlik də hazırlıq görmüşdü. Belə alındı ki, 10-12 nəfər bizə gəldik. Vasif Adıgözəlov da bizə yaxın yaşayırdı, atasına (Zülfü Adıgözəlova) zəng etdi ki, ondan nigaran qalmasın. On dəqiqə keçdi Zülfü Adıgözəlov da gəldi. Qara müəllim başladı Azərbaycan muğamından, Şərq aləmində onun yerindən danışmağa. Dedi ki, düzdür, vaxtilə Üzeyir bəydən dərs almışam. Amma istəyirəm ki, oğlum da, mən də muğamları mükəmməl öyrənək. Sonra Fərəc müəllim onun sözünə əməl etdi. Əsərlərində muğamlara da yer ayırdı. Bilirsiniz, harasa gedəndə və "Qara Qarayevin tələbəsi olmuşam" deyəndə, "xoşbəxt adamsan" cavabını eşidirsən.
- Qara Qarayevin əsas sözü nə idi?
- Həmişə deyərdi, asan və yüngül yoldan əl çəkin. Həmişə axtarışda olun. Hətta mahnı yazanda bir neçə variant yazardım. Söz və musiqi vəhdət təşkil etməlidir. Bəzən bəstəkarlar yazırlar, görürsən, söz yarımçıq qalır.

Bu yerdə Tofiq müəllim bəstəkarlığın sirlərini mənimlə bölüşür. Elə gözəl izah edir ki, Qara müəllimin onlara verdiyi məsləhətləri təkrar edir. Barmaqları ilə sözləri hecalara bölür. Sol əlində barmaqlarının yaxşı işləmədiyini hiss edirəm.

- Sənətkarlar əsərlərini ayırmır. Amma mən yenə də soruşmaq istəyirəm. Qara müəllimin sevimli əsəri hansı idi?
- Onun şah əsəri "Yeddi gözəl" baletidir, "Leyli və Məcnun" simfonik poeması və "İldırımlı yollarla" baletidir.

Birdən dayanır və deyir ki, Qara müəllim mənə simfoniyasını avtoqrafla verib. Ayağa qalxır. Yavaş-yavaş kitab şkafına yaxınlaşır. Və nota çevrilmiş əsəri iş masasına gətirir.

- Bunu Qara müəllim mənə Lenin mükafatı alanda vermişdi. Getdim onu təbrik etməyə. Simfoniyası Moskvada dərc olunmuşdu. Mənə hədiyyə etdi.

Birlikdə avtoqrafı oxuyuruq, Qara Qarayevin imzasına baxırıq. Tofiq müəllim yenə mənə nəsə göstərmək istəyir. Kitabı gətirir. Tofiq Bakıxanova həsr olunmuş kitabdır. Tək-tək vərəqləyir. Ona yazılan məktubları, təltif olunduğu zaman çəkilmiş şəkilləri göstərir. Qara Qarayevin ona vurduğu teleqramı axtarır. Böyük sevgi və səbrlə. Teleqramı tapır və bərabər oxuyuruq.

- 50 illik yubileyimdə Moskvadan mənə teleqram vurmuşdu. Baxmayaraq ki, o zaman xəstə idi. Amma mənim yubileyimi yaddan çıxarmamışdı. Buradan gedəndən bir müddət sonra xəstəliyi bilindi. 3-4 il yaşadı Moskvada, elə orda da vəfat etdi. Gətirdilər Bakıya.
- Onunla sonuncu görüşünüz nə vaxt olmuşdu?
- Moskvaya getməzdən əvvəl.
- Moskvada olanda onunla danışırdınız?
- Onunla danışmaq çətin idi. Həkimlər icazə vermirdi.
- Ölümündən necə xəbər tutdunuz?

- Televiziya car çəkdi. Böyük həyəcan keçirdim. Bəstəkarlar İttifaqı təşkil elədi, getdik hava limanına. Filarmoniyadan Fəxri xiyabana apardılar. Ümummilli lider Heydər Əliyev də dəfn mərasimində iştirak edirdi. Küçələrdə insanlar çıxıb onu yola salırdılar. Özü də vəfat etməzdən əvvəl qəbir üstünün necə olmasını çəkmişdi. Onun qəbrinin üstündə nə şəkli, nə də heykəli var. Onun məzarında royal var.

Bu an başımı qaldıranda qarşımda, divarda asılmış bir tablo diqqətimi çəkir. Təəccüblə:

- Tofiq müəllim, Qara Qarayevlə ikinizin tablosudur?
- Hə, qızım, 1969-cu ildə Parisdə olanda çəkilib bu tablo. Müəllifi Hüseyn Hacıyevdir.

Daha sonra otaqda olan şəkillərlə tanışlıq başlayır. Diqqət edirəm, bütün şəkillərdə Qara müəllim var:

- Bax qızım, bu vinetkanı Qara müəllimin 70 illik yubileyinə mən düzəltdirmişəm. Orda onun tələbələridir. Bax, Polad Bülbüloğlunu görürsən. Onu Qara müəllim gətirdi professional musiqiyə. 1951-ci ildən ta 1980-ci ilə qədər. Baxın, burda "Pust vseqda"nı bəstələyən şəxsdir, bu tələbə isə Nicatdır, Türkiyədən gəlmişdi. Bu şəkildə Firəngiz Əlizadə məzun olurdu. O zaman dünyanın bir çox ölkələrindən Qara Qarayevin sinfində təhsil almaq üçün tələbələr gəlirdi.
- Onunla hansı ölkələrdə olmusunuz?
- Moskvada qurultaylarda olurduq. Fransadakı festivala bir yerdə getmişdik. Onun yazısı da var idi, deyirdi ki, Tofiqin "Xəzər balladası" qurtaranda səslənən alqışlar bir daha onun nə qədər peşəkar olduğunu sübut etdi.
- Yol xatirələrindən nə yadınızda qalıb?
- Bir dəfə bizi Fransada memorial lövhələrə baxmağa, məzarlığa apardılar. O zaman bilmirdik ki, Andronik kimdir, nəçidir? Məzarda Andronikin at üstündə heykəli var idi. Qara müəllim elə 1969-cu ildə, o məzarın başında, ermənilərin bizə yaşatdığı faciələrdən, onların necə bir məxluq olduğundan danışdı. Dedi ki, bu cinayətkarlar Azərbaycana düşməndirlər. Tarixi sübutlarla fikrini əsaslandırdı.
- Qara müəllimin ən yaxın dostları kimlər idi?
- İmran Qasımov, Tofiq Quliyev, Cəfər Cəfərov.
- Bəs ona pislik etmək istəyənlər necə?
- Hə, var idi. O qədər olub ki, onun ayağının altını qazmaq istəyənlər, ona qarşı çıxanlar. Təkcə burda yox, Moskvada da ona qarşı birləşən adamlar tapılırdı. Onun haqqında lazımsız sözlər yaymışdılar. Guya onun yazdığı əsərlər abstrakt əsərlərdir, tələbələrinə abstrakt yol göstərir. O zaman Mərkəzi Komitədə çıxış etdim ki, ay yoldaşlar, əgər Qara Qarayev abstrakt əsərlər yazırsa bu qədər mükafatı ona niyə verirlər? Təsəvvür edin ki, Bolqarıstanın Prezidenti barədə çəkilən filmin musiqisini yazmaq üçün Qara müəllimi dəvət etmişdilər. O da getdi, üç ay qaldı Bolqarıstanda və musiqini yazdı. "Uzaq sahillərdə" filminin musiqisini də o yazıb.
- Möhtəşəmdir.
- Əlbəttə (ayağa qalxır və əsəri mənə göstərmək üçün gətirir). Mən ondan ruhlandım. "Uzaq sahillərdə" poemasını yazdım. Onu da Mehdi Hüseynzadəyə həsr etdim. Mehdigil bizim qonşumuz olmuşdu. İki bacısı var idi - Pikəxanım və Şura. Valideynləri erkən vəfat etmişdi. Bacısı Şura gəlib atamdan tar dərsi alırdı. Mehdi də arada gəlirdi bizə. Qara müəllim də əsəri bəyəndi.

Bu yerdə bir az da Qara müəllimin ailə həyatı və maraqları ilə bağlı söhbət etmək istəyirəm.

- Qara müəllimi ailə başçısı kimi necə xatırlayırsınız?
- Çox gözəl ailə başçısı idi. Bir qız, bir oğul atası idi. Uşaqlarının ikisi də konservatoriyanı bitirmişdi. Qızına nənəsinin adını qoymuşdu - Züleyxa, oğluna da babasının adını qoymuşdu - Fərəc. Onların dərsləri ilə özü məşğul olurdu. Tək övladları ilə yox, elə tələbələri ilə də diqqətlə məşğul olardı. Xəstə olub dərsə gedə bilməyəndə, evə çağırırdı ki, dərsdən geri qalmayaq. Dərs 45 dəqiqədir, amma o 4 saat dərs keçərdi. Qızı Türkiyədə, oğlu isə Moskvada yaşayır. Moskva Konservatoriyasının professorudur. Bir dəfə Parisə getməmişdən qabaq televiziyada mətbuat konfransı keçirdilər. Paris proqramına mənim əsərim salındığı halda, nədənsə buradakı proqrama daxil edilməmişdi. Amma Fərəcin adı var idi. Gördüm Qara müəllimin həyat yoldaşı Tatyana Nikolayevna zəng edir ki, Tofiq, Qara müəllim səninlə danışmaq istəyir. Dedi ki, səni mətbuat konfransına çağırıblar? Biləndə ki, məni çağırmayıblar, Qara müəllim oğlunu da mətbuat konfransına getməyə qoymadı.
- Onun sevimli bəstəkarları, yazarları kim idi?
- Dmitri Şostakoviç, Sergey Prokofyev. Prokofyevin əsərlərini həmişə bizə təhlil etdirirdi. Qara müəllimin çox gözəl yaddaşı var idi. Dünya ədəbiyyatı ilə çox məşğul olurdu. Vaxtı olmayanda həyat yoldaşına deyirdi ki, sən oxu sonra məzmununu mənə danış. Bir o, bir də Tofiq Quliyev bütün sahələrdən məlumatlı idilər.
- Bəs öz əsərləri barədə xatirələrini bölüşürdü?
- Məsələn, "Yeddi gözəl"i Nizaminin 800 illiyinə görə yazmışdı. Bəstəkarlar İttifaqında müzakirə üçün özü və vaxtilə onun ilk pianino müəllimi olan Vladimir Kozlovla birlikdə iki royalda əsəri başdan sona ifa etmişdilər. Onu da səhnələşdirən İsmayıl Hidayətzadə olmuşdu. Sonra o vəfat edəndə Qara müəllim dedi ki, bir atam, bir də İsmayıl müəllim öləndə ağlamışam. Onlar birlikdə Moskvada olub, Hidayətzadə deyib ki, gedək baletə tamaşa edək. Qara müəllimə sən balet yazmalısan deyib. Qara müəllim də deyib ki, balet yazmaq üçün məzmun lazımdır. Hidayətzadə Bakıya qayıdanda "Yeddi gözəl"i təqdim edib. Beləliklə, "Yeddi gözəl" baleti yaranıb. Məsələn, "Alban rapsodiyası"nı gedib Albaniyada yazıb.

85 yaşlı Tofiq müəllimi çox yormaq da istəmirəm, söhbətimizi yavaş-yavaş yekunlaşdırmaq istəyirəm.

- Tofiq müəllim, sizə təşəkkür edirəm. Dəyərli vaxtınızı bizə ayırdınız. Sonda nə demək istəyirsiniz?
- Qara Qarayevin qoyduğu yolu davam etdirmək, onun adına layiq olmaq lazımdır.

Müsahibəmiz burda yekunlaşır, amma Tofiq müəllimlə söhbətim davam edir. İnsult keçirən Tofiq müəllim sol əlində problem olsa da, sağ əli ilə pianoda mənim üçün musiqi ifa edir. Şəkil albomlarını birlikdə vərəqləyib, Paris Notrdam kilsəsinin qarşısında əl-ələ görüşən Qara Qarayev və Tofiq Bakıxanovu görürəm. Üzlərində təbəssüm var. Elə bu təbəssümlə də sevimli bəstəkarımızla sağollaşıram.

Rüfanə Günəş,
“Azərbaycan müəllimi"







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar