Müsahibimiz bu yaxınlarda ölkə başçısı tərəfindən Əməkdar incəsənət xadimi fəxri adına layiq görülən, qardaş Türkiyədə əsərlərilə məşhur olan rəssam soydaşımız Rafiq Əzizdir. Rafiq müəllim Türkiyədə rəssamlıqla yanaşı, Azərbaycan üçün humanitar sahədə göstərdiyi fəaliyyətilə də tanınır. O, 30-a yaxın fərdi sərgi keçirib, 50-dək birgə sərgidə iştirak edib.

- Rafiq bəy, zəhmət olmasa, oxucularımıza özünüz haqqında bilgi verərdiniz...
-1953-cü ildə Göyçay rayonunun Yalman kəndində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuşam. Oranı fərqlənmə diplomu ilə bitirib bir il Ağdaş şəhər 2 saylı orta məktəbdə rəsm müəllimi işləmişəm. Sonra təhsilimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsində davam etdirmişəm.
1983-cü ildə təyinatla Təhsil Nazirliyində metodist vəzifəsində çalışmağa başladım. Gənc mütəxəssis kimi Azərbaycanı bölgə-bölgə, kənd-kənd gəzib məsul olduğum sahədəki problemləri dərindən öyrəndim. Hələ o çağlar məktəblərin 80 faizində ixtisaslı rəsm müəllimləri yox idi, istedadlı uşaqlar qayğısızlıqdan itib-batırdılar. Bu yöndə ilk işim Azərbaycan Rəssamlar İttifaqının nəzdində H.Z.Tağıyev adına təsviri sənət üzrə “Uşaq Xalq Universiteti”ni yaratmağım oldu. Rəsm müəllimi olmayan bütün kənd məktəblərindəki bacarıqlı uşaqları tapıb ortaya çıxardım, onların məlumat bankını yaratdım. Könüllü olaraq həmin uşaqlara qiyabi rəsm dərsi verməyə başladım. Uşaqlar böyük həvəslə rəsmlər çəkib məktub vasitəsilə mənə yollayardılar. Mən məktubları incələyər, rəsmlərin doğru-yanlışlarını yazar, uşaqları sənətə həvəsləndirərdim. “Azərbaycan pioneri” qəzetində bununla bağlı rəsm studiyası açdım. Bundan sonra şagirdlərin sayı mini keçdi. Azərbaycanın ucqar kəndlərindən, Gürcüstan, Türkmənistan, Özbəkistan və başqa ölkələrdən uşaqlar məktəbimizə üzv oldular.
- Bilirəm ki, bu uşaqlar vasitəsilə siz Qarabağ problemini diqqət mərkəzinə gətirmisiniz.
- Həmin məktəbin əsasında 1989-cu ildə Azərbaycan İstedadlı Uşaqlar Birliyini yaratdım. Qarabağ olayları qızışanda ""Qarabağ savaşı uşaqların gözü ilə"" mövzusunda rəsm müsabiqəsi keçirdim. Savaş başlayandan sonra onlarla uşaq tələbəm yetim qalmışdı. Bu durumda onların dərdlərinə bir çarə eləmək məqsədilə Qarabağ mövzusunda uşaq rəsmlərini götürüb İstanbula gəldim. 1992-ci ildə Taksim sənət qalereyasında “Qarabağ savaşı uşaqların gözü ilə” rəsm sərgisini keçirdim. Sərgi Türkiyə mətbuatında geniş işıqlandırıldı.
Sərgidə mənə dedilər ki, biz bu uşaqlara necə yardım edə bilərik? Bildirdim ki, savaşla bağlı olaraq Azərbaycanda çoxlu xəstə, əlil uşaq var. Onlara tibbi yardım gərəkdir. Mənə “Get müalicəyə ehtiyacı olan uşaqlardan götür gəl”, dedilər. Bakıya gəlib Dövlət Qaçqınlar Komitəsinin yardımı ilə Xocalıdan və Şuşadan olan 30 yetim uşağı İstanbula gətirdim. Bizi yüksək səviyyədə qarşılayıb uşaqları xəstəxanalara yerləşdirdilər, yaxşı müalicə etdilər, bir ay uşaqlar görməli yerlərlə tanış oldular. Türkiyənin dövlət rəsmiləri uşaqlarla görüşdü, onlara gözəl geyimlər alındı və Vətənə yola salındılar.
- Deyəsən, həmin uşaqlardan Türkiyədə oxuyanları da oldu.
- Həmin günlərdə İstanbul İstək Vəqfinin başqanı Bədrəddin Dalan sərgini izləmişdi. O, məni yanına çağırıb dedi ki, bu uşaqlardan 10 nəfərini özəl məktəblərimdə oxutmaq istəyirəm. Mən ondan yazılı kağız alaraq Bakıya gəldim, Qarabağ savaşında ata-anasını itirmiş 10-12 yaşlarında Xocalı və Şuşadan olan 10 uşağı İstanbula gətirdim. Bədrəddin Dalan bu uşaqların İstanbuldakı bütün yaşayış və təhsil xərclərini öz üzərinə götürdü. Şərtə görə, hər il may ayının sonunda dərslər qurtaranda onları Azərbaycana gətirirdim, dərslər başlayanda Türkiyəyə aparırdım. Bu, 1992-ci ildən 2009-cu ilədək davam etdi. Mən bu işləri dəyərli dostum, məşhur rəssam Sakit Məmmədovun yaxından yardımı ilə başardım. Bu uşaqlar İstanbulun nüfuzlu məktəblərində orta təhsillərini tamamladılar, universitetlərdə oxudular.
- Nə vaxtdan Türkiyədə yaşayırsınız?
- Qeyd etdiyim işlərimlə bağlı olaraq 1992-ci ildən ailəliklə İstanbula köçdüm. 1994-cü ildə Mərmərə Universitetində “Azərbaycanda rəssamlığın tədrisi və tarixindən” adlı elmi iş yazıb sənətşünaslıq doktoru dərəcəsi aldım. Daim bu uşaqların yanında olmaq məqsədilə öncə İstək Vəqfi başçısının mədəniyyət və incəsənət üzrə məsləhətçisi, 1996-cı ildən isə Yedditəpə Universiteti təhsil şurasının üzvü olaraq işə başladım.
Qarabağ savaşının ağır günlərində tanınmış professor, doktor İbrahim Yıldırımın başçılığıyla 15 türk cərrahını Bakıya gətirdim. Bakı Şəhər İcra Hakimiyyətinin köməyi ilə hərbi hospitalda 150 əsgəri əməliyyat etdilər. Hələ də tanımadığım həmyerlilərimiz İstanbula tibbi yardım üçün gələrkən məni tapırlar. Onları doğru ünvanlara yönləndirir, əlimdən gələn yardımları edirəm, təki şəfa tapsınlar.
- Siz Türkiyədə tanınmış rəssamsınız. Əsərləriniz daha çox dövlət muzeylərində qorunur.
- Türkiyənin dövlət muzeylərində 150-dən artıq rəsm əsərim saxlanılır. Türkiyənin Dəniz, Hava Qüvvələri, Hərb Akademiyası, Mersin, İsgəndərun, Gelibolu, İstanbul dəniz muzeylərində tarixi tablolarım var. Şəxsi kolleksiyalarda, bir çox xarici ölkələrdə əsərlərim saxlanılır.
- Əsasən tarixi mövzularda çəkirsiniz. Ən çox müraciət etdiyiniz mövzu hansıdır?
- Ən çox XVI-XVIII əsrlər türk dəniz müharibələrini çəkmişəm. Dünya dəniz xəritəsini çəkən admiral Piri Rəisin portretini yaratmışam. 1513-cü ildə çəkib yazdığı dünya dəniz xəritəsinin 500 illiyi münasibətilə UNESCO 2013-cü ili “Kitabi-Bahriye” (Piri Rəisin əsəridir - S.S.) ili elan etdi. Bu münasibətlə çəkdiyim “Piri Rəis” tablosunun biri Türkiyə Cümhuriyyəti Baş Nazirliyi zərbxanası 50 TL yubiley pulu üzərində basıldı. Türk dəniz müharibəsinə aid yağlı boya ilə 100-ə yaxın tablo çəkmişəm.
- Yaradıcılığınızda Atatürklə bağlı mövzular da geniş yer tutur.
- Bu günə kimi Atatürkə həsr olunmuş 100-dən çox əsər çəkmişəm. 2011-ci ildə Türkiyə Hava Qüvvələrinin 100 illiyi münasibətilə “Atatürk və aviasiya” mövzusunda əsərlər işləmişəm. Həmin əsərlər Türkiyə Hava Qüvvələrinin Muzeyində sərgilənməkdədir. Türkiyənin böyük iş adamlarının kolleksiyalarında Atatürklə bağlı çoxlu əsərlərim var.
- Bir neçə ay öncə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görüldünüz. Bu xəbəri necə qarşıladınız?
- Heç bir zaman fəxri ad almaq haqqında düşünmədim. Nə etdimsə, insanlıq yolunda etdim. Sənətimə verdiyi dəyərə görə ölkə başçısı İlham Əliyevə sayğımı bildirirəm.
- Haçansa Vətənə qayıtmaq fikriniz varmı?
- Burada çox işlərim var, həmin şəhid uşaqlarından bəziləri İstanbulda hələ doktorantura təhsillərini davam etdirirlər. Sonunda Vətənə qayıdacağam. Bakıda sərgi açmağı düşünürəm. Bu il iyunun 12-də isə İstanbul Dəniz Muzeyində fərdi sərgim olacaq.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar