Valentin Denisov: “Xalqlarımızın mədəniyyətləri sıx şəkildə bağlıdır. Bizim başlıca vəzifəmiz onları bir-birindən ayırmamaqdır”

Artıq 6 ildən çoxdur Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİMM) fəaliyyət göstərir. 2009-cu ildə mərkəzin açılış mərasimində iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrinin inkişafından məmnun olduğunu bildirmişdi. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin əsas vəzifəsi ictimaiyyəti rus və Rusiya Federasiyası xalqlarının tarixi və mədəniyyəti ilə yaxından tanış etmək, Azərbaycan təşkilatları ilə əlaqələr qurmaq və inkişaf etdirməkdir. Mərkəzdə zəngin kitabxana var, rus dili kursları, dərnəklər fəaliyyət göstərir, konfranslar, dəyirmi masalar, sərgilər, kitab təqdimatları keçirilir. Onlarla azərbaycanlı yeniyetmə və gənc burada rus dilini, rəsm çəkməyi, mahnı ifa etməyi və s. öyrənir.
Mərkəzin rəhbəri Valentin Denisovla söhbətimizdə RİMM-in mədəniyyət layihələrinə nəzər saldıq.


- Cənab Denisov, fəaliyyətinizin əsas prioritetləri nələrdən ibarətdir?
- Azərbaycanda başlıca vəzifəmiz rus dilinin inkişafı, tədbirlərin təşkili və xalqlarımızın qırılmaz mədəni əlaqələrinin həm Rusiyada, həm də Azərbaycanda nümayiş etdirilməsidir. Daha çox təhsil proqramlarına diqqət ayırırıq. Azərbaycanın orta və ali təhsil müəssisələrində tələbələri seçir, Rusiyanın ali məktəblərində təhsil almağa göndəririk. Dövlət qurumları və strukturları ilə də sıx əməkdaşlıq edirik. Düşünürük ki, Mədəniyyət və Turizm, Təhsil, Gənclər və İdman nazirlikləri kimi qurumlarla əməkdaşlıq etmək müsbət nəticə əldə etməyə kömək edir. Bizim veteran və gənclər təşkilatları, həmvətənlər təşkilatı və elmi icmalarla da sıx əlaqələrimiz var.

- Yaxın gələcəkdə hansı layihələri reallaşdırmağı planlaşdırırsınız?
- Belə layihələrimiz çoxdur. Biz əməkdaşlıqda elə bir aspektdən çıxış edirik ki, əlaqələr ölkələrimizin qarşılıqlı mədəni, təhsil, ictimai və humanitar maraqlarına əsaslansın. Bugünlərdə Böyük Vətən müharibəsinin başa çatmasının 70 illiyini qeyd etdik. Bu mövzuda bir neçə sərgi hazırladıq və hər həftə müharibə haqqında bir bədii film nümayiş etdirdik. Bununla da keçmiş SSRİ-nin bütün xalqlarının əldə etdiyi ümumi qələbənin yubileyinə töhfə verməyə çalışdıq. Bakıdan, Azərbaycanın regionlarından olan yüzlərlə sakin həmin filmləri seyr etdilər. Novruz bayramı günlərində isə RİMM-in əməkdaşları və həmvətənlər təşkilatlarımız İçərişəhərdə artıq beynəlxalq status almış Novruz festivalında Rusiya xalqlarının mədəniyyətini nümayiş etdirdilər. Minlərlə qonaq Rusiya pavilyonunu ziyarət etdi, bizim sərgi və konsert proqramlarımıza tamaşa etdilər. Oxşar proqramlarla Bakının təhsil müəssisələrində və Azərbaycanın regionlarında da çıxış edirik. Məsələn, bu il Rusiyada “Ədəbiyyat ili” elan olunub. Azərbaycanda da çox sevilən rus şairi Sergey Yeseninin 120 illiyi qeyd olunacaq. Əlbəttə ki, bizim bu ədəbi hadisə ilə bağlı planlarımız var. Rus dili və ədəbiyyatı üzrə yeddinci respublika olimpiadasını başa çatdırırıq. Minlərlə şagirdin iştirak etdiyi bu olimpiadalar orta məktəblərdə keçirilir. İyunda Bakıda keçiriləcək Bakı Avropa Oyunları da bizim diqqətimizdən kənarda qalmayıb. Bir qədər əvvəl biz Birinci Ümumdünya Oyunlarında iştirak etmək üçün Soçiyə gənc həmvətənlərdən ibarət Azərbaycan komandası yollamışdıq. Öz çıxışlarının nəticələrinə görə Azərbaycan komandası ilk üçlüyə düşmüşdü. Bizim idmançılarımız Soçidə öz həmyaşıdlarına Azərbaycanın ilk Avropa Oyunlarına necə hazırlaşması haqqında ətraflı məlumat verdilər. Avropa Oyunları günlərində mərkəzimizdə “Rusiya evi” fəaliyyət göstərəcək. Onun açılışına Rusiya Olimpiya Komitəsi ilə birlikdə hazırlaşırıq.

- Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı haqqında nə deyə bilərsiniz?
- Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqələrimiz çox yaxşıdır. Birgə əməkdaşlıq çərçivəsində gördüyümüz işləri uzun-uzadı saymaq mümkündür. Məsələn, “Rusiya-Azərbaycan: musiqi paralelləri” adlı musiqi festivalı çox mühüm musiqi hadisəsidir. “Rusiya violonçel məktəbi” sərgisi Azərbaycan Dövlət Filarmoniyasında və Musiqi Mədəniyyəti Muzeyində nümayiş etdirilib. Bunlardan əlavə çoxsaylı mahnı və rəqs festivalları keçirilib. Biz bu il “Rusiya-Azərbaycan mədəni əlaqələrinin tarixi” adlı layihəni həyata keçiririk. Bu layihə Mədəniyyət və İncəsənət Universiteti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır.

- Azərbaycanda Rusiya mədəniyyətinə münasibəti necə qiymətləndirirsiniz?
- Rusiya ilə Azərbaycanı çoxlu ümumi məqamlar birləşdirir. Xalqlarımızın tarixində, ənənələrində oxşar detalları tapmaq mümkündür. Xalqlarımız çox yaxındır. Bir çox ailələr beynəlmiləl köklərə əsaslanır. Əslən Rusiyadan olanlar Azərbaycanda, əslən azərbaycanlı olanlar isə Rusiyada yaşayırlar. Azərbaycanda Rusiya mədəniyyətinə hər zaman çox böyük hörmətlə yanaşılıb. Rusiya teatrlarının və musiqiçilərinin qastrolları həmişə rəğbətlə qarşılanıb. Bu sözləri eynilə Azərbaycan sənətçilərinin Rusiyadakı çıxışları, orada qarşılanmaları haqqında da demək olar. Ədəbi əlaqələrimizin zəngin tarixi var. Xalqlarımızın mədəniyyətləri sıx şəkildə bağlıdır. Bizim başlıca vəzifəmiz onları bir-birindən ayırmamaqdır. Ümumiyyətlə, mədəniyyət xalqlar arasında özünəməxsus körpü rolu oynayır. Əgər istəsək mədəniyyət hətta güclü xalq diplomatiyası amilinə çevrilə bilər.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar