“Biz də bu ölkənin vətəndaşlarıyıq və istəyirik ki, Avropa Oyunlarına öz töhfəmizi verək”

Avropa Oyunlarında iştirak edən könüllülər arasında indi onu demək olar ki, hamı tanıyır. Qarabağ müharibəsi əlili, Avropa Oyunlarını əlil arabasında işıqlandıran yeganə fotoqraf İlham Məhərrəmovun Prezident İlham Əliyevlə birgə fotosu bu idman bayramından yaddaqalan xatirələrdən biri olacaq. Onunla “Kristal Hall”da həmsöhbət olduq. İ.Məhərrəmov iş başında idi.

- Artıq 21 ildir ki, əlil arabasında gəzirəm. Jurnalistikaya həmişə marağım olub. Bir neçə il əvvəl televiziyalara müraciət edərək əlilliyi olan bir şəxs kimi bu qəbildən insanlar haqqında silsilə verilişlər hazırlamaq istədiyimi bildirmişdim. Bu müraciətlərimə cavab almadıqdan sonra belə qərara gəldim ki, indi informasiya-kommunikasiya dövrüdür, niyə internetdə öz fəaliyyətimizi işıqlandırmayaq? Beləcə, “Arabaçı” internet televiziyasını yaratdıq. 10 nəfər könüllü işçimiz var. Hamısı əlildir. Bir çox tədbirlərdə iştirak etdikdən sonra əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov fəaliyyətimizi bəyəndi və bizə dəstək göstərilməsi ilə bağlı müvafiq tapşırıq verdi. Ondan sonra nazirliyin balansında olan bir çox məkanlarda çəkiliş aparıb verilişlər hazırladıq. Bu bizə stimul verdi. Hazırda sağlamlıq imkanları məhdud şəxslər üçün peşə reabilitasiya mərkəzində müəllim işləyirəm. Avropa Oyunlarına 20 nəfər əlilliyi olan insanı könüllü kimi cəlb etmişəm, özüm də qrup rəhbəriyəm. “Kristal Hall”da media qrupunun üzvüyəm.
- Necə oldu ki, Avropa Oyunlarında könüllü olmaq qərarına gəldiniz?
- Avropa Oyunlarına könüllü kimi yazılanda öz müraciətimdə dedim ki, biz də bu ölkənin vətəndaşlarıyıq və istəyirik ki, bu böyük tədbirə öz töhfəmizi verək. Əvvəlcə düşündülər ki, axı əlil arabası ilə nə edə bilərik. Lakin mən onlara bildirdim ki, əlil arabasında olan hətta maşın da sürə bilər, informasiya bölmələrində, bilet satışı yerlərində işləyə də bilərik. Burada işimiz qrafikə uyğundur, bir gün işləyirik, sonra 1 və ya 2 gün istirahət edirik. Avropa Oyunlarından da əvvəl bizə şərait yaratdılar. Bir neçə obyektdə əlilliyi olan insanlar üçün veriliş hazırladıq. Müraciət etdik ki, bütün idman zallarında əlilliyi olan insanlar üçün də şərait var, siz də qatıla bilərsiniz.
- Dövlət başçısı ilə birgə fotonuz sizi cəmiyyətə, daha geniş auditoriyaya tanıtdı...
- Həmin gün taekvondoçumuza qızıl medal təqdim edən Prezident məni gördü. Mən onun şəklini çəkmək istəyirdim. Lakin o məndən fotoaparatı alıb köməkçimə verdi və dedi ki, şəklimizi çək. Dövlət başçısının bu diqqəti əlilliyi olan bütün insanlara böyük stimul verdi. Vaxtilə 21 yaşımda könüllü olaraq Qarabağa döyüşlərə getmişdim və onda əlimdə silah var idi. İndi isə əlimdəki fotoaparatla millətimə xidmət edirəm. Amma məqsəd eynidir - vətənə xidmət. İnternet səhifəmiz var, operativ video çəkir, dərhal montaj edir, orada yerləşdiririk. Əlil arabasında o qədər peşəkar var ki, lakin özlərinə inamları yoxdur, hansısa səbəbdən bir az küskündürlər. Biz bu hərəkata 20 nəfərlə başladıq. 2017-ci il İslam Oyunlarında bu hərəkatda daha çox könüllü əlil görəcəksiz. Biz öz təşəbbüsümüzlə ruhdan düşən əlliləri də həyata ruhlandırırıq. Avropa Oyunlarının açılış mərasimində məşəlin alovlandırılmasını I qrup Qarabağ qazisi, 2 dəfə Paralimpiya Oyunları, 2 dəfə dünya, 5 dəfə Avropa çempionu İlham Zəkiyevə etibar edilmişdi. Bu da əlillərə böyük ruh yüksəkliyi verdi. Onlara başa salırıq ki, əlil arabası həyatın sonu deyil.
- Yəqin “Arabaçı TV”-ni yaratmaqda da məqsədiniz bunu cəmiyyətə çatdırmaqdır?
- Mən görürəm ki, son vaxtlar bəzi telekanallarda əlil insanları verilişə dəvət edəndə söhbət qəmgin notlar üzərində qurulur. Əlilə yazıq, məzlum, kimsəsiz, köməyə ehtiyacı olan biri kimi baxırlar. Bu verilişlərdə hətta Paralimpiya və Avropa çempionu da iştirak edir, amma əhval yenə də pozitiv deyil, qəmgin notlara söykənir. Məsələn, bir “Cəngi” musiqisinin səsləndiyini görmürük. Elə vaxt olub ki, verilişə bir müğənni, bir də mən dəvət olunmuşuq, aparıcı müğənni ilə danışıb-gülür, mənimlə isə başqa cür rəftar edir. Deməli, ya o əlilliyin nə olduğunu dərk etmir, ya da ünsiyyət qura bilmir. Bütün bunlardan sonra qərara aldım ki, televiziya açıb əlillərlə bağlı verilişlər hazırlayaq. Hazırda verilişlər hazırlayır və bütün kanallara müraciət edirik ki, onları alsınlar. “Arabaçı TV”-nin internet səhifəsinin 2 mindən çox izləyicisi var.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar