Əməkdar artist Rahib Əliyev: “Mənə həvalə edilən rolların reallığını yaşamışam və çalışmışam ki, rejissorun ümidini doğruldum”

Hər kəsin ömür səhnəsində bir obraz var. Bu yaşam səhnəsində onun rolu səmimiyyət və səhnəyə sədaqətlə başlayıb. Yəqin ona görə də bütün çətinliklərə - həyat-səhhət nigarançılıqlarına rəğmən ömrünün 70-ci məqamında da yenə səhnəyə, özü üçün müqəddəs yer kimi müəyyən etdiyi teatra can atır, yaşantılarını göz önünə gətirərək, əslində necə böyük səadət içində olduğunu anlayır.

Qəribədir, 50 ili qatlayan bu sənət ömürlüyündə yenə də gənclik eşqi, saf sənət sevgisi, səhnə məhəbbəti ilə qanadlanıb səhnəyə doğru uçur. Bax ona görə də 70-in onu nə zaman haqladığına belə inanmır...
Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində irili-xırdalı xeyli yaddaqalan rollar yaradan, səhnənin məsuliyyətini hər zaman dərk edən, sənət dostlarının dediyi kimi, uşaq saflığını, sadəliyini bu yaşacan qoruyub saxlayan, həyatının bütün məqamlarında nikbinliyini və sənət sevgisini itirməyən Əməkdar artist Rahib Əliyevlə 70 yaşının astanasında görüşdük. Sakit, təmkinli, səmimi müsahiblə qrim otağında baş tutan söhbətimizdə illəri vərəqlədik. Uşaqlığından ahıllığına həyatının hər anından razı olan aktyor bir insanın yaşam obrazının da zəngin çalarlarını nümayiş etdirdi.
Gənc Tamaşaçılar Teatrı aktyorunun bu yaşda nə hiss etdiyini soruşanda qəribə bir təbəssümlə 70-ə “etirazını” da bildirdi.
- Vallah özüm də inanmıram bu yaşa. Amma, şükür, gəlib çatdıq. Arzular çox, oynamaq istədiyim rollar bol, həyat eşqim də tükənməz. Deməli, yaşamağa dəyər. Səhnədəyəmsə, obrazlarla insanların qarşısına çıxıramsa, bu mənim üçün böyük səadətdir. Son olaraq mayın 30-da teatrımızda səhnələşdirilən “Miras” tamaşasında oynadım. İnşallah, sentyabrda bu tamaşa ilə yubileyimi də qeyd edəcəklər. Biz aktyorları yaşadan da səhnə və ona olan məhəbbətdir. Bu mənada 70-ə də sevə-sevə qucağımı açıram (gülür).
- Yəqin ömrün bu vədəsindən geriyə boylananda xatirələr burulğanına düşdüyünüz anlar da çox olur...
- Təbii, çünki bizi yaşadan, ömrümüzə naxış olan o xatirələrdir. Acısı da, şirini də, nisgillisi də bizim ömrümüzün bəzəyidir. Adi, bir az çətin uşaqlıq yaşamışam. İçərişəhərdə böyüyüb boya-başa çatmışam. Atamı çox erkən itirmişəm, anamın himayəsində böyümüşəm. Həyatda bir-birimizə bağlanaraq yaşamışıq. 7-8 yaşım olanda dayım məni o zaman Dağüstü park deyilən yerə apardı. “O olmasın, bu olsun” tamaşasını göstərirdilər, Məşədi İbad rolunu da Mirzəağa Əliyev oynayırdı. O tamaşaya baxandan sonra məndə teatra böyük maraq yarandı. Orta məktəbdə oxuyanda rejissor Ağasəlim Manaflı xalq teatrı yaratdı, orada yaxşı rollar oynadım, teatra həvəsim birə-beş artdı. Mədəniyyət evinin nəzdindəki dram dərnəyi məni böyük səhnəyə səslədi və ürəyimdəki arzunun ardınca getdim. Məktəbi bitirən kimi Teatr İnstitutunun dram, kino aktyorluğu fakültəsinə daxil oldum.
Sənət müəllimim Əməkdar artist Kərim Həsənov üçüncü kursda oxuyarkən məni bu teatra dəvət etdi. Yusif Vəliyev, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Rəhilə Məlikova kimi neçə-neçə korifey sənətkarla bir səhnədə çıxış edib sənətin incəliklərini öyrəndim. Bir il teatrda pulsuz işləyəndən sonra 1968-ci il sentyabrın 18-də rəsmən işə qəbul olundum və o vaxtdan da taleyimi bu teatrla bağladım.
- Bir aktyor üçün sənət uğuru dedikdə vacib amil hansıdır?
- Teatra gələndə nə fəxri ad, nə də mükafatlar barədə düşünürsən. Sadəcə, oynamaq, özünü ifadəyə can atırsan. Bunu səmimiyyəti ilə anlayan aktyorun zamanla əməyi də qiymətləndiriləcək, fəxri adı da olacaq, şöhrəti də. Mən də bu amala əməl etdim.
- Tamaşaçının öz aktyoru və tamaşası olur. Uğurlu hesab etdiyiniz rolunuz hansıdır?
- Rejissor Kərəm Həsənovun “Hacı Qəmbər”indəki Cəbi mənim ən uğurlu və sevimli rollarımdandır. Onu Moskvada, Aşqabadda da oynamışam. Ümumilikdə mən hər zaman rolun miqyasından çox orada özümü ifadəyə, nə isə bir ştrixlə əlavəyə çalışıram. Bax bu zaman rol mənim üçün doğmalaşır.
- Sənət taleyinizdən razı görünürsünüz...
- Niyə də olmasın? Çünki heç vaxt hansısa münaqişəyə, pərdəarxası məqamlara toxunmadan sırf öz işimə, obrazlarıma köklənmişəm. Mənə elə gəlir ki, məhz buna görə də sənətdə keçən ömrümü hədər yaşamamışam. Həyatımdan da razıyam. Maşallah, 5 övladım, 10 nəvəm var. Hər birini də sevgi ilə yetişdirmişəm, bax qazancım da məhz budur.
- Bəzən aktyoru sırf hansısa obrazına görə təqdim edirlər. Bu mənada siz hansı aktyor imicindəsiniz?
- Mən həm komik, həm də dramatik rollar oynamışam. Rejissorlar oyun texnikama uyğun nə təklif ediblərsə, o rolu oynamışam. Özümü hər hansı ampluaya sığdırmağa çalışmamışam. Düşünürəm ki, qoy aktyor sərbəst olsun, nə bacardığını göstərsin və bundan sonra rejissor onu cilalasın.
- İstənilən yaşda və sənət məqamında aktyorun yeganə nisgili oynamadığı rollarla bağlıdır. Bu hal sizdə də yaşanırmı?
- Əslində arzusunda olduğum rolların əksəriyyətini oynamışam. Daha çox can atdığım obrazları yox, mənə həvalə edilən rolların reallığını yaşamışam və çalışmışam ki, rejissorun ümidini doğruldum. Arzulanan rollara gəlincə, bəzən buna zaman, bəzən şərait, bəzən də yaş imkan vermir. Həm də aktyor realist olmalı, səhnəyə çıxdığı andan o obrazın gerçəyində yaşamalı və tamaşaçını yaşadıqlarına inandırmalıdır.
- Deməli, rejissorların sevimli aktyorusunuz. Hiss edirəm ki, rol seçimi, aktyor ərkəsöyünlüyü sizə tamamilə yaddır...
- (Gülür) Hə, deyəsən elədir. Mənim üçün əsas səhnədə olmaqdır. Yəqin bu da mənim o dediyim tükənməz səhnə eşqimdən qaynaqlanır. Həm də aktyor sənəti rejissordan asılıdır. O hər halda aktyoru duya bilir.
- Uzun illərdir səhnədəsiniz, necə düşünürsünüz, bir tamaşanın uğurunda əsas amil məhz aktyor oyunudur?
- Məncə, birinci odur. Yəni yaxşı oynamasan, rolunun üzərində işləməsən, rejissorun da, dramaturqun da əməyini yerə vurmuş olarsan.
- Rahib müəllim, sənət barədə bu qədər şövqlə danışırsınız, maraqlıdır, zaman keçdikcə səhnənin işığı, cazibəsi azalmır ki?
- Yox, qətiyyən. Oynamaq, işləmək istəyirəm, yorulmuram. İnsan yaşa dolduqca daha çox oynamaq istəyir, səhhəti, ağrı-acısı da gözə görünmür.
- Zamanının böyük aktyorları ilə dublyor olmusunuz. Yəqin bu elə də asan olmayıb?
- Xalq artisti Hüseynağa Sadıqovla Cəbi rolunda dublyor idim. Hər aktyor onunla dublyor ola bilmirdi. Hüseynağa müəllim rolunu özünəməxsus çalarlarla oynayırdı. Mən də çalışmışam özüm kimi oynayım, kiminsə ifasında gizlənməyim. Rəhmətlik Süleyman Ələsgərovla da bir səhnəni və bir rolu bölüşmüşük. Əslində, bir tamaşada hər iki roluna mən dublyor idim və o, israrla hər ikisini oynamaq istəyirdi. Rejissor da öz növbəsində məni müdafiə edirdi. Mənim və rejissorların etirazları nəticə verər və səhnəyə çıxardım. O vaxtlar belə məqamlarda çox əsəbiləşirdim, amma indi mənim üçün sadəcə xoş xatirədir bunlar.
Sakit adam olduğumdan dava-dalaş, umu-küsü də eləməmişəm. Nədənsə, düşünmüşəm ki, kiminsə qəlbini qırmaqdansa susmaq yaxşıdır, çünki mütləq bir zaman gələcək və sən də öz sözünü deyəcəksən...

Söhbətləşdi: Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar