“Düşünürük ki, onlar muğam sənətimizi öyrənib ölkələrinə qayıtsınlar, bizim təbliğatçılarımıza çevrilsinlər”

15 il öncə yaradılan Azərbaycan Milli Konservatoriyasının (AMK) milli musiqimizin inkişafında, öyrənilməsində və təbliğində böyük rolu var. AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi suallarımızı cavablandırır.

- Siyavuş müəllim, zəhmət olmasa, rəhbərlik etdiyiniz təhsil ocağı haqqında bilgi verərdiniz.
- 1921-ci ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası - BMA) musiqişünaslıq sahəsinin inkişafında, istedadlı bəstəkarların, eləcə də ifaçıların üzə çıxmasında böyük rol oynayıb. Amma milli musiqimizin daha dərindən öyrənilməsi, inkişaf etdirilməsi üçün yeni təhsil ocağının yaradılmasına gərək vardı. Prezident Heydər Əliyev 13 iyun 2000-ci il tarixində “Azərbaycan Milli Konservatoriyasının yaradılması haqqında” fərman vermişdi. Prezidentin 10 avqust 2001-ci il tarixli “Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında” sərəncamına əsasən, Bakı Musiqi Akademiyasının xalq musiqisi ixtisasları üzrə müvafiq kadrları, tələbə kontingenti və tədris ləvazimatı Azərbaycan Milli Konservatoriyasına verildi, eləcə də Musiqi Kolleci və İncəsənət Gimnaziyası konservatoriyanın tərkibinə daxil edildi. Bundan sonra ətrafımıza milli musiqimizin tanınmış nümayəndələrini toplayaraq işə başladıq. Konservatoriyanın professor və müəllim heyətinin tərkibi xalq çalğı alətləri üzrə görkəmli ifaçılardan, dirijor və xanəndələrdən, bəstəkarlıq, musiqişünaslıq, ictimai fənlər sahəsində tanınan alimlərdən ibarətdir. AMK-da iki fakültə fəaliyyət göstərir: ifaçılıq və tarix-nəzəriyyə. Bu fakültələrin nəzdində 8 kafedra var. Eləcə də iki elmi-tədqiqat - milli musiqinin tədqiqi və milli musiqi alətlərinin təkmilləşdirilməsi laboratoriyaları fəaliyyət göstərir. Əməkdaşlarımız ardıcıl elmi araşdırmalarla məşğul olur, yerli və beynəlxalq konfranslarda ölkəmizi təmsil edirlər.
Xalq çalğı alətləri ifaçılığı ixtisası üzrə (tar, kamança, qanun, balaban və zərb alətləri) ifaçı və müəllim, musiqişünaslıq ixtisası üzrə tədqiqatçı və müəllim, dirijorluq ixtisası üzrə dirijor və müəllim, solo oxuma üzrə də həm ifaçı, həm də müəllim kadrlar hazırlayırıq. Hazırda 400-ə yaxın tələbəmiz var. Xarici ölkələrdən də gəlib bizdə təhsil alırlar.
Fəaliyyətə başlayanda maddi-texniki bazamız zəif idi. Çətin günlər yaşamışıq. 2006-cı ildə konservatoriyanın yeni binası tikilməyə başlandı, 2014-cü il fevralın 13-də açılışı keçirildi. İndi burada geniş imkanlarımız yaranıb. 2009-2013-cü illərdə üç beynəlxalq muğam festivalı keçirildi, qonaqları imkansızlıqdan konservatoriyaya dəvət edə bilmədik. Dördüncü beynəlxalq muğam festivalının bir sıra tədbirləri burada keçirildi, qonaqlar şəraitdən razı qaldılar. Artıq hər kəsi ürəkaçıqlığı ilə qəbul edə bilirik. Xaricdən mütəxəssislər dəvət edir, ustad dərsləri keçiririk, özümüz də səfərlərə gedirik.

- Beynəlxalq əlaqələriniz nə səviyyədədir?
- Bu məsələyə ayrıca diqqət edirik. Biz milli musiqinin inkişafı, öyrənilməsi və təbliği sahəsində mühüm işlər görmüşük. Təhsil müəssisəmiz Cənubi Qafqazda yeganə ali məktəbdir ki, Avropanın İncəsənət Universitetləri Liqasının (ELYA) üzvüdür. Qurumun rəhbərliyi ilə görüşdük və təklif etdik ki, ELYA-nın bir toplantısını Bakıda keçirək. Ötən il isə Türkiyəyə getmişdim. Orada türk mədəniyyətinin, musiqisinin inkişafına xidmət edən bir qurum yaradıldı, biz də üzv seçildik.

- Dediniz ki, xarici tələbələriniz də var. Onlara hansı şəraiti yarada bilmisiniz?
- Milli Konservatoriya yaranandan sonra dünyanın müxtəlif ölkələrindən gəlib burada təhsil almaq istəyənlərin sayı çoxaldı. Bu onu göstərdi ki, milli musiqimizə dünyada böyük maraq var. Bizdə ən çox İrandan olan soydaşlarımız təhsil alırlar. Orada musiqi təhsili zəifdir. Onlar burada musiqini dərindən öyrənməyə çalışır, yüksək nəticələr göstərirlər. Bundan başqa, ABŞ-dan bir qız vardı, balaban öyrənməyə gəlmişdi. Burada tam təhsil alıb getdi, indi ölkəsində balaban məktəbi də açıb. Koreyadan bir xanəndə vardı, muğamı öyrənirdi. Soruşdum ki, muğamı niyə öyrənirsiniz? Dedi ki, öz ölkəmdə muğam məktəbi açacağam. Dünyada Azərbaycan muğamına böyük maraq var və bu, daha da artmalıdır. Bir də görəcəyik ki, Koreyadan kimsə bura muğam konserti verməyə gəlir. Başqa bir tələbəmiz Latviyadan idi. Atası azərbaycanlı, anası latış idi, dilimizi bilmirdi. O da xanəndəlik oxudu. Tacikistandan da tələbəmiz olub. Azərbaycan musiqisi çox cəlbedicidir.
Önümüzdəki 5 ildə konservatoriyaya xarici tələbələri daha çox cəlb etmək istəyirik. Distant təhsil də ala bilərlər. Yay məktəbi açmaq istəyimiz var. Düşünürük ki, onlar muğam və aşıq sənətimizi oxuyub öz ölkələrinə qayıtsınlar, bizim təbliğatçılarımıza çevrilsinlər. Düzdür, xarici tələbələri ölkəmizə dəvət ediriksə, onların burada yaşamaları üçün gərəkən şərait də yaratmalıyıq. Konservatoriyanın bunun üçün nəzərdə tutulan 70 yerlik yataqxanası tikilib. Onun bir mərtəbəsi də yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulub.

- Konservatoriyada hansı milli alətlərimiz tədrisdən qıraqda qalıb? Daha hansı alətləri tədris eləməyi düşünürsünüz?
- Məmmədəli Məmmədovun rəhbərliyi ilə milli musiqi alətlərinin təkmilləşdirilməsi laboratoriyası fəaliyyət göstərir, bu sahədə böyük uğurlar əldə edilib. Konservatoriyada yalnız zərb alətlərinin tədrisi yoxdur. Bunun səbəbi odur ki, musiqi məktəblərində yalnız nağara aləti tədris olunur. O da müşayiətedici alətdir, aparıcı, solist alət deyil. Biz laboratoriyamızda zərb alətləri ailəsindən Azərbaycan santurunu yaratmışıq. İndi o alətin ifaçısını yetişdirməliyik. Üstəlik, alətin və ifaçının ilbəil təkmilləşməsi olmalıdır. İfaçı çaldıqca alətin problemlərini öyrənəcək. Buna isə böyük zaman gərəkdir. Hər bir alətimizi insanlara sevdirməliyik. Orta əsrlərdə santur bizdə də olub. Sovet dönəmində bizdə ud aləti də yox idi. Onu ilk dəfə Əhsən Dadaşov Türkiyədən gətirtdi, çaldı və xalqa sevdirdi. Konservatoriyada ud da tədris olunmur. Bütün udçalanlar tarzənlərdir. Mən Ə.Dadaşovun tar sinfində oxumuşam. Konservatoriyanı da tar üzrə bitirmişəm. Ud alətində Azərbaycanda ilk caz və milli musiqi simbiozunun ifaçısı mən olmuşam. İstəyimiz budur ki, konservatoriyada Şərq alətləri kafedrası yaradaq. İndi bizdə yeni bir alət - çəng düzəldilib, dərsliyi də yazılıb. Ney, ud, setar, dütar alətlərini də tədris etmək gərəkdir. Düşünürəm ki, hindli gəlib burada öz alətində Azərbaycan “Segah”nı çalmalıdır.

- Bəs milli alətlərimizin beynəlxalq status qazanmasına, dünyada tanıdılmasına necə baxırsınız?
- Bu, çox gərəkli məsələdir. Çox istəyirik ki, həm musiqimiz, həm də alətlərimiz beynəlxalq statusa malik olsun. Elə musiqiçilərimiz var ki, milli alətlərimizdə yabançı mahnılar çalırlar və sevilir. Gitara ispan alətidir, onu bütün dünya çalır. Klarnet artıq milli alətimizə çevrilib. Fikrimiz var ki, onu qara ney aləti kimi tədris edək. Bu alətsiz musiqimizi düşünmək olmur.
Niyə tarımız dünyəvi alət olmasın, tutaq ki, onu hansısa çinli çalmasın? Fransız kamança çalmağı niyə bilməsin? ABŞ-da Cefri Verbax var, bir neçə alətimizin peşəkar ifaçısıdır, mədəniyyətimizin vurğunudur. O, xalqımızın, musiqimizin çox böyük təbliğatçısıdır. Biz Azərbaycan milli musiqi mədəniyyətinə cavabdeh təşkilatıq. Musiqimizin gələcəyi bizdən çox asılıdır, onu beynəlxalq səviyyədə tanıtmalıyıq.

- Konservatoriyada hansı yeniliklər gözlənilir?
- Bu il estrada və milli caz şöbəsi açacağıq. Başqa bir yenilik isə odur ki, muğam improvizə kursları yaradırıq, hazırda onun üzərində geniş iş gedir. Muğam improvizə kurslarını gerçəkləşdirsək, onunla dünyaya daha geniş şəkildə çıxa biləcəyik. Bu kurslara gəlmək istəyənlər çox olacaq. Xaricilərə muğamı öyrətməyin yeni metodunu yaradırıq. Biz elə edəcəyik ki, yabançılar muğamı öz alətində ifa edə bilsinlər. Bununla bağlı böyük bir heyət çalışır. Simfonik orkestr üçün səsyazma studiyamızın qurulması da başa çatmaq üzrədir.

- Eşitdiyimə görə, burada tədris sistemi tamam fərqli qurulub. Tədrisinizin hansı özəllikləri var?
- Düzdür, fərqli qayda-qanunlarımız var. Bizdə tədris saat 11.00-da başlayır. İki tələbə orkestrimiz var. Hər gün 8.30-dan 10.00-a kimi orkestrlərimiz məşq edirlər. Eləcə də gözəl xor kollektivimiz var. Onlar da 10.00-da məşqlərini bitirirlər. Hər gün saat 11.00-a kimi müəllim və tələbələr ingilis dilini öyrənirlər. Bu, böyük zalda olur. Musiqiçilərimiz mədəniyyətimizi çox təbliğ edirlər. Ona görə ingilis dilini bilmək gərəkdir. Düşünürük ki, bununla xarici tələbələrin də konservatoriyamıza marağı artacaq.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar