Dekabrın 11-dən 16-dək Bakıda növbəti sənət bayramı keçiriləcək
   
   2003-cü ildən etibarən Bakıda hər iki ildən bir keçirilən "Alüminium" Beynəlxalq Müasir İncəsənət Biennalesi artıq ənənə şəklini almış və Azərbaycana dünyanın onlarla ölkəsindən olan rəssamları, sənətşünasları, kuratorları cəlb etmişdir.
   
   Bu tədbirlər ölkəmizdə ənənəvi incəsənətlə yanaşı, müasir sənətin inkişafı haqqında beynəlxalq nüfuza malik olan mütəxəssislərdə ətraflı təsəvvür yaratmış, həm əcnəbi, həm də yerli yaradıcı insanlara yeni yaradıcılıq impulsu vermişdir. Biennale haqqında müxtəlif media orqanlarında ətraflı məlumatlar yerləşdirilmiş, mütəxəssislər kütləvi informasiya vasitələri səhifələrində təhlil və araşdırma yazıları ilə çıxış etmişlər.
   "Alüminium" Beynəlxalq Müasir İncəsənət Biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına güclü təkan vermişdir. Azərbaycanın bir çox gənc və istedadlı rəssamları özlərinin ən maraqlı müasir incəsənət əsərlərini ilk dəfə məhz bu biennale çərçivəsində təşkil olunan sərgilərdə nümayiş etdirmiş, sonradan müxtəlif xarici ölkələrdəki nüfuzlu beynəlxalq sərgilərdə də uğurla çıxış etmişlər. 2007-ci və 2009-cu illərdə isə "Alüminium" Müasir İncəsənət Biennalesi Mədəniyyət və Turizm Nazirliyinin himayəsi altında daha da geniş miqyasda təşkil olunmuşdur.
   2012-ci il 11-16 dekabr tarixlərində Bakıda keçiriləcək biennaledə yenə də Avropa və Asiya ölkələrindən olan rəssamların, sənətşünasların və kuratorların iştirakı nəzərdə tutulur. Azərbaycan müasir incəsənətini onun hüdudlarından kənarda yaşayan tamaşaçıya və mütəxəssislərə tanıtmaq, eləcə də ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi biennalenin əsas məramıdır.
   Biennalenin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və "Yarat!" Müasir İncəsənət Məkanıdır. Sponsorlar: Fransanın Azərbaycandakı səfirliyi, Norveçin "Statoil" neft şirkəti, Türkiyənin "Koridoor Contemporary Art Programs” təşkilatı.
   Biennale çərçivəsində Bakıda 15 qalereyada sərgilər təşkil olunacaq: Muzey Mərkəzinin Sərgi Qalereyası, "Yarat!" Müasir İncəsənət Məkanı, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi və Birləşmiş Rəssamlar Klubu, Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonu, "Art Salon" Müasir İncəsənət Mərkəzi, "Yeni Gallery" Bakı İncəsənət Mərkəzi, "Abşeron" Qalereyası, "Qız qalası" Qalereyası, ART Group, "Kiçik QalART", "Bakı" Qalereyası, "LN" İncəsənət Mərkəzi, "Baku Creative Centre", "Art Council", "Yay Gallery" Qalereyası.
   Biennalenin koordinatoru "Yarat!" Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova, kuratoru sənətşünas, tənqidçi Dilarə Vahabova, direktoru Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımovdur.
   Dekabrın 11-də saat 11.00-da Muzey Mərkəzində tədbirə həsr olunmuş mətbuat konfransı keçiriləcək. Saat 12.00-da Muzey Mərkəzində biennalenin rəsmi açılışı və layihələrin təqdimatı olacaq. Həmin gün saat 15.00-da "YARAT!" Müasir İncəsənət Məkanında, 18.30-da Rəssamlar İttifaqının Art Qalereyasında layihələrin təqdimatı keçiriləcək.