“İndi problem peşəkar fotojurnalistikanın azalmasıdır. Həvəskar fotojurnalistika geniş yayılıb. Bu da sosial şəbəkələrlə bağlıdır”

Müsahibim Mirnaib Həsənoğlu 1962-ci ildə Gəncədə anadan olub. 1984-1989-cu illərdə indiki Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 1982-ci ildən peşəkar foto sənətilə məşğul olur. 1990-cı ildən fotojurnalist kimi fəaliyyətə başlayıb. Azərbaycan Fotoqraflar Birliyinin (AFB) yaradıcılarındandır, 2011-ci ildən qurumun sədridir.

- Azərbaycan Fotoqraflar Birliyini yaratmaq ideyası necə ortaya çıxdı?
- Bu barədə ilk müzakirələrimiz 1993-cü ilin sonlarından başlayıb. Sonrakı hadisələr bizi qurumun yaranmasına doğru apardı. 1994-cü ildə Fransanın Nant şəhərində keçirilən beynəlxalq kinofestivala Azərbaycan da dəvət olunmuşdu. Orada bizim foto sənətimiz nümayiş etdiriləcəkdi. Bu işin bütün ağırlığını tanınmış fotoqraf Rəfael Qəmbərov öz üzərinə götürdü, təşkilatçılıq elədi. 1995-ci ildə Nant festivalında Azərbaycana aid 100 foto ilə təmsil olunduq. Sərginin kataloqu da çap edildi. Beləliklə, 1995-1998-ci illərdə biz R.Qəmbərovun emalatxanasına yığışır, müxtəlif müzakirələr aparırdıq. 1998-ci ildə qərara gəldik ki, birlik kimi rəsmən qeydiyyatdan keçək. R.Qəmbərov, Asim Talıb, Namiq Məmmədov və mən Azərbaycan Fotoqraflar İctimai Birliyini təsis etdik. Bu günə kimi birliyə 2000 nəfər adam üzv olub. Üzvlərimizdən topladığımız vəsait hesabına fəaliyyət göstəririk. Ofisimiz yoxdur. Rəfael müəllim sədr olanda 9 il onun emalatxanasında toplaşmışıq. Sonrakı illərdə müxtəlif qurumların zallarında yığışmışıq. İndi QHT Forumunun akt zalından istifadə edirik, çünki həmin qurumun üzvüyük. Ölkəmizdə foto sənətinin inkişafı üçün bir sıra uğurlu işlər gerçəkləşdirmişik. 2002-2007-ci illərdə Bakıda beynəlxalq fotofestival keçirmişik. Birlik olaraq hər ay internetdə fotomüsabiqə keçiririk, qaliblərə mükafatlar veririk.

- Azərbaycanda foto sənətinin tarixi 19-cu yüzildən başlayır. Bu tarix əsaslı şəkildə araşdırılıbmı?
- Azərbaycana ilk dəfə foto sənətini 1861-ci ildə Aleksandr Ulski gətirib. Ara-sıra araşdırmaları çıxmaq şərtilə Azərbaycan fotoqrafiya tarixi köklü tədqiq olunmayıb. Hazırda bu işlə məşğulam, faktlar toplayıram, fotoqrafiya tariximiz haqqında dolğun kitab yazmaq istəyirəm. O dönəmlə bağlı əsas arxiv Gürcüstanda və Rusiyada saxlanılır. Fotoqrafiya sənətinin Bakıda inkişafına təkan verən amillərdən biri neft olub. Xarici kapitalın Bakı neftinə yatırılmasıyla dünyanın hər yerindən insanlar bura işləməyə gəlirdilər. Onların içərisində memarlar, mühəndislər, fotoqraflar və başqa sənət sahibləri də vardı. O vaxt fotostudiyalar “əksxana” adlanırdı. Şəhərin çox yerində belə studiyalar fəaliyyət göstərirdi. Bunun üçün qubernatordan ayrıca icazə alınardı. 1894-cü ildə Bakıda Fotoqraflar Dərnəyi yaradılıb. Bu işin çətinliyini o zaman kino sənətini Azərbaycana gətirən Aleksandr Mişon öz üzərinə götürüb. O vaxt dərnəyin 56 nəfər üzvü olub.

- Fotoqrafiya sənətimizdə milli imzalara haçandan rast gəlinir?
- Fotoqrafiyada milli imzalar əsasən 1920-ci ildən sonra ortaya çıxıb. Onlardan biri Əzizbala Hacıyev, o birisi isə Mircavad Axundov olub. Məhəmməd Əmin Rəsulzadə xatirələrində yazır ki, Bayıl həbsxanasında olarkən hansısa azərbaycanlı fotoqraf onun şəklini çəkib. Fotoqrafın kimliyi isə bilinmir. 1920-ci ildə də Bakıda fotoqraflar birliyinə oxşar qurum olub. Sonradan Kino və Foto İşçilərinin Həmkarlar İttifaqı yaranıb. Kinonun inkişafında fotonun xidmətləri çoxdur. Fotonu kinonun atası saymaq olar. İlk kinokameranı da Azərbaycana Mişon gətirib. 1900-cü ildə o, Bakıda fotojurnal buraxıb, 1908-ci ilədək nəşr edib. Mişon Azərbaycanda fotoqrafiyanın yayılması, təbliği yönündə misilsiz işlər görüb. Ona görə Mişonu məhkəməyə də veriblər ki, bu sənəti geniş yaymasın. Bizdə yerli insanların, milli kadrların fotoqrafiyaya gəlməsinə din də çox mane olub. İlk fotoqrafımız Əzizbala Hacıyev məşhur milyonçu Hacınskinin qohumlarından idi, onun mülklərini idarə edirdi. Sovet hakimiyyəti qurulduqdan sonra fotoqrafiya sənətinə keçdi. O, 1937-ci ildə repressiyaya məruz qalıb.
İkinci Dünya müharibəsindən öncə İldırım Cəfərov adlı bir fotoqrafımız olub. Həmin dönəmdə “Azsoyuzfoto” adlı təşkilat fəaliyyət göstərib. Sonra Fədai adında başqa bir fotoqrafın imzasına rast gəlirik. Mirfazil adlı fotoqrafımız cəbhədən qayıtmayıb. 1945-ci ildən sonra fotoqrafiya sənətimizdə milli imzalar çoxalmağa başlayır. Sonrakı illərdə bizdə Kamal Babayev imzası tanınır. Onun indi 88 yaşı var. 50 il İncəsənət Muzeyində fotoqraf işləyib. Televiziyada foto ilə bağlı verilişlər aparıb, tədris vəsaitləri yazıb. Fotoqrafiya incəsənətin bir növüdür.

- Niyə bizdə fotoqrafiya ali məktəblərdə ixtisas kimi öyrədilmir?
- Başqa ölkələrdə isə bu sənət universitetlərdə tədris olunur. İranda dörd universitetdə fotoqrafiya öyrədilir. Sitarə İbrahimova adlı soydaşımız Çexiyada fotoqrafiya üzrə ali təhsil alıb. İlkin Hüseynov da xaricdə peşəkar fotoqrafiya sənətinə yiyələnir. Vaxtilə Bakıda birillik fotoqrafiya kursları vardı, məişət fotoqrafiya sənətini öyrədirdi.

- Beynəlxalq müsabiqələrdə fotoqraflarımız iştirak edirlərmi?
- Fotoqraflarımız beynəlxalq yarışmalarda ardıcıl iştirak edirlər. Belə yarışmalar haqqında üzvlərimizə bilgi veririk. Məsələn, dünyada “World Press Photo” adlı nüfuzlu beynəlxalq müsabiqə var, Azərbaycandan orada indiyə kimi üç nəfər yer tutub. Tanınmış fotoqraf İlqar Cəfərov beynəlxalq yarışmalarda uğurla iştirak edir.

- Fotoqrafların arxivləri ilə bağlı hansı işləri görürsünüz?
- Dünyadan köçən həmkarlarımızın arxivlərini qorumağa çalışırıq. İlk fotoqrafımız Mircavad Axundov həyatdan gedəndən sonra şəxsi arxivi itirildi. Cahangir İbadovun da şəxsi arxivi yoxa çıxdı. Arxivlərin dövlətə verilməsində problemlər var. Mənim hüququm çatmır ki, kiminsə arxivini dövlətə verim. Burada varislik məsələsi var. 60 il idmanımızı çəkən Faiq Rəcəblinin arxivini iş yerindən götürüb oğluna verdik. Bunun üçün müvafiq təsisat, məsələn, “Fotoqrafiya evi” yaradılmalıdır, köhnə neqativlər elektronlaşdırılmalıdır.

- 20 Yanvar, Qarabağ savaşı ilə bağlı foto arxivlərin durumu nə yerdədir?
- Bunlarla bağlı zəngin arxivimiz var, onları elektronlaşdırmışıq. 20 Yanvarla bağlı əlimizdə 6 müəllifin 1500 fotosu var. Qarabağla da bağlı 7 fotoqrafın 500-ə yaxın işi var. Düzdür, bu, hamısı deyil. Kimdə Qarabağa aid foto varsa, toplayırıq. Qarabağla bağlı fotolarda diqqətli olmalıyıq. Hər şey olduğu kimi yazılmalıdır. Xocalıya aid kitablar yazılır, ancaq ora başqa döyüş cəbhələrində çəkilmiş fotolar da daxil edilir. Sonradan həmin şəkli, məsələn, Zəngilan haqqında kitaba verirlər. Qarabağ savaşı bütün cəbhələrdə çəkilib, ancaq onları tam dəqiqləşdirmək mümkün deyil. Qaynağı göstərilməyən foto özümüzə qarşı işləyə bilər.

- Foto sənətinin sabahına inanırsınızmı?
- Foto sənəti həmişə olacaq. Düzdür, televiziya sənəti ortaya çıxandan sonra fotojurnalistikada durğunluq yarandı. Televiziya böyük bir informasiya payını fotoqrafiyanın əlindən aldı. İnternet dünyasında yaşayırıq, fotoya gərəklik daha da artıb. İndi problem peşəkar fotojurnalistikanın azalmasıdır. Əvəzində həvəskar fotojurnalistika geniş yayılıb. Bu da sosial şəbəkələrlə bağlıdır. Azərbaycan Fotoqraflar Birliyi 1999-cu ildən bəri hər il “İlin fotoqrafı” tədbirini keçirir. Məqsəd sadəcə uğurlarına görə bir neçə fotoqrafa mükafat vermək deyil, insanları ardıcıl olaraq fotoqrafiya ilə bağlı məlumatlandırmaqdır.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar