“Bütün dillər şeir olmasa da, bütün şeirlər bir dildir. Şeir dili bəlkə də danışıq dilinin ən gizli və sirli variantıdır”

Kiyan Xiyav çağdaş Güney Azərbaycan şeirinin tanınmış nümayəndələrindəndir. Onun şeirləri təkcə fəlsəfi mövzuları ilə deyil, həm də təmiz türkcəmizdə yazılmasıyla diqqət çəkir. Şeir sənətini danışıq dilinin gizli və sirli bir variantı adlandırır. Onu şair-filosof da adlandırmaq olar.

- O tay-bu tay Azərbaycanda ədəbi toplum sizi tanıyır. Bəs oxucularımıza özünüzü necə tanıdardınız?
-1970-ci ildə Güney Azərbaycanın Xiyov (Meşkinşəhr) şəhərində doğulmuşam. 4-5 il öncəyə kimi özümü ən dirəşgən şair sayırdım. Son illər nədənsə sanki dünyanın bütün qaranlıqları üstümə çöküb. İnsanın beyni cavabsız qalan fəlsəfi suallardan az qalır partlasın. Mən şeir, hekayə yaza-yaza elə bil özümün cəlladıma dönürəm. Yaşadığım məkanda ki, duyğunun, düşüncənin, şeir-ədəbiyyatın alıb-satanı yox kimidir. Üstəlik, son illərdə “Onun adı üç nöqtədir”, “Bir dib otaq”, “Yarıinsan, yarıquş” kitablarımın çapına icazə verilmir. Bunun başlıca səbəbi yaradıcılığımda Azərbaycan türkcəsini alınma sözlərdən arınmış şəkildə istifadə etməyimdir. Neçə il öncə 4 şeir kitabım Tehran, Bakı və Təbriz şəhərlərində işıq üzü görüb. Keçən 8-9 ildə daha yeni şeir və hekayə toplularım yaranıb ki, onları İranda çap etdirmək çox çətindir.
2014-cü ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Bakıda keçirilən Dünya Şeir Gününə çağırılmışam və orada Mikayıl Müşfiq mükafatına layiq görülmüşəm. Şeirlərimin bəzisi Türkiyə türkcəsinə uyğunlaşdırılıb, eləcə də farscaya, fransızcaya, Norveç dilinə tərcümə olunub. Bir çoxu da ingiliscəyə və İsveç dilinə tərcümə edilməkdədir.
- Şeir sizin üçün nədir?
- Hələlik şeir mənim üçün hər şeydir. Bu sevgisiz və rəhmsiz dünyada şeir də olmasa, siyasətin, yalanın, ideoloji orqanların əlində ölərik. Şeir mənim üçün duyğu ilə düşüncənin birliyidir. Yalnız duyğusallıqla orijinal şair olmaq olmaz. Şeir sirli-sehrli bir dildir. Bütün dillər şeir olmasa da, bütün şeirlər bir dildir. Şeir dili bəlkə də danışıq dilinin ən gizli və sirli variantıdır. Həqiqi şair dili istifadə etməkdə böyük istedad yiyəsi olmalı, onu öz estetik düşüncələri ilə birlikdə gözəl və bədii formada ortaya qoymalıdır. İndi aralıqda gəzən saysız-hesabsız şairlərdən eləsini tanıyırıq ki, öz yazdıqlarından danışa bilmir.
Mənim üçün şeir yarandığı dildə heyrətamiz bir hadisədir. Bu üzdən şeiri öncə orijinal dildə oxumaq gərəkdir. Şeir həm də bir oyundur - yaşamımla, canımla oynayıram. Ancaq bu oyunların mənim üçün bir qayda-qanunu var. Şeir nə bir elmdir, nə çörək ağacı, nə də ad-san vasitəsi. Şeir sınırsız bir fenomendir. Bir də görürsən ən kiçik və keçici bir duyğu, düşüncə birdən-birə ən böyük şeirə döndü.
- Güneydəki ədəbi proses haqqında nə deyə bilərsiniz?
- Güneydə ədəbiyyat yeni bir dönəmə ayaq basıb. Artıq burada yazılan şeirlərin yüzdə yetmişi Füzuli zamanının şeirinə bənzəmir. Daha keçmiş dövrlər kimi hekayəsiz, romansız və ayrı-ayrı janrlarda yazılan yazılarsız deyilik. Keçən iyirmi ildə ədəbi əsərlərin mövzularında böyük dəyişikliklər yaranıb. İndi Güneydə şeirimizin çoxu sərbəst janrda və nəsrə bənzər formada yazılır. Ərəb və fars ədəbiyyatından alınma əruz və qafiyəyə dayalı şeirlər olduqca azalıb. Güneyin çağdaş ədəbiyyatında çeşidli ədəbi janrlarda uğurla çıxış edən onlarla ad var. Klassik və modern dartışması artıq günümüzün problemi deyil. Ədəbiyyat fərdi acıları ictimai acılara bağlamalıdır. Güney ədəbiyyatında olan bir fərqlilik başqalarında rast gəlinmir. Burada ana dilində heç bir məktəbimiz yoxdur. İctimai, siyasi və kültürəl üstünlük fars və ərəb dilləri ilə bağlıdır. Ona görə də biz özümüzə həm dil öyrədirik, həm də ədəbiyyat. Bu baxımdan Güney ədəbiyyatı məncə, yarıdilçi, yarı estetik bir ədəbiyyat olmalıdır. Hələ də buradakı yazarlarımızın çoxu Azərbaycan türkcəsini yaxşı bilmirlər.
- Güney Azərbaycan ədəbiyyatının daha çox postmodernizmə üz tutması nə ilə bağlıdır? Sizin də şeirlərinizdə bu, var...
- Çağımızdakı qalib düşüncələr fəlsəfi ideyaların əsasındadır. İndiki zamanda yazıçı nəyi ədəbiyyat adlandırırsa, deməli, o, ədəbiyyatdır. Ədəbiyyata qarşı olan fəlsəfi düşüncələr də az olmayıb. Məncə, postmodern ədəbiyyat təbii olaraq yaranan ədəbiyyatdır. Onu yaradanlar “mən gərək bir postmodern ədəbiyyat yaradam” demirlər. Hər zaman tarixdə yeni dünya yaratmağa can atan ağıllı və çalışqan insanlar olub. Modern ədəbiyyatın tarixində də öz zamanında böyük bir bilgi ilə gələcəyi düşünərək təsvir edən şairlər, yazıçılar yaşayıb. Görəsən, onların təsvir etdikləri gələcəkmi, olacaqmı? Bu suallar hər zaman insanı düşünməyə məcbur edir. Yazıçılar öz zamanlarında yalnız birisi olaraq böyük düşüncələrə dalıb hansı nəticəyə çatıb-çatmayacağını düşünmədən yazırlar. Ədəbiyyatda bu qədər cərəyanların yaranması həmin çatılan nəticələr deyilmi? Bəlkə Güneyin də postmodernizmə üz tutması həmin bu gerçəkdən qaynaqlanır. Postmodernizm də hələlik bir yenilikdir. Yeniliklərsə hər zaman insan toplumundan qaçmaqdadır. İnsan haradasa, hansısa bir yeniliklə görüşdümü, tez də ondan ayrılmalı olur. Ola bilsin, hələ bundan belə “repostmodernizm”, ya başqa adlarla ortaya çıxan cərəyanların da şahidi olacağıq.
- Sizin nəsr əsərlərinizdə ənənəvilikdən uzaqlaşmaq gördüm. Sanki şeirə bənzəyir.
- Nəsr əsərlərimin hamısı belə deyil. Ancaq sizinlə razılaşmamaq da olmur.
- Bu tay yazarlarından kimləri tanıyırsınız, oxuyursunuz?
- Çoxlarını tanıyır, oxuyuram. Ümumiyyətlə, gənclik çağlarımdan Quzey Azərbaycan ədəbiyyatı ilə çox maraqlanmışam. Quzeydə tanıyıb oxuduğum yazarların adlarını sıraya düzsəm, çox uzun olar.
- Güneydə türk dilində ədəbi dərgilər çıxırmı? Hazırda nə yazırsınız?
-Ara-sıra olur. Fəsildə bir dəfə çıxan dərgilər var, ancaq sayı olduqca azdır. Onların oxucuları da azdır. Bu dərgilərdən Quzeydə də tanınanları var. Məsələn, “Varlıq” dərgisi orada da sevilir. Son vaxtlar yazdığım yeni şeirlərdən “Dənizin dinc yuxusu” adında bir toplu hazırlayıram. Burada icazə versələr, çap olunacaq.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar