“Öz təcrübəmi ötürə biləcəyim balerinalar var. Mən özüm səhnəyə çıxmadığım üçün kədərlənsəm də, onların uğurlarına sevinirəm”

Mayın 11-də Xalq artisti, «Zirvə» və «Qızıl dərviş» mükafatları laureatı Kamilla Hüseynova N.Rimski-Korsakovun «Şəhrizad» baletində çıxışı ilə 20 illik səhnə fəaliyyətinə son verdi. Bir çox sənətsevərlər üçün məşhur balerinanın bu qərarı gözlənilməz oldu. Son tamaşadan əvvəl Kamilla xanımla söhbət etdik.

- Kamilla xanım, çoxları, o cümlədən balet biliciləri, yaradıcılığınızı izləyənlər belə hesab edirlər ki, siz hələ neçə mövsüm də pərəstişkarlarınızı sevindirə bilərdiniz...
- Bilirsiniz, balet elə sənətdir ki, onu dəlicəsinə sevmədən bu sahəyə gəlmək, illərlə çalışmaq mümkün deyil. Təbii ki, səhnəni sevən kəs onu tərk etmək istəmir. Bu, baletdə müəyyən uğurlar qazanmış adam üçün ağrılı psixoloji prosesdir. Amma elə bir zaman yetişir ki, orqanizm onun üzərinə qoyulan yükü tam məsuliyyətilə daşıya bilmir. Daha doğrusu, gücü çatmır. Əlbəttə, rəqs etmək, səhnəyə çıxmaq istəyi ömür boyu mənimlə qalacaq.
- Bu mövsümün əvvəlində də tamaşalarda kifayət qədər çıxış etmisiniz. Məncə, sizin bu qərarınıza səhnəni şöhrətin zirvəsində tərk etmək istəyi də təsir edib...
- Nə gizlədim, o da var. Tamaşaçılarımın məni səhnədə yeriyən yox, rəqs edən balerina kimi xatırlamasını istəyirəm. Qoy səhnədən ən yaxşı formada olduğum yaşda gedim, yaddaşlarda cavan, yorulmayan balerina kimi qalım. Bir məqam da var: artist səhnədən gedəndə kiminsə onu əvəz edəcəyinin qayğısına da qalır ki, bəs onun partiyalarını kim ifa edəcək? Mənimsə gözüm geridə qalmır: partiyalarımı layiqincə, həvəslə, bacarıqla ifa edən gənclərimiz var. Öz təcrübəmi, hisslərimi ötürə biləcəyim balerinalar var. Mən özüm səhnəyə çıxmadığım üçün kədərlənsəm də, onların uğurlarına sevinirəm.
- Əsas məsələ elə başqalarının, xüsusən də özündən sonra gələnlərin uğuruna sevinməkdir.
- Məni ruhdan düşməyə qoymayan da budur. Bir də ki, uzağa getmirəm ki! Yenə də sevimli teatrımızdayam, baş baletmeysterəm. Ürəyimdən keçən, amma mənə oynamaq qismət olmayan əsərlərə quruluş verəcəyəm ki, gənclər çıxış etsinlər.
- Madam ki, səhnə fəaliyyətinizə son qoyursunuz, bir qədər əvvələ qayıdıb, sənəti seçdiyiniz zamanları xatırlayaq.
- Mənim rəqs etmək həvəsim, istəyim çox böyük idi. Təbii ki, valideynlərimin köməyi, dəstəyi olmasaydı, bəlkə də baleti atıb, başqa sahəyə gedərdim. Bizim sənətimizdə ilk illər nəticə görünmür, tapşırıqların yerinə yetirilməsi gələcək rəqqasın bədən quruluşunu formalaşdırır. Amma eyni təmrinlərin, cansıxıcı hərəkətlərin hər gün təkrarı uşağı yora bilər. Buna görə də uşaqların çoxu 3-4 ildən sonra xoreoqrafiya məktəbindən uzaqlaşır. Deyim ki, mənim fenomenal qabiliyyətim var idi, ilk illərdə çox yaxşı nəticələr göstərmişəm, - yalan olar. Valideynlərimin dəstəyi, əməksevərliyim bugünkü şöhrətimə gətirib. Üstəlik, mənim bəxtim gətirib ki, balet ulduzlarından dərs almışam, dözümlü olmuşam, yavaş-yavaş uğura doğru getmişəm. Teatra gələndə də bəxtim gətirib: rəhbərlik gənclərin səhnəyə çıxmasına, özünü göstərməsinə həmişə şərait yaradır.
- Yadımızdan çıxarmayaq ki, siz çətin, hətta Azərbaycanda balet sənətinin necə inkişaf edəcəyi şübhəli olan vaxtda səhnəyə çıxdınız...
- Elədir. Bizim nəsil məhz həmin çətin keçid dövründə sənətə gəldi. Amma nə qədər çətin olsa da, biz də, teatr da tab gətirib sağ qaldıq. Biz sovet dövründə yaranmış bazanın üstündə inkişaf etdik. Elə bir vaxt var idi ki, üzdə olan artistlər, pedaqoqlar Azərbaycanı tərk etdilər. Yalnız bizim teatrı fanatikcəsinə sevənlər qaldı. Bu gün teatrın balet truppası özünü baletdən, bu teatrdan ayrı təsəvvür etməyənlərdən ibarətdir. Hərçənd bu gün müqavilə ilə gedib başqa yerdə işləmək də, sənətini dəyişmək də, ali təhsil almaq da heç çətin deyil.
- İlk rolunuz yəqin ki, yadınızdadır.
- İlk böyük rolum «Romeo və Cülyetta»da Cülyetta olub. Cülyettanı o qədər sevirdim ki, hətta yuxuda da onu oynayırdım. Karmen (J.Bize-R.Şedrin, «Karmen-süita»), Gülyanaq (Ə.Bədəlbəyli, «Qız qalası»), Jizel (A.Adan, «Jizel») ən sevimli partiyalarım olub. Əslində repertuar baxımdan da bəxtim gətirib. Neçə-neçə tamaşa məhz mənim ifam üçün qurulub, həm lirik, həm dramatik səpkili əsərlərdə çıxış etmişəm.
- Bildiyim qədər, ölkəmizdə xoreoqrafiya üzrə ali təhsilin olmadığı bir vaxtda universitet də bitirmisiniz...
- Özünü öymə kimi çıxmasın, bizim ailəmizdə ali təhsil almaq norma sayılır. Mən özüm də oxumağı, öyrənməyi çox sevirəm. Nə qədər qəribə də olsa, politologiya, ekoloji menecment üzrə ali təhsil almışam, bu yaxınlarda isə Dövlət İdarəçilik Akademiyasında ekoloji menecment üzrə elmi iş müdafiə etmişəm.
- Təbrik edirəm. Bundan sonra hansı sahədə fəaliyyət göstərəcəksiniz?
- Mən ömrümü balet sənətinə həsr etmişəm. Xoreoqrafiya üzrə dərs deyirəm.
- Bu yaxınlarda Bakı Xoreoqrafiya Akademiyasında elmi-praktik konfransda məruzə etmişdiniz.
- Müasir xoreoqrafiyanın problemlərinə həsr olunmuş həmin konfransda qoyulan məsələlər mənə doğmadır. Təkcə Bakıda yox, bölgələrdə də istedadlı uşaqları aşkar edib rəqs sənətinə cəlb etmək, xoreoqrafiya məktəbinə qəbul zamanı uşaqların səhhətinə daha çox diqqət yetirilməsi barədə danışdım. Bugünlərdə akademiyada Heydər Əliyevin doğum günü ilə əlaqədar keçirilən elmi konfransda çıxış etdim. Müasir Azərbaycan baleti - Heydər Əliyevin bu sənətə qayğısının yetirməsidir. İxtisas məktəbinin yaradılması, balet sənətinin yaşaması üçün biz ona minnətdarıq. Çox fərəhli haldır ki, onun təməli qoyduğu rəqs sənəti məktəbi inkişaf edir. Bakı Xoreoqrafiya Akademiyasının yaradılması bu inkişafın davamıdır.
- Balerinaların əksəriyyəti cansağlığını, ailə xoşbəxtliyini sənətə qurban verir. Sonra isə gec olur. Amma mən bilirəm ki, sizin bir qızınız var.
- Bəli, Sofiya 9 yaşındadır.
- Deməli, siz sənət karyeranızın ən gözəl çağında və şöhrətin zirvəsində olan yaşda onu dünyaya gətirmisiniz. Ürəyinizdə belə bir narahatlıq var idi ki, ana olandan sonra karyeranız başa çata bilər?
- Əlbəttə. Mən riskə getdim. Analıq məzuniyyətindən sonra balerinaların, rəqqasələrin çoxu əvvəlki formaya qayıda bilmir. Çətin olsa da, qısa müddətə əvvəlki formamı bərpa edə bildim. Düzdür, ailə qayğılarım artmışdı, övladıma da diqqət yetirməli idim. Uşaq körpə olanda onu uzun müddət doğmalarına, dayəyə etibar edə bilməzsən. Ananın yerini kim verər ki? Mən xoşbəxt qadınam ki, analığı baletə, ya da əksinə, sənətimi övladıma qurban verməli olmadım.
- Qızınız anasının sənət yolunu davam etdirmək istəmir?
- Bilirsiniz, mən onda özümdəki fanatik istəyi görmürəm. Rəqs etməyi çox sevir, bütün tamaşalarıma həvəslə baxır. Sənət həyatımı salondan seyr edir. Baletə aşiq deyil. O, sadəcə, yaradıcılığa meylli uşaqdır.
- Baş baletmeyster kimi nələri planlaşdırırsınız?
- Azərbaycan musiqi sənətində xeyli əsər var ki, bir növ diqqətdən kənarda qalıb. İstəyirəm ki, onlar yenidən səhnəyə çıxsın.
- Bununla bağlı bir fikrimi demək istəyirəm.
- Buyurun.
- Soltan Hacıbəyovun «Gülşən» baletinin çox gözəl musiqisi var. Düzdür, libretto bu günümüzə uyğun gəlmir. Amma musiqi...
- Olsun. Niyə də yox? «Yeddi gözəl» baletini yeni libretto əsasında tamaşaya qoyduq, bu günlə əlaqələndirdik. Teatr yeniliklərə hazırdır. Tezliklə Əşrəf Abbasovun «Qaraca qız» baletini təqdim edəcəyik. Bu əsərdə axırıncı dəfə Leyla Vəkilova çıxış edib. Çoxları hətta belə bir baletin mövcudluğunu belə unudub. 1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Günü ərəfəsində premyeramızdır. Buyurun, gəlin.

* * *
...Bu da son tamaşa. Proqrama iki birpərdəli tamaşa daxil edilmişdi. Əvvəlcə P.Çaykovskinin «Romeo və Cülyetta» baleti göstərildi. Əsas partiyaları Xalq artisti Gülağası Mirzəyev və Əməkdar artist Nigar İbrahimova ifa edirdi. Nigarın ifasını seyr etdikcə bir neçə gün əvvəl Kamilla xanımın müsahibədə dediyi fikri xatırladım: «Səhnədən nigaran deyiləm, gözüm arxada qalmır. İstedadlı, zəhmətkeş, sənətini sevən gənc balerinalarımız çoxdur».
Nəhayət, ikinci hissə və N.Rimski-Korsakovun «Şəhrizad»ı. Hərçənd balet dühası Mixail Fokinin quruluşu olsa belə, vəfalı və ağıllı Şəhrizadın şərəfinə yazılmış bu süitaya verilən quruluşda əsas qadın qəhrəmanının xəyanətkar Zübeydə olması bir tamaşaçı kimi mənə heç vaxt çatmayıb, amma Kamilla Hüseynovanın, onun ehtiraslı və sevimli qulunu oynayan Makar Ferştandtın ifası bu fikri, titul qəhrəmanının səhnədə görünməməsini unutdurdu.
Alqışların da, güllərin də çoxu Şərq gözəli, saray xanımı libasında olan Xalq artisti Kamilla Hüseynovaya ünvanlandı. Nə deyək? Yaxşı nə varsa, bir gün başa çatır. Həyatın qanunu budur! Quruluşçu baletmeyster kimi uğurlarınızı gözləyəcəyik, Kamilla xanım!

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar