Zaur Orucov Balakən rayonunun Qullar kəndində anadan olub. Bakalavr və magistratura təhsilini İstanbuldakı Memar Sinan Universitetində alıb. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun bərpa laboratoriyasında elmi işçi işləyir. Eləcə də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin mədəniyyət layihələri məsləhətçisi kimi fəaliyyət göstərir. MDB Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilən “Debütlərin birliyi” beynəlxalq müsabiqəsinin diplomantı olub.

Azərbaycan, Gürcüstan, Türkiyə, İnquşetiya, Şimali Osetiya və Dağıstanda tikilmiş 40-dək məscidin yazı və bəzək tərtibatında iştirak edib. Yerli və beynəlxalq sərgilərin iştirakçısıdır.
- Zaur bəy, necə oldu ki, cildçilik sənətini öyrəndiniz? Əlyazmalar İnstitutunda nə zamandan çalışırsınız?
- 1995-ci ildə Türkiyənin Memar Sinan Universitetinin ənənəvi sənətşünaslıq bölümünə daxil oldum. Təzhip, miniatür, ebru və naqqaşlıq dərsləri aldım. Elə orada cild sənəti ilə tanış olub, onu dərindən öyrəndim.
2001-ci ildə Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edərkən orada qədim əlyazma kitablarını gördüm. Muzey işçilərinə əlyazmaların bərpası üzrə mütəxəssis olduğumu dedim, onlar da məni Əlyazmalar İnstitutuna göndərdilər. İnstitutun rəhbərliyinə müraciət etdim, mütəxəssis kimi işə qəbul edildim. Həmin vaxtdan burada işləyirəm.
- İndiyə kimi nə qədər qədim əlyazma kitabı bərpa edib cildləmisiniz?
- İlk dəfə İbn Sinanın kitabına qızılla bəzədilmiş dəridən cild düzəltmişəm. Sonralar Nizami, Xaqani, Füzuli, Ürfi kimi dahi şəxsiyyətlərin əlyazmaları da daxil olmaqla, 50-dən çox kitabın qapağını bərpa etmişəm.
- Cildləmə işində daha çox hansı dəridən istifadə edirsiniz?
- Bizim sənətdə ən çox istifadə olunan keçi dərisidir. Qoyun, ceyran dərilərindən də istifadə edilir. Qabaqlar həm çalışdığım institut vasitəsilə, həm də şəxsi təşəbbüsümlə bu sahə ilə bağlı bəzi avadanlıqlar əldə olunurdu. TİKA institutumuzla birgə layihə nəticəsində bizə bu işdə yardım etdi. Sonradan mütəxəssislərimiz bir neçə dəfə İstanbul, Konya əlyazma mərkəzlərindəki bərpa və saxlanılma şəraiti ilə yaxından tanış oldular.
- Qədim əlyazma kağızlarının xüsusiyyətləri nədən ibarətdir?
- Əlyazma kağızları qədimlərdə əl ilə hazırlanırdı. Tut ağacı başda olmaqla bir çox ağaclardan kağız əldə edirdilər. Yazı qarğı qələmlə yazıldığı üçün kağızın üzərindəki nahamar hissələri yazmağa uyğun hala gətirmək gərək olurdu. Bu “ahər” adı verilən bir üsul ilə cilalanır və parıldadılırdı. Beləliklə, yumşaq və hamar kağızlar əldə edilirdi. O vaxtlar Azərbaycana Çin, Özbəkistan, Hindistan, Avropa və başqa yerlərdən kağızlar gətirilirdi. Tarixdə kağızlar xəşəbi, dəməşqi, dövlətabadi, xətayi, adilşahi və başqa adlarla adlandırılıb.
- Əlyazmaları yeyən həşəratlarla necə mübarizə aparırsınız?
- Kitab zərərvericilərinin bir çox görünən və gürünməyən növləri var. İldə iki dəfə həşəratlara qarşı ümumi dərmanlama işi aparılır. Kitabların təmizlənməsi prosesi isə demək olar, hər iş günü ardıcıl olaraq həyata keçirilir.
- Siz həm də əbru sənətilə məşğul olursunuz. Bu sahədə tələbələriniz varmı?
- Əbru sənəti, eləcə də məscidlərin bədii tərtibatı ilə məşğul oluram. Əbru bizim unudulmuş ənənəvi sənətlərimizdən biridir. Çox maraqlı və bir o qədər sirli sənət növüdür. Əbru bütünlüklə təbii boyalardan meydana gəlir. Qatılaşdırılmış su üzərinə boyaları fırça vasitəsilə damızdırmaqla onu icra edən adamın istəyinə uyğun bəzəklər alınır.
Öyrətməyə gəlincə, Bakıda ilk dəfə olaraq Gəncliyə Yardım Fondunda əbru sənətini öyrətməyə başladım. İndi bu sahədə mənə TİKA-nın Bakı ofisi dəstək verir. Ötən il Bakı, Şəki, Şəmkir və Gəncədə əbru təlimləri keçdim. Hazırda Bakı Dövlət Universitetində və Ramanıdakı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin şagirdlərinə bu sənəti təmənnasız öyrədirəm.

S.Qaliboğlu







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar