“Məktəbdə bütün milli musiqi alətlərimiz öyrədilir. Öz mütəxəssislərimiz, Bakıda, Naxçıvanda təhsil alıb qayıdan tələbələrimiz var”

Nasir Ətapur otaylı-butaylı Azərbaycanın sevilən səsidir. Onu bizə tanıtdıran II Respublika Muğam Müsabiqəsində laureat adı qazanması oldu. Bugünlərdə Bakıya gələn tanınmış ifaçı ilə görüşdüm. Söhbətdə muğam ustadı Qəzənfər Abbasov da iştirak etdi. Nasir bəy söhbətə özü başladı:

- 1976-cı ildə Təbrizdə doğulmuşam. Bir tərəfim qarabağlı, bir tərəfim qaradağlıdır. Nənəm Ağdamdan Əhər şəhərinə gəlin köçüb. Ata babam da Əhərin Binə kəndindəndir. Bakıdakı binəlilərlə bizim Binə birdir.
Bizim evdə həmişə musiqiyə böyük hörmət olub. Muğam ustadlarından Hacıbaba Hüseynovu, Yaqub Məmmədovu, Arif Babayevi, Teymur Mustafayevi və başqalarını çox sevirdik. Evimizdə Azərbaycan xanəndələrinin kasetləri və valları vardı. Üstəlik, radiodan muğamı, xalq mahnılarını çox dinləyərdik. Təbriz Televiziya və Radiosunun nəzdində uşaq və yeniyetmələr üçün orkestr yaratmışdılar, musiqi fəaliyyətimə 9-10 yaşlarımda orada başladım. Uzun illər öncə İranın Kirmanşah şəhərində festival təşkil edilmişdi, orada birinci yer tutmuşdum. Orkestrdə çalışanda mərhum, böyük bəstəkar Əli Səlimi bizim üçün çox işlər görürdü. Beləcə ara-sıra bir neçə kollektivdə fəaliyyət göstərirdim. 2005-ci ildə akademik təhsil almaq üçün Bakıya gəldim.
- Bakıda ilk olaraq kiminlə görüşdünüz?
- İlk dəfə Xalq artisti Arif Babayevlə görüşdüm. Sinfinə getdim, tələbələrdən imtahan götürürdü, istəyimi ona bildirdim. Öncə məni yoxladı. Bildirdi ki, səsin var, qəzəllər də bilirsən. Dedi ki, sentyabrda gəlib sinfimdə oxuyarsan. Bir il hazırlıq kursunda oxudum, 2006-cı ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olundum. Həm bakalavr, həm də magistr pillələrini qırmızı diplomla bitirdim.
- 2007-ci ildə II Televiziya Muğam Müsabiqəsində üçüncü yeri tutaraq laureat oldunuz. O tay Azərbaycandan olduğunuz üçün çıxışlarınız maraqla qarşılanırdı...
- Müsabiqəyə Arif müəllimin məsləhətilə qatılmışdım. Vaxtilə Güneydən gəlib burada yaşayan çoxlu müğənni soydaşlarımız olub. Ancaq mən tələbə kimi bu müsabiqəyə qatılmışdım. Çox məsuliyyətli idi. Əsas müəllimim Arif Babayevdir, ancaq eyni vaxtda Qəzənfər Abbasovdan da dərs almışam. Hər ikisinin sinfində muğam öyrənmişəm.
- Müsabiqənin getdiyi həmin günlərdə Güneydə sizə münasibət necəydi?
- Maykl Ceksondan çox məşhur olmuşdum (gülür). Güneyin bütün şəhərlərində müsabiqə başlayan kimi hamı iş-gücünü atıb mənə baxırmış. Bunu mənə oradakı insanlar zəng edib deyir, sonradan görüşəndə danışırdılar. Mənim də hər çıxışda məsuliyyətim birə-beş artırdı.
Müsabiqədən sonra Güneyə getməyim əsl bayrama çevrilmişdi. Biləsuvarda məni qarşılamaq üçün minlərlə adam yığışmışdı. Hər yerdə plakat və şəkillərimi asmışdılar. Boynuma güldən çələng asdılar. Bir dəstə adam da məni Təbrizin girişində qarşıladı. Məni təbrikə gələnlərə atam üç gün qonaqlıq verdi. Təbrizdə üç gün qalandan sonra Bakıya qayıtdım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qalib və mükafatçıları qəbul etdi. Bir ay sonra isə müsabiqənin qalib və laureatlarının böyük konserti oldu.
- Siz fars muğamlarını bilirsinizmi?
- Azərbaycan muğamlarının hamısını bilirəm, fars muğamlarını isə az bilirəm. Azərbaycan və fars muğamları dəstgah biçiminə düşüblər. Dahi Üzeyir Hacıbəylinin işi nəticəsində isə bizim muğamlar çox sistemləşib, elmiləşib və xəlqiləşib. Vaxtilə Əhməd Bakıxanov uzun müddət Rəştdə yaşayıb. İndi Azərbaycan muğamlarında işlədilən rənglərin, dəramədlərin çoxu onundur, orada öyrənib. Əhsən Dadaşov da onlardan yararlanıb.
- Operada oxumaq istəyiniz varmı?
- İki il öncə Təbrizdə “Leyli və Məcnun”u başqa biçimdə tamaşaçılara təqdim etdik. Bu, əsərə irfani yanaşma idi. Orada biz yalnız Məcnunun təxəyyülünü, düşündüklərini oynadıq, bir saatdan çox çəkdi. Qadın obrazları iştirak etmirdi. Bizim operada Məcnun ölmədi, səma rəqsi etdi, sonda sanki nura qovuşdu.
Fikrimiz var ki, orada “Leyli və Məcnun”u Bakıdakı kimi peşəkarcasına oynayaq. Bizdəki dini qanunlara görə, qadın solo oxuya bilməz. Öncədən orada iştirak edəcək qadınlar üçün alt səs yazacağıq, tamaşa zamanı istifadə ediləcək. İranda qadınlar xor şəklində bir yerdə oxuya bilərlər, amma solo oxuya bilməzlər. Bizim bu işimiz 1908-ci ildə Bakıda “Leyli və Məcnun”un ilk tamaşasını xatırladır.
- İndi Təbrizdə işiniz nədən ibarətdir?
- 2012-ci ildə təhsilimi başa vurub Təbrizə qayıtdım. Həmi günlərdə Əhərdə zəlzələ oldu. Sənət adamı kimi Təbriz və Tehranda zəlzələdən zərərçəkənlərə yardım üçün xeyriyyə konsertləri verdim. Son dörd ildə 50-dən artıq solo konsert vermişəm.
- Bildiyimə görə, orada musiqi məktəbi də açmısınız...
- Artıq üç aydır Təbrizdə “Ətapur” musiqi məktəbimi açmışam. Həmin məktəbdə Azərbaycan Milli Konservatoriyasının proqramı əsasında milli musiqimiz tədris olunur. Tələbələrimizin ən yaşlısının 55, ən balacasının 9 yaşı var. Qəzənfər Abbasov bir neçə dəfə gələrək ustad dərsi keçib və bəzi tələbələrə xanəndəlik haqqında diplom da təqdim edib. Mən Ərdəbildə də dərs deyirəm. Orada da tələbələrim var. Həftədə bir dəfə ora gedirəm. Hazırda xanəndəlik üzrə 40 tələbəm var. Məktəbdə bütün milli musiqi alətlərimiz öyrədilir. Öz mütəxəssislərimiz, Bakıda, Naxçıvanda təhsil alıb qayıdan tələbələrimiz var. Musiqimiz peşəkar səviyyədə öyrədilir.
- Qəzəllərdə anlaşılmaz ərəb-fars sözləri çox işlənir, belə qəzəllərin yerinə qoşma, gəraylı və bayatılardan yararlanmaq olmazmı?
- Muğam yüzillər boyu qəzəliyyat üstündə oxunur.

Burada Qəzənfər Abbasov söhbətə qarışır:
- Bəzən gözəllik xatirinə bayatıları muğam üstə oxuyuruq. Bayatıda süjet xətti yoxdur, qəzəldə isə var. 1986-cı ildən bu günə kimi muğamı öyrədirəm. Bu, Seyid Şuşinski, Nəriman Əliyev, Arif Babayevdən mənə ötürülən bayraqdır. Bayrağısa yerə qoymaq olmaz.

- Bu yaxında Tehranda “Üç nəslin səsi” adlı konsert verdiniz. Bu haqda danışardınız...
- Bu, may ayında Q.Abbasovun layihəsi və istəyi əsasında oldu. Tehranda Arif Babayev, Q.Abbasov və mən böyük konsertlə muğamlarımızı təqdim etdik. İkinci konserti o tay Culfada vermək istəyirik. Türkiyə, Avropa ölkələri və Rusiyada da konsertlər nəzərdə tutulub. Sonda Bakıda olacaq.
- Muğam sənəti populyarlaşandan sonra estrada oxuyanlar da muğam oxumağa başladılar...
- Bu, muğamın məşhurluğu ilə bağlıdır. Muğam oxumaqla hamı özünün milli olduğunu sübut etmək istəyir.
- Muğamın gələcəyini necə görürsünüz?
- Fikrimcə, bu sənətin gələcəyi naminə xüsusi bir qurum, “Muğam Şurası” yaranmalıdır. Bu şura muğamın gələcəyini düzgün yönləndirə, muğamla bağlı bütün işlərə nəzarət edə bilər.
- Yeni muğam, necə, yarana bilərmi?
- Yarana bilər. Məsələn, “Mirzəhüseyn segahı”nda “Manəndi müxalif” yox idi. Bunu Xan Şuşinski gətirib. “Mirzəhüseyn segahı” adında heç vaxt dəstgah olmayıb. O, muğamların bir-birinə uyğun olanını uyğunlaşdıraraq bunu yaradıb. Çoxlu şöbə var ki, onları harasa əlavə edə bilərik. Gərəksizləri, uyğun gəlməyənləri aradan çıxarmaq da olar. Dediyim “Muğam Şurası” bu işlərə baxa bilər.
Q.Abbasov: - Razı deyiləm, bundan sonra yeni muğam yarana bilməz. Son iki-üç əsrdə yeni muğam yaranmayıb. Son yarananlar zərbi-muğamlardır. “Qarabağ şikəstəsi”, “Simayi-Şəms”, “Ovşarı”, “Osmanlı”... Nə yarana bilər? Yalnız nəyinsə yerini dəyişməklə muğam yaratmaq olar.
- Nasir, sənin öz qrupun da var...
- Qrupumuzun adı “Muğam”dır. Onunla Türkiyədə, Almaniyada, Rusiyada, Tacikistanda bir sıra konsertlər vermişik. Bir az sonra ABŞ-a gedəcəyik.

S.Qaliboğlu







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar