Türkiyə Prezidentinin baş müşaviri, keçmiş mədəniyyət və turizm naziri Yalçın Topçu bu ilin aprelində Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” mərasimlərində iştirak edib. O, həmçinin bu səfər fürsətindən istifadə edərək cəbhə bölgələrinə gedib, aprel döyüşlərindən sonra münaqişə zonasında vəziyyətlə daha yaxından tanış olub, insanlarla görüşüb. Söhbətimizə də bu təəssüratlardan başladıq.
- Yalçın bəy, sizinlə ötən müsahibəmizdə “bu günə kimi mənə bir sıra türk respublikalarına getmək nəsib oldu, amma ürəyimizin həssas nöqtəsində olan Azərbaycanda hələ olmamışam. Bununla belə özümü hər zaman Azərbaycanla bir hiss edirəm, ona ana yurdum kimi baxıram” demişdiniz. Nəhayət, bugünlərdə ilk dəfə Azərbaycanda oldunuz...
- Bu səfərim həqiqətən çox həyəcan doğuran, duyğulu anlar və zəngin təəssüratla yadda qaldı. Azərbaycana səfərim zamanı Heydər Əliyevin dediyi o məşhur sözlərin - “Bir millət - iki dövlət” ifadəsinin anlamını bir daha dərk etdim. Türk topluluqları içərisində bir-birinə ən yaxın Anadolu və Azərbaycan türkləridir. Birimizin ayağına tikan batarsa, digərimizin ürəyi dağlanar. Təbii ki, bu mədəni və tarixi birlik ölkələr arasındakı siyasi əlaqələrə də təsir edir. Türkiyə ilə Azərbaycan arasında əlaqələr ən üst səviyyədə inkişaf edir. Tək millət olmağımızla yanaşı sanki tək dövlət kimi də qarşılıqlı siyasət aparırıq. Bunu bölgə və dünya ölkələri də çox yaxşı bilir. Bu nöqtədə İlham Əliyevin cəsur addımlarını təqdir etmək lazımdır. Eyni şəkildə də bizim prezidentimiz Azərbaycana xüsusi önəm verir. Bu gün əlaqələrimizdə qürurverici tablo var. Amma düşünürəm ki, bunu daha da inkişaf etdirmək üçün hələ böyük imkanlarımız var. Xüsusilə də enerji və müdafiə sahəsində işbirliyi daha çox inkişaf etdirilməlidir. Ortaq layihələrimiz tək dövlət şüuru ilə yürüdülməlidir. Bu həm tarixi və milli bir vəzifədir, həm də regional danılmaz bir gerçəkdir.
- Azərbaycanda olduğunuz zaman cəbhə bölgələrinə qədər getdiniz, insanlarla görüşdünüz. Sizi ən çox təsirləndirən nə oldu?
- Təbii ki, insan hekayələri. Qarabağ savaşı dönəmindən qalan hekayələr çox dramatikdir. Erməni canilərinin etdikləri qətliamlar, vəhşiliklər ağlın və vicdanın əsla qəbul etməyəcəyi qəddarlıqdır. Mən oxşar hekayələri böyüklərimdən də eşitmişdim. Özüm Ərdəhandanam. Birinci Dünya müharibəsi vaxtı rusların himayəsi və dəstəyi ilə ermənilərin bizim ölkəmizdə nələr etdikləri, necə qan tökdükləri bir tarix olaraq nəsildən-nəslə ötürülür. Təbii ki, bənzər hekayələri burada dinləmək məni çox təsirləndirdi. Bir də döyüş bölgələrinə qədər getməyimizin başqa mənaları vardı. Orada yaşayan qardaşlarımızın gözlərindəki parıltı və ürəklərindəki cəsarətin artmasından həddindən artıq xoşbəxt və məmnun olduq.
- Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlərə də qatıldınız. Bu qədim şəhər sizə necə təsir etdi?
- Şəkini çox bəyəndim. Orada meyvə ağaclarının altında yaşlı insanlarla danışdım. Hətta bir kəndə gedərkən uşaqlarla zarafat da etdim. Onlar eynən mənim Ərdəhanda kəndlərdə gördüyüm “Gəlin, evə gedək, bir çay için” deyən insanlara bənzəyirdi. Çəmənli kəndində iki şəhid evinə getdim. Orada yas mərasimi var idi və məni öz kəndimdə yas mərasimində necə qarşılayırdılarsa, orada da eyni halla rastlaşdım. Ağdamın köçkün ailələri ilə görüşdüm. Azərbaycan dövləti doğrudan da çox inkişaf edib. Bu qədər qaçqın və köçkünün sosial problemlərini həll etmək, iş, ev vermək asan deyil. Sonra Şuşadan olan uşaqlarla qarşılaşdım. Hətta məni plova da qonaq etdilər. Mənim atamın bibisi qızının da adı Şuşadır. Buna görə də “Bir millət” ifadəsi sadəcə sıradan, duyğusal bir ifadə deyil. Bu bir gerçəkdir.
Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi möhtəşəm bir hadisədir. Əslində Azərbaycanın hər bir bölgəsi türk dünyasının mədəniyyət paytaxtı olmağa layiqdir. Çünki bu torpaqların çox qədim bir mədəniyyəti var. Azərbaycan islam öncəsi çox ciddi bir mədəni irsə sahib ölkədir. Səfərim zamanı Şəkinin Kiş kəndində qədim məbədi ziyarət etdim, iki min illik bir tarixlə tanış oldum.
Mənim içimdə böyük Azərbaycan sevgisi var. Türkiyədə Azərbaycanla bağlı tədbirlərə qatılıram. Məsələn, bugünlərdə Ankaranın Keçiörən Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 7-ci Beynəlxalq Ramazan Festivalı çərçivəsində təşkil edilən Azərbaycan gecəsində iştirak etdim. Tədbirdə əlimdə Azərbaycan bayrağını tutmaq da mənim üçün qürurverici idi. Bu ənənəvi festivalda “Azərbaycan evi”nin qurulması iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinə dair daha bir nümunədir. İştirakçılara Prezident Ərdoğanın salamlarını çatdırdım və bildirdim ki, babalarımız Çanaqqala və Sakaryada etdikləri kimi biz də bərabər olmalıyıq. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü də Türkiyənin gücü deməkdir.
Mehparə Sultanova
Ankara