“Orkestrimizin repertuarında Azərbaycan bəstəkarlarına yer ayırırıq. Çalışıram ki, bütün ünlü bəstəkarlarımızın əsərlərini səsləndirək”

Azərbaycanın Xalq artisti, məşhur dirijor, qardaş Türkiyədə yaşayan soydaşımız Ramiz Məlikaslanovla bugünlərdə Bakıda görüşdük. O, 1994-cü ildən İstanbul Universitetinin Dövlət Konservatoriyasında çalışır, indi orada kafedra müdiridir. Dərslər başa çatdığına görə o, sentyabra qədər Bakıda qalmağı düşünür.

- Ramiz bəy, siz Azərbaycan Xalq Cümhuriyyətində nazir olmuş Xudadat bəy Məlikaslanovun nəvəsisiniz. Babanızla bağlı hansı xatirələri eşitmisiniz?
- Babam 1935-ci ildə repressiya qurbanı olub. Nənəm dünyasını dəyişəndə 23 yaşım vardı, yəni yetkin idim. O, mənə babamla bağlı çox şeylər danışmışdı. Babam Sankt-Peterburqda təhsil almışdı. Cümhuriyyət hökumətində dəmir yolları, poçt və teleqraf naziri işləmişdi.
Onu da deyim ki, ailəmizdə bir nəfər də olsun musiqiçi olmayıb. Atam neft üzrə mütəxəssis, professor idi. Anam Tibb Universitetində biokimyadan dərs deyirdi. Təkcə mən musiqini seçdim. Musiqiyə violonçellə başladım. İlk müəllimim Sabir Əliyev olub. Konservatoriyada oxuyanda Mstislav Rostropoviçdən dərs almışam. Konservatoriyada təhsilimi bitirəndən bir il sonra 1966-cı ildə Sankt-Peterburqa ali təhsil almağa getdim. Dirijorluq üzrə iki yerə qarşı 73 namizəd sənəd vermişdi, məni qəbul etdilər. 1970-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına assistent dirijor kimi praktikaya gəlmişdim.
- Gənc yaşlarınızda Azərbaycan Dövlət Radio və Televiziyasının simfonik orkestrinin baş dirijoru olmusunuz...
- Həmin vaxt televiziyanın simfonik orkestri qurulurdu. Məni oraya baş dirijor təyin etdilər. 28 yaşım vardı, Sovetlər birliyində ən gənc baş dirijor idim. Birdən-birə geniş məkana çıxdım, özümü ifadə etmək imkanı tapdım. 1971-ci ildə SSRİ üzrə dirijorlar arasında keçirilən yarışmada diploma layiq görüldüm. Müəyyən fasilələrlə 20 il televiziyada çalışdım.
- Sonrakı fəaliyyətiniz Qahirə Konservatoriyası ilə bağlıdır.
- Elədir, 1977-1979-cu illərdə Misirdə çalışdım. Misir orkestri ilə bütün dünyanı gəzdim, konsertlər verdim. Sonra vətənə döndüm, 1988-ci ilə kimi Azərbaycan Televiziyasında işlədim.
- İraq Milli Simfonik Orkestrinin də baş dirijoru olmusunuz...
- 1988-ci ildən 1990-cı ilədək dəvətlə bu ölkədə çalışdım. Orada orkestri yenidən qurdum, müxtəlif ölkələrdə konsertlər verdik. 1990-cı ildə orada ara qarışmışdı, dünyanın pis vaxtları idi. Məni Bakıya - konservatoriyaya (indiki Bakı Musiqi Akademiyası) dərs deməyə çağırdılar, kafedra müdiri oldum. Həm də Qara Qarayev adına Dövlət Kamera Orkestrinin baş dirijoru idim. 1994-cü ilə qədər burada çalışdım.
- O vaxtdan Türkiyədə çalışırsınız. Orada işləriniz necə gedir?
- 22 ildir qardaş Türkiyədəyəm. İlk olaraq məni Ankara Opera və Balet Teatrına çağırdılar, bir müddət orada işlədim. Oradakı durumu bəyənmədim, Bakıya qayıtmaq istəyirdim. Bu arada İstanbul Universitetinin Dövlət Konservatoriyası məni işə çağırdı. Bugünə kimi orada çalışıram, kafedra müdiriyəm.
- Türkiyədə simfonik musiqiyə münasibət necədir?
- Mənim rəhbərlik etdiyim kollektiv dünyada ən yaxşı gənc orkestrlərdən biridir. Bu orkestrlə dünyanın hər yerinə getmişik, çoxlu mükafatlar qazanmışıq. Ən böyük uğurumuz Bethoven festivalında birinci yeri tutmağımız oldu. Kinoda Oskar nədirsə, musiqidə də Bethoven festivalı odur. Bu festival hər il keçirilir. Biz sonuncu dəfə 2013-cü ildə orada iştirak etmişik.
- Azərbaycan bəstəkarlarının əsərləri repertuarınızda varmı?
- Var, onlarsız olmaz. Çalışıram ki, bütün ünlü bəstəkarlarımızın əsərlərini səsləndirək. Bu yaxında İstanbulda Fikrət Əmirovun “Nizami” simfoniyasını ifa etdik, gözəl alındı.
- Türkiyə vətəndaşlığınız varmı?
- Konservatoriyanın müdiri iki dəfə vətəndaşlığı qəbul etməyimi istəyib. Mən istəməmişəm. Belə yaxşıdır. Hər il müqaviləm yenilənir. Maaşım kənardan gələn mütəxəssislər arasında ən yüksəkdir. Vətəndaş olsam, pensiyama bir az yaxşı təsir edər. İndi tətilə çıxmışam, sentyabra qədər buradayam. Mən həyat yoldaşımla orada yaşayıram, övladlarım buradadırlar.
- Ailədə ardıcıllarınız varmı?
- Uşaqlarımın ikisi də musiqi məktəbini bitiriblər, ancaq sonradan başqa sənət seçdilər. Biri diplomat, o birisi isə bankda çalışır. Həm də sevinirəm ki, onlar musiqiçi olmadılar. Bu, çox ağır sənətdir.
22 il öncə Türkiyəyə gedəndə ora Azərbaycanın 70-ci illərini xatırladırdı. Bu müddətdə Türkiyə çox irəli gedib. Türkiyədə klassik musiqi də çox inkişaf edib. Onların ən ünlü bəstəkarları Adnan Sayqun və Ferid Düzün olub. Onların ilk bəstəkarları Avropada təhsil almışdılar. Yeni, yaxşı bəstəkarlar da yetişib.
- Türkiyədə bizimkilərə yenə ehtiyac varmı?
- Müstəqilliyin ilk illərində müxtəlif sahələrdə azərbaycanlılar Türkiyəyə getdilər. Qabaqlar onlar bizimkiləri dərindən tanımırdılar. İndi öz mütəxəssisləri olduğu halda bizimkiləri geri yollayırlar. Qarşıdakı illərdə Azərbaycan Türkiyədən mütəxəssislər çağıracaq.
- Kollektivlə necə yola gedirsiniz?
- İnanın, mənim kimi yumşaq adam dünyada yoxdur, ancaq orkestrdə hər kəs məndən çəkinir. Məni başa düşməyənlər də olur. İstədiyimi onlardan almaq istəyirəm. Çalışıram ki, əsəri eynilə bəstəkar kimi düşünüm, çatdırım. Partiturada hər şey yazılır. Bununla belə bəstəkar həmişə əsərin yüzdə yetmişini yazır, qalan otuzunu mən yaradıram. Əsəri yüzdə yüz yazan bəstəkar olmur.
- Bu gün dünya dirijorluq sənətini izləyirsinizmi?
- Əvvəllər öyrəndiyim insanlar, sənətkarlar vardı. İndi onlar mənim üçün keçilmiş mərhələdir. İndi özümdən öyrənirəm. Məni müxtəlif ölkələrə ustad dərsləri keçmək üçün çağırırlar. 2002-2008-ci illərdə Makedoniyaya bu məqsədlə gedib-gəlirdim.

S.Qaliboğlu







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar