“Bugünlərdə Serbiyaya getmişdik, orada bizi Azərbaycan səfirliyi qarşıladı. Bizə Azərbaycan vətəndaşları kimi diqqət göstərildi. Türkiyə-Azərbaycan münasibətləri budur”

Ankaranın ikinci böyük rayonu (ilçə) olan Keçiörən Bələdiyyəsi Türkiyədə fəaliyyət göstərən bələdiyyələr arasında çoxçeşidli mədəniyyət layihələri ilə fərqlənir, ilboyu müxtəlif festival və tədbirlərə ev sahibliyi edir. Bələdiyyənin təşkilatçılığı ilə yeddinci ildir keçirilən Beynəlxalq Ramazan Festivalında Azərbaycan da ənənəvi olaraq təmsil olunur. Bu günlərdə sözügedən festival çərçivəsində “Azərbaycan gecəsi” təşkil olundu, Türkiyədəki səfirliyimizin də dəstəyi ilə festival məkanında “Azərbaycan evi” açıldı.
Keçiörən Bələdiyyəsi Beynəlxalq əlaqələr idarəsinin müdiri Mustafa Arac ilə söhbətimiz də bu mədəniyyət layihələri barədədir.


- Mustafa bəy, nə üçün mədəniyyət layihələrinə bu qədər önəm verirsiniz?
- Əvvəlcə onu deyim ki, Türkiyədə fəaliyyət göstərən bələdiyyələr arasında ilk dəfə xarici əlaqələr idarəsini biz qurduq. Ankaranın 6 milyon əhalisi var, bunun 1 milyonu Keçiörən bələdiyyəsində yaşayır. Çindən Adriatik dənizinə qədər böyük bir coğrafiya ilə əlaqələrimiz var. Biz dövlətin izlədiyi siyasəti xalqlar düzəninə endirmək üçün qardaş bələdiyyələr fəaliyyəti həyata keçiririk. Mədəniyyət tədbirləri, beynəlxalq günlər, festivallar vasitəsilə insanlarımıza dünya mədəniyyətini, dünyadakı insanlara da xalq sənətlərimizi, irsimizi tanıdırıq. Bələdiyyə sədrimiz Mustafa Ak vəzifəsinə başlayanda ilk söylədiyi bu oldu: ən qiymətli dəyərimiz insanımızdır. Bizim çox gözəl komandamız var. Bu komandada türkdilli ölkələrin mütəxəssisləri də çalışır. Bələdiyyə əhalisinin dörddəbiri 18 yaşadək uşaq və gənclərdir. Gəncləri hər il proqramla Avropaya göndəririk. Bələdiyyəmizin 4 mədəniyyət mərkəzi var və o mərkəzlərdə müxtəlif tədbirlər təşkil edirik. Bu mərkəzlərdən biri Esterqon qalasında yerləşir. Orada ölkələrin tanıtım günlərini keçiririk. Qalanın alt mərtəbəsində Türkiyənin tanınmış sənətçilərinin emalatxanaları var. Əbru sənəti, çini qablar bəzəyən məşhur sənətkarlar burada çalışırlar. Bundan başqa, türk dünyasında çıxan kitabların tərcümələrini edirik. Bir sözlə, mədəniyyət mərkəzlərində sürəkli proqramlarımız olur.
- Maraqlı layihələrinizdən biri də “Ramazan festivalı”dır. Bu festivalın mahiyyəti nədən ibarətdir?
- Türkiyədə 1300 bələdiyyə var. Onların hər biri Ramazan ayında proqramlar gerçəkləşdirirlər. Bu baxımdan Türkiyənin ən böyük fəaliyyətə malik bələdiyyəsi Keçiörən bələdiyyəsidir. Müxtəlif ölkələrdən sənətçiləri dəvət edib mədəniyyət günləri keçiririk. Hər axşam beynəlxalq gecə keçirmək və gündə 50-80 adamı səhnəyə çıxarmaq asan deyil. Məsələn, Azərbaycandan gələnlər muğam musiqisi ifa edirlər. “Azərbaycan evi”ni açdığımız zaman onun milli mətbəxini, musiqisini təqdim edə bilirik. Əminliklə deyərdim ki, bizim bələdiyyəmiz dünya səviyyəli tədbirlər keçirir. Bu tədbirlərdə nazirlər, valilər, millət vəkilləri iştirak edirlər. Eyni vaxtda 6-7 ölkədən olan 300-ə yaxın qonaq bir arada olur. Dəvət etdiyimiz qonaqları həm də Ankara ilə tanış edirik, turizm yerlərini gəzdiririk. Axşamlar isə iftar mərasimlərinə aparır, Ramazan mədəniyyətimizlə tanış edirik. Məqsədimiz budur: prezidentimiz və hökumətimizin bizim könül dünyamız olan ölkələrlə qurduğu əlaqələri biz də xalq səviyyəsində qurmağa, xalqlararası dostluğu möhkəmləndirməyə çalışırıq. Budəfəki festivalda Afrikadan Sudan, Seneqal, Orta Asiya ölkələri, Balkan ölkələri təmsil olunur. Bu ölkələrin mədəniyyət nümunələri də xalqımızın xoşuna gəlir. Azərbaycan mədəniyyəti isə musiqisi, muğamı, rəqsləri ilə böyük bir dəryaya bənzəyir. Beləliklə, Türk-İslam dünyasının zəngin mədəniyyətini bir araya gətiririk.
Azərbaycan gecəsi də çox möhtəşəm tədbir oldu. Türkiyə Prezidentinin müşaviri Yalçın Topçu, Sumqayıt Şəhər Bələdiyyəsinin sədri Sultan Əsədov və Ankaradakı səfirliyimizin müşaviri Ramil Qurbanov da gecədə iştirak edirdi. Çıxış edən hər kəs Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən bəhs edirdi. Ziyarətçilərə Azərbaycanla bağlı təqdim edilən müxtəlif kitablar, jurnallar onlarda xoş təəssürat yaratdı. Azərbaycan gecəsində ölkənizi təmsil edən muğam qrupunun ifası maraqla qarşılandı, əsl bayram coşqusu yaşandı.
- Sözünüzün əvvəlində “Qardaş bələdiyyələr” layihəsindən bəhs etdiniz. Azərbaycanda hansı bələdiyyə ilə qardaşlaşmısınız?
- Sumqayıt bələdiyyəsi ilə qardaşlaşmış bələdiyyələrik. Heydər Əliyev Fondu, Sumqayıt bələdiyyəsi ilə birlikdə Keçiörəndə Xocalı soyqırımı abidəsini inşa etdik. Keçiörəndə “Xocalı soyqırımı muzeyi” yaratmaq istəyirik. Çünki bələdiyyəmiz çox böyükdür və istəyirik ki, insanlar bu muzeyə gəlsinlər və tarixi gerçəklərdən xəbərdar olsunlar. Muzeyi Keçiörəndə universitetlərin olduğu yerdə tikmək niyyətindəyik. Sumqayıtda isə park salmağı planlaşdırırıq. Sumqayıt vasitəsilə biz azərbaycanlı dostlarımızla bir araya gəlirik. Onlar da Keçiörən bələdiyyəsi vasitəsilə Türkiyədəki qardaşları ilə münasibətləri daha da möhkəmləndirirlər. Məsələn, hər ilin 26 fevralında Xocalı şəhidlərini anım proqramı düzənləyirik. Çünki Xocalıda qətlə yetirilənlər bizim də qardaş-bacılarımızdır.
Bugünlərdə böyük bir heyətlə Serbiyaya getmişdik, orada bizi Azərbaycan səfirliyi qarşıladı. Bizə qarşı çox gözəl qonaqpərvərlik nümayiş etdirdilər, səhəri gün isə bizi Belqradın ən məşhur məkanlarından olan Taşmaydan parkına apardılar. Meydanda Heydər Əliyevin heykəli var. Mən bununla qürur duydum. Yəni biz Serbiyaya getdik, bizimlə Azərbaycan dövləti öz vətəndaşları kimi maraqlandı, diqqət göstərdi. Türkiyə-Azərbaycan münasibətləri budur. Bu, sadəcə, dostluq, qardaşlıq deyil. Heydər Əliyevin dediyi kimi: iki dövlət, bir millət.

Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar