Xəbər verdiyimiz kimi, «Üç məkan» Şəki II Beynəlxalq Teatr Festivalı günlərində TÜRKSOY-un Teatr direktorları şurasının növbəti toplantısı da keçirilmişdi. Toplantıda T.Abdumomunov adına Qırğızıstan Dövlət Milli Akademik Dram Teatrının direktoru, Qırğızıstanın Əməkdar artisti Temirlan Smanbekov da iştirak edirdi. Festival proqramından asudə vaxt tapıb onunla söhbət etdik.

Bəri başdan deyək ki, Temirlan Smanbekov öz ölkəsində populyar insandır. Gənc yaşlarından teatrda işləyib, yüzdən çox tamaşada müxtəlif rollar ifa edib, onlarla bədii filmdə irili-xırdalı rollar oynayıb. Təbii ki, söhbətimizə Azərbaycan, Bakı, Şəki barədə təəssüratlarını bölüşməklə başladı:

- İlk dəfədir ki, Azərbaycandayam. Azərbaycan xalqının, insanların istiqanlılığı ilk andan özünü göstərir. Hər kəsə xoş nəzərlərlə baxırlar, nəsə soruşanda dayanıb diqqətlə dinləyir, az qala axtardığın yerə qədər ötürürlər. Bakı çox gözəl şəhərdir. Qədim hissəsi də, bulvarı da, yeni tikililəri də göz oxşayır. Şəkiyə gələndə yolboyu gördüyüm məhsulu yığılmış əkin sahələri, təzə tikililər, hətta bomboş ərazilərdə, yol qırağında əkilmiş körpə ağaclar göstərir ki, Azərbaycan inkişaf edir, abadlığa önəm verilir. Şəki isə başqa aləmdir. Təbiəti, dadlı mətbəxi, xüsusilə də şirniyyatı gözəldir, həm də öz siması olan qədim şəhərdir. Həyat yoldaşım üçün bir neçə kəlağayı (kəlağayı sözünü ehtiyatla, düzgün tələffüz etməyə çalışır - G.M.) aldım. Əminəm ki, bəyənəcək. Mirzə Fətəli Axundzadənin ev-muzeyində, Xan sarayında oldum, Kiş məbədini ziyarət etdik. Bu diyara ilk gəlişimin teatr festivalına təsadüf etdiyinə şadam.
- Azərbaycan teatrı, dramaturgiyası barədə nə bilirsiniz?
- Təəssüf ki, çox az məlumatlıyam. Şəki teatrının binasını gəzdik, qrim və məşq otaqlarınadək hər yerə baxdım və bəyəndim, yaradıcı heyətlə də tanış oldum. Paytaxtdan xeyli uzaqda belə müasir teatr binasının olması onu göstərir ki, dövlət mədəniyyətə böyük qayğı göstərir. Müasir Azərbaycan teatrı barədə bildiklərim də azdır. Bilirsiniz, bir-birimizdən ayrı düşdük deyə, hamı sovetlərin dağılmasını qınayır. Əslində heç sovet vaxtı da Qırğızıstan-Azərbaycan mədəni əlaqələri çox geniş olmayıb. Məsələn, siz Qırğızıstan mədəniyyəti barədə çox şey bilirsiniz?
- Yazıçı Çingiz Aytmatov, kino rejissoru Tolomuş Okeyev... Uşaq vaxtı «Edelveys» adlı bir televiziya filminə baxmışdım...
- Onları bütün dünya tanıyırdı, bəs qalanları... Baxın, elə biz də sizin kimiyik. Tələbə vaxtı Oş şəhərindəki teatrda bir Azərbaycan müəllifinin müasir həyatdan bəhs edən pyesinə baxmışam, həmin tamaşadan da təkcə Sumqayıtın adı yadımda qalıb. Amma Azərbaycan teatrı 144-cü mövsümünü açır. Deməli, güclü ənənələri var. Festivalın ilk günü Akademik Milli Dram Teatrının quruluşunda «Ölülər» tamaşasına baxdım. Hələ yüz il əvvəl yazılmış pyes necə aktual məsələlərə toxunub. Tamaşada rejissor işini xüsusi bəyəndim. Kütləvi səhnələr çox böyük diqqət və dəqiqliklə qurulmuşdu. Hər kəs oynayırdı. Qara Qarayevin musiqisi tamaşanın məna yükünü xeyli artırmışdı.
- Xoş sözlərinizə görə çox sağ olun. Azərbaycan və Qırğızıstan teatrlarının yaradıcılıq münasibətlərinin gələcəyini necə görürsünüz?
- Biz birləşməliyik, onsuz da kökümüz birdir, hamımız türkük. Birləşməyimiz ilk növbədə yaradıcılıq münasibətləri ilə ola bilər. Mən inanıram ki, TÜRKSOY təşkilatının fəaliyyəti sayəsində bir-birimizi daha yaxından tanıyacağıq. Baxın, bu günədək Azərbaycandakı teatr prosesindən xəbərsiz idim. İndisə məlumatlıyam. Bundan sonra çalışacağıq ki, Bakıdakı teatr konfranslarında Qırğızıstandan da çıxış edənlər olsun, teatrlarımız da buradakı festivallarda iştirak etsin. Azərbaycan dramaturqlarının əsərlərini də bizim səhnəmizə gətirmək lazımdır. Bakıda İlham Rəhimli söz verdi ki, Azərbaycan dramaturqlarının pyeslərini mənə yollayacaq. Mütləq həmin əsərlərdən seçib tamaşaya qoyacağıq.
- Siz həm aktyorsunuz, həm də direktor. Bunlardan hansı o birisini üstələyir?
- Mən ilk növbədə aktyoram. Moskvada A.V.Lunaçarski adına Teatr Sənəti İnstitutunu bitirmişəm. Vaxt tapanda səhnəyə də çıxıram, son illər çox olmasa da, filmlərə də çəkilirəm.
- Heç öz teatrınızdan danışmadınız...
- Sizin teatrla müqayisədə qırğız peşəkar teatrı çox cavandır. 1926-cı ildə yaradılıb. Bugünkü T.Abdumomunov adına Qırğızıstan Dövlət Milli Akademik Dram Teatrı musiqili-dram teatrı studiyası kimi yaradıldığından bizim gənc tamaşaçılar, opera teatrları, filarmoniya onun əsasında təşkil edilib. İlk aktyorlar bu studiyada həm təhsil alıblar, həm də bir kollektiv kimi tamaşalarda çıxış ediblər. Yeri gəlmişkən, noyabrın 1-də bizim teatrın 90 yaşı tamam olur. Böyük təntənə ilə bu yubileyi qeyd etməyə hazırlaşırıq. Azərbaycanlı dostlarımızı da belə əziz gündə yanımızda görmək istərdik.

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar