“Qismət olsa, ömrümün axır illərini Azərbaycanda keçirmək istərdim”

1999-2009-cu illərdə İğdır bələdiyyə başqanı olmuş, hazırda isə Türkiyə Böyük Millət Məclisinin üzvü olan Nurəddin Aras ölkəmizdə də tanınır. Əslən Azərbaycan türkü olan Nurəddin Aras Qarabağ həqiqətlərinin dünyada yayılmasına töhfələrini əsirgəmir, Xocalı soyqırımının tanıdılmasında fəal iştirak edir, bu yöndə müxtəlif tədbirlərin təşəbbüsçüsü və təşkilatçılarından olub. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Millət vəkili bu yaxınlarda Ankarada Xocalı soyqırımına həsr olunmuş park salınması təklifi ilə çıxış edib.
Onunla söhbətimiz isə bir qədər uzaq tarixdən, ata-babalarının Türkiyəyə köç etməsindən başladı:

- Atam əslən Gəncə şəhərindəndir. Biz vaxtilə Türkiyəyə köçmüş ulu babalarımızın dördüncü nəsliyik. Babam İğdırın Gökçəli kəndinə yerləşib. Mən özüm də 1954-cü ildə həmin kənddə dünyaya gəlmişəm. Anam isə Vedibasarda doğulub. O zaman Rusiya imperiyasının tərkibində həmin bölgədə sistemli erməniləşdirmə siyasəti, türk-azərbaycanlı əhaliyə qarşı təqib və qırğınlar üzündən ailələri İğdıra köçüb. Anam o zaman 7 yaşında olub və həmin hadisələri xatırlayır. Atası ilə Araz çayından keçərkən ermənilər atasını arxadan vurublar və elə yaralı halda çay onu aparıb. Anam isə xilas olub və gəlib İğdırda, Daşburun kəndində yerləşiblər. İğdırda daha çox azərbaycanlılar yaşayardı. Sonradan demoqrafik tərkib bəzi səbəblərə görə dəyişdi.

- Nələr danışılırdı Azərbaycanla bağlı evinizdə? Nə kimi xatirələriniz var?
- Biz Azərbaycan həsrəti ilə böyüdük. O vaxt Azərbaycan adını, Azərbaycan səslərini radio dalğalarından eşidər, dinləyərdik. Xatırlayıram ki, radioda konsert bitincə sanki ürəyimizin yağı gedərdi. Eyni zamanda Azərbaycan haqqında məlumatları yaxından izləyərdik. Qohumlarımız yaşayırdı orda. Sovet dönəmində də İğdıra gələnlər olurdu. O zaman anamın dayıları, əmiləri hamısı Azərbaycanda qalmışdı. Sonradan gedib onları tapdıq. Təbii ki, bir həsrət var idi və buna 1992-ci ildə Naxçıvanla sərhəd qapısının açılması ilə son qoyuldu. Qardaşlar bir-birilərinə qovuşdular.

- Yəqin ilk dəfə Azərbaycan torpağına Naxçıvandan qədəm qoymusunuz?
- 1992-ci ildə “Ümid körpüsü” açılanda Naxçıvana getdik. Bir gün də orada qaldıq, gəzib-dolaşdıq. Oradakı insanlar da bizim ata-bablarımızın söylədikləri kimi idi. Danışıqları da həmçinin. Ata və anamız evdə Azərbaycan türkcəsində danışırdı. Türkiyə türkcəsini məktəbdə öyrəndik. Hazırda övladlarımız da Azərbaycan dilində bilir və danışır. O vaxtdan sonra Azərbaycanda çox olmuşam, müxtəlif bölgələrə getmişəm. Amma daim bir Azərbaycan həsrəti ilə yaşayıram. Əgər qismət olsa, ömrümün axır illərini Azərbaycanda keçirmək istərdim.
Bakı çox gözəldir, bir Avropa şəhərinə çevrilib. Azərbaycanın təbiəti də çox gözəldir. Qəbələdə oldum, təbiəti İsveçrəni xatırladır. Mən bələdiyyə sədri olduğum dövrdə İğdırla Azərbaycanın Şamaxı şəhəri qardaşlaşdı. Şamaxını başdan-başa gəzdik. Azərbaycanın bölgələri çox inkişaf edib.

- İğdırda 10 il bələdiyyə başqanı olduğunuz illərdə Azərbaycanla əlaqələrə çox önəm vermisiniz. Xocalı faciəsi ilə bağlı təşkil etdiyiniz tədbirlər, mətbuata açıqlamalarınız Azərbaycanda izlənilib və müsbət qarşılanıb...
- 1992-ci ildə “Ümid körpüsü” açıldıqdan sonra Naxçıvanın ağır vəziyyətdə olduğunu gördük. Məhrum lider Heydər Əliyev o zaman Naxçıvana rəhbərlik edirdi. Naxçıvana qarşı blokadanın açılması üçün böyük səy göstərirdi. Türkiyədə bu sarıdan köməyini əsirgəmirdi. Biz də İğdırdan əlimizdən gələn yardımı edirdik. Mən o zaman İğdır vilayətinin təhsil müdiri idim. Bələdiyyə başqanı seçildikdən sonra Naxçıvanla və bütövlükdə Azərbaycanla əlaqələrimizi inkişaf etdirməyə çalışdım. Azərbaycan torpaqlarının 20 faizinin işğalı, Xocalıda törədilən qətliam hər zaman diqqətimizdə olub. Tarixdən bilirik ki, ermənilər belə qırğınları Zəngəzur və Göyçədə də törədiblər. Biz də haqlı davamızı dünyaya çatdırmağa başladıq. Xocalı soyqırımı ilə əlaqədar dəfələrlə Avropada nümayişlər keçirdik. Eləcə də bir sıra ölkələrdə baş alıb gedən erməni yalanlarına, uydurma “soyqırımı” kampaniyasına qarşı işlər gördük. Tarix boyu türklərə qarşı ermənilər və onların havadarları tərəfindən qırğınlar törədildiyini bəyan etdik.

- İğdırda ucaldılan möhtəşəm memorial abidə də bunun bir təcəssümüdür. Bu ideya necə meydana gəldi?
- 1995-ci ildə erməni zülmünə məruz qalan yerlərdən biri olan İğdırda tarixi gerçəklik işığında erməni yalanlarına həsr olunmuş simpozium keçirdik. Tədbirə mövzu ilə əlaqəsi olan və dünyanın hər tərəfində yaşayan erməniləri də dəvət etdik. Amma heç biri gəlmədi. Onlar həqiqətlərlə üzləşmək istəmirlər. Biz onlara bölgədə vaxtilə törədilən erməni vəhşiliklərinin izlərini, məzarlıqları göstərmək istəyirdik. Biz simpoziumun sonunda orada bir abidə qoyulması ilə bağlı qərar qəbul etdik. Simpoziumda Azərbaycandan professor, görkəmli memar Cəfər Qiyasi də iştirak edirdi. Onun ermənilər tərəfindən soyqırımına məruz qalan türklərin xatirəsinə hazırladığı anıt layihəsi simpoziuma qatılanlar tərəfindən yüksək qiymətləndirildi. Memorialın İğdırda ucaldılması qərarlaşdırıldı. Soyqırımı anıtı üçün seçilən yer İğdır şəhərinin şərq girişində, yəni Azərbaycan, İran və Ermənistandan gələn yolların qovşağındadır və abidə 720 metr hündürlüyü olan təpə-kurqan üzərində, Ağrı dağının fonunda yüksəlməkdədir. Burada soyqırımı muzeyi də yaradılıb. Keçmişdə türk əsgərlərinin savaşdan öncə öz qılınclarını külək, yağmur və ildırımların altında bir itiləşdirmək törəni varmış. Qılınclarını bir-birlərinə elə dayaq edərmişlər ki, günəş, yağmur və rüzgar altında sərtləşsin. İğdırdakı xatirə abidəsində də türk torpaqlarının iştahasında olanlar Ağrı dağının önündə yüksələn türk qılınclarını hər gün görməkdədirlər.

- Bugünlərdə isə Ankarada Xocalı soyqırımına həsr olunan park salınması təklifi ilə çıxış etmisiniz...
- Azərbaycanla qardaş əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün əlimdən gələni etmişəm. Bələdiyyə başqanı olarkən İğdırın ən böyük parkına isə ulu öndər Heydər Əliyevin adını verdik və büstünü qoyduq. Azərbaycanın hər anını birgə yaşadıq və indi də yaşayırıq. Bütün bayramları, hüzn günlərini biz də qeyd edirik. Bu günlər Azərbaycanın müstəqilliyinin 25 illiyin qeyd etməsi bizim üçün də qürurvericidir.
Yaxın dostlarımızla qurduğumuz “Dədə Qorqud” vəqfi olaraq Ankarada Xocalı soyqırımı ilə bağlı bir park salmaq istəyirik. Bununla bağlı Ankara Böyükşəhər Bələdiyyəsində və Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu ilə də söhbətimiz olub. Əslində bizim bəyəndiyimiz yer Ankaranın ən gözəl yeridir. Çuxur Anbar adlı bu yerdən gündə bəlkə də bir milyon adam keçir. Deməli, bu parkı onlar da biləcək. İnanıram ki, uğurlu əməkdaşlıq davam edəcək. Yeni layihələr düşünməkdəyik. Azərbaycanla mədəni əlaqələr, medianın, radio-televiziyaların daha sıx əməkdaşlığı qurulmalıdır. Bir-birimizin ortaq tarixini, irsini daha yaxından öyrənməli və gələcək nəsillərə çatdırmalıyıq.

Mehparə Sultanova
Ankara