Mirmövsüm Ağa sadəcə fenomenal şəxsiyyət olub
   
   Bakıda insanların ən çox üz tutduqları müqəddəs yerlərdən biri də Mirmövsüm Ağa ziyarətgahıdır. Digər ziyarətgahlardan fərqli olaraq bu Ağanı ziyarət etmək istəyənlər iki ünvana - Ağanın doğulub, boya-başa çatdığı İçərişəhərdəki evinə və Şüvəlanda dəfn olunduğu məzara üz tutur, onu nicat yeri bilirlər. Ağa Seyid Əli Mirmövsümzadənin vəfatından 54 ildən çox vaxt keçsə də, ötən illər insanların ona olan inamını söndürə bilmədi. Bugünədək alimlər də, sadə siravi insanlar da Ağanın «möcüzə törətmək» qabiliyyətinin nə vaxt, necə, hansı şəkildə üzə çıxmasını, təzahür etdiyini düşünürlər. Və heç kəs də bu sualın cavabını tapmır.
   
   Mirmövsüm Ağa haqqında xatirələr
   
   Ağa haqqında onun ocağının layiqli qoruyucusu, Ağanın kiçik qardaşı Mirkazım Ağanın yeganə qızı Səkinə Qönçə xanımın dedikləri:
   - Əmim 1883-cü ildə İçərişəhərdə, Firdovsi küçəsi 3-də dünyaya göz açıb və ömrünün son günlərinə kimi - 1950-ci il noyabrın 17-dək bu evdə yaşayıb. Əmim anadan olanda göbəyi yaxşı bağlanmadığından qanaxmadan iflic olub. Heç bir təhsili olmasa da, öz müqəddəs duyğusu, intuisiyası ilə müşkülləri açıb, cəddinin və pak dualarının köməyi ilə xəstələrə şəfa, insanlara xoşbəxtlik, fərəh bəxş edib. Bizim nəslimiz elmə, xüsusilə dini elmlərə çox bağlı olub. Onu da deyim ki, böyük əmim Seyid Hüseyn ağa Kərbəlada, atam isə Fransada təhsil alıblar. Hər ikisi dövrün tanınmış şəxsiyyətləri olublar. Ağanın Zeynəb, Fatmanisə və Səkinəqönçə adlı üç bacısı olub. Bacılarından ikisi ailə qurub. Lakin adını daşıdığım Səkinəqönçə xanım bütün ömrünü Ağaya həsr edib. Bacısının vəfatından sonra bərk xiffət çəkən Ağa da çox yaşamayıb. Onlar eyni sərdabədə dəfn ediliblər. 

   Şükufə Məmmədova, Ağanın evində aşpaz olub:
   
   - 1943-cü ilin əvvəli idi. O zaman 18-19 yaşım olardı. Ağanı aparmaq üçün NKVD-dən çoxlu milis və hərbçi gəlmişdi. Onu kreslo qarışıq küçəyə çıxarmışdılar. Bütün İçərişəhər əhalisi yığışmışdı, ağlayırdılar ki, Ağanı niyə və hara aparırlar. Nə qədər əlləşdilər, Ağa mindirilən maşın işə düşmədi. Rəislər tabeliklərində olan işçiləri döyüb-söysələr də, bir şey çıxmırdı ki, çıxmırdı. Axırda ağa özü dilləndi ki, məni hara istəyirsinizsə, öz faytonumla aparın. Bundan xəbər tutan Yemelyanov özü gəldi. O, Mir Cəfər Bağırovun sağ əli, zalımın, əzazilin biri idi. Ağanın tez maşından düşürülüb evinə aparılmasını əmr etdi. Ağa düşən kimi maşın öz-özünə baş alıb üzüaşağı getdi və əncir kimi dağıldı. Yemelyanov sistem işçilərini qovduqdan sonra içəri keçib üzr istəyərək, Ağa ilə səmimi söhbət etdi. Bildirdi ki, Seyid (qeyd: M.C.Bağırovu nəzərdə tuturdu) göndərib, bu bir anlaşılmazlıq olub. Azərbaycanda nə qədər ki, Seyid var, mən varam, kimsə sizə yaxın düşə bilməz.
   
   Ziyarətgah necə tikildi?
   
   Kommunist rejimi dövründə hakimiyyət orqanları Şüvəlanda Ağanın məzarını ziyarət edənlərə qarşı hər cür maneə törədirdilər. Əlbəttə ki, ziyarət edənlərin rahatlığı üçün minimal şərait yaratmaq, abadlıq işləri aparmaq müşkül məsələ idi. Lakin təəssübkeş, haqsevər, heç bir hədə-qorxudan çəkinməyən insanlar nəinki bu barədə düşünürdülər, hətta 1992-ci ilin fevral ayında fədakar şüvəlanlılardan bir qrup kənd sovetinə toplaşıb Mirmövsüm Ağanın son mənzilinin abadlaşdırılması üzrə ən vacib işlərin planını müəyyənləşdirdilər. Ziyarətgah müdiriyyətinin sədri Hacı Nizam deyir ki, o zaman buraya heç kim gəlmirdi: «Yadımdadır, 90-cı illərin əvvəllərində İranın Məşhəd şəhərində İmam Rzanın məqbərəsini ziyarət etməyə getmişdim. O zaman ilk olaraq düşündüm ki, görəsən, bizdə niyə belə ziyarətgahlar yoxdur? İrandan qayıdan kimi Ağanın qəbri üstündə tikinti işlərinə başladım. Yeddi il ziyarətgahın tikilməsində fəhlə kimi işlədim». Beləliklə, Hacı Nizamın təşəbbüsü ilə Hacı Şərif və Tahir Quliyev də ona qoşulur. Onu da qeyd edək ki, həmin vaxtdan başlayaraq Hacı Nizam ömrünü bu ziyarətgahın tikintisinə həsr edib.
   İki il keçir və fədakar adamların səyi ilə, nəzir gətirən zəvvarların vəsaiti hesabına əzəmətli abidə yaranır. Hacı Nizam və onun məsləkdaşları qarşıya belə bir məqsəd qoydular ki, onların düşündüyü tikintilər, memarlıq ünsürləri, ifrat təmtəraqdan uzaq, sadə, gözəl və əzəmətli, Ağa Seyid Əlinin xatirəsinə layiq olmalıdır. Və buna nail oldular.
   
   Ziyarətgah kompleksi
   
   Qeyd edək ki, 1995-ci ildə Novruz bayramı ərəfəsində Seyidin türbəsinin açılış mərasimi keçirilib. Bütün tikililər heç bir xüsusi layihə olmadan inşa olunmuşdu. Türbənin içəri görkəmi, interyeri xüsusilə yaraşıqlıdır. Günbəz və divarlar üzərində müqəddəs adlar «Allah», «Məhəmməd», «Əli» nəqş edilmiş, rəngarəng ayna parçalarıyla naxışlanmışdı. Günbəzin iç tərəfində ayna parçaları ilə on iki imamın adları nəqş edilib, günbəzin başında Türkiyədə hazırlanmış nəhəng çilçıraq asılıb.
   Eşikdə olan günbəz saxsı ilə döşənib. Onun baş hissəsini üzərində «Allahu Əkbər» yazılan qızıl medalyon tamamlayır. Bu, Azərbaycanda yeganə binadır ki, belə simvolikası var. Türbənin divarları, döşəməsi, pillələri, Seyidin kiçik qardaşı Mirkazım Ağanın məzarının üstü boz Daşkəsən mərmərilə döşənib. Son illər ərzində türbə ilə yanaşı, kişilərin namaz qılması üçün məscid, nadir quruluşlu hovuz tikilib. Hovuz səkkizguşəli, həm də divarları mailidir. Bu da texniki cəhətdən mürəkkəb işdir. Hazırda da ziyarətgahda tikinti işləri davam edir. Belə ki, ikimərtəbəli olması nəzərdə tutulan türbənin birinci mərtəbəsində təmir işləri gedir. İşlər yekunlaşandan sonra birinci mərtəbədə qadınlar, ikinci mərtəbədə isə kişilər ibadət edəcəklər. Türbə ilə üz-üzə «yetimxana» binası tikilib. O da layihəsiz inşa edilib, nəticədə üçmərtəbəli, milli üslubda işlənmiş, geniş eyvanlı, tağlı keçidləri, girəcəyində otuz metrlik beton estakadası olan imarət meydana gəlib. Binanın damı konus şəklindədir, Dubaydan gətirilmiş firuzəyi rəngli saxsı ilə döşənib. Birinci mərtəbədə çayxana, yardımçı otaqlar, ikinci mərtəbədə qadınların namaz qılması üçün otaqlar yerləşir.
   Üçüncü mərtəbəni ziyarətgah müdiriyyətinin kabineti tutur və burada demək olar ki, hər gün xarici qonaqlar, səfirlər, elm və mədəniyyət xadimləri, müxtəlif millət və məzhəblərin nümayəndələri qəbul olunur. Memoriala daxil olan digər tikili zəvvarlar üçün mehmanxanadır. Hacı Nizam deyir ki, mehmanxanada rayonlardan və digər yerlərdən gələn 100 nəfər zəvvarın qalması nəzərdə tutulub.
   
   İslam dininə olduğu kimi əməl edildiyi və təbliğ olunduğu məkan
   
   Bakıda olan digər müqəddəs ocaqlardan fərqli olaraq, Mirmövsüm Ağa ziyarətgahında bütün xidmətlər pulsuzdur. Burada yaradılan, qurulmuş və qurulan nə varsa, Seyidin vəsaiti, camaatın nəziri və ianəsi hesabına əmələ gətirilir. Əgər insanlar dünyadan getmiş kiminsə ruhuna Yasin oxutdurmaq istəsələr, bu, pulsuz yerinə yetirilir. Və ya «Qurbangah»da qurban kəsdirmək istədikdə, qoyunun kəsilməsi, dərisinin soyulması, içalatının çıxarılıb yuyulmasıından tutmuş, ətin doğranmasına qədər bütün xidmətlər pulsuz yerinə yetirilir. Burada iş elə səliqəli qurulub ki, qurbanlıq kəsdirənlər heç bir əziyyət çəkmir. Qurban kəsdirmək istəyən hər kəs qoyunu kəsilmə otağına verdikdən sonra öz talonunu alıb gözləmə otağına keçir. Yalnız qurban soyulub-doğranandan sonra hər kəs növbə ilə öz nəzirini götürür. Nəzir, üzərinə «Mirmövsüm Ağa ziyarətgahı» yazılmış xüsusi selofanlarda ziyarətçiyə təqdim olunur. Bütün bu xidmətlər üçün heç bir pul ödənmir. Zəvvarların qalması üçün nəzərdə tutulan mehmanxana da pulsuzdur.
   Hacı Nizam deyir ki, işlərin bu formada yerinə yetirilməsi yalnız paklıqdan irəli gəlir: «Ziyarətgahda bütün Azərbaycan xalqının əməyi var. Bu kompleksi tikərkən heç kəsdən fərdi yardım almamışıq. Bura Azərbaycanın hər bir məkanından ziyarətə gəlirlər və ziyarətgah bütün Azərbaycan xalqının əməyi hesabına tikilir. Ona görə də burada bütün xidmətlər xalq üçün pulsuzdur».
   Hazırda Mirmövsüm Ağa adına gələn nəzirlərin hesabına 600 nəfərə qədər imkansız insan təmin olunur və onlar hər ay bu müqəddəs ocaqdan öz paylarını alırlar. Xeyriyyəçilik bununla bitmir. Seyid Ağa adına yığılan nəzirlərdən bu günə qədər neçə-neçə gənc ailənin təməli də qoyulub, onlara el adətincə toy edilib. «Ağa adına gələn hər bir nəzirin öz ünvanı var» - deyir Hacı Nizam: «Xalçalar, yun yorğanlar gətirirlər, bunları hərbi hissələrə, ailə quranlara veririk. Qızıllardan da yeni ailə quranlara veririk. Bunlar xalq tərəfindən Ağa adına gələn nəzirlərdir və ehtiyacı olan insanlara da verilməlidir».
   
   Mehriban Əliyevanın bəxşişi
   
   Heydər Əliyev ziyarətgahda dörd dəfə olub. İlham Əliyev və Mehriban Əliyeva da ziyarətgaha tez-tez gəlirlər. Hacı Nizam deyir: «Bu ailənin dinə yüksək etiqadı və inamı var. Mehriban xanım hər dəfə ziyarətgaha gələndə mənə deyir ki, bu qədər işlərin görülməsinə necə nail olmusan». Hacı otağında üzərində Mirmövsüm Ağanın təsviri olan xalçanı göstərərək, bunun ziyarətgaha Mehriban Əliyeva tərəfindən bağışlandığını deyir: «Bu xalça görkəmli xalça ustası Kamil Əliyev tərəfindən toxunaraq Heydər Əliyev Fonduna bağışlanıb. Mehriban xanım onu özü ilə gətirərək dedi ki, xalçanın yeri buradır».
   
   Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar