“Bu kino ki, var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də vacib”. Məşhur filmdəki sözlərlə başlamaq istədim ilk yazıma.
   
   Zamanı özündə tutub saxlayan, milli koloritimizi, mənəviyyatımızı özündə birləşdirib əks etdirən filmlərimizin və onları yaradıb can verən, araya-ərsəyə gətirənlərimizin bayramıdır bu gün. Elə bu bayram günündə kinolarımızın dünyaya göz açdığı, böyüyüb başa çatdığı müqəddəs məbədi - C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasını ziyarət edib iş prosesi ilə yaxından tanış olmaq məqsədiylə şələ-küləmi - diktafonu, fotoaparatı qoltuğuma vurub düşdüm adıçıkilən məkanın canına. Yeri gəlmişkən onu da qeyd edim ki, bu mənim kinostudiyaya ilk “səfərim” deyildi. Hələ ilk dəfə burada olarkən gördüyüm uzun, qaranlıq dəhlizlər, uçuq-sökük divarlar, kəskin rütubət qoxusu məndə keçmiş dövrlərin təəssüratını yaratmışdı. Kino işçiləri ilə dəhlizdə rastlaşmaq, filmlərimizdəki məşhur insanlarla salamlaşıb söhbət etmək...özümü lap o dövrün kinolarının içinə düşmüş kimi hiss etmişdim. Bu yeri o qədər çox sevmişdim ki, hər gün kinostudiyaya gedib dəhlizlərində dolaşmaq və sevimli kino işçiləri ilə o dövrün kinolarından söhbətlər etmək arzusu yaranmışdı məndə.
   Ötən günlərdə işə gələrkən kinostudiyanın həyətində “İlahi məxluq” filmi üçün qurulmuş obyekt diqqətimi cəlb etmişdi. İlk dəfə idi ki, film çəkilişini izləyirdim, tez redaksiyaya qalxıb fotoaparatı götürüb balaca bir reportaj hazırlamaq istəsəm də arzum ürəyimdə qalmışdı. Mən yuxarı qalxıb düşənədək artıq rejissor başqa obyekt axtarışına getmiş, gördüyüm obyekt isə dağıdılmışdı.
    Nəhayət, bu gün o arzunu reallaşdırmaq üzrə idim. Kinostudiyadan reportaj hazırlayacaqdım. Kino haqqında yazacağım ilk yazı, özü də kino günündə...bundan gözəl xoşbəxtlik?..
   
   Ən maraqlı - “Kostyum və rekvizit” sexi
   
   Elə 1-ci mərtəbədə qarşıma çıxan “Kostyum və rekvizisiya sexi” oldu. Qapını açıb içəri keçdim. Qapının ağzında balaca kəcavə, ətrafında mütəkkələr. Küncdə bədənnüma güzgü... Deyəsən, gəlişimdən hələ heç kəsin xəbəri yox idi. İç-içə olan bu otaqlardan birinə keçib içəridəki işçilərlə tanış oldum. Kostyum sexinin ustası Həyat Həsənova, Mehriban Ağayarova burada gedən gündəlik iş proseslərindən, rekvizit üzrə qurulan dekorasiyalardan danışaraq məlumatlar verirdilər. Daha sonra sexin rəisi Mehriban Əfəndiyeva gəlib bizi içəri otaqlarla tanış etdi. Kinomuzun ilk günündən bu gününədək çəkilmiş bütün filmlərdə istifadə olunan kostyumların yerləşdiyi otağa daxil olduq. Yenə bayaqkı hisslər. Ayağımı qapıdan içəri qoymağımla mühitin dəyişməsi, özümü bir anlıq kino dəmində hiss etməyim də bir oldu. Sehirli xalatı əynimə geyinib, “Bəxt üzüyü”ndəki Söylünün “2 metr” enliyində paltarının, “Sehirli xalat”da Ağahüseyn Cavadovun sehrbaz falçı geyiminin, bir sözlə bütün filmlərimizdəki geyimlərin canlı şahidi idim, özü də ekran arxasından yox, canlı olaraq onlara toxunub həmin aktyorları gözlərim qarşısında təsəvvür edə bilirdim. Bu yerdə məni “görməmiş” deyə adlandırmayın, yox, əsla. Bu hissləri ilk dəfə kinodan yazan adam olaraq yaşamaq başqa bir aləmdir.
   Sonra kostyum otağından çıxıb əntiq əşyalar, balaca heykəllər, 1930-50-ci illərin oyuncaqları yerləşən otağa keçdik. Mehriban xanım: “Buradakı əşyaların əksəriyyətinə yalnız əntiq mağazalarda rast gəlmək olar. Amma biz onları burada qoruyub saxlayırıq. Demək olar ki, bura da bir muzeydir. Yalnız bir fərqi var, bu muzey hazırda da canlı olaraq yaşayır. Bura məktəblərdən şagirdlər də gəlib tanış olurlar. Xarici səfirliklərdən də qonaqlarımız olub. Onlar burada milli geyimlərimizlə şəkillər çəkdirirlər. Hətta ABŞ səfiri qonağımız olarkən buradakı geyimlər onun çox xoşuna gəlmişdi. “Absurdistan” filminin rejissoru Fayt Helmer də əsas geyimləri bizim sexdən götürmüşdü. O bütün dünyanı gəzmişdi, amma yalnız bizim geyimlərdəki rənglərin təbiiliyi, gözəlliyi onu cəlb edə bilmişdi. Mən özüm də o filmdə geyim üzrə rəssam idim”.
   Doğrudan da, bizim milli geyimlərimizdə insanı özünə cəzb edən hansısa bir qüvvə var idi. İnsana müsbət enerji ötürən milli geyimlərimizə baxdıqca, doymaq olmurdu. Bu otaqlar məndə xoş və unudulmaz təəssüratlar yaratmışdı. Buradan çıxıb başqa bir otağa keçmək və təəssüratları dəyişmək heç istəmirdim.
   
   Rəssam işi
   
   Növbəti qonağı olduğum otaq rəssamların işlədiyi otaq idi. İçəridə maraqlı rəsm əsərləri, “Ziyarət” filminin rekvizitləri var idi. Burada qarşıma çıxan ilk adam filmlərdə dekor-rəssamı işləyən İlyas Səfərov oldu. O, bu vaxtadək işlədiyi filmlərdən danışdı: “Artıq 1988-ci ildən bu sahədə çalışıram. Sonuncu dəfə “Cavad xan” filmində işləmişəm. Bəzilərini dekorasiyada, bəzi səhnələri isə naturada işlədik. Sonra Eldar Quliyevin “İstanbul reysi”, Yavər Rzayevin “İlahi məxluq” filmlərində işləmişəm. Hal-hazırda isə Ülviyyə Könülün “Vəkil hekayətləri” filmi ilə məşğuluq. Ümumiyyətlə, kinoda işləmək mənim üçün çox maraqlıdı. Hər bir an, hər bir nüansın öz zövqü var. Amma bununla yanaşı, filmdə çalışmaq, həm də çox çətindir. Gərək bu işlə məşğul olan insan bu sənətə bağlı olsun, kinoya canını qoysun. Yoxsa ay nə bilim «yaxşı iş tapanadək 1-2 ay işləyim» demək olmaz!”
   Belə görürdüm ki, doğrudan da elə burada adi işçisindən tutmuş rejissoruna kimi hamısı bu sənətə bağlı insanlar idi. Hərə öz işindən, filmlərdən elə vəcdlə, cani-qəlbdən danışırdı ki, sanki dünyada ona əziz olan hansısa bir müqəddəs varlıqdan bəhs edirdilər.
   
   “Buta”da geyim
   
   Dəhlizlə irəli gedirdim ki, bir otağın səsi-küyü məni özünə cəlb etdi. “aha, deyəsən, buradan da nəsə yazmaq olar” deyib içəri daxil oldum. Qadınlar bir yerə yığışıb söhbət edirdilər. Burada qarşıma çıxan isə “Buta” filminin geyim üzrə rəssamı Şamil Həsənov oldu. Özümü təqdim edib iş prosesi ilə tanış olmaq istədiyimi deyəndə, Şamil bəy “siz sual verin, mən cavab verim” deyib “yaralı yerimə” toxundu. Beynimdəki yorğunluq hissini qovub sual axtarışı komandasını vermək istəyirdim ki, Şamil bəy dedi: “Deyəsən, birinci dəfədir kinodan yazırsınız. Odur ki, mən sizə gərək ilk növbədə kinodan və geyim üzrə rəssamın işinin nədən ibarət olduğundan danışam”. Elə bil cin beynimə vurdu. Özüm-özümə «səbirli ol» deyib “xam, bisavad” rolumu oynamağa davam etdim. Arabir bu rolu oynamaqdan böyük zövq alıram. Sənin bildiklərini sənə danışırlar və sən də əsl aktrisa kimi susub, guya heç nədən xəbərin yoxmuş kimi maraqla dinləyirsən. Dərsdə gündə milyon dəfə eşitdiyim “kinoda rəssam işi” mühazirəsini bir daha təkrar olaraq dinləməli oldum. Axı Şamil müəllim bilmirdi ki, mən ADMİU-nun ssenari ixtisasının tələbəsiyəm... Nəhayət, mühazirə bitdikdən sonra Şamil Həsənov “Buta” filmindəki işindən danışmağa başladı: “Ssenarini oxuduq, obrazları necə görürüksə, elə də eskizləri hazırladıq. Sonra aktyorları seçib, əyninə geyimlər tikilir, yaxud hazır alırıq. Düzdü, kostyum cəhətdən bir az kasıbıq, amma “Buta” filmi üçün geyim tapmaq elə də çətin olmadı. Çünki burada kənd həyatından bəhs edilir, o qədər də müasir geyimlərə ehtiyac yoxdur. Bəzən elə də olur ki, başqa filmlərdə işlədilən geyimlərdən də istifadə edirik. Məsələn, geyimlər var ki, “Hökmdarın taleyi” filmindəki kütləvi səhnələrdəki paltarlardan istifadə etmişik, çünki o geyimlər bir az bəzəksiz olduğundan, uyğun gəlirdi. Amma bir çətinliyimiz də var, indi yaydı, bizə isə qış geyimləri lazımdı. Bu dəqiqə qalın qış corabları satan yoxdu, toxuyan da azdı. Sonra məsələn, bizə 8 yaşında tutaq ki, oğlan uşağı üçün köynək lazımdı. Satılan köynəklərin də demək olar ki, əksəriyyəti ağ məktəbli köynəkləridi. İstədiyimiz köynəyi də almaq üçün gərək həmin ağ köynəyi alıb ona müxtəlif rənglər qataq”.
   Artıq “Buta” filminin də çəkilişlərinə çox az müddət qaldığı üçün geyimlər yığılmışdı. Sağollaşıb onlardan ayrılıram.
   
   Bu diktafon ki var...
   
   Artıq neçə saat idi ki, kinostudiyada idim. Axşam da Kino İttifaqında “Qala” filminə baxmağa gedəcəkdim. Tələsmək lazım idi. Yorğun addımlarla qapısı açıq bir otağın qarşısından keçirdim. Elə gözucu otağa nəzər salmışdım ki, içəridəki çılğın auranı hiss edib yenidən arxaya addımlarla «stop» etdim. Deyirəm, bizimkilərdə də bu nə adətdi ee, əlimdəki diktafonu görər-görməz, elə ilk sualları bu olur: “Uje səsimi yazır? Aaa, yox söndürün, qoy hələ bir fikirləşim də, nə danışacam”. Elə bu gənc oğlanın da qapıda ilk sözü “Hələlik diktafonu söndürün” oldu. İçəri dəvət edib divanda yer göstərdi. Maşallah, divan da divandı haa... “Bizim Cəbiş müəllim” filmindəki divan bu divanın yanında heç nədi. Təkcə bir fərqi var, mən əyləşərkən divandan purjun-filan çıxmadı. Söhbətə başladım. Burada da bayaqkı rolumu oynamağı düşünüb özümü kinodan azca xəbəri olan adam kimi göstərib, gənclərin rahat danışmasını istədim. Yadımdan çıxmamış onu da qeyd edim ki, gələcək qayınanam deyəsən, məni çox istəyəcək, süfrə üstünə gəlib çıxmışdım. İnzibatçı oğlan yeməyini yeyərək assistent kimi işləyən oğlanın danışıqlarına aradabir müdaxilələr edib, şərh verməyi də unutmurdu. Assistent işləyən oğlan da ki, bir dəqiqə dilini dinc qoymadı. Elə bil, jurnalist o olmuşdu, rejissor mən. El dili ilə desək, birnəfəsə sözləri doğrayıb tökürdü. Arabir də diktafona işarə edib: “Yazır o? Vay, vay, vay, bir dəqiqə söndürün də onu” deməyi də unutmurdu. Onlardan çəkilişlər zamanı başlarına gələn maraqlı hadisələrdən danışmağı xahiş edərkən, o başladı: “oooo, o qədər elə hadisələr olub ki... Məsələn, getmişik, obed olmayıb, dağa çıxmışıq su-qaz yox. Yenə səsimi yazır o?”. “Sənin dediklərin problemlərdi, maraqlı hadisələr yox”-bayaqdan başı yeməyə qarışan inzibatçı əlavələrini elədi. Sonra onlarla da sağollaşıb paralel otağa “Buta” filminin rejissoru İlqar Nəcəflə söhbətə icazə alaraq içəri daxil oldum. O, filmindən, aktyor seçimindən danışaraq bildirdi ki, artıq filmin sınaq dövrü bitib: “Çəkilişlər Şamaxının iki kəndində olacaq. Avqustun 1-i, inşallah, çəkiliş yerinə yola düşürük. Artıq aktyorlarla məşqlər də bitib. Bir az uşaqlarla məşq etmək çətindi. Çünki onlar qeyri-peşəkar aktyorlardı deyə, daha çox onlarla işləməli oluruq”.
   
   The End
   
   Artıq axşama doğru yaxınlaşırdı. Gərginlik, yorğunluq da bitmək bilmirdi. Bu qədər bəs edər deyib, pilləkənlərlə aşağı endim. Kinostudiyanın binası böyük olduğundan başqa çıxışdan çıxmışdım. Bir dövrə binanın başına dolanandan sonra, nəhayət ki, yolu tapa bildim...
   
   P. S. Kino günümüz mübarək!!!
   
   Yeganə CANSAİL







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar