Bakıda 300 min adama 1 kitab mağazası düşür
  
   Danılmaz faktdır ki, Azərbaycanda, xüsusilə Bakı şəhərində kitab mağazalarının sayı getdikcə azalır. Əldə etdiyimiz statistika da bunu təsdiq edir. Belə ki, hazırda Bakıda 10-a yaxın kitab mağazası fəaliyyət göstərir. Halbuki sovetlər dönəmində bu rəqəm 150-dən çox olub. Paytaxtda 3 milyona yaxın adamın yaşadığını nəzərə alsaq, təqribən 300 min nəfərə bir kitab mağazası düşür. Görəsən, kitab mağazalarının sayının azalmasının səbəbi nədir: azərbaycanlı oxucuların azlığı, yoxsa kitab biznesinin gəlirsizliyi? Ümumiyyətlə, ölkə insanı bilik mənbəyi adlandırılan kitabları oxuyurmu? Hansı kitablara daha çox maraq var: elmi, bədii, yoxsa dini? Mövcud durumu araşdırmaq üçün Bakıdakı kitab mağazalarının bir neçəsində olduq.
  
  
   Son vaxtlar kitab biznesinə maraq artıb
  
   Kitab dizaynı ilə məşğul olan Vəfadar Əliyev bildirdi ki, Azərbaycanda kitab bazarı kiçik olduğu üçün obyektiv səbəblərdən ölkədə çap edilən kitabın orta tirajı çox aşağı olur: “Məsələn, ölkədə orta tiraj 500 nüsxədir. Bu isə kitabın maya dəyərinə təsir edir. Qiymətin yüksək olması da alıcılıq qabiliyyətinə mənfi təsir göstərir”. Həmsöhbətimizin sözlərinə görə, Azərbaycandakı nəşriyyatların 90 faizi sifarişlə işləyir: “Müəllif əlyazmasını nəşriyyata verir, bütün xərclərini cibindən ödəyir, nəşriyyat da kitabları nəşr etdirir və sifarişçiyə qaytarır. Kitabın satışı müəllifin öhdəsinə buraxılır. O da bir hissəsini dost-tanışa bağışlayır, bir hissəsini kitab mağazalarına verir. Bir hissəsi də “vozvrat” olub qalır arxivində”.
   V.Əliyev hesab edir ki, ölkədə kitab ticarətinin qurulması və reklam olunmaması kitab mütaliə edənlərin sayının azalmasının səbəblərindən biridir: “Deyə bilmərəm ki, bu sahədə vəziyyət bir neçə il əvvəlki kimidir. Son vaxtlar kitab biznesinə maraq artıb. Artıq iş adamlarının kitabla, ümumilikdə çap məhsulları ilə maraqlandığı müşahidə edilir. Bir zamanlar kitab mağazalarını söküb yerində başqa təyinatlı, məsələn, geyim mağazası açırdılarsa, indi hiss olunur ki, kitab mağazaları diqqət mərkəzinə gəlib. Lakin bu diqqət hələlik duruma nəzərəçarpan dəyişiklik etməyə bəs edəcək səviyyədə deyil”. Mütəxəssis dünyada kitab satışının effektinə təsir edən üsullardan da söhbət açdı: “Bir sıra xarici ölkələrdə kafe-kitab mağazalarına rast gəlmək mümkündür. İnsanları kitab almağa cəlb etmək üçün mağazanın xaricində kafe təşkil olunur. Yaxud da elə kitab mağazaları var ki, müştərilər orada oturub saatlarla kitab oxuya bilər. Təəssüflə qeyd etməliyik ki, Bakıda fəaliyyət göstərən çox az sayda kitab mağazalarının heç birində bu şərait yoxdur. «Akademiya» kitab mağazasında kifayət qədər geniş yer olsa da, orada da belə bir şərait yaradılmayıb. Bu isə kitabın qiymətini görüb məzmunundan xəbəri olmayan alıcıların itirilməsi deməkdir».
  
   Elmi kitablara maraq çox azdır
  
   Olduğumuz kitab mağazalarında rastlaşdığımız vətəndaşlarla sorğu apardıq: son bir ildə hansı kitabı oxumusuz? Oxucular ən müxtəlif yazıçıların əsərlərini, dini kitabları qeyd etməklə yanaşı, qiymətlərin baha olmasından, yaxud da axtardıqları kitabı tapa bilməmələrindən şikayətləndilər. Respondentlərimizdən birinin olduqca maraqlı cavabı oldu. Sən demə, minə yaxın kitab oxuyan ortayaşlı bir insanın oxuduğu kitablar arasında bir dənə də bədii əsərin olmaması mümkünmüş. Bu, 50 yaşlı Müşfiq Hüseynovdur: “Deyirlər ki, guya adam bədii kitablar oxumasa, oxuduqlarını qavraya bilməz, mən, vallah, elə gözəl qavrayıram ki. Gərək adam nə oxuduğunu, niyə oxuduğunu bilsin, onda qavramaq asan olar. İndiki gənclərimizə bir məsləhətim var: bir istiqamətdə inkişaf etməyə çalışsınlar. Yeddi dərənin suyunu bir-birinə qatsalar, hər şeydən yarımçıq qalacaqlar”. Sorğunun ortaya çıxartdığı bir məqam isə ən az oxunan kitabların elmi əsərlər olması oldu. 10-a yaxın vətəndaşdan yalnız M.Hüseynov elmi kitab oxuduğunu bildirdi.
   Araşdırmamız zamanı o da aydın oldu ki, kitab mağazaları başqa ölkələrdən də sifarişlə kitab gətirdirlər. Lakin oxucular deyirlər ki, bəzən onlara lazım olan kitabı sifariş vermək istəyəndə problemlə üzləşirlər. Bu hal ən çox elmi kitablarla bağlı olur. Belə problemlə rastlaşan oxuculardan bəziləri internetin xidmətindən istifadə edirlər. Lakin nəzərə almaq lazımdır ki, internetlə kitab sifarişi daha baha gəldiyi üçün üçün bundan istifadə edənlərin sayı çox azdır.
  
   Kitabın tərtibatı onun qiymətinə təsir edir
  
   İstər mağazalarda, istər səyyar satış nöqtələrində daha çox satılan kitablar əsasən sovet dövrünün məhsullarıdır, qiymətləri də elə baha deyil. “İllər əvvəl 5 manata satılan kitabı indi 3 manata satanda sevinirəm”. Bunu “Gənclik” metrosunun çıxışında kitab satışı ilə məşğul olan Raqib deyir. Həmçinin qeyd edir ki, alıcılardan asılı olaraq qiymətlər həm arta, həm də azala bilər: “Bəzi alıcılar var ki, kitabı sifariş edir, sifarişlə gətirilən kitab isə başqalarına nisbətən baha olur. Baha deyəndə ki, söhbət 1-2 manatdan gedir. Bəzən alıcının sifarişinə uyğun dərs kitabları da tapırıq. Amma dərs kitablarını tapmaq çətindir, köhnə dərsliklər az adamın evində qalıb, əksəriyyəti də rus dilindədir”.
   Raqibin sözlərinə görə, alıcılar arasında qadınlar üstünlük təşkil edir. Onlar ən çox məhəbbət romanlarına maraq göstərirlər. Kişi alıcılar detektivləri seçirlər. Uşaq ədəbiyyatına da maraq var, amma valideynlər uşaqlarına daha çox yeni çapdan çıxan kitabları alırlar: “Halbuki köhnə uşaq ədəbiyyatı olduqca maraqlıdır. Bizim vaxtımızda “Afrika nağılları”, “Kapitan Qrantın uşaqları”, “Dor ağacı” kimi uşaq kitabları vardı ki, oxumaqla doymaq olmurdu. İndi nə o kitablar var, nə də onlarla maraqlananlar. İndi elə nağıl kitabları satılır ki, 5-6 vərəqdir, onun da cəmi 1-2 vərəqi nağıldır, qalanları əcaib-qəraib şəkillərlə doludur”. Bir şeyi də aşkar etdik ki, uşaqlar üçün nəzərdə tutulan kitabların qiyməti digər kitablara nisbətən bahadır: “Qiyməti müəyyənləşdirən amillər sırasında kitabın tərtibatı xüsusi əhəmiyyət daşıyır. Başqa sözlə, uşaqları da, onların valideynlərini də cəlb etmək üçün müxtəlif üsullardan istifadə olunur. İndi artıq uşaqlar üçün nağıl kitablarının musiqilisinə də rast gəlmək olur. Uşaq kitabı açır, onu mətndən əvvəl musiqi sədaları salamlayır və bütün səhifələri musiqi sədaları müşayiət edir. Təbii ki, belə kitablar balacalar üçün maraqlı görünür. İçində yazılanlardan daha çox, musiqini dinləmək üçün alınan kitabların qiyməti də ucuz deyil, 9 manatdan 12 manatadəkdir”.
   Nağıl kitabları arasında ucuzluğu ilə fərqlənən xarici ölkə müəlliflərinin tərcümə edilmiş kiçikhəcmli əsərləridir. Bir neçə vərəqdən ibarət olan bu kitablar az qala birdəfəlik istifadə üçün nəzərdə tutulub. Kitabın keyfiyyətsizliyi baxan kimi seçilir. Nağıla çəkilən şəkillər isə məzəli görünüşü ilə heç də ciddi təsir bağışlamır. Bu kitabların qiyməti 1 manatdan başlayaraq 3 manata qədər dəyişir. Satıcılar bildirirlər ki, valideynlər daha çox belə kitabları almaqda maraqlıdır, amma uşaqlar qalın üzlüklü, şəkilləri bol olan kitablara üstünlük verir. “Valideynlərin əksəriyyətinin imkanı uşaq üçün 10-12 manat verib kitab almağa çatmadığından 1-3 manatlıq kitablarla onların başını qatmağa çalışırlar” deyə Raqib bildirir. Həmsöhbətimiz yerli çap məhsullarının arasında da tərtibatına görə fərqlənən, diqqəti cəlb edən kitabların olduğunu vurğuladı. Raqib onu da bildirdi ki, hazırda kitab bazarında Rusiyada balacalar üçün çap olunan kitablar keyfiyyətinə görə daha böyük maraqla qarşılanır, yerli mallar qiymətinə görə ucuzluğu ilə fərqlənsə də, keyfiyyət baxımından çox zaman rəqabətə davam gətirə bilmir.
  
   Dini kitabların satışı artıb
  
   Araşdırmamız zamanı o da məlum oldu ki, son vaxtlar dini kitabların satışı xeyli artıb. “Neftçilər” metrosunda çap məhsullarının satışı ilə məşğul olan Eyvaz kişi bildirir ki, alıcılar arasında üstünlüyü gənclər təşkil edir: «Orta yaşlılar dini kitablara meyil göstərmirlər. Bir də gənclərin detektiv əsərlərə marağı çoxdur”.
  
   Fəxriyyə ABDULLAYEVA