“Təyyarəmiz Füzuli Beynəlxalq Hava Limanına enir. Havanın temperaturu müsbət 13 dərəcədir...”. Bəlkə də, əksər sərnişinlər kapitanın bu elanının ikinci cümləsini xoş qarşılamadı. Oktyabrın 4-ü, payızın bir ayı tamam olmamış bu temperatur paytaxtdan gedənlər üçün qış havası sayıla bilərdi. Amma hava gəmisindən enərkən temperatur 13 yox, 23 dərəcə təsiri bağışladı. Sanki mayın əvvəlləri, bir yaz səhəriydi...
Yaz səhəri demişkən, əslində, 44 günlük Vətən müharibəsinin ilk qazi şəhəri Cəbrayıl bu günlərdə özünün baharını yaşayır. 31 illik ayrılıqdan sonra sakinlər doğma yurda qayıdırlar. Ziyarət dağının ətəyində qərar tutan, 27 il sürən işğal zamanı düşmən tərəfindən yerlə yeksan edilən şəhər hazırda böyük quruculuq meydanına çevrilib. Onlarla ailənin yurd nisgilinə son qoyulub, digər sakinlərin də mərhələli şəkildə qayıdışına hazırlıq görülür...
Füzuli aeroportunda əyləşdiyimiz avtobuslar yüksək keyfiyyətlə çəkilmiş yolla Cəbrayıla doğru şütüyür. Zaman bir göz qırpımında keçir. Daha bir təpəni aşırıq və şəhərin yeni salınan yaraşıqlı binaları görünür. Cəbrayıl şəhərindəyik. Bu qədim yurd yeri Azərbaycanın ən yeni tarixində təqvimə düşən şanlı günlərdən birində – Cəbrayıl Şəhəri Günündə qonaqlarına qucaq açır. Düz dörd il öncə bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdi. Cəbrayılın qurtuluşu digər şəhər və kəndlərimizin də azad olunacağının müjdəçisi idi.
44 ilə bərabər o 44 gündə xalqımıza zəfər soraqlı xəbərləri şəxsən özü çatdıran Ali Baş Komandan tarixi Qələbəmizi əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixində sərəncam imzaladı. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olundu. Təqvimimizin bu günü əbədi olaraq Cəbrayılın qurtuluşu ilə anılacaq...
***
Cəbrayıl şəhərində, sözün əsl mənasında, bayram ab-havası var. Bir tərəfdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhərdə inşa olunan yaşayış kompleksinin açılışını edir. Yeni evlərə köçən sakinlərə mənzillərinin açarları təqdim olunur. Bir tərəfdə də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl Şəhəri Gününün geniş konsert proqramına son hazırlıqlar görülür.
Paytaxtdan gəlmiş mədəniyyət, elm və ədəbiyyat xadimləri, bədii kollektivlər, media mənsubları qarşılaşdıqları mənzərə barədə təəssüratını bölüşür, bu şəhərdə doğulub boya-başa çatmış insanlar xatirələrini dilə gətirirlər.
Mədəniyyət naziri Adil Kərimli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, digər rəsmilər də uzun illərdən sonra doğma şəhərlərinə gəlmiş insanların sevincinə şərik olur, bu yurdun səfalı təbiəti, aparılan quruculuq işləri ilə bağlı söhbət açırlar.
Cənuba əyilmiş payız günəşi də parlaq şəfəqləri ilə Cəbrayılın növrağına öz töhfəsini verir, bu qədim elin qonaqlarını isti qarşılayır.
Əvvəlcə tədbir iştirakçıları şəhərin yenidən qurulan mərkəzi meydanında bir neçə hissədən ibarət sərgi ilə tanış olurlar.
***
Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə hazırlanan “Zamanın qanadlarında. Cəbrayıl” adlı fotosərgi, həqiqətən, ziyarətçiləri öz qanadlarında keçmişə – ötən əsrin ikinci yarısına, buralarda həyatın qaynadığı dövrə aparır. Rayonun mədəni həyatı, tarixi abidələri, bir vaxtlar barı, bərəkəti ilə ölkəmizdə tanınan təsərrüfat sahələrindən fotoobyektivin yaddaşına köçmüş kadrlar nümayiş olunur. Stenddə eyni zamanda rayonun düşməndən azad olunduqdan sonrakı dirçələn həyatı əksini tapıb.
“Yurdum. Cəbrayıl” adlı rəngkarlıq sərgisində Cəbrayıla ezam olunan rəssamların, həmçinin yerli rəssamların yaratdığı əsərlərdə rayonun rənglərə bürünmüş keçmişi və bu günü təqdim olunur. “Xubyarlı türbəsi” (R.Aslanova), “Qarabağın günəşi” (N.Familsoy), “Cəbrayıl xalçaları” (F.Abbasquluzadə), “Qoca çinar” (M.Kərimov), “Xudafərin” (Z.Babayeva) və digər əsərlər ideya-bədii cəhətdən diqqətəlayiq nümunələrdir.
Cəbrayıl rayonu öz xalçaları ilə də məşhurdur. Azərbaycan Milli Xalça Muzeyinin daimi kolleksiyasından ənənəvi üsulla toxunan xalçalar və xalça məmulatları təqdim edilir. Burada Cəbrayılın “Qasımuşağı”, “Qaraqoyunlu”, “Bəhmənli”, “Çələbi” və s. qədim xalçalarının replikaları nümayiş etdirilir.
“İrsimiz. Ruhumuz. Xudafərin” adlı sərgi xüsusilə maraq doğurur. Cəbrayılın rəmzi sayılan Xudafərin körpüləri əsrlər boyu Arazın iki sahilini birləşdirən tarixi tikililər olub. Körpülər Orta əsr Azərbaycan memarlığının mühüm elementlərini əks etdirir. Sərgidə 11 aşırımlı Xudafərin körpüsünün kiçik modeli rəssamlar tərəfindən işlənirdi. Körpünün qədim tarixi ilə yanaşı, burada rəssamların özünəməxsus üslubu və tərzi də nümayiş olunur. 11 aşırım modelini qırmızı xətt qismində birləşdirən ümumi motiv Azərbaycan kəlağayısıdır. Bu seqment milli irsimizin incə nümunəsini göstərməklə bərabər, tarixi İpək Yolunun inkişafında Xudafərin körpülərinin əhəmiyyətini də vurğulayır. Burada görkəmli xalçaçı-rəssam Fazil Abbasquluzadə, Əməkdar rəssam Vüqar Əli və başqaları Xudafərin körpüsü kompozisiyası üzərində həvəslə işləyirdilər.
Sərgi məkanında qurulmuş xüsusi bir guşədə isə poeziya nümunələri söylənilir, musiqilər səsləndirilirdi. Şair-dramaturq İlqar Fəhminin ssenarisi üzrə Şuşa Dövlət Musiqili Dram Teatrının təqdim etdiyi Cəbrayıl ədəbi-mədəni mühitinə həsr olunmuş kompozisiyada yurda bağlılığı, Vətən oğullarının fədakarlığını əks etdirən ədəbi nümunələr təqdim olunurdu.
Sərgidə “Ekosfera” Sosial Ekoloji Mərkəzi tərəfindən uşaqlar üçün ustad dərsləri də təşkil olunmuşdu. Mərkəzin əməkdaşları uşaqlara tarix və mədəniyyət abidələrimizin maketlərinin hazırlanması, eksponatların bərpası və rəsm çəkməyin sirlərini öyrədirdilər.
***
Sərgilərlə tanışlıqdan sonra geniş konsert proqramı təqdim olundu.
Aparıcılar Vətən müharibəsi haqqında məlumat verdi, Azərbaycan Ordusunun 44 gündə qazandığı Zəfərin tariximizə qızıl hərflərlə yazıldığını, xalqımıza əbədi qürur bəxş etdiyini vurğuladılar.
Ana yurdun tərənnümü əsasında qurulan proqramda ilk olaraq Azərbaycan Dövlət Rəqs Ansamblı “Qarabağ” rəqsini ifa etdi. Xalq Çalğı Alətləri Orkestri Vasif Adıgözəlovun “Bayram süitası”nı, Əməkdar artist Yaqut Abdullayeva Bəhram Nəsibovun “Qarabağ” nəğməsini, Əməkdar artist İlkin Əhmədov “Azərbaycan maralı” xalq mahnısını, aşıq Aqşin Tarıyeloğlu “Ovşarı” saz havasını, xanəndələr Vüsal Zamanov, Güllü Muradova və Rəvanə Qurbanova “Qarabağ şikəstəsi”ni, Əməkdar artistlər Gülüstan Əliyeva Məmmədbağır Bağırzadənin “Cəbrayıl”, Zahid Quliyev İbrahim Topçubaşovun “Dağlarda duman gözəldir” mahnılarını səsləndirdilər.
Həmçinin müğənni İlhamə Qasımova bəstəkar Elza İbrahimovanın “Ey Vətən”, Taleh Hüseynli Elnur Şahmarovun “Cəbrayılım”, Xalq artisti Azər Zeynalov Fikrət Əlizadənin “Vətənim”, Sona Əzizova “El bilir ki, sən mənimsən” (S.Vurğunun “Azərbaycan” şeirindən parça musiqi aranjimanında), “Sazəndə” aşıqlar qrupu Dirili Qurbaninin “Bayatı-şikəstə”, Xalq artisti Samir Cəfərov Cavanşir Quliyevin “Bura vətəndir”, “Renessans” uşaq xoru Rauf Hacıyevin “Azərbaycan” mahnılarını oxudular.
Yenidən səhnədə görünən Azərbaycan Dövlət Rəqs Ansamblı bu dəfə “Zəngəzur yallısı” rəqsi ilə tamaşaçıların zövqünü oxşadı.
Xalq artisti Mələkxanım Əyyubova Rauf Məmmədovun “Yaşa, mənim xalqım” mahnısı ilə konsertin son akkordlarını vurdu. Bütün ifalar alqışlarla qarşılandı.
***
Günün ikinci yarısında Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının repertuarından “Qaraca qız” tamaşası (S.S.Axundov, A.Şaiq) nümayiş olundu. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Əməkdar artist Nofəl Vəliyev, rəssamı Nisə Hətəmova, musiqi tərtibatçısı isə İradə Muradovadır.
Akademik Musiqili Teatr isə Cəbrayıl Şəhəri Gününə Ü.Hacıbəylinin ölməz “Arşın mal alan” tamaşasını ərməğan etdi. Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar artist Nabat Səmədovadır.
Cəbrayıl Şəhəri Günü tədbirləri Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər – Xalq artisti Rüfət Xəlilzadə) möhtəşəm konserti ilə başa çatdı.
Konsert və tamaşalar, sərgilər doğma yurdda yenicə məskunlaşan, sevinc içində olan Cəbrayıl sakinləri və digər qonaqların könlünü oxşadı. Bütün tamaşaçıların, ələlxüsus da, cəbrayıllıların baxışlarında torpaqlarımızı yağıdan azad edən şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram və qazilərimizə minnətdarlıq duyğusu aşkar hiss olunurdu. Elə biz mətbuat nümayəndələrinin də...
Fariz Yunisli
Bakı-Cəbrayıl-Bakı