Sentyabrın 26-da Azərbaycan peşəkar vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün (Murtuza Məmmədov; 1897–1961) vəfatının 63-cü ildönümü tamam oldu. Ecazkar səsi, şaqraq zəngulələri ilə hər kəsi heyran qoyan, bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkarın xatirəsini onun memorial muzeyində yad etdik...

Muzeyin direktoru Fərqanə Cabbarova bizi səmimi qarşılayır. Direktor əvvəlcə muzeyin tarixi haqqında məlumat verir. Deyir ki, muzey Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə yaradılıb. 1982-ci il iyunun 10-da muzeyin təntənəli açılışı olub. Ulu öndər Heydər Əliyev açılış mərasimində iştirak edib. Muzey sahəsi 75 kvadratmetr olan 4 ekspozisiya otağından ibarətdir. Üç otaq memorial olaraq saxlanılıb, biri sərgi otağıdır. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci il sentyabrın 26-dək yaşayıb-yaradıb. Muzeyin fondlarında olan zəngin eksponatlar Bülbülün yarım əsrdən çox öz parlaq istedadını Azərbaycan musiqi sənətinə həsr etməsini inandırıcı surətdə göstərir. Burada müğənninin yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti, Azərbaycan musiqinin bütün sahələrinə aid 9000-ə yaxın material toplanıb.

 

Şuşadakı evin maketi

 

Bülbülün ölməz simasını canlandıran, 1978-ci ildə heykəltaraş Aslan Rüstəmov tərəfindən yaradılan büst muzeyə gələnləri qarşılayır. Girişdə həmçinin fotostendlər nümayiş etdirilir.

Muzeyin divarları Bülbülün səsi ilə dolu olan bir zaman tunelini xatırladır. Burada sərgilənən fotoşəkillər onun həyatının parlaq anlarını canlandırır: gənc Bülbül konsert səhnələrində, tamaşaçıların alqışları arasında...

Fərqanə xanım deyir ki, Bülbül 1897-ci il iyunun 22-də Azərbaycanın musiqi, sənət beşiyi Şuşada dünyaya göz açıb və bu şəhərin ab-havası, sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı üçün bəhrəli zəmin olub: bu gördüyünüz Bülbülün doğulduğu evin maketidir. İndi də muzey kimi fəaliyyət göstərir. 1983-cü il iyulun 29-da Bülbülün Şuşadakı Ev-Muzeyinin açılışı olub. Bu muzey də Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılıb. İşğala qədər muzeydə 400-ə yaxın eksponat qorunub saxlanılırdı. Təəssüflər olsun ki, işğal vaxtı muzeydən heç bir eksponatı çıxarmaq mümkün olmayıb. Vətən müharibəsindən qısa müddət sonra, 2021-ci ildə muzey fəaliyyətini yenidən bərpa edib. Muzeyin yenidən açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak ediblər. Həmin açılışdan şəkillər muzeydə nümayiş olunur. Onu da deyim ki, Bülbülün evinin həyətindəki o tut ağacı indi də qalmaqdadır. Balaca Murtuza həmin ağacda əyləşib bülbülləri təqlid edirdi. Ona görə xalq ona 8 yaşında ikən Bülbül adını verib”.

Muzeyin birinci otağı – yataq otağındayıq. Bülbülün sağlığında olduğu kimi saxlanılmış otaqda sənətkara aid yataq mebeli, kostyumu, divarda ailəsi ilə fotoşəkilləri və görkəmli rəssam Nadir Əbdürrəhmanovun Şuşa mənzərəsi məkanı bəzəyir. Yataq mebeli Bülbülün gözəlliyə qiymət verən yüksək zövqünü göstərir. Mebel o vaxt Bülbül tərəfindən Almaniyadan gətizdirilib.

 

Vətənə tələsən Bülbül...

 

Qonaq otağındakı eksponatlarla tanış oluruq. Bu guşənin əsas eksponatları Bülbülün yaradıcılıq həyatındakı dəyişikliklərdən bəhs edən sənədlərdən, ona həmkarları və dostları tərəfindən bağışlanmış hədiyyələrdən, sənətkara məxsus “WEINBACH” markalı royaldan, Bülbülün xaricdə çəkdirdiyi şəkillərdən ibarətdir.

Həmsöhbətim qeyd edir ki, muzeyi ziyarət edən qonaqların diqqətini ən çox cəlb edən eksponatlardan biri İtaliyada nəşr olunan məşhur musiqi jurnalı “Arte Nostra”nın nüsxəsidir. Dərginin 1931-ci ildə işıq üzü görən bir nömrəsində Bülbülün böyük portreti və onun haqqında məqalə dərc olunub. Məqalədə bu sözlər deyilirdi: “Müsəlman aləmindən olan ilk azərbaycanlı vokalçı Bülbül İtaliyaya təhsil almaq üçün gəlmiş və spesifik Şərq oxuma tərzindən Avropa oxuma məktəbinə keçmişdir. 4 illik təhsil geridə qalmışdır. Maestro Qrani Bülbülün İtaliya tədris metodikası və italyan ifaçılıq məktəbini mükəmməl öyrənməsini etiraf etdikdən sonra Bülbül əldə etdiyi biliyi xalqa çatdırmaq, iki məktəbin sintezini həyata keçirmək üçün Vətənə tələsir. Belə bir sintezin mümkün olduğuna və parlaq nəticə verdiyinə Bülbülün öz yaradıcılığı çox gözəl sübutdur”.

Bu otaqda vaxtilə bir sıra görkəmli yazıçı, şair və bəstəkarlar qonaq olub. Onlar üzərində ürək sözləri yazılmış şəkillərini, notlarını və kitablarını Bülbülə hədiyyə ediblər.

 

“Eddison” fonoqrafı, “Becker” pianosu...

 

İndi isə muzeyin üçüncü – iş otağındayıq. Fərqanə xanım bildirir ki, məhz bu otaqda Bülbül yeni konsert proqramları hazırlayır, yeni obrazlarını məşq edir, Azərbaycan musiqisinin inkişafına dair yeni fikirlər irəli sürürdü. Burada Bülbül elmi məqalə və məruzələr yazır, elmi konfranslara, vokal müşavirələrinə hazırlaşır, Azərbaycan vokal sənəti nəzəriyyəsini işləyir, milli vokalçı kadrların təlimi üçün dərs vəsaitləri tərtib edirdi: “Bülbül 1932-ci ildə Elmi-Tədqiqat Musiqi Kabinetini (ETMK) yaradıb. Kabinetin əsas məqsədi Azərbaycanın rayonlarına səpələnmiş xalq mahnılarını toplamaq və notlara köçürmək idi. Kabinet tərəfindən 500-ə yaxın xalq mahnısı toplanaraq notlara köçürülüb. Həmin mahnılar bu gördüyünüz “Eddison” adlı fonoqraf vasitəsilə yazılırdı. Bu fonoqrafı Bülbül 1932-ci ildə indiki Sankt-Peterburq şəhərindən gətirib”.

Otaqda diqqətçəkən eksponatlardan biri də “Becker” pianosudur. Piano XX əsrin 30-cu illərində hökumət tərəfindən Bülbülə bağışlanıb.

Otaqda həmçinin Bülbülün şəxsi kitabxanası da yerləşir. Burada 400-dən çox kitab qorunur. Muzeyin direktoru söyləyir ki, Bülbül dahi şair və mütəfəkkir Nizami Gəncəvini çox sevdiyindən şəxsi kitabxanasında onunla bağlı kitabları daha çox görmək olar.

Bundan başqa, iş otağında Bülbülün radiosu, ETMK-nın materialları, yazı stolu, Azərbaycan SSR Ali Sovetində deputatlıq fəaliyyəti haqqında sənəd və şəkillər, ictimai xadimlərin Bülbülə bağışladığı hədiyyələr nümayiş olunur.

***

Muzeyin sonuncu otağındayıq. Həmsöhbətim deyir ki, bura vaxtilə uşaq otağı olub, hazırda isə sərgi zalı kimi fəaliyyət göstərir. Otağın tematikası Bülbülün xalq xanəndəsindən professional vokal ustasına kimi keçdiyi böyük bir yaradıcılıq yolunun ifadəsidir.

Sərgi otağında 1920-ci ildə Bülbülün ilk dəfə Kərəm rolunda çıxış etdiyi “Əsli və Kərəm” muğam operasının afişa-proqramından tutmuş sənətkarın xatirəsini əbədiləşdirən vitrinə kimi xronoloji ardıcıllıqla tərtib edilib.

Bu otaqda həmçinin Bülbülün aldığı mükafatlar, fəxri fərmanlar, dəvət olunduğu dövlət əhəmiyyətli tədbirlər, çıxış etdiyi yubiley tədbirləri və rol aldığı opera tamaşalarından şəkillər, II Dünya müharibəsi dövrünə aid yaradıcılıq materialları, o cümlədən, Stalinin Bülbülə ünvanladığı iki təşəkkür teleqramı, deputat vəsiqələri və s. nümayiş olunur.

 

“Bülbülün qonaqları”

 

Bu ilin əvvəlindən başlayaraq muzey tərəfindən “Bülbülün qonaqları” adlı layihə həyata keçirilir. Muzeyin direktoru bildirir ki, Bülbül çox qonaqpərvər insan olub. Hər gün, demək olar ki, onların evində məşhur insanlar qonaq olarmış: “Biz də düşündük ki, belə bir layihə həyata keçirsək, maraqla qarşılanar. Elə fikirləşdiyimiz kimi də oldu. Layihə bu ilin sonunadək davam edəcək”.

Paytaxtın Xaqani küçəsi 43 ünvanında yerləşən muzey həftənin bütün günləri ziyarət üçün açıqdır. Muzeyə giriş ödənişsizdir.

Muzeydən xoş təəssüratla ayrılırıq və bu ocağın təkcə bir xatirə ünvanı deyil, eyni zamanda Azərbaycan musiqisinin zənginliyini canlandıran bir məkan olduğu yaddaşımıza yazılır. Burada sanki Bülbülün səsi hələ də eşidilir, o səs zamanın sınağından çıxaraq gələcək nəsillərin qəlbində yer tutmağa davam edir...

Nurəddin Məmmədli