Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM), “İRƏLİ” İctimai Birliyi, “CƏNGİ” Gənclər Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbir iştirakçıları əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, fotomüxbir Rasim Sadıxov və digər natiqlər vurğulayıblar ki, belə anım mərasimləri xalqımızın qan yaddaşına əbədi həkk olunmuş hadisələri bir daha xatırlatmaq baxımından böyük əhəmiyyət daşıyır.

Çıxışlarda müstəqilliyimizin hansı böyük fədakarlıqlar və ağrılarla əldə edildiyi, insanların qanı və canı bahasına qazanıldığı diqqətə çatdırılıb. Bununla yanaşı, həmin çətin və şərəfli günlərin gələcək nəsillərə unudulmaz bir miras olaraq çatdırılmasının vacibliyi xüsusi qeyd olunub.

Natiqlər 20 Yanvar faciəsinin xalqımızın birlik və şücaət nümunəsi olduğunu xatırladaraq, bu birliyin hər zaman fəxrlə yad edildiyini vurğulayıblar.

Tədbir çərçivəsində tanınmış fotomüxbir Rasim Sadıxovun 20 Yanvar faciəsini əks etdirən fotoşəkillərindən ibarət sərgi təşkil olunub, həmçinin “Qanlı Yanvar” filmi nümayiş etdirilib.