Böyük. Möhtəşəm. Azman... Bu sözlərdən də böyük söz olsaydı və nə qədər çox olsaydı - ən azı, türk xalqlarının sayı qədər - hamısını birnəfəsə, birgələmə işlədərdim. Buna nə var ki? Bu da Osmanlının «birhəmləyə»si, Koroğlunun «birqılınca»sı deyil ha, çətinlik çəkək. Bu, yazıdı. O yazı ki, milləti-mutlum ona hamıdan ön başlasa da, zaman-zaman əl götürdü. Əl götürüb, ayaq açdı. Oturaqlığı tərk eləyib tərəkəmələşdi, çəmən-çəmən irəlilədi. At minib, qılınc qurşandı - tarix yaratmağa başladı. O, tarixi yaratdıqca, başqaları yazdı.
   Yazanlarsa, təbii, öy-öydən özlərinə çəkdilər. Dördəmcə-dördəmcə çapan türkün uğur-buğurunu yorğaca-yorğaca öz adlarına çıxdılar. Çox maddi-mədəniyyət ovlarımızın əti onların oldu, sümüyü bizim. Neçə-neçə yüzilliklərin bu «şifahi xalqları» havayıdan zərb-məsəlləməyiblər ki; «Qələm düşmən əlindədir». Sözün hər mənasında nakam Məhəmməd Hadimiz şəxsi dərdindən sızlamayıb ki; «Yox millətimin xətti bu imzalar içində»...

   
   ...Amma elə yol gedə-gedə «su gələn arxa bir də gələr» kimi folklor epopeyaları yaradan bu xalqlar zaman yetişdi ki, «dəryalar mürəkkəb, meşələr qələm» erasına da başladı. Dünyanın o başına vardıqdan sonra böyük mədəniyyət kurallarına mənzilləndi. Əzəmətli düşüncə, sənət, incəsənət abidələri yaratmağa başladı. Səfərlərinin hamısı qılınc-yollanc olan, çoxsaylı - amma həm də həmsoylu türk xalqlarının ağız-oğuz dastanlarında qılınc çalıb at oynadan qoç Koroğlunu da oturaq mədəniyyətimizə, kübar həyatımıza gətirdi. Türk etnosunun bütün səfərlərdən qələbələrlə dönən bu müştərək qəhrəmanının -
  
   «Koroğlu»nun səhnə səfəri
  
   də çox uğurlu oldu.
   Böyük haqq-ədalət aşiqimiz, qılınc-qalxan simvolumuz olan qoç Koroğluya bu səfəri böyük sənət aşiqimiz Üzeyir bəy etdirdi. Ötən əsrin ikinci qərinəsindən başlanan bu səfər yetmiş iki ildi yol gedir və nə qədər ki bu dünya gedir, o da gedəcək.
   Koroğlunun bu dəfəki «Koroğlu»luğu - TÜRKSOY törən-tamaşası - özgə (daha doğrusu, özgür) bir aləm idi - afişasından, loqolarından, dəvətnamə və bukletlərindən tutmuş, tamaşaçı kontingentinə qədər! Hər birinin öz Koroğlusu olan türksoylu xalqlar bu səhnədə vahid, «konfederativ» Ulusa çevrilmişdi. Türkün bütün fikir nəhənglərinin də ruhu bu törən-tamaşada idi. Səhnədəki oğuz-qıpçaq-hun-başqurd və başqa sifətlər, ləhcələr böyük bir Ata ocağının alov dilləri kimi şölələnirdi. Bir vaxtlar ucu-bucağı bilinməyən türk arealı Azərbaycan arenasına cəm olmuşdu. Bu qüdrətli türk universiada-xorunda Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun arzuları da ucalırdı. İsmayıl bəy Qaspıralının «Fikirdə birlik, dildə birlik, əməldə birlik» vəsiyyəti də göyərirdi. Mirzə Cəlilin «Anamın kitabı» da vərəqlənirdi...  

    Aləm heeyy...
  
   «Balam heeyy! Səni gördüm, aşiq oldum, Dərdə saldın canımı. Ala gözlər, dadlı sözlər, Qara qaşlar, işvə nazlar, Can alan yar...»
   Koroğlunun bu ariyası bu dəfə tamam ayrı cür səslənirdi. Bu opera səhnəsindən və ekran-efirdən dəfələrlə izləyib-eşitdiyim bu tamaşa bu dəfə mənə çox möhtəşəm təsir bağışladı. Bir çox türk respublikalarının opera solistlərinin qatıldığı bu tamaşada Koroğlunun - Qırğızıstan operasının solisti Sadırbek Jumaşevin «Balam hey» eşqi-naləsi mənim qulağımda «Aləm hey» kimi sədalandı. Onun digər ariya və duetləri də bütün Türk dodağından bütün Türk qulaqlarına səslənirdi. Eynilə də Nigarın - Şule Gökenin (Türkiyə) ariyaları. Onun «Yazıq Nigar» kəlmələri bundan əvvəlki tamaşalardakı yazıqlıq, çarəsizlik mayasında deyildi. Çünki Nigarın bu dəfəki yarı bütün türk dünyasının Koroğlusu idi. Bu dəfəki Alı kişi də əvvəlki Alı kişilərdən mübariz təsir bağışlayırdı. O, iki gözdən əlil olsa da, sanki eyni kökənli xalqların bəsirət-sənət nuruna bələnib qalibiyyət işığı saçırdı. Bu dəfəki Ehsan paşalar, Bolu bəylər 7 xalqın 7777 dəli seli qarşısında duruş gətirməkçün «Mina ibrinqlərə şərab doldurun!» ariyasında dikbaşlıqdan çox, sərxoşluq ifadə edirdilər. Amma vallah, Üzeyir bəy musiqisi bir vaxt o xanların, paşaların küpünə girdikləri o şərabı elə bir həzin sənətə çevirib ki, tamaşaçılar onu nuş etməkdən doymurlar!..
   Maraqlıdır, Alı kişinin gözünün çıxarılma səhnəsində kişilər başlarını aşağı dikiblər, qadınlar isə yuxarı - uca Haqqa baxırlar. Bu zərif məxluqların yuxarıda tapındıqları ulu Tanrıdan başqa, aşağıda bel bağladıqları dəli igidlər də var, axı. Bu səhnə çox qələbəlikdir, çox kütləvidir. Şənlik səhnələrində olduğu kimi - iynə atsan, yerə düşməz. Lakin düşmən bu qalibanə-qələbəlik mayalı birliklərə iynə yox, daim hiylə atır. O hiylələrə hazır olmaq, qarşısını almaqçünsə, daim birlik olmalıdır. Binövrəsi Üzeyir bəy tərəfindən qoyulan və çox səviyyəli TÜRKSOY-çular tərəfindən daha da mükəmməlləşdirilən bu səhnədəki bu möhtəşəm birlik kimi. Gör indi bu birlik həyatda olsaydı, nələr yaşayardı ulu Türk!
  
   Heyranlar
  
   Bu tamaşanın səhnəsində də, salonunda da iştirak edənlərin hamısını belə adlandırıram: heyranlar! Neynim bəs, hələ mən heç bir tamaşada bu qədər sürəkli alqışlar, üzlərdə və içlərdə bu qədər mimik-pantomim alxişlar, səhnə gedişatına “mane olan” əlçalmalar, ariya və duetlərə “müdaxilə” edən “bravo!”lar görməmişdim, axı...
   Yanaşı oturduğum həmkarım (qəzetimizin baş redaktoru Nigar xanım) tez-tez mənə təklif edirdi ki, bu heyranlardan eksklüziv müsahibələr alım. Mənsə «yaxşı» deyib, onu arxayın salırdım; əslində, elə bir fikirim yox idi. Nədən ki, bu insanların sir-sifətlərində deyəcəkləri sözlərdən, bildirəcəkləri fikirlərdən daha sanballı, daha mənalı ifadələr vardı. Qarşı sırada əyləşmiş yüksək çinli hökumət adamlarını, dövlət məmurları və sənət məşhurlarını çox az hallarda bu əhval-ruhiyyədə, belə yüksək ovqatda görmüşəm.
   Tamaşanı sonadək izləyən Prezident Administrasiyası Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, Baş nazirin müavini Yaqub Eyyubov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov və başqa ziyalılarımız bu möhtəşəm sənət törəninin ali zövqünü çoxsaylı xarici qonaqlarla - müxtəlif dilli, müxtəlif etnoslu əcnəbilərlə birgə yaşayırdılar.
   TÜRKSOY-un Baş direktoru Düsen Kaseinovun baxışlarından böyük qürur hissləri, sənət alovları saçılırdı. Bu baxışları izlərkən onun «Koroğlu» bukletində verilmiş sözlərindən bir abzası xatırladım: «Dəyərli arkadaşlar! Uluslararası TÜRKSOY Kuruluşu sizlərə bənzəri olmayan kültüral bir projenin ilk bölümü olan Türk Kültürünün şah əsəri - Üzeyir Hacıbəylinin «Koroğlu» adlı xarüqəladə operasının yeni bir versiyasını təqdim etməkdədir».
   Həmin bukletdə yer alan Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qeydlərindən bir parçanı da burada xatırlatmaq yerinə düşərdi: «Əziz dostlar! Bu günlər çox əhəmiyyətli və şərəfli anlar yaşayıraq. Azərbaycan milli opera sənətinin şah əsəri «Koroğlu» operası TÜRKSOY-un təşəbbüsü ilə beynəlxalq layihə əsasında səhnələşdirilmişdir. Layihədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və Başqırdıstan sənətçiləri iştirak edir. «Koroğlu» tamaşası Bişkek, Almaatı, Ankara və Bakıda göstəriləcəkdir».
  
   Quruluş+lar
  
   Bu operanın bukletindəki səssiz-küysüz yazılardan, məlumatlardan biri də tamaşanın rejissoru (sanat yönetimi) Əflatun Nemətzadə haqdadır. «Səssiz-küysüz» sözünü elə-belədən işlətmədim. Sağ olmuş Əflatun əfəndi bu tamaşaya verdiyi quruluş-detallarla sanki bir qəhrəmanlıq dövləti, igidlik ölkəsi qurub. Həsən xanın odasından bir zənginlik, qədimilik, dədə-babalıq xatirəsi boylanır, kolorit odu püskürür, uzaq dünənimiz xəyallarımızın ən uyğun donunda biçimlənir. Buradakı dekorasiyalar rəssam-tərtibatçı peşələrini, xoreoqraf kimi terminləri tamaşaçıya bir az da yaxınlaşdırır, sevdirir. «Qırx incəbelli»lərin «Çənlibel» və digər rəqsləri Üzeyir bəyin ilahi taktlarıyla çulğaşıb səhnə-cənnətdən salon-dünyaya rəngarəng çiçək selləri kimi axır. Bu mənzərələr sözə yox, yalnız baxışa, gözə gəlir, hörmətli sənətsevərlər! Bunu duymaq üçün gərək ora - opera teatrımıza gələydiniz! Lakin - yeri gəlmişkən, az gəldiniz. Amfiteatrda - beş-üç də olsa - boş yer vardı. Amma bu tamaşa sıradanbir tamaşalardan deyildi. Bundan əvvəlki «Koroğlu» tamaşaları ilə müqayisədə xeyli uca, qos-qoca, aləm bir tamaşa idi. O boş yerləri tutası hər bir tamaşaçının yerinə mən təəssüflənirdim. Səhnədəki quruluşlarla müqayisədə salondakı və bu teatrın həyətindəki «quruluşlar» çox fərqli idi. Niyə «müasir» şoulardakı basırıqlar, altdan-əldən biletlər burda - bu ümummilli, ümumtürk tamaşasında, sənətimizin şan-şövkət törənində yox idi?
   Niyə?..
   Axı sən bu böyük əsərin yiyəsisən, Azərbaycan!..
   Axı, bu təkrarsız uvertüralı opera Türk dünyasının Birlik uvertürası ola bilər, sayın soydaşlar!..   

  Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar