Ucadır çinarları,
   Yamyaşıldır bağları,
   Çox sevir dostu, yarı
   Yaraşıqlı Göyçayım
   
   Bu mahnının, bəlkə də, yarıməsrlik tarixi var. Əvvəllər radioda tez-tez səsləndirərdilər onu. İndi radioya az qulaq asdığımdandı, ya da, ümumiyyətlə, efirdə verilməməyinəndi, bilmirəm - hər halda uşaqlıqdan sevdiyim bu mahnını çoxdan eşitmirəm. İlk dəfədən ürəyimə yatan bu mahnı böyük Sabirin «Gəl, gəl a yaz günləri» şeiri kimi həmişəlik beynimə həkk olundu. Mən Göyçayı hələ görməmiş, elə bu mahnıdan sevməyə başladım, desəm, sözümü qəribçiliyə salmayın.
   
   Ucadır çinarları
   
   Sonralar Göyçayın elə bu mahnının təkcə nəqarətində dilə gətirilən gözəliklərinin həqiqət olduğuna dönə-dönə şahidlik etdim. Gəlin, elə başdan başlayaq. İlk dəfə məni heyrətləndirən nəhəng çinarları Göyçayda gördüm. Onda 10 yaşım olardı. O çinarların üstündəki balaca dəmir lövhələrdə «Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən qorunur» sözlərini oxuyanda lap təəccüblənmişdim: «Nazirlik ağacı niyə qorumalıdır ki? Bizdə - İsmayıllıda meşələr doludur belə yekə-yekə ağaclarla, heç onların üstündə belə lövhələr yoxdu. Görən niyə?». Əlbəttə, bu «böyük sirr»dən tezliklə agah oldum...
   Sonralar böyüdüm. Dildə, ədəbiyyatımızda çinarın yerini ağacların sırasında həmişə yuxarı başda, ucalarda gördüm. Aran Göyçaya dağ vüqarı gətirən çinarın neçə-neçə şeirdə vəsfinə rast gəldim. Mən də bu ağacın, az qala zamana meydan oxuyan əzəmətinə vuruldum. Rəsul Rzanın bir şeirindəki «Göyçaylı çinarlar» ifadəsi oxuduğum gündən yaddaşıma yazıldı. Şövkət Ələkbərovanın ifasında eşitdiyim «Əgər ki, yıxılsam, çinar göstərin» sözləri bu gün də məni duyğulandırır. Sonralar Gəncədəki çinarlara da belə heyranlıqla baxdım. 1993-cü ilin mayında Zəngilanın Ermənistanla həmsərhəd olan Kolluqışlaq kəndinə, döyüşçülərimizin yanına Dövlət Televiziyasından çəkilişə gedəndə, Bəsit çayının gecə-gündüz laylay çaldığı məşhur çinar vadisini gördüm. Öz böyüklüyünə görə, Avropada ikinci olan bu çinar meşəsini, az da olsa, gəzə bildim. Necə deyərlər, başı buludlardan nəm çəkən növbənöv çinarlar gördüm burda... Beləcə, uşaqlıqdan ürəyimə toxum kimi düşən çinar sevgisi illər keçdikcə, qollu-budaqlı bir ağaca çevrildi.
   
   Yamyaşıldı bağları
   
   Aran rayonları içərisində Göyçay öz yaşıllığı ilə həmişə seçilib. Hələ səliqə-sahmanın, təmizliyini demirəm. Göyçaya qədəm basan adamı ən birinci yaşıl ağacların, daha çox da gül-çiçəyin xoş ətri vurur. İlin bütün fəsillərində Göyçay cənnəti xatırladır. Qış bu aran rayonunda mülayim keçir. Ağacların yarpaq tökümü dekabra kimi çəkir. Bir az keçməmiş - fevralın sonuna yaxın isə artıq nərgizlər torpaqdan baş qaldırır, söyüdlər elə bir baharın gəlməsi xəbərini sevincindən tumurcuqlayır. Yəni, Göyçayda qış o biri fəsillər kimi yerini istilədə bilmir. Elə gəlişi ilə getməyi də bir olur. Çünki nəfəsini dərməmiş, bahar başının üstünü alır. Bir sözlə, qışın Göyçayda bəxti gətirmir. Qışın Göyçaylıq işi yoxdur. Gözümüzün qabağına belə bir mənzərə gətirin: çılpaq budaqlarda qalıb paçallanan, içini sərçənin, ya da qaratoyuğun dimdiklədiyi, rəngi qaraya çalan tək-tük gülöyşə narlar... Qış, uzağı qrafika rəssamlarının əl işini xatırladan bu mənzərə ilə Göyçayda özünü göstərə bilər. Bundan o yana keçə bilməz. Bir də ki, Göyçay şəhərinin bağ və parklarına, eləcə də küçələrinə həmişəyaşıl ağaclar daim yaraşıq verir. Bəlkə də, bu ağacların ən çox olduğu yer Göyçaydır. Şəhərin mərkəzindəki Sabir bağının yaşıllığı, burdakı növbənöv ağaclar, çoxu ilboyu solmayan qızılgüllər, müxtəlif gül-çiçək kolları, bəlkə də beş bu boyda bağa bəs edər. Yeri gəlmişkən, qoy bir faktı da deyim: bu bağın aşağı tərəfindəki yeraltı keçidin açılışı 50 il əvvəl olub. Rayon mərkəzində 50 il əvvəl yeraltı keçidin tikilməsi, burdakı inkişafın, şəhər mədəniyyətinin parlaq nümunəsi, göstəricisidir.
   Göyçayın torpağı qızıldır, sadəcə kimyəvi tərkibi başqadır. Dediklərim gəlişigözəl sözlər deyil. Əllicə nar, yaxud, xurma çubuğu götürün və torpağa basdırın. Elə yerə bənd olmağı ilə o çubuqlar kök atacaq, 4-5 ilə ağac olub, bar verəcəklər. Sonra 40-50 il hər payız o bar-bəhərin puluna qızıl yox, lap brilliant da ala bilərsiniz. Elə torpağının barlı-bəhərli olmasının nəticəsidir ki, Göyçay həmişə çörəkli yer olub.
   
   Çox sevir dostu, yarı
   
   Elə çörəkli olduğu üçün həmişə dosta qucaq açıb Göyçay. Dostdan çörək əsirgəməyib. Bakı-Tbilisi şosesinin Göyçay şəhərindən keçməsi də bu qədim Şirvan torpağının qonaq-qarasını bir az da artırıb. Yolu bu tərəfə düşənlər də çörək yemək üçün burda maşın əyləyiblər. Bəzək-düzəksiz deyirəm: Göyçayda süfrə mədəniyyəti həmişə yüksək olub. Qonaq bu şəhərdə kafedən, yeməkxanadan, yəni süfrədən həmişə razı qalıb. Burdan yolu keçənlərdən elə adam olmaz ki, «Məmmədrəşidin stalovası»nda kabab yeməsin, yaxud Ağdaş yolunun üstündəki yeməkxanada Qurbanəli kişinin bişirdiyi pitidən nuş eləməsin. Dadlı yeməklər bir tərəfə, elə şəhərə bitişik, Qarabaqqal kəndinə yaxın, «Gülü bağı»nda qızılgül kollarının əhatəsində, çinarların kölgəsində çay içməyin özü adamın ömrünə bir ömür calayır.
   
   «Bu, Göy çaydır, oğlanlarım»
   
   Bakıdan Göyçaya gələndə ürəyimdə daha çox söhbət etdiyim, daha çox duyğularıma qanad verən unudulmaz şairimiz Əli Kərim, onun bənzərsiz şeirləri idi. Hər dəfə Göyçay çayının üstündəki körpüdən keçəndə Əli Kərimin bu şeiri yadıma düşür:
   
   Bu, Göy çaydır, oğlanlarım,
   göy dalğalı.
   Bax, o dağlar başındakı
   mavi göydən axıb gəlir...
   
   Burda mütləq bir haşiəyə çıxmalıyam.
   1970-ci il avqustun son günləri idi. Onda 15 yaşım vardı. Axşamüstü, rayon mərkəzindən gələn müəllim atam, adəti üzrə mənə bir kitab gətirmişdi. Balaca, yaşıl cildli bu kitabın üstündəki adı - «Qaytar ana borcunu» - adama «Məni oxu» deyirdi. Həmin gün o kitabı axıra qədər oxudum. O avqust gecəsi səhərə kimi yatmadım. O kitab, doğrudan da, gecə-gündüzümü bir-birinə qarışdırmışdı. O gecə ilk dəfə mən ayı, ulduzu, Günəşi, ağacı... dünyanı tanımağa başladım. Yaşamağın nə boyda səadət olduğunu anladım. O gecə mən bəlkə də əlli dəfə kitabdakı Əli Kərimin şəklinə baxdım. Onu indiyə kimi tanımadığım üçün özümü qınadım. Onun vaxtsız ölümünə yanıb-yaxıldım. «Qaytar ana borcunu» şeirini elə o gecə əzbərlədim. Özfəaliyyət dərnəyinin üzvü kimi kənd klubundakı konsertlərdə dəfələrlə o şeiri söylədim. O şeir sonralar - əsgərlik, universitet illəri, bir sözlə, ömrüm boyu mənimlə oldu. Əlbəttə, bu sıraya o kitabdakı bir çox əvəzsiz sevgi şeirləri də qoşulmuşdu. Düzü, belə şeirləri də ilk dəfə oxuyurdum. O vaxta qədər oxuduğum şairlərin heç vaxt adamı titrədən belə şeirlərinə rast gəlməmişdim. O gecə ilk dəfə anladım ki, dünyada poeziya deyilən ilahi bir nemət var! Və bu neməti dünyanın heç bir mal-dövləti, pulu-qızılı əvəz edə bilməz. O gündən Əli Kərim dilimin əzbərinə çevrildi. Sonralar - toyda, ad günündə, yaxud hər hansı dost məclisində mənə söz veriləndə bu şeirlər mənə kömək oldu. Əzbər dediyim bu şeirlər mənə «sağ ol» qazandırdı.
   Onu da deyim ki, o balaca kitabı o illər 4-5 dəfə məndən oğurladılar. Ancaq hər dəfə onu tapdım. Kənddə məndən başqa o kitabdan heç kimdə olmadığı üçün, onu tapa bilirdim, hardansa sorağı çıxırdı. «Davadan çıxan» o yaşıl cildli kitab indi məndədir. Sonradan Ə.Kərimin ikicildliyini də almışam. Ancaq o kitabın yeri mənim üçün ayrıdır.
   
   Sahib Şükürovun arayışı
   
   Göyçayın mədəni həyatından yazı hazırlamaq adı ilə səfərə çıxmışdım. Ona görə də birbaşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin yerləşdiyi R.Rza adına Mədəniyyət Evinə gəldim. Sahib Şükürovla onu kabinetində görüşdüm. Sahib cavandır, iki ildir bu vəzifəyə təyin olunub. Hiss olunur ki, işləməyə böyük həvəsi var. O, şöbənin fəaliyyəti ilə bağlı səliqə ilə yazılmış hesabatı mənə verdi.
   Arayış: Şöbənin tabeliyində 13 mədəniyyət evi, 16 klub, 63 kitabxana, Heydər Əliyev Muzeyi, Tarix-diyarşünaslıq Muzeyi, R.Rzanın Ev-muzeyi, Uşaq Musiqi Məktəbi və Ə.Kərim adına mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Mədəni-maarif müəssisələrində 402 nəfər işçi çalışır.
   Sahib Şükürov dedi ki, ötən il rayonun Alxasava, Çərəkə, Potu, Ləkçıplaq, Qarabaqqal, Şəkər, Çaxırlı, Qızılağac kənd mədəniyyət evlərində, Müskürlü, Qaraxıdır, Mırtı, Bəydövü, Alpoud, Ulaşlı-Şıxlı, Şəkili, Yalman və Qaraman (adlar gözəl olduğu üçün birbəbir yazdım - Q.Ş.) Kənd klublarında kompyuter, fortepiano, qarmon, rəqs, biçmə-tikmə dərnəkləri yaradılmış və həmin mədəniyyət ocaqlarında rəsm, poeziya klubları fəaliyyət göstərir. İkimərtəbəli Heydər Əliyev Muzeyi binası öz arxitekturasına görə şəhərə gözəllik verir. Daha çox məktəblilərin tez-tez üz tutduğu muzeyə bu il yeni avadanlıq və iniventarlar alınıb. Rayon Mərkəzi Kitabxanasının fondu 450 min nüsxədən ibarətdir. Ötən il kitabxanaya 17 min, bu il isə 12 min kitab daxil olub. Kitabxanada M.Müşfiq, M.C.Paşayev, R.Rza, C.Novruz və N.Rəfibəylinin yubileyləri keçirilib. Təbii ki, tariximizin bütün əlamətdar günləri şöbənin təşkil etdiyi tədbirlərlə qeyd olunub.
   
   Heydər Əliyev irsinin Araşdırma Mərkəzi
   
   Mərkəzin tikintisinə bu ilin yazında start verilib. Yeni il ərəfəsində, yəni 2-3 ay sonra binanın istifadəyə verilməsi planlaşdırılır. Ona görə də burda ikinövbəli iş təşkil olunub. Sahib Şükürov mənə tikintiyə getməyi təklif etdi. Burdakı işin ahənginə yalnız qibtə eləmək olar. Araşdırma Mərkəzinin binası rayonun daxili imkanları hesabına tikilir. Tikinti aparılan küçədə Mərkəzin maketinin böyük fotosunun əks olunduğu lövhə vurulub. Onun şəklini çəkirəm və inşaatçılarla sağollaşıb ayrılırıq.
   
   «Pəncərəmi açdım sabaha»
   
   Min postmodernist olsun, min yeni ədəbi cərəyan əmələ gəlsin, Rəsul Rzanın bu şeiri yox, elə təkcə bu sətri o dövr poeziyamız üçün təzə yox, təptəzə idi. Bu məşhur sətirlə başlayan şeir, sanki tüstüdən boğulan otağa açılan bir nəfəslik idi. Mən o vaxtlar bu şeiri bu cür qəbul eləmişdim. Elə bu düşüncələrlə də Rəsul Rzanın ev-muzeyinə üz tutmuşdum. Qapının ağzında rastlaşdığım Tofiq Abdullayev məlum oldu ki, qonşuluqda yaşayır və ev-muzeyinin gözətçisidir. O, R.Rzanın oğlu yazıçı Anarla həmyaşdır. Balacalıqda bir yerdə çox oynayıblar. Həmsöhbətim dedi ki, Rəsul Rzanın anası Məryəm xala rəhmətə gedəndən sonra şairin bura gediş-gəlişi bir az seyrəldi. Qırmızı kərpicdən tikilmiş bu birmərtəbəli evin yüz yaşı var. Qışda isti, yayda sərin olur. Tağlı, hündür pəncərələrə qədim, dəmir şəbəkələr vurulub. İnanmıram ki, indi bu cür gözəl, mürəkkəb quruluşlu şəbəkələr hazırlayan ustalar olsun. Divarların içindəki yük yerləri və bir vaxtlar kasaların sıralandığı rəflər adamın içində bir xiffət oyadır. Divarın qalınlığı, yəqin bir metrə yaxın olar. Adamın gözünə, könlünə rahatlıq gətirən xoş bir ab-hava var bu həyət-bacada. Doğrusu, adam heç burdan getmək istəmir. Balaca həyətə baxıram. Həyətdə gəzən cavan, məğrur Rəsul Rzanı və nəcib simalı Nigar xanım Rəfibəylini təsəvvürümə gətirirəm. Onları eyvandan çaya səsləyən Məryəm ananın səsini eşidirəm... Tofiq kişi sanki sakit duruşumdan düşündüklərimi anlayır:
   - Fani dünyadır da...
   Təzə düzəldilmiş taxta şəbəkəli balaca qapını açıb küçəyə çıxıram, Tofiq kişinin əlini sıxıram. Onu da deyim ki, ev-muzeyini Mədəniyyət və Turizm Nazirliyi təmir edir.
   
   «Baxsam bu dünyanın ha tərəfinə»
   
   İndiyə kimi bəlkə də, 50 dəfə Ə.Kərimin məzarının üstünə getmişəm. İsmayıllının cənubunda yerləşdiyi üçün kəndimizə daha çox Göyçay tərəfdən gedirik. Və hər kəndə gedəndə, imkan tapıb Ə.Kərimin uyuduğu parka - onun məzarına baş çəkirəm. Sonralar parkda - sağ olsunlar - Əli Kərimin heykəlini ucaldıblar. Qara mərmər başdaşındakı şəklinin üstündəki tozu silirəm. Şair Kələntər Kələntərlinin, Hikmət Mahmudun, Camal Yusifzadənin, Oqtay Şamilin Əli Kərimlə bağlı danışdıqları xatirələr yadıma düşür. Fikirləşirəm: görən, yeniyetmə vaxtlarında bu yerləri gəzən Əli Kərim heç ağlına gətirərdimi ki, nə vaxtsa bura onun əbədi ünvanı olacaq. Başdaşının üstündə 1954-cü ildə - 23 yaşında yazdığı şeirdən bir bənd həkk olunub:
   
   Baxsan bu dünyanın ha tərəfinə,
   Bir yerdə qəbrim var, on yerdə sağam.
   Göy uçsa, yer qopsa, ölmərəm yenə,
   Hələ neçə dəfə doğulacağam.
   
   Ancaq başdaşında həkk olunan bənddə «ha» «hər» sözü ilə əvəzlənib. Bununla da sətrin şirinliyi itib, «hər» sözü fikrə bir rəsmilik, quruluq gətirib. Guya Ə.Kərim şipşirin «ha»nı «hər» sözü yadına düşmədiyi üçün yazıbmış...
   Parka bitişik evin qapısı ağzında nurani bir qoca oturub. Yaxınlaşıb salamlaşıram. «Yəqin Əli Kərimi görmüsünüz» Qoca sanki bu sözümə bənd imiş:
   - Əligil Göyçayın Hüngütlü kəndindəndir. Qonşu olmuşuq. Atası Paşa kişi sakit, kasıb bir adam idi. Birotaqlı evləri vardı. Nə vaxt baxsaydın. Əlini pəncərə qabağında oturub kitab oxuyan görərdin. Paşa kişinin bir atı və bir arabası vardı. Ona-buna yük daşıyardı, kasıbkarlığını eləyərdi. İki uşağı vardı - Əli, bir də Əminə. Əminə indi şəhərn aşağısında, su idarəsinin yanındakı bağçada işləyir. İndi işə çıxmır, evdə xəstə yatır. Sonra Paşa kişi də, biz də Göyçaya - şəhərə köçdük. Ucar yolunun üstündə hamam vardı, onun yanına. Orda da qonşu olduq.
   Söhbətimizin bu yerində həyətin balaca qapısı açılır və bir ağbirçək söhbətimizə qoşulur. O, həmsöhbətimiz Balamirzə Bağırovun ömür-gün dostu Ruziyyə nənədir:
   1950-ci ildə toyumuz oldu. Balamirzə «svarşik» idi. Mingəçevirə köçdük. Orda qızğın iş gedirdi. Beş il orda yaşadıq. O beş ildə Əli iki-üç dəfə bizə gəlib, gecə də bizdə qalıb. Əlinin ölüm xəbəri gələndə anasının küçə ilə ağlaya-ağlaya gəldiyi gün indi də yadımdan çıxmır. Hayıf, elə gözəl oğlan cavan getdi.

   «Göyçayın narı gözəl»
   
   Göyçayın güleyşə narı adnan olub həmişə. O yerdə «nar» sözü işlənirsə, mütləq Göyçayın da adı çəkirlir. Bu dadda, bu tamda nar Göyçaydan başqa dünyanın heç bir yerində yetişmir. Bu möcüzəli meyvənin adına üç il əvvəl Göyçayda bir tədbir keçiriblər. Adı da olub «Nar bayramı». Elə o vaxtdan da bu bayramın keçirilməsi ənənəyə çevrilib.
   Sahib Şükürov deyir ki, bu bayramın təşəbbüskarı Mədəniyyət və Turizm Nazirliyi olub. Nazirlik Göyçay Rayon İH ilə hər payız belə bir bayramın keçirilməsini razılaşdırıblar. Müsahibim bildirir ki, narçılığın inkişafı, iş adamlarının marağını rayonumuza yönəltmək baxımından bu bayramın əhəmiyyəti böyükdür. Məhz son üç ildə narın emalı üzrə sənaye müəssisələrinin tikintisi artmağa başlayıb. Bu, kəndlərdə adamları təzə nar bağları salmağa həvəsləndirir. Göyçaydakı «Aznar» nar emalı zavodunun fəaliyyəti genişlənib. Müəssisənin məhsulları MDB ölkələrindən başqa, Yaponiya, Almaniya, Zelandiya və Rusiyaya da göndərilir.
   
   Yenə də dünyada yaxşılıq qalar
   
   Son illər bütün ruspublikamızda olduğu kimi, Göyçayda da mədəniyyət müəssisələrinin, tarixi abidələrin əsaslı təmiri üçün çox işlər görülür. Sevindiricidir ki, dövlətlə yanaşı, bu işlərdə yerli sahibkarlar da fəallıq göstərirlər.
   Yenə Sahib Şükürovu dinləyək:
   - Şəhərdəki Yuxarı məscidi iş adamı Fərhad Əhmədov əsaslı təmir elətdirib. Tarixi abidə olan Qaraman məscidi də tam təmir olunub. Bu işi də sahibkar Elxan Süleymanov öz vəsaiti hesabına görüb. İmkanlı adamların tariximizə, milli mənəvi, dini dəyərlərimizə belə hörmətlə yanaşması çox ürəkaçan faktdır. Maddi imkan zəngin mənəviyyatla birləşəndə gözəl olur.
   
   * * *
   Göyçaydan ayrılıram. Yolum üzü Bakıyadır. Bu şəhər haqqında yazacağım yazı haqqında düşünürəm. Yenə də qulaqlarımda çox sevdiyim «Yaraşıqlı Göyçayım» mahnısı səslənir:
   
   Ucadır çinarları,
   Yamyaşıldır bağları,
   Çox sevir dostu, yarı
   Yaraşıqlı Göyçayım.
   

   Qorxmaz Şıxalıoğlu







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar