I yazı
Payız ağzı dağları gəzib-dolaşmağın ləzzəti ayrıdı. İstilərin növbəsini sərin havalara verdiyi vaxtda təbiətin yaşıl paltarını soyunub, xəzan donunu geyməsi bir özgə aləmdi. Görüb-götürmək istəyilə üz tutmuşdum ölkəmizin şimal-qərb bölgəsinə. Və bu səfər yalnız gəzmək məqsədi daşımırdı. Həm ziyarət, həm ticarət deyib, Azərbaycanın o başındakı mədəni mühitdən hali olmaq fürsətini də əldən vermədim. Yadımdaykən, səfərin təşkilində məxsusi köməyinə görə dostumuz İlqar Həsənova minnətdarlığımı bəri başdan söyləyim. Bu o İlqardı ki, dostunu-tanışını bir dəqiqə diqqətdən kənarda qoymaz. Bakıda bunun şahidi olmuşdum, necə deyərlər, evdən qıraqda görəndən sonrasa haqqında söylənən gözəl sözlərə zərrəcə şübhəm qalmadı.
Bakıdan çıxanda həftənin ortası, səhər tezdəniydi. Qərar tutacağımız rayon irəlicədən bəlliydi: Zaqatala. Amma, nədənsə, ürəyimə dammışdı ki, bu gün oralarda kimsə əlimə keçməyəcək. Mədəniyyət aləmində maraqlı nəsə tapılmır, - deyə yox, yollarda neçə yerdə ayaq saxlayacağımıza görə.
Qərəz, Zaqatalaya yetişəndə gün əyilmişdi. Rayonun bircə addımlığında, Tala kəndindəki yolüstü moteldə lövbər saldıq. Bu sakit, xudmani yerdə yerbəyer olub, gecə gözünə bizə lazım kimisə tapa bilməyəcəyimizlə barışıb, vaxtımızı televizor qabağında keçirə-keçirə sabahkı günün planını tutduq.
Səhər saat 10-u təzə keçmişdi, artıq Balakəndəydik. Bir də, Zaqataladan Balakənə getməyə nə var. Gözünü açıb-yummamış 25 kilometr yol arxada qalır. Yolu qısaldan, daha doğrusu, vaxtı tezləşdirən ətrafdakı gözoxşayan, əsəblərə dinclik gətirən dağlı-meşəli mənzərədi. Və həmin mənzərəni yalnız Zaqatala və Balakəndə yox, şimal sərhəddi boyhaboy Dağıstana dirənən Azərbaycanımızın bütün rayonlarında görmək mümkündü. İndilikdəsə Balakəndəyik. Ölkəmizin ən ucqar nöqtələrindən birində. Elə isə gəlin, bu diyarla daha yaxından tanış olaq:
Ondan başlayaq ki, Balakən inzibati rayon kimi 1930-cu ildə yaradılıb. 1963-cü ildə ləğv edilərək qonşu Zaqatalaya birləşdirilib. İki il sonra yenidən müstəqil rayona çevrilib. Ərazisi 923 kvadratkilometrdi. Bunun da təqribən yarısı meşələrin payına düşür. Şimaldan Rusiyanın Dağıstan Muxtar Resrublikası, qərbdən və cənub-qərbdən Gürcüstanla həmsərhəddi, şərqdənsə qonşusu Zaqatala rayonudu. 25,3 min hektar sahəsi olan 80 yaşlı Zaqatala Dövlət Qoruğunun əsas hissəsi də məhz Balakən ərazisindədi. Burada 800-dən artıq bitki, 32 məməli heyvan növü, minlərlə qayakeçi (Dağıstan dağkeçisi) var. Deyilənə görə, vaxtilə bu qoruğun ərazisindəki meşələrdə bəbir, hətta pələng də olub. İndisə bu heyvanları gördüm deyən tapılmır. Əldən-ayaqdan uzaq meşələrin qalın yerində buraların ən iri yırtıcı sakini ayıların mövcudluğu bəllidi. Şükür ki, əyripəncələri o birilərin aqibəti gözləməyib. Rayon Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında və Alazan-Həftəran vadisində yerləşir. Şimalında Quton (3648 metr) və Tinov-Rosso (3385 metr) kimi yüksəklikləri olan Balakənin qərb və cənub-qərb hissəsi düzənlikdi. Mənbəyini dağlardan götürən Mazım, İnqbul, Balakən və Katex çayları rayonun Gürcüstanla cənub sərhəddindən keçən Qanıx (Alazan) çayına tökülür. Bakı-Yevlax magistralından ötən yolla paytaxtdan 471, Qəbələdən adlamaqla nisbətən qısa məsafədə-405 kilometr uzaqlıqda yerləşən Balakənin əhalisi təqribən 90 min nəfər, kəndlərinin sayı 50-dən artıqdı. Orta sıxlıq bir kvadratkilometrdə 100 nəfərə yaxındı. Etnik baxımdan qarışıq olan diyarda iyirmi dörd millətin nümayəndələri bir-birinə qaynayıb-qarışaraq, mehriban şəraitdə yaşayırlar. Azərbaycanlılardan sonra say hesabında üstünlük avarlara (ümumi əhalinin 28 faizi) məxsusdu. İri yaşayış məntəqələrinin siyahısında rayon mərkəzi birincidi: 10 min nəfər. Digər yerlərin sırasında Qabaqçöl qəsəbəsi, Qullar, Qazma, Şərif, Mahamalar və sair kəndlərdi. Əhalisinin müəyyən hissəsi azərbaycanlılardan ibarət qonşu Laqodexi (Gürcüstan) rayonuna maşınla yol yarım saat da deyil. Sənədlərin qaydasında olsa, dövlət sərhəddində problemlə üzləşmədən istəyinə çatacaqsan. Rusiyaya adlamaqsa müşküldü. Dağıstanla sərhəd başdan-başa aşırımlı dağlar və meşələrdən keçir. Və Balakənlə dağların o üzünü birləşdirən rahat maşın yolu yoxdu. Yaxınlaracan bu taydan o taya, yaxud əksinə, dağların hər cığırına bələd adamlar atla gedib-gələrmişlər. Son illər bir sıra məlum hadisələrdən sonra sərhəddə nəzarət gücləndirildiyindən, indi belə şeylər mümkünsüzdü.
Məncə, Balakənlə bağlı ümumi məlumat yetərincədi. Mədəniyyət aləminə üz tutsaq yaxşıdı. Bu məsələdə bələdçimiz rayon mədəniyyət və turizm şöbəsinin müdiri Ruqiyyət Seyidovadı. Onunla rayona qədəm basdığım ilk dəqiqələrdə, Balakən çayının sağ yanına sığınmış Heydər parkında tanış oldum. İcra başçısının tapşırıqlarıyla əlaqədar səhər o başdan parka gələn Ruqiyyət xanımın dediklərindən qabaq, bu park haqda bir-iki kəlmə söyləməyə ehtiyac duyuram. Demək, Azərbaycanın rayonları arasında, səhv etmirəmsə, 24 hektarlıq sahəsiylə ən böyüyü olan bu park həqiqətən göz oxşayır. Abadlığına, səliqə-sahmanına, seçildiyi yerə söz yoxdu. Parkın yuxarı başında Heydər Əliyevin heykəli yüksək nöqtədə qərar tutub. Heykəlin 15-20 addımlığında, məhz həmin yüksəkliklə parkın aşağısını kanat yolu birləşdirir. Uzunluğu təqribən min metrdi və yeri gəlmişkən, ölkəmizdə yeganədi. Ötən il istifadəyə verilmiş, ilk sərnişini prezident İlham Əliyev olan kanatın eşqinə neçə rayon adlayıb Balakənə gələnlər az deyil. Doğrusu, üç altınəfərlik kabinələrdən ibarət bu nəqliyyat vasitəsinə mən də minmək istədim. Parka çatan kimi yox ha, Ruqiyyət xanımın rəhbərlik etdiyi qurumun təmir səbəbilə müvəqqəti yerləşdiyi YAP-ın rayon təşkilatının binasına baş çəkəndən sonra. Amma arzum gözümdə qaldı. Niyə? Yaxşısı budu, şöbə müdirinin məlumatlarına nəzər yetirək, sonra bu məsələyə qayıdarıq...
Rayonda təqribən yüz mədəniyyət müəssisəsi var. Bunların əksəriyyəti kitabxanalardı. Tarix-diyarşünaslıq və Heydər Əliyev muzeyi, bir uşaq incəsənət və bir uşaq musiqi məktəbi, kitabxanalar, mədəniyyət evləri və klublar daxil olmaqla, üst-üstə bu müəssisələrdə 370 nəfər çalışır. Rayonun kitabxana fondunda 250 mindən artıq kitab var. Latın qrafikalı əlifbaya keçidlə əlaqədar, fond yeni nəşrli kitabların hesabına təzələnir. İndiki vəzifəsindən qabaq uzun illər müəllim və məktəb direktoru işləmiş Ruqiyyət xanımın dediyinə görə, şöbənin mədəniyyət sahəsiylə bağlı çalışmaları ümumən normaldı. Di gəl, turizm istiqamətində fəaliyyət tam ürəkaçan deyil. Baxmayaraq ki, rayonun turizm potensialı yetərincədi. Hələlik, yalnız şöbənin adında rast gəldiyimiz turizmin sözdən hərəkətə keçməsi üçün şübhəsiz vəsait ayrılmalı, müvafiq struktur yaradılmalıdı. Turizm istiqamətində işlərin koordinasiyası üçün şöbədə bir nəfər mütəxəssis ştatının açılması da yerinə düşər. Əks halda, ciddi, səmərəli dəyişikliklər gözləmək ağlabatan görünmür. Bütün yay boyu hər həftənin sonuncu üç günü Heydər parkında əhali qarşısında konsert proqramıyla xidmət göstərən şöbənin bu işi isə minnətdarlıq qiymətini alıb.
Balakəndə diqqətçəkən memarlıq abidələri var. Onlardan ən qədiminin - Pəriqalanın yaşı təqribən səkkiz yüzü keçib. Və maraqlılığına, eyni zamanda qədimliyinə görə bu abidələrdən geri qalmayan tənbur musiqi aləti barədə bilgiləri də sizlə bölüşməyə dəyər. Azərbaycanın şimal-qərb bölgəsində məhdud bir ərazidə öz ilkin formasını saxlayan bu aləti, bəzi ehtimallara əsasən, Şərq simli musiqi alətinin anası saymaq olar. İlkin formasını zaman-zaman qoruyub-saxlayan tənburun adı tarixin müəyyən çağlarında deformasiyaya uğrayıb: Tamur, bandur, banduri, çopqur, qopur, qopuz adlanıb, törəmələri meydana gəlib. Və bəzi mülahizələrə görə, tar, saz, ud, arfa və sairin mənşəyi məhz bu alətlə bağlıdı. Köçəri həyatına uyğun, bir yerdən başqa yerə daşınması asan olan uzunsov formalı, sadə görkəmli iki simli alət (hazırda üçüncü sim əlavə edilib) günümüzün yeniliklərinə rəğmən, yenə də əhəmiyyətini itirməyib. Hər halda Balakənin kütləvi bayramları, el şənlikləri onsuz ötüşmür. Heyif ki, mehrini illərdən bəri bu qədim alətə salmış Nizami müəllimlə görüşə bilmədim. Sağlıq olsun, növbəti dəfə rastlaşarıq. Bu yerlərin yeganə aşığı kimi tarixə düşmüş Sənəm xanımla görüşmək imkanısa bizlik deyildi...
(ardı gələn sayımızda)
Seymur ELSEVƏR
seymurelsever@rambler.ru