II yazı
   
   (əvvəli ötən sayımızda)
   
   Nədən ki, Sənəm xanımın özü həyatda olmasa da, yaxın tariximizdə adı var. Balakənin Gülüzən kəndində yaşayıb-yaratmış xanımın 1928-ci ilin 5-7 may arası Bakıda keçirilmiş Azərbaycan aşıqlarının I Qurultayında iştirakı faktı tədqiqatçılara məlumdur. Bu həmin Sənəm xanımdı ki, ömrü boyu tənbur çalıb və qurultayda şirvanlı aşıq Mirzə Bilalla (Ağsu rayonunun Qəşəd kəndində yaşamış, repressiya qurbanı olmuş sənətkar) deyişib:
   Aşıq Sənəm:
   …Sənəm qəsd edər cana,
   Dost yolunda qurbana,
   Tale qismət edəydi,
   Bir gələydim Şirvana.
   
   Aşıq Bilal:
   
   Bilal əhdi düzdəndi,
   Şirvan gülü dizdəndi,
   Sən Qəşədə qədəm qoy,
   Qulluq etmək bizdəndi.…
   
   Maraqlıdı ki, aşıqlar qurultayındakı bu deyişmə barədə o dövrkü "İnqilab və mədəniyyət" jurnalında bəhs olunub.
   Hazırda yalnız Balakəndə tənbur ifaçıları deyil, adi sakinlər də aşıq Sənəmin dilindən düşməyən haylaları əzbər bilir və bunu deməkdən doymurlar:
   
   Ulduzsuz göy olmasın,
   Tənbursuz toy olmasın.
   Aman allah, ya rəbbi,
   Kişisiz öy olmasın.
   
   Soğan qurtardı ləkdən,
   Tütünü çək həvəngdən.
   Toyumuzu edərik
   El düşəndə Qubəkdən
   
   Sazdan- sözdən danışdıq, yetər. Bir az da musiqiyə yer verək. Daha doğrusu, təqribən qırx il musiqi məktəbi kimi fəaliyyət göstərmiş bir müəssisədən danışaq.
   Biz aşıqdan, Sənəm xanımdan söz salarkən, Arifə Tağıyevanı gözlətmək istəməzdim. Balakəndə şəxsən tanıdığım ilk adamlardan biridi Arifə xanım. Bir vaxtlar düzəltdiyi tar, kamança alətləriylə bütün ölkəmizdə, hətta qardaş Türkiyə və Orta Asiya respublikalarında tanınan Aydın Tağıyevin qızıdı bu xanım və atasından geri qalmaq fikrində deyil. Tarbənd olmasa da, taleyini musiqiyə bağlayıb, uzun illərin piano müəlliməsidi. Camaatın indi-indi Uşaq İncəsənət Məktəbi deməyə alışdığı bir qurumun rəhbəridi. 1966-cı ildə yaradılan, 2005-ci ildən fəaliyyəti genişləndirilərək musiqi məktədindən Bülbül adına uşaq incəsənət məktəbinə çevrilmiş bu məktəbdə 9 ixtisas üzrə 320 şagird təhsil alır. Fortepiano ixtisası üzrə təhsil yeddillik, qalanları beşillikdi. Burada qırx müəllim çalışır və orta aylıq əməkhaqqı təqribən 200 manatdı. Məktəbin ikimərtəbəli xudmani binasında iyirmidən artıq sinif var. Son illər təmir olunub. Dərs keçmək üçün imkan yetərlidi. Məktəbin fəaliyyətində gözəçarpan maraqlı işlər var. Məsələn, bir vaxtlar filial kimi, indisə müstəqil fəaliyyət göstərən Qabaqçöl qəsəbəsindəki musiqi məktəbinə deyil, uşaqların və valideynlərin ətraf kəndlərdən rayon mərkəzinə üz tutmaları burada təhsilə daha çox önəm verilməsilə bağlıdı. Ən maraqlısısa bilirsiz nədi? İncəsənət məktəbinə qonşu Gürcüstanın Laqodexi rayonundan də gələn var. Görünür, xanəndəlik sənətinin eşqinə gənc Vüsalə bütün çətinliyə qatlaşmağa hazırdı. Yoxsa, Qaval kəndindən əlinə qaval götürüb Balakənə gəlib-getməyə, Əlövsət Məmmədovdan dərs almağa usanardı.
   İncəsənət məktəbindən çıxanda gözümə sataşan, memarlıq üslubuyla seçilən ikimərtəbəli bir bina oldu. Sovet dövründə tikilən bu binada rayon şahmat məktəbi yerləşir. Vaxt məhdudiyyətinə görə, məktəbin fəaliyyətiylə yaxından tanışlığa macal tapmadım.
   Rayonun mərkəzində ucalan üçrəngli bayrağımız da diqqətimdən yayınmadı. Məni müşayiət edən Arifə xanımın qardaşı Məhəmmədin verdiyi məlumata inansaq, bu bayraq hələlik ölkəmizdə ən hündürüdü: 72 metr. Məşhur "Bir kərə ucalan bayraq bir daha enməz" deyiminin ab-havasıyla qürur rəmzimiz, xeyli uzaqlardan görünən bu üçrəngli bayrağımız vüqarla dalğalanır.
   Buralara gələsən, yerli mətbəxdən dadmayasan, demək uduzmusan. Doğrusu, nahar vaxtı ürəyimdən Zaqatala xəngəli keçdi. Bunu məni tək qoymayan yanımdakılara da dedim. Amma sonra yadıma düşdü ki, Zaqatala xəngəlinin ləzzəti buğda bişən qaxac ətdədi. Payızın ortası, qışın əvvəli gəlməmiş hardan tapasan qaxac əti. Ona görə plan dəyişdi və burada özünəməxsus şəkildə bişirilənlərdən və qutabdan o ki var yedik...
   Sonra yaxınlıqdakı Heydər parkına seyrə çıxdıq. Həqiqətən səliqə-sahmandan, abadlıqdan ürək açılır. Genişliyisə başqa aləmdi. Kanata minmək arzumu dilimdən çıxan təki "bu dəqiqə düzələr" dedilər.
   Parkın ən yüksək nöqtəsindən aşağıya - şəhərin geniş açılan panoramına, səsi ətrafa yayılan Balakən çayına, yaxınlıqdakı Mahamalar kəndinə, bir az aralıda görünən Qubək yaylağına tamaşa etmək, kanatın yuxarı başındakı mürəkkəb qurğunu, hərəsi 6 sərnişin tutan kabinələri nəzərdən keçirmək və zirvədəki "Zirvə"nin dağ böyürtkənindən bişmiş mürəbbəli çayından içmək yaddaqalan xatirəyə çevrildi. İşi korlayansa o oldu ki, belə mənzərəli yerdə ömürdən-gündən yadigar qalası bir şəkil çəkdirmədik. Ora-bura boylana-boylana bir də gördük parkın aşağısındayıq. Hamımız heyfsləndik, kəsiri ödəməyə vaxt nə gəzirdi. Arifə xanım rayon icra hakimiyyətinin başçısı Asif Məmmədovun ictimaiyyətlə keçirdiyi toplantıya tələsirdi. Sən demə, başçı vaxtaşırı kəndlərdə camaatla görüşür, onların vəziyyətilə maraqlanır, problemlərini yerindəcə həll etməyə çalışır, müəyyən tapşırıqlar verir.
   Biz Arifə Tağıyevanın doğulub boya-başa çatdığı Qullar kəndini ötüb tədbir keçirilən Gərəkliyə çatanda xeyli adamla rastlaşdıq. Adi sakinlərlə yanaşı, rayonun bütün rəhbər şəxsləri burdaydı.
   Doğrusu, Gürcüstan sərhəddinə getmək, uzaqdan Mazım çayının o üzündəki Laqodexiyə sarı baxmaq istəyim vardı. Amma bunu heç kimə söyləməmişdim. Elə bil ürəyimdən keçəni oxudular. Bir azdan ilk yoxlanış məntəqəsindən adlayıb, bizi qonşu ölkəylə birləşdirən körpünün yanından ayaqüstü ətrafa tamaşa edirdim. Qəribədi, nədənsə həmin dəqiqələrdə sovet ordusunda xidmət etdiyim çağlar, o zaman ilk dəfə gördüyüm sərhəd məftilləri, şumlanmış qumlu zolaq gözümün önünə gəldi.
   Təqribən on beş kilometrlik yolu geri qayıtdıq. Bu səfər rayonda tikilmiş ən hündür bina - 12 mərtəbəli yaşayış evi, son illər istifadəyə verilmiş Zərifə Əliyeva adına orta məktəb, mərkəzi kitabxana diqqətimdən yayınmadı. Müasir maddi-texniki bazaya malik məktəb və kitabxana burdakı mühitin də normal olmasından xəbər verirdi.
   Balakəndən qayıdanbaş Arifə xanım və dostumuz İlqarla birgə xatirə şəkli çəkdirdik. Beləliklə, burda fotoya tuş gələnlərin sırasına növbəti kadrı daxil elədim. Səfərimizin davamısa Zaqatalada olacaq.
   
   Seymur ELSEVƏR
   
seymurelsever@rambler.ru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar