III yazı
   
   (əvvəli ötən saylarımızda)   

   İş gününün axırı olsa da, Zaqatala rayon mədəniyyət və turizm şöbəsinin müdiri yerində idi. Günün əksər hissəsini iş-güc ucundan otağında keçirən Səfər Ramazanov gəlişimlə əlaqədar yaxşıca fürsət qazandı. Beş-on addımlıqdakı güllü-çiçəkli parkda oturub dincini almaq üçün məni ona Allah yetirmişdi. Əlüstü ünsiyyətə girməyi bacaran Səfər müəllim heç bir-iki dəqiqə keçməmiş şöbənin fəaliyyətindən danışmağa başladı. Şəbəkənin əhatə etdiyi yüz qırxdan artıq mədəniyyət müəssisəsində 560 nəfərin çalışmasından, kitabxana fondunun 450 mini ötməsindən, bu boyda rayonda vur-tut bir uşaq incəsənət məktəbinin olmasından, xalq teatrının qayğılarından tutmuş, ən müxtəlif məsələlərəcən söhbət saldı. Bəlli oldu ki, böyük turizm potensiallı Zaqatalada bu istiqamətdə işin qurulması üçün əllərində yetərincə imkan yoxdu. Amma müəyyən şərait yaranarsa, həm rayon, həm də şöbə fayda götürə bilər.
   Ayağa qalxıb gəzişməyi lazım bildik. Ötən əsrin ortalarında istifadyə verilmiş mədəniyyət evi, görkəmli Azərbaycan şairlərinin büstlərindən ibarət guşə, vətən yolunda canlarından keçənlərin uyuduğu Şəhidlər xiyabanıyla tanışlıq çox vaxt aparmadı. Nədən ki, hamısı yan-yanadı. Yaşı əllini haqlamış, yola saldığı illərin yarıdan bir az çoxunu şöbədə inspektor və müdir kimi keçirmiş Səfər müəllimlə ilk söhbətimizi beləcə bitirdik. Sabahkı günlə bağlı qərarımızı dəqiqləşdirdik. Rayonun agsaqqal mədəniyyət işçisi Allahverdi Məmmədovla, düzəltdiyi musiqi alətiylə mütəxəssislərin diqqətini çəkmiş Zahid Mustafayev, mərhum Sevil Qazıyevanın bacısı Sona xanımla görüşməyi tarix-diyarşünaslıq muzeyinin fəaliyyətilə tanış olmağı qərarlaşdıq və «inşallah səhər o başdan görüşərik» deyib, ayrıldıq.
   Zaqatala inzibati rayon kimi yetmiş doqquz il əvvəl yaradılıb. Ərazisi 1348 kvadratkilometrdi. Bakı-Yevlax marşrutuyla gedən yolla rayona məsafə 445 kilometrdi. Qəbələdən keçməkləsə yolu təqribən 65 kilometr qısaltmaq mümkündü. Rayon mərkəzindən sonra iri yaşayış məntəqələri - Əliabad qəsəbəsi, Muxax, Yuxarı və Aşağı Tala, Danaçı kəndləridi. Əhalinin ümumi sayı təqribən 118 min nəfərdi. Bunun təqribən beşdə biri mərkəzdə yaşayır. Şimaldan Böyük Qafqaz sıra dağlarıyla əhatəyə alınmış Zaqatalanın zaman-zaman qonşu Dağıstanla yaxın əlaqələri olub. İyirmi millətin nümayəndəsi yaşayan rayonda əslən Dağıstandan gələnlər, oradakılarla qohumluq münasibətləri bu baxımdan səbəbsiz deyil. Quton dağı (3648 m) Balakənlə Zaqatalanın arasındadı. Mənbəyini Böyük Qafqazdan götürən Tala, Katex və Muxax çayları Qanıxa (Alazan) tökülür. Zaqatala Dövlət Qoruğunun bir hissəsi bu rayonun ərazisindədi. Diyarın maraqlı tarixi var. Məsələn, çar Rusiyası dövründə Zaqatala Dağıstan vilayəti, Tiflis və Yelizavetpol quberniyalarıyla sərhəddə yerləşirdi. Onların heç birinə tabe olmadan, Zaqatala dairəsi kimi ayrıca statusa malik idi. Dairəni hərbi, mülki və inzibati hakim hüquqlu şəxs - hərbi rəis idarə edirdi. Məşhur «Potyomkin» zirehli gəmisinin cəzalanmış matrosları hərbi dairənin mərkəzindəki Zaqatala qalasına gətirildikdən sonra burada bolşevik əhval-ruhiyyəsi güclənib. Gəlmələrlə yerli inqilabçı ruhlu insanlar birləşib quruluş əleyhinə mübarizəyə başlayıblar. Təsadüfi deyil ki, 1863-cü ildə burada tarixə düşmüş Zaqatala üsyanı baş verib. Yüz il əvvəlsə çar hökuməti inqilabi əhval-ruhiyyədən qorxaraq bir müddət dairədə hərbi vəziyyət elan edib.
   Hazırda 19-cu əsrin 30-cu ilində rusların gəlişindən sonra tikilmiş Zaqatala qalası dövlət tarix mədəniyyət qoruğu kimi mühafizə edilir. Amma, açıq demək lazımdı ki, yaranışından son illərədək hərbçilərin məskəninə çevrilmiş bu abidə kobud rəftar və tarixə etinasızlıq üzündən müəyyən mənada öz simasını itirib. Yaxınlarda qaladakı hərbi hissə köçürüldükdən sonra vəziyyətin yaxşılaşacağını güman etmək olar. Məsələn, qaladan üç istiqamətə aparan bir neçə kilometrlik yeraltı yollar bərpa edilib əvvəlki görkəminə salınarsa, hər şey bir yana, ən azı turistlər üçün böyük maraq doğurar. Necə ki, buradakı fauna muzeyi gəlib-gedənlərin diqqətindən kənarda qalmır.
   Yeri gəlmişkən, rayonda 108 tarixi-memarlıq abidəsi var. Əksəriyyəti yerli əhəmiyyətlidi. Yuxarı Çardaqlar kəndində dağiçi qala və bir qismi uçmuş Zaqatala səddi abidələr içərisində ən yaşlılarıdı. Təqribən 1500 illik tarixə malikdilər. Burada 150 il öncə Zaqatalaya sürgün edilmiş polyakların kilsəsi də mövcuddu. Hərçənd həmin polyakların nəslindən kimsə qalmayıb. Onların sonuncu nümayəndəsi artıq neçə il bundan qabaq Azərbaycanı tərk edib.
   Ötən əsrin 63-cü ilində Balakən və Qax rayonları ləğv edilərək, qısa müddətə Zaqatalanın tabeliyinə verilib. O zaman, bir vaxtlar olduğu kimi, Zaqatalanın ərazisi yenidən xeyli genişlənib. Bu gün rayon ölkəmizdə ərazisinə və əhalisinə görə ilk yerlərdə olmasa da, Şəkidən o yana bölgədə xüsusi əhəmiyyətə və çəkiyə malikdi. Qonşu Balakən və Qaxdan varlı olması faktısa çoxlarına bəllidi.
   …Növbəti gün səhər yenə şöbə müdiriylə üz-üzəydim. Mənə kim lazımdırsa, hamısını məlumatlandırdığını söylədi. «Bəs, Əliabada, Allahverdi Məmmədovla görüşməyə nə vaxt gedəcəyik» sözüm ağzımda qaldı. «Allahverdi dayı özü kənddən bura gələcək» cavabı vaxtıma qənaət demək idisə də, o yaşda kişiyə nahaq əziyyət verdiyimizdən sıxıldım. «Müəllim, siz tanımırsız, necə kişidi o. Başqa aləmdi. Bilsə kimsə onunla maraqlanır, qoymaz həmin adam əziyyət çəkə. İnşallah bir-iki saata özünü yetirəcək». Səfər müəllimin bu sözlərindən sonra azca rahatlaşdım. O gələnədək tarix-diyarşünaslıq muzeyinə baş çəkmək fürsətini əldən vermək istəmədim. Çünki Sona Qazıyeva və Zahid Mustafayevlə görüşmək imkanı da hələlik mümkünsüzüydü. Müəyyən işləriylə əlaqədar, qəhrəmanlarım sonra vaxt ayıra biləcəklərini çatdırmışdılar.
   Muzeyin sürücüsü Akif Əliyevin müşayiətilə onun çalışdığı yerə yollandım. Yeri gəlmişkən, muzey uzun illər Zaqatala qalasının ərazisində yerləşib. Müvəqqəti olaraq indiki birmərtəbəli xudmani binaya köçürülüb. Nə gizlədim, direktor Cahangir Sultanovun məni qarşılamasında soyuqluq duydum. Və nədənsə mənə elə gəldi ki, görüş belə başladısa, maraqlı söhbət gözləməyə dəyməz. Amma yanılıbmışam. Sən demə, Cahangir müəllimin qaşqabaqlı görünməyinin səbəbi varmış. Az sonra özü dedi ki, hər əlinə qələm götürən muzeyə hücum çəkib, işin mahiyyətinə varmadan, mənasız suallar verdiyindən cana doyub. «Nə var, nə yox soruşmadan, öz məqsədlərinə çatmaq üçün qan qaraltmaqdan başqa peşələri yoxdu sanki». Səmimiyyətimə inanın, elələrinin yerinə xəcalət çəkdim. Qərəz, Cahangir müəllimlə dil tapmağın yolunu iş-güclə bağlı söhbətdə görüb, ləngimədən mətləbə keçdim. Öyrəndim ki, mezeyin qırx yaşı var. Və burada 17 min eksponat qorunur. Hazırkı yer dar olduğundan nümayiş etdiriləni azdı, əksəriyyəti fonddadı. Bir məsələ var ki, eksponat qoruyanların özünü qoruyan lazımdı. Ölkəmizin yetərincə muzeylərində, xüsusən rayonlarda olan problem burda da mövcuddu. Mühafizəyə polis və ya özəl mühafizə xidməti əməkdaşını cəlb etməkdən isə danışılası deyil. Vəsaitin yoxluğu bir yana, silahsız mühafizəçiyə nə dərəcədə bel bağlamaq olar? Bir sözlə, bu gedişlə məsələnin həllini gözləməkdən muzeydəkilərin gözünün kökü saralacaq. Və o vaxtacan deyəsən eksponatlarla yanaşı, muzeyin xanım əməkdaşlarını küçədən keçən sərxoş və veyil adamlardan qorumaq vəzifəsi də Cahangir müəllimin üzərinə düşəcək. Baxmayaraq ki, Qazaxıstandakı analoji muzeylərdə belə şeyləri eşitsələr, gülərlər. Ta ondan danışmıram ki, direktor mənəviyyatla bağlı apardığı təbliğatın hesabına adi adamları dilə tutaraq pulsuz-parasız eksponatlar almaq, münasib saxlama şəraitinin yoxluğundan xarab olmuş əşyaları təmir etdirmək qayğısını da yaşayır. Üstəlik, bir qeyrətli vətəndaş və doğma rayonunun təəssübünü çəkən tarixçi kimi başqa arzularını həyata keçirmək problemiylə üz-üzədi. Axı, eksponatlara beynəlxalq standartlara uyğun pasport düzəltmək asan məsələ deyil.
   Beləcə, söhbətləşdiyimiz yerdə zəng gəldi. Tələsmək lazımıydı. Mədəniyyət və turizm şöbəsində yolumu gözləyirdilər.
   
   (ardı gələn sayımızda )
   
   Seymur ELSEVƏR
   
seymur_elsever@yahoo.com







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar