Redaksiyadan: Hər il olduğu kimi, bu il də Novruz bayramı möhtəşəm şəkildə qeyd olunacaq. Ancaq builki bayramın tamam başqa bir özəlliyi var. Bildiyimiz kimi, Novruz YUNESKO-nun Qeyri- Maddi Mədəni İrs siyahısına daxil edildi və BMT tərəfindən 21 martın Beynəlxalq Novruz Günü kimi qeyd olunmasına qərar verildi. Odur ki, budəfəki bayram daha yüksək səviyyədə keçiriləcək və bayram şənlikləri həmişəki kimi yalnız İçərişəhəri deyil, həm də Dənizkənarı Milli parkı əhatə edəcək.
   Bayram şənlikləri ilə əlaqədar məşqlər bu həftə də davam etdirildi. Qəzetimizin əməkdaşları məşq proseslərinin birində iştirak edərək, eksklüziv reportaj hazırlayıblar.
   
   
   Bayram trayektoriyası

   
   ... Qız qalası yanından Paraşüt qülləsinə qədər - Muzey Mərkəzinin qarşısındakı ərazi Novruz bayramına uyğun üslubda qurulub-bəzədiləcək. Bu mizan qədim və çağdaş Azərbaycanın milli, maddi və mədəni varlığını qovuşduraraq xalqımızın dünəni, bu günü və ən müqəddəs adət-ənənəsi sayılan Novruzu əks etdirən mərasim tamaşaları üslubunda qurulacaq.
   Bayram mərasimi keçirilən bu meydanlarda Azərbaycanın əl sənəti, kitab, bəzək əşyaları və suvenirlər, mətbəx nemətləri və şərbətlərin satışı da təşkil ediləcək (yarmarka tipində). Novruz bayramı münasibətilə restoran, kafe və köşklərdə işləyənlər xüsusi paltarlar geyinəcəklər.
   
   Novruzun nizəli keşikçiləri
   
   Beləliklə, məşq zamanı bayram trayektoriyasına daha yaxın olduq. Bayram şənliyi Qız qalasından başlayaraq Dənizkənarı Milli Parka doğru davam etməkdə idi. İrəlidə sərkərdə geyimli əsgərlərin Qala divarlarını qoruması isə insanı bir anlıq da olsa keçmiş əsrlərə aparırdı. İnsanlar orta əsrlər döyüşçüləri ilə şəkil çəkdirməyə can atırdılar. Sütunlarla Qız qalasının qarşısındakı meydana daxil olan nizəli əsgərlər bir anın içərisində Qız qalasının ətrafını və bu qaladan Milli parka düşən yolun hər iki tərəfinə düzüldülər. Ümumiyyətlə, bayram tədbiri tam milli ab-havada təşkil olunmuşdu.
   
   Çinlilərin nağara sevdası
   
   Xoreoqrafiya məktəbinin tələbələri milli rəqslə şənliyə daha da böyük rəng qatdılar. Bayramın rejissoru Cənnət Səlimova ifaçıları daha da həvəsləndirirdi. Hələ məşq olduğu üçün iştirakçılar adi geyimdə idilər. Bu, tədbirin canlılığını bir qədər azaltsa da, ətrafdakı milli ruh ənənəsi hər şeyi üstələyirdi. Qız qalasının ətrafı əsl bayram aurasına köklənmişdi. Şəki, Dəvəçi, Şamaxı kollektivləri zurna-balaban səsində bir-birindən maraqlı musiqilər ifa edərək insanları əyləndirirdilər. Bir məqam isə diqqətimizdən yayınmadı. Musiqiçilərin nağarası təsadüfən yoldan ötən çinlilərin böyük marağına səbəb olmuşdu. Hətta aralarında əlləri ilə nağaraya toxunub, bir-iki dəfə səsini çıxardıb, onun nə olduğu ilə maraqlananları da oldu. Şəkili musiqiçilərimiz də təbii ki, öz şirin ləhcədə turistləri anlatmağa çalışırdılar.
   
   Dədə Qorqud xeyir-duası

   
   Daha sonra Xalq artisti İlham Əsgərov Dədə Qorqud obrazında Qız qalasının qapısında dayanaraq xalqımıza xeyirli günlər arzuladı:
   - Əziz günə xoş gəldiniz, əzizlərim!
   Bayramlar bayramı, Ulu Novruz, qədəmlərin mübarək!
   Göy üzündə parlayan günəşinə salam olsun, Ulu Novruz!
   Torpağımın bərəkəti aşıb-daşsın, Ulu Novruz!
   Yellər əsən uca göyün aydın olsun, Ulu Novruz!
   Duz-çörəkli, mərd ürəkli oğulların min yaşasın, Ulu Novruz!
   Ocaqların gur qalansın, Ulu Novruz!
   
   “Cip-cip cücələrim”
   
   Hər tərəfdən mahnı, musiqi səsləri ucalırdı. Dədə Qorqudun xeyir-duasından sonra bir az irəlidə uşaqlar məşq edirdi. Belə bir bayramı balacalarsız da təsəvvür etmək doğru olmazdı. Yaşıl otlar arasında uşaqlar “Cücələrim” rəqsini məşq edirdilər. Hava soyuq olsa da, uşaqlar həvəslə oynayırdılar. Bayramın özüylə gətirdiyi sevinc hissi hər şeyi unutdururdu.
   
   Od-su-hava-torpaq
   
   Ətrafda bahar rəmzləri görünməkdədir. Qədim qiyafəli bahadırın əlində içinə od-köz yığılmış bir sini var. Bu, ocaq rəmzidir və həzin-həzin yanır. Dədə Qorqud odun üstünə üzərlik atır, onun əmrinə müntəzir bahadır üzərliyin tüstüsünü qonaqların başına hərləyir.
   Burla Xatuna bənzər xanım əlində tutduğu gümüşü sini içindəki kuzədən, gümüşü cama çeşmə suyu süzür, paylayır. Dədə Qorqud duası səslənir. Ovqata uyğun musiqi uzaqdan eşidilməkdədir.
   Bu dəfə bayan gözəl, yamyaşıl, iri bir səməni bağlaması ilə qonaqlara qarşı gəlir. Ovqata uyğun musiqi uzaqdan eşidilirdi.
   Bu dəfə bahadır əlində iri bir hava şarı ilə qonaqlara yaxınlaşır. Şar Yer kürəsinin, havanın rəmzidir və göy qurşağı rəngləri ilə (7 rəng) boyanıb. Üzərinə “Azərbaycan”, “Novruz” sözləri yazılıb.    

   Çal, aşıq, çal...
   
   Üzü aşağıda - Qız qalasından Milli park tərəfdə aşıqların səsi gəlirdi.
   Meydanda aşıqlar qərar tutublar. Onlar çalıb-oxuyur və rəqs edirlər. Sarı Aşıq, Molla Pənah Vaqif və Aşıq Ələsgərin obrazlarını canlandıran aktyorlar da buradadır. Sarı Aşıqdan bayatılar, Vaqifdən və Ələsgərdən qoşmalar səslənir:
   
   Bahar gəldi, çiçək açdı
   Güllər qırmızı geyindi.
   Çırtıq dəydi, üz qanadı
   Xallar qırmızı geyindi.
   
   Mayiləm mina gərdana,
   Ağ bədənə, gül əndama.
   Zülflərinə yaxdı xına,
   Tellər qırmızı geyindi.
   
   Qaş oynatdı, qıya baxdı,
   Könlümün evini yıxdı.
   Al geyindi, seyrə çıxdı,
   Çöllər qırmızı geyindi.
   
   Hüseyn qurban ala gözə,
   Dodağı bal, dili məzə.
   Yar sallanıb gəldi bizə,
   Yollar qırmızı geyindi.
   
   Pələngi arvada dəyişən Kosa
   
   Şəhərdə gedən məşq prosesi hamının marağına səbəb olmuşdu. Aşıqların yaxınlığında isə Kosa (Coşqun Rəhimov) və Keçəl (Rafael İsgəndərov) uşaqlarla sorğu-sual aparırdı. Kosa isə həmişəki dəyişməyən həyat hekayəsini danışırdı. Məzəli yerişlə meydana daxil olub zurna və nağarada çalınan oynaq musiqi sədaları altında avazla belə deyir:
   
   Bağçanızda gül ola,
   Gül ola, bülbül ola.
   Mən gəlmişəm kef görüm,
   Zurna görüm, dəf görüm.
   
   Birdən Kosa durduğu yerdə səndirləyir, kimin üstünə gedirsə, o da qarşı tərəfə itələyir. Axır ki, Kosa məqam tapıb yıxılır. Guya ölür. Üzünə bir dolça su atırlar, diksinib oyanır. Diz üstə dikəlib özünü toxtatmağa çalışır. Bu zaman dövrəsindəkilər onu sorğu-suala tuturlar.
   
   - A Kosa, pulunu neylədin?
   - Pələng və arvad aldım.
   - Arvadı neynədin?
   - Döyüb öldürdüm.
   - Pələngi neylədin?
   - Təhvil verdim zooparka, puluna da arvad aldım.
   
   Bərəkət sərgisi
   
   Bu epizod yaxın ətrafda “Dirədöymə”, “Bənövşə bəndə düşə”, “Ənzəli” oynayan qrupların çıxışları ilə bütövləşir. Milli parkda üzü Paraşüt qülləsinə sarı gedincə, xalq sənəti sərgisinə yaxınlaşırıq. Misgərlər, dəmirçilər, xalçaçılar, həsir toxuyanlar, boyaqçılar... iş başındadırlar.
   Dəvə karvanı bəzədilib. Bir yanda xoruz döyüşü, bir yanda sirk, akrobatlar, kəndirbazlar, pəhlivanlar, jonqlyorlar və s.
   Şərq bazarı meydanında Azərbaycanın ayrı-ayrı bölgələri - Gəncə, Lənkəran, Qarabağ, Naxçıvan, Quba, Şamaxı təmsil olunurlar. Onlar yerli Novruz ənənələrini göstərir, xalq sənəti nümunələrini, ənənəçilik məhsullarını qonaqlara təklif edirlər.
   Maraqlı səhnələrdən biri də nağara və zurna sədaları altında gözəl bir ceyranın meydanda rəqs etməsi idi. Ceyran milli musiqinin sədaları altında rəqs etdikcə sanki özünün bu Novruz bayramında hamıdan gözəl olduğunu nümayiş etdirirdi.
   
   Meyxana meydanı
   
   Bütünlükdə folklor yaradıcılığımızı sərgiləyən bayram məşqində meyxana sənəti də öz yerini alıb. Meyxana ustaları dəstələrə bölünüb qafiyə tuturlar. Meyxanaçı qruplar növbə ilə öz istedadlarını nümayiş etdirirlər. Burada da Bakı və Abşeronun meyxana üslubuna uyğun olaraq 4 qrup yaradılıb, Kərim, Namiq Qaraçuxurlu, Mehman Əhmədli və başqa söz ustaları deyişirlər.
   
   “Ax, bu evin kiçik qızı,
   qoşuldu qaçdı, nənəli...”
   
   Lap qarşıda isə “Natiq-Ritm” qrupunun ritmləri eşidilir. Bu ritmlərin sədaları altında güləşçilər növbə ilə güclərini nümayiş etdirirlər. Başdan-başa milli koloritlərə boyanmış şəhər insanı başqa aləmə çəkib aparır. Şəhər sakinləri maraqla bu mənzərələrə tamaşa edirdilər.
   Bir az irəli getmişdik ki, qulağımıza “Ax, bu evin kiçik qızı, qoşuldu qaçdı nənəli, dilim dolaşdı nənəli” mahnısının sədaları gəlir. Bu ki, el arasında məşhur olan “Nənələr” qrupudur... Özlərinə məxsus tərzdə oxuyan nənələrin qayğısız simalarında bayramın ruhu sezilir. Qrupun fonunda çobanlar dəvələr ilə xalq oyunları nümayiş etdirirdilər.
   
   Musiqili Komediya Teatrı at belində
   
   Musiqili Komediya Teatrının aktyorları isə uzunqulaq, at fiqurlarına minib dövrə vururdular. Məşq prosesi burada tamamlandı. Amma martın 21-də Novruz şənliyi Musiqili Komediya Teatrının aktyorlarının çıxış etdiyi yerdən bir az aralıda - Paraşüt qülləsinin yanında Xalq artisti Zülfiyyə Xanbabayevanın çıxışı ilə və Muzey Mərkəzi qarşısında düzənlənən tədbirlə bitəcək.
   Bayram konsertinin hazırlıq məşqindən reportaj hazırlayarkən şəhərə bayram sevgisi hopduğunun şahidi olduq. Belə günlərin bol olması arzusuyla, bayramınız mübarək!   

   Yeganə Cansail,
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar