Ataların yaxşı bir sözü var: İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar... Yazının girişində bu məsəli çəkməyimə səbəb paytaxtımızın ümumi mənzərəsi ilə birbaşa əlaqədardır. Hər gün diqqət yetirmədən yanından ötdüyümüz mağazaların, kitabxanaların, kitab mağazalarının, teatr və muzeylərin və s. məkanların daxili mənzərəsi çox güman ki, əksərimizin maraq dairəsindən kənarda qalır. Lakin bir gün şəhəri yad turist kimi gəzmək və görmək heç ağlınızdan keçibmi? Belə bir eksperiment etmək üçün “silahlanıb” mərkəzi küçələrə üz tutdum...   

   Geyim qəbiristanlığında
   
   Mövsüm dəyişdiyindən geyim mağazalarının vitrinlərindəki yüksək faizli endirim elanları lap adama gəl-gəl deyir. Bu səbəbdəndir ki, mağazalarda iynə atsan yerə düşməz. Elə ilk addımda qarşıma çıxan mağazaya daxil olub guya nəsə alırmışam kimi ətrafa diqqət kəsildim. Uşağından böyüyə hər kəs öz zövqünə və cibinə uyğun geyimlərin içində itib-batmışdı. Alıcılar qəribə bir acgözlüklə qucaqlarına sıxdıqları geyimlərə baxır və tələm-tələsik qərar verməmək üçün arada satıcıdan “Sizcə, bu mənə yaraşar?”, “Başqa rəngləri necə, var?” kimi sərsəm suallar verirdilər.
   Əslində geyim də bir mədəniyyət, özünü təqdimetmə vasitəsidir. Amma hər şey öz əndazəsində... Digər tərəfdən, biz küll olaraq bu qədərmi dəyişmişik?! Yəni çərçivəsindən çıxan zaman və məkan kontekstində bizim evimiz və əynimizmi dəyişib? Yaşından asılı olmayaraq geyimə bu qədər düşkün olan insanlar görəsən kitaba, elmə də eyni həvəsdə idilərmi?..
   Elə bu suallar məni kitab pasajına doğru istiqamətləndirdi...
   
   Kimsəsiz kitablar...
   
   Burdakı vəziyyətdən isə danışılası deyildi. Ona görə yox ki, kitab alan yox idi. Bu onsuz da təzə xəbər deyildi... Şəhərin əsas küçəsi Nizami küçəsi və Fəvvarələr meydanı ətrafı, yəni “Torqovıy” deyilən hər tərəf təmirə bağlandığından daşyonan dəzgahların səsi, toz-torpaq bir vaxtlar rəssamların əsərlərinin satış məkanı olan yerdə indi acınacaqlı bir mənzərə sərgiləyirdi. Kimsəsiz kimi küncə sığınıb qalmış kitablar isə sanki uzaqdan toz-torpağın içində imdad diləyirdi. Kitabları kimi küskün görünən satıcı “kitab alan varmı” sualımı eşidən kimi gileylə danışmağa başladı:
   “Bu qədər insandan gün ərzində cəmi 15-20 nəfər kitab soruşur. Ən çox satılan kitablar isə kompyuter proqramlarından bəhs edənlərdi. Bədii kitablar, demək olar ki, bu gün gəncləri az maraqlandırır. Aldıqları kitablar da çox vaxt dərsliklər olur. Bu dərsliklərə də nadir hallarda satışda rast gəlinir. Mən başa düşmürəm, niyə müəllimlər tələbəyə “gedin kitabı hardan tapırsınız tapın” deyir. Bir halda ki, bu kitablar tapılmır, sovet dövrünün kitablarıdı, yenisini nəşr etsinlər... Kitabların qiyməti müxtəlifdi. 1 manat 60 qəpikdən tutmuş 70-100 manata qədər hər kəsin büdcəsinə uyğun kitab var. Sadəcə alanı yoxdur.
   
   «Mənim nəyimə gərək, polis kitab oxuyur ya oxumur»
   
   Əksəriyyət, xüsusilə də gənclər internetin olduğu bir dövrdə kitabın vacibliyini bir o qədər də önəmli saymır. Kitab təkcə elm, bilgi mənbəyi deyil, o həm də istirahətdir. Soyuq qış gecəsində, küləyin küçədə meydan oxuduğu bir vaxtda yanında isti çayla kitab oxumağın bəxş etdiyi zövqü, yaxud rəflərdən gələn kitabların qəribə qoxusunu heç bir elektron kitab əvəz edə bilməz...
   Əksərimizin tanıdığı, ucuz kitabların satışına görə məşhurlaşmış Qız qalasının yanındakı kitab mağazasına gəlirəm. Təəssüf ki, burada da adam barmaqla sayılacaq qədər az idi.
   Mağazanın sahibi Elman müəllim deyəsən jurnalistlərdən bezib: “Mən jurnalistlərə məlumat verməyə tövbə eləmişəm. Müsahibə götürürlər, sonra da gedib mənim adımdan elə əlavələr edirlər ki, qalıram mat-məəttəl. Keçən dəfə bir jurnalist adımdan yazıb ki, guya mən demişəm Azərbaycan polisi kitab oxumur. Əvvəla, mənim nəyimə gərək polis kitab oxuyur ya oxumur, birdə ki, belə sözü mən demərəm də axı...”
   Rəflərə nəzər yetirib kitablara baxıram. Qiymətlər çox ucuzdur. 20-50 qəpikdən 1-5 manata qədər.
   
   “Biz hələ nə alırıq ki?..”
   
   Avtobus dayanacağına tərəf gedərkən isə küçənin bir tərəfində taxtanın üzərinə düzülmüş milli atributlarımızı əks etdirən suvenirlər diqqətimi cəlb edir. Satıcı nəsə alacağımı düşünüb “buyur bacı, nə istəyirsən” desə də gəlişimin səbəbini və kim olduğumu biləndə (deyəsən müxbirə şikayət vərdişi hələ də qalıb) başladı cəngə. “5 ildi ki, bu işlə məşğulam. Özüm Moskvada bizneslə bağlı universitet bitirmişəm, diplomum da var, hətta mənə sənətimlə bağlı iş də təklif edirlər, amma nədənsə suvenirlərə marağım daha böyük olduğundan bu işdən ayrıla bilmirəm. Gəliri çox olmasa da. Açığı nə gizlədim, mən özüm rayon uşağıyam. Burada kirayədə qalıram. Gələcəyimi qurmaq üçün də gərək bu işdən ayrılım. Amma bacarıram. Həm də yaxşı müştəri olanda suvenir biznesinin nəyi pisdi ki?».
   
   Yazıq Dostoyevski

   
   “Məhsuldar” şəhər gəzintimi başa vurub yorğun-arğın evimizə yollanıram. Səkidə iti addımlarla yeriyəndə ayağımın nəyəsə taxıldığını hiss etdim. Əyilib baxıram: Bu ki, Dostoyevskinin “Cinayət və cəza”sıdı..İnanmıram ki, bu kitabı maşınların təkərləri altına atmaqla cinayət edən adam cəza alacaq...
   
   Y.Cansail