Qədimliklə müasirliyi, Şərqlə Qərbi özündə yaşadan İstanbulun məşhur abidələrini ziyarətimiz «İstanbul - Avropanın paytaxtı - 2010» ili çərçivəsində bu şəhərə etdiyimiz səfər gedişində gerçəkləşdi. Şəhərdə mənə ən çox təsir edən məqam ultramüasir binalarla qədim tikililərin bir-biri ilə vəhdəti idi. İstanbulun tarixi abidələrinin bir çoxu UNESCO-nun Dünya İrsi siyahısına daxildir.
   İstanbulda ən böyük tarixi abidələr Sultan Əhməd meydanındadır. Roma, Bizans və Osmanlı imperatorluqlarının izlərini yaşadan meydanda dünyaca ünlü Ayasofya məbədi, Sultan Əhməd camesi və Topqapı sarayı yerləşir.

   
   
   Tayı-bərabəri olmayan  Sultan Əhməd camesi
   
   Türk və İslam dünyasının ən ünlü abidələrindən biri Sultan Əhməd məscidi həm də muzey kimi fəaliyyət göstərir. Namaz vaxtı buraya turistlərin girişi qadağandır. 1609-1616-cı illər arasında inşa edilən və klassik türk sənətinin örnəyi olan bu abidə 6 minarəyə malik yeganə camedir. Qeyd edim ki, İstanbulun ən gözəl mənzərəsi dənizdən görünür. Bu şahanə mənzərədə isə camenin silueti özünə xüsusi yer alır.
   Böyük dəhlizdən içəriyə daxil olduqda sanki əsrarəngiz məkana düşürsən və zəngin rəngli bəzəklərlə qarşılaşırsan. Məscidin içərisinə açılan qapıdan fövqəladə harmoniya ilə bir-birinin üzərində yüksələn qübbələr görünür. Məscidi üç tərəfdən əhatəyə alan dəhlizlərin divarları, sayı 20 mini ötən şahanə İznik çiniləri ilə bəzədilib. Bunların yuxarısı və qübbənin içəriləri boya işidir. Bütün camelərdə olduğu kimi, burada da yer xalılarla döşənib. Baş girişin qarşısında qərar tutan mehrabın yanında əsrarəngiz oyma işi olan mərmər minbər olduqca cəlbedicidir.
   Cameni beş sıra ilə əhatəyə alan 260 pəncərəsinin rəngli şüşələrindən süzülən işıq əsrarəngiz effekt yaradır. Sultan Əhməd camesinin əsl özəlliklərindən biri bol işıqlı olmasıdır. Bu gözəlliyi saatlarla dayanıb müşahidə etmək istəyirik. Lakin namaz başladığından cameni tərk etməli oluruq. Növbəti səfərimiz Topqapı sarayınadır.
   
   Qosqoca imperatorluğun möhtəşəm sarayı
   
   İstanbulun fəthindən (1453) sonra 4 əsrə yaxın imperiyanın idarəetmə mərkəzi olan Topqapı sarayı İstanbulun həm Mərmərə dənizini, həm də boğazı görən ən gözəl nöqtəsində inşa edilib. Hündür qala divarları və darvaza ilə əhatəyə alınan saray öz möhtəşəmliyini bu gün də saxlayır. İstanbula gəldikdə ən çox ziyarət edilən bu tarixi abidə, əslində, binalar kompleksindən ibarətdir. İqamətgah tikildiyi dövrdən başlayaraq sultanların həyata keçirdiyi bir çox dəyişiklik və əlavələrə məruz qalıb. 1853-cü ildə Osmanlı sultanının göstərişi ilə iqamətgahın Dolmabaxça sarayına köçrülməsi nəticəsində rəsmən saraylıq statusu adı üzərindən götürülmüş və çox az zamanda dağılmışdı.
   Cümhuriyyət dövründə yekunlaşan bərpa işləri nəticəsində Topqapı sarayı əvvəlki möhtəşəmliyinə qovuşa bildi və 1924-cü ildən muzey kimi fəaliyyət göstərir. Xarici görkəmi olduqca sadə olan saray içəridən yüksək memarlıq üslubu ilə bəzədilib. Bura sultanın rəsmi iqamətgahı olmaqla bərabər, rəsmi dövlət işlərinin mərkəzi, nazirlərin toplandığı, dövlət xəzinəsi, dəftərxanası və alış-verişlərin həyata keçirildiyi yer olub. İmperiyanın ən ali məktəbi, sultan və dövlətin universiteti sarayda yerləşirdi.
   Sarayın birinci həyətinə Bab-i Humayun kimi tanınan imperiya qapısından daxil olunur. Qapının çölündəki heykəl çeşməsi XVIII əsr türk sənətinin ən gözəl nümunələrindəndir. Sarayda nümayiş etdirilən muzey əşyalarının bir çoxu dünyada bənzəri olmayan şah əsərlərdir. Saray kompleksinə daxil olan Çinili qəsri və Arxeologiya muzeyi də bu həyətdədir. Sarayda turistlərin ən çox diqqətini çəkən müqəddəs əmanətlərin saxlandığı 4 otaqdan ibarət muzeydir. Bu muzeydə sultanlara məxsus qiymətli şəxsi əşyalarla bərabər, zaman-zaman Osmanlı sultanlarına bəxşiş edilən qiymətli hədiyyələr də qorunub-saxlanılır. Şəxsi kolleksiyalarda yerləşdirilən və güclü mühafizə edilən eksponatların qarşısında saatlarla dayanmaq olar. Məsələn, Birinci Dünya müharibəsi zamanı məhv olmaması üçün Məkkədən İstanbula gətirilmiş peyğəmbərə məxsus əşyalar, qızıl taxtlar, bəzək əşyaları və digərləri orta əsr dövrü ilə bağlı güclü təsəvvür yaradır. Dörd xəlifəyə məxsus silahlar, peyğəmbərlərə aid xatirə əşyaları da bu bölmədə saxlanılır.    

Bitib-tükənməyən təəssüratlar məkanı - Ayasofya
   
   İslam dininə sitayiş edənlərlə xristianların birgəyaşayışının mümkünlüyünü sübut edən abidə - Ayasofya. Bizans dövrünün ən gözəl memarlıq və sənət nümunəsini özündə birləşdirən bu tarixi memarlıq abidəsi 916 illik müddət ərzində kilsə olaraq istifadə edilsə də, 1453-cü ildən sonrakı dövrdə, Sultan Mehmetin İstanbulu fəthindən sonra məscidə çevrilib. Türkiyə Cümhuriyyətinin elan olunmasından sonra, 1935- ci ildə Atatürkün əmri ilə muzey olaraq istifadə edilməyə başlanıldı. Dünyada həm məscidi, həm də kilsəni özündə birləşdirən yeganə abidədir Ayasofya. Abidənin içərisini gəzdikcə, həm xristianlığa, həm də İslam dininə aid nişanələri gördükcə təəccüblənməyə bilmirsən. Türklər İstanbulu fəth etdikdən sonra İslam qanunlarının dövlət idarəetməsində hakim olmasına rəğmən belə bir xristian məbədinin qorunması Osmanlı imperatorluğunda mövcud olmuş tolerantlıq mühitindən xəbər verir.
   İstanbulun fəthindən sonra abidə məscidə çevrilsə də, kilsədən qalan nişanələr məhv edilmədi. Sadəcə üzərinə gips çəkilməklə uzun illər qorundu. Elə bunun nəticəsidir ki, bu gün həmin elementlər Bizans dövrünün yadigarı kimi qorunub-saxlanılmaqdadır. Bu, türklərin digər xalqların mədəniyyətinə, dininə necə böyük hörmətlə yanaşmalarının göstəricisidir.
   15 əsrlik tarixi olan Ayasofya məbədi hazırda dünyanın ən qədim abidə və tikililəri sırasında yer alır. Dünyanın ən qədim, böyüklüyünə görə isə dördüncü kilsəsi sayılır.
   Ayasofyanın memarlıq üslubu ilə yanaşı, mozaikaları da vacib rol oynayır. Geometrik, bitki formalarına uyğun olan müxtəlif motivləri özündə birləşdirən mozaikalar IX - XII yüzilliklərdə hazırlanıb. Bunlar imperator qapısı üzərində, absis hesab olunan hissədə, çıxış qapısı üzərində və üst mərtəbədəki qalereyada görülməsi mümkündür. Ayasofya ətrafında aparılmış qazıntı işləri zamanı tapılmış Bizans sütunlarından nümunələr nümayiş etdirilən bağçadan keçib tikintiyə daxil olanları qapı üzərində görkəmli mozaikalar qarşılayır. Ayasofyadakı bu zəngin mozaika və detallar, üstəlik İslam və xristianlığa aid elementlər insanda bitib-tükənməyən təəssürat yaradır.
   
   Bazarlar, almanların ərməğanı və Tikilidaş
   
   Yəqin ki, İstanbula gələn hər bir turist şəhərin bazarlarına üz tutur.
   İstanbulun ən qədim bazarlarından olan təbii dərmanlar, ədviyyatlar, çiçək toxumları, nadir bitki köklərinin satıldığı Misir çarşısı 1660-cı ildə Turhan Sultan tərəfindən tikdirilib. İstanbulda əsl böyük bazar isə Sultan Süleyman Qanuni tərəfindən inşa etdirilən Kapalıçarşıdır (Örtülü bazar). Hər iki abidə restavrasiya edilrək qorunub-saxlanmaqla yanaşı, həm də bazar kimi fəaliyyət göstərir.
   Sultan Əhməd meydanında növbəti tanış olduğum abidə camenin qarşısındakı «Alman çeşməsi» oldu. Çeşmə alman imperatoru Vilhelmin İstanbulu ziyarəti zamanı, 1901-ci ildə alman hökuməti tərəfindən hədiyyə edilib. Onun bütün parçaları da Almaniyada emal edildiyi üçün “Alman çeşməsi” adlandırılır. Çeşmənin üzərində hündür qübbənin içərisi tamamilə qızıldan hazırlanıb.
   Sən demə, İstanbulda qədim Misirə aid abidə də varmış. Ayasofyanın yanında qarşımıza çıxan və Tikilidaş adlandırılan bu abidə Misirdən gətirilib. Yerə möhkəmləndirilməsi üçün aylarla gərgin əmək sərf edilib. Üzərindəki heroqliflərin yalnız XVIII əsrdə oxunduğundan həm Bizans, həm də Osmanlı dönəmlərində bu işarələr pis ruhların qovulması kimi başa düşülürdü. Sonralar abidənin Misir fironu Tutmosa məxsus olduğu məlum olub.
   İstanbulda olduğum müddətdə Sultan Əhməd meydanında tanış olduğum abidələr bunlardır. Amma bu şəhərdə görə bilmədiyim nə qədər qədim maddi-mədəniyyət abidələri, gözəl mənzərələr mövcuddur. Təəssüf ki, onların hamısını ziyarət etməyə zaman yetmədi.
   İstanbulu tərk etdikdə isə beynimdə yaranmış təəssürat belə oldu: bu gün dünya mədəniyyətlərarası dialoqun yollarını axtarır, İstanbul isə qoruyub-saxladığı Roma, Bizans abidələrinin simasında bunun mümkünlüyünü bütün dünyaya məharətlə nümayiş etdirir.
   
   Mehparə
   Bakı-İstanbul-Bakı