Avropanı Asiyaya, Qərbi Şərqə bağlayan, qədim sivilizasiyaların tarixini özündə yaşadan İstanbul həm də dünyanın öndə gedən turizm şəhərlərindən hesab olunur. Əlbəttə, istənilən şəhərin təkcə qədim abidələrlə zənginliyi və gözəlliyi onun cəlbedici məkana çevrilməsi üçün yetərli deyil. Bunun üçün həm də yüksək keyfiyyətli turizm xidmətinin qurulması vacibdir. Bu günlərdə «İstanbul - Avropa mədəniyyətinin paytaxtı - 2010» ili çərçivəsində bu şəhərdə səfərdə olarkən bunu bir daha yəqin etdim.
   
   
   Əvvəldən başlayaq. Hər hansı bir ölkəyə səfər etdikdə orada səni öncə bələdçi qarşılayır. Mənə elə gəlir ki, bələdçi həmin ölkənin siması rolunu oynamalı və elə ilk turistdə gəldiyi ölkə haqda xoş təəssürat yaratmalıdır. Bu baxımdan Türkiyədə olduğumuz müddətdə bizə bələdçilik etmiş şəxslər haqqında, onların yüksək peşəkarlığı barədə ən xoş sözləri deyə bilərəm.
   Dünyanın müxtəlif ölkələrindən gəlmiş 20-dən çox jurnalistin hər birinin dilindən bələdçi işinin təşkilinin yüksək səviyyədə olduğunu eşitmək olurdu. Qrupu müşayiət edən üç bələdçinin hər birinin bir neçə əcnəbi dil bilməsi, turistlərlə uyğun şəkildə davranmaq bacarığı Türkiyənin turizm sektorunda bu sahəyə xüsusi önəm verildiyini göstərirdi. Mübaliğəsiz deyə bilərəm ki, bələdçilər İstanbulun «sifəti rolu»nun öhdəsindən məharətlə gəldilər.
   Hotellərə gəlincə, burada da xidmətin səviyyəsinin yüksək olduğunu qeyd etmək olar. Atatürk Hava Limanının yaxınlığında qaldığımız hotelin təmtəraqlı, gözəl görünüşünü oradakı yüksək xidmət tamamlayırdı. Əlbəttə, bütün bunlar İstanbul turizminin görünən tərəfləri idi. Amma buradakı söhbətimdə aldığım məlumatlar İstanbul turizmi haqqında təsəvvürlərimi daha da genişləndirdi.
   
   8500 illik tarixə malik şəhər hələ dünyaya yetərincə təqdim olunmayıb

   
   Bu gün dünyanın ən gözəl şəhərləri sırasında yer alan İstanbul dünya turistləri üçün cəlbedici məkana çevrilsə də, şəhər rəsmiləri bu qənaətdə deyil. Daha doğrusu, dünyanın aparıcı turist mərkəzləri ilə müqayisədə şəhərin hələ də lazımi formada dünyaya təqdim edilmədiyini dilə gətirirlər.
   Məsələn, Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin İstanbul şəhəri üzrə Mədəniyyət və Turizm İdarəsinin müdiri Əhməd Emre Bilgili söhbət zamanı bu məsələyə xüsusi olaraq diqqət çəkdi: «İstanbulu London, Paris və Roma ilə müqayisə etdikdə, deyə bilərəm ki, şəhər turizm baxımından hələ də layiq olduğu yerdə deyil. Beynəlxalq səviyyəli mütəxəssislər İstanbula gəldikdə burada qarşılaşdıqları zənginliyə inanmırlar. Məsələn, məşhur dizayner Ornegin İstanbul haqqında məruzəsində «Siz Allahın sizlər üçün yaratdığı ən gözəl şəhərdə yaşayırsınız» deyib. Məncə bu, İstanbulu təsvir etmək üçün yetərlidir. Təəssüf ki, bu gözəl şəhərimizi yetərincə irəliyə apara bilmirik. Məsələn, biz Paris deyəndə, dərhal Eyfel qülləsini xatırlayırıq. Bu qülləni hər il 40 milyon turist ziyarət edir. İstanbula gəlincə, son illərin arxeoloji qazıntıları sübut edib ki, şəhər 8500 illik tarixə malikdir. İstanbuldakı tarixi abidələr dünyanın heç bir yerində yoxdur. Lakin təəssüf ki, bu qədim məkan hələ də dünyaya yaxşı tanıdılmayıb. Ona görə də üzərimizə düşən vəzifəni yaxşı yerinə yetirməliyik».
   
   İstanbul turizminin strateji modeli nədir?
   
   Bu gün İstanbulu dünyanın aparıcı turist şəhərinə çevirmək üçün müxtəlif qurumlar birgə fəaliyyət göstərməkdədir. Məsələn, İstanbul Böyükşəhər Bələdiyyəsinin mədəniyyət atelyesi (bölməsi) şəhərin turizm həyatında mühüm yer tutur. Departamentin rəhbəri Tulin Ersözlə söhbətdən bəlli oldu ki, bu qurum 2004-cü ildə İstanbul bələdiyyəsi tərəfindən yaradılıb: «İstanbulun 8500 illik tarixi olduğundan turizm şəhəri olmağa layiqdir. Qurum olaraq hədəfimizdə turizm, konqres turizmi və maliyyə məsələləri dayanır. Hər üç məsələ ilə bağlı həyata keçirəcəyimiz bütün layihələrin razılığını İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbərliyindən alırıq».
   Mədəniyyət atelyesində qeyri-hökumət təşkilatları, iri sənaye təmsilçiləri, akademiklər, mətbuat mənsubları, sənətçilər, memarlar könüllülük əsasında fəaliyyət göstərirlər. Onlar mütəmadi olaraq müxtəlif komissiyalarda toplaşır, həyata keçiriləcək layihələr müzakirə olunur. Beləliklə, komanda şəklində işləyən qurum artıq 6 ildir ki, uğurla fəaliyyət göstərir. Tulin xanım bildirdi ki, hətta bəzi ölkələr onlardan İstanbul turizminin strateji modeli ilə bağlı məsləhət vermələrini xahiş edirlər.
   Turistlərin səfər etdikləri ölkələrdə məxsusi diqqət verdikləri məqamlardan biri təmizlik və səliqə-sahmandır. Bu baxımdan əminliklə deyə bilərəm ki, İstanbulda bu sahəyə böyük diqqət ayrılır. İnsanların hətta ən gur olduqları yerlərdə belə hər hansı təmizlik diqqət çəkir. Şəhərin təmizliyinə mədəniyyət atelyesinin layihələrində də xüsusi yer ayrılır.
   «Həyata keçirdiyimiz hər bir işin üzərində baş sındırırıq. Bütün vasitələrdən istifadə edib istər texniki, istərsə də digər sahələrdə məsələləri düzgün həll etməyə çalışırıq. Texniki baxımdan turizmə aid yerlərdə neqativ hallar varsa, onu araşdırıb həll edirik. Məsələn, keçidlərdə, binaların fasadlarında natəmizlik ola bilər. Bu xoşagəlməz halı tezliklə aradan qaldırırıq. İndi biz 7 bölgədə eyni pilot layihənin tətbiqi ilə məşğuluq» - deyə, xanım Ersöz bildirdi.
   Bu qurumun layihələrin həyata keçirilməsi metodu da olduqca maraqlıdır. Belə ki, hər hansı bir yerdə layihə həyata keçirən zaman inzibati idarəetmə rəhbərindən tutmuş ticarətçiyədək hər kəs layihənin iştirakçısına çevrilir. Ərazidə yaşayanların, işləyənlərin hamısı layihədən xəbərdar edilir. Beləliklə, insanlar layihəyə qoşulur, işlər sürətlə irəliləyir və nəticədə ortaya keyfiyyətli iş qoyulur.
   Tulin Ersözün bildirdiyinə görə, İstanbul turizminin strateji modelinin digər elementi tədbirlərin daha çox küçələrdə keçirilməsidir: «Biz incəsənət sərgilərinin küçələrdə keçirilməsinə çalışırıq. Rəssamından, musiqiçisindən heykəltəraşına qədər hər kəsi küçə tədbirlərinə qoşuruq. Bununla İstanbulda turizmi daha da canlandırmaq istəyirik».
   
   İstanbul dünyanın ən ekzotik şəhəri seçilib
   
   Əlbəttə, İstanbul kimi qədim və mədəni zənginliyi olan bir şəhərdə sözügedən layihələri həyata keçirmək o qədər də asan deyil. Bunu xanım Ersöz də etiraf edir: «Qanuni prosedurlar baxımından bu, bir qədər uzun vaxt alır. İş planlarını reallaşdırmaq üçün İstanbul Abidələr Şurasından icazə almaq lazım gəlir. Əks halda, hər kəs istədiyini edər və bu qədim şəhərin tarixi düzümü pozular. Nəzərə almaq lazımdır ki, 15 milyon əhalisi olan şəhərdə həyat o qədər də asan deyil».
   İstanbul bələdiyyəsinin mədəniyyət bölməsi şəhərin turizm baxımından tanıdılması istiqamətində mühüm işlər görməkdədir. Qurumun rəhbəri bildirir ki, Mədəniyyət və Turizm Nazirliyi, valilik, bələdiyyə, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək İstanbulu beynəlxalq sərgilərdə yaxşı tanıtmağa çalışırlar: «Məsələn, 4 ay əvvəl «Hürriyyət» qəzetinin təşkilatçılığı ilə dünyanın müxtəlif yerlərindən 250 qəzet redaktoru və nəşriyyat müdirini İstanbula dəvət etdik. Həmin redaktorlar öz vətənlərinə qayıdanda İstanbulla bağlı yazdıqları məqalələrdən sonra bu şəhər dünyanın ən ekzotik şəhəri seçildi».
   Son illər İstanbulun turizm sahəsində qazandığı uğurlar xaricdə keçirilən sərgilərdə özünü bir daha isbatlayır. Bu gün İstanbul ən önəmli turizm sərgilərinə qatılır. Şəhər Böyük Britaniya, İtaliya, Hollandiya, Rusiya, Almaniya və digər ölkələrdə keçirilən turizm sərgilərində iştirak edir. Məsələn, 190 ölkənin iştirakı ilə 11 min stendin qoyulduğu Berlin sərgisi dünyanın ən mühüm turizm bazarı hesab olunur. 2006-cı ildə burada keçirilən sərgidə İstanbul birincilik qazanıb. Şəhər Bolqarıstan və Rusiyada keçirilən turizm sərgilərində də uğur əldə edib.
   Son olaraq qeyd edək ki, İstanbula gələn əcnəbi turistlərin sayı ildən-ilə artmaqdadır. Əgər İstanbul 2004-cü ildə 2 milyon 300 min turist qəbul etmişdisə, 2009-cu ildə bu rəqəm 7 milyon 800 mini aşıb. Bütün bunlar İstanbulun özünəməxsus turizm modelində qazandığı uğurların nəticəsidir.
   
   Mehparə,
   Bakı-İstanbul-Bakı 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar