Əli dayını tanımayan az adam tapılar. Televiziya ekranlarından, qəzet səhifələrindən tez-tez görünən başmaqçı Əli dayıya bəzən “gəzən ensiklopediya” da deyirlər. İstənilən məsələdən baş açma fərasəti sayəsində baş sındırası mövzularda söz haqqı qazanıb. 
   Baməzə danışığı, məsələlərə fərqli yanaşma tərzi, mədəniyyətimizə bələdçiliyi, incə şəkili koloriti, ən əsası ayağa baxanda başa qiymət vermək istedadı ilə seçilir. Arif adamdı. Sözdən söz çəkən adam olduğundan onunla danışmaq ehtiyacı ilə emalatxanasına yollandım. 
  

    İş otağına daxil olanda təəccübümü gizlədə bilmədim. Bura başmaqçı emalatxanasından çox muzeyi xatırladırdı. Qapının ağzında ayaqqabı tikmək üçün maşın qoyulmuşdu. Bir az aralıda usta ənənəvi işi ilə məşğul idi. Divardakı rəfdə xeyli hazır başmaq da vardı. Emalatxananın baş tərəfində Nizami Gəncəvinin böyük büstü qoyulmuşdu. Bu, heykəltəraş Fuad Əbdürrəhmanovun başmaqçıya hədiyyəsidir.
   Üzbəüz divarda Üzeyir Hacıbəyovun portreti asılıb. Divarboyu rəflərdə düzülmüş kitablara baxanda heyrətə gəldim. Deyəsən, Əli dayı bunu hiss elədi. İşini dayandırmadan «Elə də çox deyillər, beş min olar. Bəzi kitablarımı oxumaq adı ilə aparıblar, amma qaytarmayıblar» - dedi. Sonra cəld hərəkətlə yerindən qalxıb kitabların arasından toz basmış bir kitabı çıxarıb xalatının ətəyi ilə silə-silə «Stalinin külliyyatındandır. On üç cilddir. Deyirlər, Moskvada yaxşı qiymətə satılır» deyib kitabı yerinə qoydu.
   Rəflərdə qədim yunan ədəbiyyatından tutmuş müasirlərimizin əsərlərinə qədər müxtəlif nümunələr vardı.
   Sənətə çoxdan öz möhürünü vuran ustanın mənəvi zənginliyinə bələd olduqca düşünürsən ki, görəsən, hansı ali məktəbi bitirib? Əslində orta məktəbdə cəmi 6 sinif oxuyub. Atasını itirəndən sonra təhsilini yarımçıq qoymalı olub. Bir gün dayısı onun üçün Nizami Gəncəvinin «Xəmsə»sini alıb gətirir ki, oxusun. Əli dayının kitablarla ülfəti də elə o gündən başlanır.
   1949-cu ildə Şəkidə «Yeni zəhmət» artelində usta Şirməmmədin yanında şagird olub, ayaqqabı tikməyi öyrənib. Sonra bir ayaqqabı sexində işə düzəlib. 1959-cu ildə tale Əli Əhmədovu Azərbaycan Dövlət Filarmoniyasına gətirib çıxarır. Artıq 50 ildir ki, burada çalışır. Bu illər ərzində təkcə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, digər rəqs kollektivləri üçün yox, həm də incəsənətimizin korifeyləri üçün səhnə ayaqqabıları tikib.
   Əməkdar mədəniyyət işçisidir. Onun üçün Bakıda müqəddəs olan yerlərin birincisi Azərbaycan Dövlət Filarmoniyasıdır. Çünki ömrünün 50 ilini burada keçirib. Bu illər ərzində özünə çoxlu dost qazanıb. Onlardan yaşayanları da var, dünyasını dəyişənləri də. Amma Əli dayı emalatxana-muzeyində qoruyub saxladığı sənət əsərləri və bir də xatirələri ilə onları tez-tez yada salır.
   Elə emalatxanaya girdiyimiz andan özündən yox, dostlarından danışdı. Görkəmli rəqqas, bir çox rəqslərimizə səhnə həyatı vermiş Əlibaba Abdullayev, dünya şöhrətli Rəşid Behbudov, Xalq rəssamı Tahir Salahov, böyük şairimiz Bəxtiyar Vahabzadə və neçə-neçə sənət, söz adamından xatirələri dilə gətirdi. Gah kövrəlib qabarlı əlləri ilə gözünü sildi, gah da dolu xatirələrdən qürrələnə-qürrələnə ətrafını süzdü. Əli dayı bu adamların hər birini kiçik emalatxanasında özünəməxsus tərzdə əbədiləşdirib.
   Əsas nigarançılığı milli geyimlərimizlə bağlıdır. İstəyir ki, gənclərimiz milli geyimlərimizdən agah olsun. Geyinməsələr də, heç olmasa adlarını bilsinlər.
   İnsanlar müxtəlifdir. Biri eşitdiyini, bəzisi gördüyünü, bir başqası düşündüyünü danışır. Əli dayı bizimlə söhbət zamanı eşidib-gördüklərinə söykənərək düşündüklərini dilə gətirdi. Söhbətə nöqtəni də dahilərdən birinin «Uşaqlıqda xoşbəxt ola bilmədim, ağlım çatmadı. Gəncliyimdə xoşbəxt ola bilmədim, vaxtım çatmadı. İndi isə ömür çatmır...» kəlamı ilə qoydu.
   
   Sədaqət Yusifqızı