“Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” mövzusunda növbəti seminar Şirvan şəhərində keçirildi
   
   Aprelin 19-da Şirvan şəhərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” mövzusunda seminar keçirildi. Keçən ilin sonundan start verilən layihə Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyevin rəhbərliyi ilə keçirilir. İndiyədək Gəncə, Lənkəran, Şamaxı və Ağdaşda reallaşan seminarlara müxtəlif ali məktəblərin, institutların alim və müəllimləri qatılıb. Şirvan şəhərində keçirilən seminarda AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Mətləb Mahmudov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti Mübariz Süleymanlı və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Asif Nəsibov iştirak edirdi.
   
   
   Mədəniyyət müəssisələrinə kadr hazırlığının problemləri
   
   Yerli mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri üçün keçirilən seminar Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının akt zalında baş tutdu. Tədbiri Şirvan şəhər Mədəniyyət və turizm şöbəsinin müdiri Əziz Abbasov açıq elan etdi. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Asif Usubəliyev seminarın mövzusu - “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” haqqında danışdı: “Nazirliyi narahat edən məsələlərdən biri də mədəniyyət sahəsində inkişafın qeyri-tənasüblüyüdür. Paytaxtla regionların müqayisəsində bunun aydın seçilməsini etiraf etməliyik. Bu, ümumi sahənin inkişafı üçün də real olan bir problemdir”.
   Nazirlik rəsmisi qeyd etdi ki, bəzi mütəxəssislər problemin həlli yollarını bu sahəyə maliyyənin artırılmasında görürlər: “Maliyyənin ayrılması bu qeyri-tənasüblüyün aradan götürülməsi üçün kifayət edəcəkmi? Mədəniyyət müəssisələrində çalışanların peşəkarlıq səviyyəsi yeni tikiləcək böyük mədəniyyət müəssisələrini işlətməyə imkan verirmi? Təəssüflər olsun ki, yox. Bu gün mədəniyyətin böyük siyasət olduğu hamımıza bəllidir. Artıq bu tip ifadələr işlətməkdə ehtiyat etməyə ehtiyac yoxdur. Diqqət yetirsək, mədəniyyətlə diplomatiyanın tandemini görərik. Azərbaycanın beynəlxalq aləmdə təbliğatında mədəniyyət geniş yer tutur. Bu tendensiya nəzərə alınaraq ildən-ilə nazirliyin büdcəsi artır. Eyni addımı ölkə daxilində həyata keçirmək artıq yerlərdəki təşəbbüslərdən asılıdır. Əgər ayrılacaq maliyyə ünvanlı, səmərəli şəkildə istifadə ediləcəksə, o zaman bu sistemin büdcəsi artırıla bilər. Amma dediyim kimi, müəyyən etdiyimiz həmin problemlər bu işin qarşısında maneələr yaradır”.
   Sektor müdirinin sözlərinə görə, regionlarda mədəniyyət siyasətinin daha səmərəli aparılması üçün yerlərdə təşəbbüskarlığın göstərilməsi vacib məsələdir: “Yerlərdə mədəniyyət işçilərinin konkret təkliflərlə çıxış etməməsi, təşəbbüs göstərməməsi birbaşa kadrlarla bağlıdır”.
   Regionlarda mədəniyyət ocaqlarının təmir-bərpa olunduğunu, yeni mədəniyyət obyektlərinin tikildiyini deyən nazirlik rəsmisi, kadr təminatı məsələsində vəziyyətin heç də qənaətbəxş olmadığını bildirdi: “Təəssüflər olsun ki, mədəniyyət müəssisələri Mədəniyyət və Turizm Nazirliyinin balansında olduğu halda, bu müəssisələrə kadr hazırlayan təhsil ocaqları digər nazirliyin tərkibindədir. Bu sistem işin nizamlanmasında müəyyən çətinliklər yaradır. Yəni elə bir mexanizm tapılmalıdır ki, qəbul zamanı bizim təkliflərimiz nəzərə alınsın. O zaman biz də təyinatlar, keyfiyyətli mütəxəssislər haqqında danışa bilərik”.
   
   Qloballaşma qarşısında nə etməliyik?
   
   ADMİU-nun dosenti Mübariz Süleymanlı isə mədəniyyətə baxış sisteminin dəyişdirilməsinin vacib olduğunu qeyd etdi. O, mədəni inteqrasiya prosesində ortaya çıxan problemlərdən danışdı: “Qloballaşma selinin qarşısında dayanmaq mümkün deyil. Belə məqamda milli mədəniyyətin qorunması ən böyük problemdir. Əslində, bu prosesdə milli mədəniyyət süzgəc rolunu oynayır. Yalnız bu süzgəc vasitəsilə ziyanlı tərəflərin qarşısını ala bilərik. Çox heyif ki, Avropanın özünün sahib durmadığı bəzi dəyərləri biz qəbul edirik. Mədəniyyət müəssisələrinin ən böyük sosial vəzifəsi yeni nəsli düzgün formalaşdırmaqdan ibarətdir. Deməli, alternativ dəyərlər nümayiş etdirməliyik. İstər musiqi məktəblərində, istər digər ocaqlarda... Bəzən musiqi məktəbində dərs demiş müəllimin 10 illik əziyyətini telekanallar bir verilişlə heçə endirirlər”.
   M.Süleymanlının sözlərinə görə, mədəni inteqrasiya prosesində qloballaşmanın doğurduğu fəsadları önləmək üçün ilk növbədə güclü informasiya siyasəti aparılmalıdır: “Hər şeydən vaxtında xəbər tutmalıyıq. Digər tərəfdən, böyük iqtisadi-siyası maraq güdənlər də var. Dünyada istehlakı gücləndirmək niyyəti ilə insanları eyni rəngdə, eyni donda görmək istəyən, ümumiyyətlə, insanları robotlaşdırmaq, bir pultla idarə etmək istəyən qüvvələr mövcuddur. Bu baxımdan gənclərə alternativ zövqlər təklif etmək lazımdır. Bu və ya digər ölkədə mədəni işğal həyata keçirmək istəyən qüvvələr öncə milli dəyərləri hədəf alırlar. Mədəni təcavüzə məruz qalmış ölkələrdə artıq mənəviyyatsızlaşma prosesi gedir. Dünyanı idarə etmək istəyən narkobiznes, qadın və silah alveri ilə məşğul olan böyük güclər var. Onlar bu işdə maraqlıdır və külli miqdarda pul xərcləyirlər. Çünki mənəviyyatsız cəmiyyəti idarə etmək çox asandır. Bütün bunlara qarşı alternativ ordu isə ziyalılardır”.
   
   Mədəniyyət siyasətində məqsədyönlü icbarilik tətbiq edilməlidir
   
   AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi Mətləb Mahmudov isə bu layihənin əsas mahiyyətini anlamağın vacibliyini bildirdi. Qeyd etdi ki, milli mədəniyyətin modernləşməsi labüddür və bunun da əsasında iqtisadi-siyasi vəziyyətin normallaşması durur: “Bu gün Azərbaycan öz sərhədlərini tam bərpa edə bilməyib. Bunun mədəniyyət, mənəviyyat sahəsinə də təsiri böyükdür. Azərbaycan kiçik dövlətdir, hamı bir-birini tanıyır, hamı bir-birinə qohumdur. Qohumluğun müsbət tərəfləri çoxdur, amma inkişafa mane olan cəhətləri də var. Yəni mürəkkəbliyi anlamalıyıq. Hər bir vətəndaşımız milli-mənəvi dəyərləri qorumaqda əsgərə çevrilməlidir. Bununla biz mədəni işğala qarşı mübarizə apara bilərik. İkinci məsələ mədəniyyətin təbliğatı və yayılmasıdır. Heç kim öz xoşuna muzeyə, kitabxanaya getmək istəmir. Əgər müəllim bir-iki dəfə şagirdləri məcburi qaydada mədəniyyət müəssisələrinə apararsa, ardınca bu vərdişə çevrilə bilər. Bütün dünya bu praktikadan istifadə edib və edir. Demək istəyirəm ki, mədəniyyət siyasətində demokratik ruhu nə qədər qorumaq lazımdırsa, bir o qədər də məqsədyönlü şəkildə icbarilik tətbiq edilməlidir”.
   
   Yerlərdən gələn hər bir təşəbbüs qiymətləndirilə bilər
   
   Gənc nəslin formalaşması barədə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Asif Nəsibov isə vurğuladı ki, gənclərin formalaşmasında yaşlı nəslin rolu böyükdür: “Bizim məqsədimiz Azərbaycanın zəngin mədəniyyətinin dünyaya yayılmasıdır. Son illər bu tendensiya daha sürətlə inkişaf edir. O da məlumdur ki, mədəniyyəti inkişaf etdirən cəmiyyətin aktiv insanlarıdır. Mədəniyyətin inkişafı məhz onlar tərəfindən müəyyənləşməli, ortaya çıxmalıdır. Misal üçün, Şirvan şəhərinin özünəməxsus mədəni xüsusiyyətləri var. Bunları sizlər təqdim etməlisiniz. Bizim də vəzifəmiz bu mədəniyyəti daha geniş miqyasa çatdırmaqdır. Burada iştirak edən hər bir şəxsin borcudur ki, gənc nəslə bu tendensiyaları aşılasın və gələcəkdə bəhrəsini görək”.
   A.Nəsibov yerlərdə təşəbbüskarlığın artırılmasının vacibliyini vurğuladı: “Biz daha çox ideyalarla, fikirlərlə çıxış etməliyik. Artıq qaydalar dəyişib. İndi yerlərdən gələn hər bir təşəbbüs qiymətləndirilə bilər. Problemlərimiz var, amma bu problemlərin də həlli müzakirələrdən çox, birgə çıxış yolu tapmaqdan keçir. Bu tip seminarların da funksiyası ondan ibarətdir ki, biz sizinlə mümkün qədər çox təmasda olaq, yeni fikirlər, təkliflər eşidək”.
   Beləliklə, “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” mövzusunda Şirvan şəhərində keçirilən seminar bir daha göstərdi ki, mədəniyyət siyasətinin yerlərdə həyata keçirilməsi üçün bir çox işlər görülməlidir. İlk addım kimi isə mədəniyyət müəssisələrinin işinin müasir səviyyədə qurulması, mədəniyyət sahəsi işçilərinin daha təşəbbüskar olması və yenilikləri tətbiq etmək bacarığına yiyələnməsi vacibdir.
   
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar