Milli Atüstü Oyunlar Festivalının budəfəki qalibi ev sahibi oldu
   
   6-10 may tarixində Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialında böyük öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti Milli Atüstü Oyunlar Festivalı keçirildi. Qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği məqsədi ilə keçirilən festival 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyi və Respublika Atçılıq Turizm Mərkəzi tərəfindən təşkil edilir.
   Şəkinin Daşüz kəndində keçirilən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbərinin müavini Cavanşir Cəfərov, Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şöbənin Qeyri-maddi mədəni irs sektorunun məsləhətçisi Rəşad Əliyev iştirak edirdilər. 
   

   Daşüzün xoş üzü
   

   Mayın 7-də filialın yerləşdiyi Şəkinin Daşüz kəndinə yarışı izləmək üçün Şəkinin müxtəlif yerlərindən insanlar axışıb gəlirdilər. Səhər saat 10-dur. Çoxdandır yağıntılı keçən hava da festivalı günəşlə qarşılayır. Respublika Atçılıq Turizm Mərkəzinin rəhbəri Rafiq Ramazanovdan yarışların keçirilmə sistemi haqqında məlumat alırdıq. O, yarışa 12 komandanın qatıldığını, hər bir komandanın həvəsləndirilməsinin nəzərə alındığını bildirdi: “Hər il iştirakçıların sayı artır. Budəfəki yarışda 12 komandanın iştirakı qızğın mübarizədən xəbər verir. Çövkən oyununda əsas mübarizəni yarımfinala çıxmış dörd komanda aparır. Yerdə qalan komandalar isə sürpapaq və papaq oyunlarında yarışırlar. Hər bir iştirakçı komanda diplom və mükafat almaq imkanına malikdir. Çünki bu turnirlər sadəcə bir yarış deyil, həm də milli oyunlarımızın təbliği missiyasını daşıyır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir. 10 dəqiqə fasilə olur. Oyunçunun xüsusi geyim formasına papaq, çuxa, at minmək üçün gen şalvar, yüngülboğazlı çəkmə daxildir”.
   
   “Atdan çox şey asılıdır, amma əsas atın üstündəki oyunçudur”
   
   Yarış barədə fikirlərini öyrənmək üçün komandalara yaxınlaşıram. Festivalın ilk günü İsmayıllı komandasına 2-1 məğlub olmuş Goranboy komandasının oyunçusu Elnur Ələsgərov deyir ki, bundan sonra ümidlərini papaq oyunu üzrə 3-cü yer uğrunda mübarizə aparacaqları oyuna bağlayıblar:
   - Burada da uduzmaq 12 komanda içərisində sonuncu olmaq deməkdir. Yevlağa məğlub olmuş Qəbələ komandası ilə 3-cü yer uğrunda oynayacağıq.
   - Elnur, bəlkə atlarınız zəif olduğundan uduzdunuz?
   - Yox, təzə oyunçu gətirmişdik, debüt edirdi, amma oyunu alınmadı.
   Turnirin üçüncü dərəcəli yarışı olan papaq oyunu üzrə İsmayıllı komandası ilə finalda görüşəcək Yevlax komandasının rəhbəri Allahverdi Cəbrayılov isə sevincək idi. Oyunda qələbə qazanacaqlarına arxayın görünürdü.
   - Deyəsən, Yevlaxda yaxşı hazırlıq keçirsiniz?
   - Bəli, hazırlaşmışıq. Həmişə turnirin papaq bölməsində 3-cü yeri götürmüşük. Amma bu il ən azı ikinci yer bizimdir.
   - Atlarınız necədir?
   - Əladır, atlarımız da, oyunçularımız da cavandır. Komandamız Yevlağın Əcəmi kəndində formalaşıb, kapitanı da Azad Nağıyevdir. Rayonumuzun icra başçısı Elmar Vəliyevin də bu oyuna marağı böyükdür. Yarışa gəlməyimizdə bizə hərtərəfli dəstək olub.
   - Atlarınız yerli atlardır?
   - Yerli atlardır. Son zamanlar Yevlağın kəndləri öz aralarında oynayırlar. Biz də bu yarışlara baxırıq və həm atı, həm də oyunçunu seçib komandaya cəlb edirik.
   - Atdan, yoxsa oyunçudan çox şey asılıdır?
   - Atdan da çox şey asılıdır, amma əsas atın üstündəki oyunçudur. Oyunçu həm atı, həm özünü, həm də topu idarə etməlidir.
   Bu yerdə söhbətə komandanın Zirəddin adlı oyunçusu qoşulur:
   - Mənim atım özü oynayır. Artıq ondan nə istədiyimi hiss edir. Özü topa sarı qaçır. Adı da Sarıteldir.
   - Geyimlərinizi kim hazırlayır? Rəngi belə qırmızı...
   - Bizim paltarlarımızı mədəniyyət evinin direktoru Zöhrə Adıgözəlova hazırlayır. Burada hər komandanın öz rəngi var.
   Yevlaxlılar qəbələlilər üzərində qələbəni atlarının güclü olması ilə izah etdilər:
   - Bizim atlar hündür olduğu üçün oyunçularımız onların başından papağı asan götürə bilirdilər.
   - Götürdüyünüz papağı oyundan sonra qaytarırsınız, yoxsa özünüzlə aparırsınız?
   - Yox (gülürlər)... Qaytarırıq özlərinə.
   
   Zaurun düzgün yarımfinal proqnozu: Ağdam, Balakən, Şəki və Ağstafa
   
   Növbəti yaxınlaşdığım komanda Ağstafadan gəlib. Komandanın oyunçusu Zaur Cəlilov bəri başdan yarımfinala hansı komandaların çıxacağı barədə proqnoz verir: “Yarımfinala Ağdam, Balakən, Şəki və Ağstafa çıxacaq. Bu komandalar güclü görünür. Biz 2006-cı ildə ilk dəfə keçirilən çövkən üzrə kuboku qazanmışıq. Ondan sonrakı oyunlarda üçüncü, ikinci yerləri tutmuşuq. Bizim yolumuz uzaqdır. Yarışa gətirdiyimiz atları maşından düşürərkən əsas heyət atlarından biri zədələndi. İndi ehtiyat atımızla oynayacağıq, amma ona elə də ümidimiz yoxdur. Bu, bizim işimizi bir balaca çətinləşdirəcək. Düzdür, oyunçunun zədələnməsi daha pisdir. Çünki sağlam atın üstündə oyunçu lazımdır. Yaxşı ki, hələlik görüşlərdə oyunçularımız elə bir zədə almayıb».
   Ağstafa komandasının məşqçisi Etibar Məmmədov oyunçusunun söhbətinin səmtini dəyişir: “Vəziyyət yaxşıdır. Atlara da, uşaqlara da inanırıq”.
   
   Rəqabət güclü olsa da, Şəki komandası favoritdir
   
   Turnirin keçirildiyi məkanda Şəki məktəblilərinin atüstü milli oyunlarımızı əks etdirən foto və rəsmlərinin sərgisi də tamaşaçılarda maraq doğurdu. Öyrəndim ki, ən yaxşı əsər müəllifi olan məktəblilər turnir təşkilatçılarının mükafatına layiq görülüblər. Belə bir müsabiqə-sərginin keçirilməsi gənc nəslin milli oyunlara marağının artırılması baxımdan təqdirəlayiq haldır.
   Bu arada yarış məkanındakı tibb məntəqəsinə baş çəkirəm. Həkim özünü təqdim edir: “ Rəşid Şüayev. Baytar həkiməm, atlara baxıram. Mərkəz yaranandan burada xidmət göstərirəm. Atlar zədələndikdə əlimdən gələn köməyi edirəm. Bura gələn atlara tibbi baxış keçiririk, heç bir problem olmayanda at oyuna buraxılır. Ən sağlam atlar Şəki komandasındadır”.
   Məntəqəyə tibb bacısı Əskinaz Quliyeva daxil olur. Söhbətə qoşulur. Bildirir ki, atlarla yanaşı, oyunçular da ayağından və qolundan zədələnir: “Yardım göstəririk və yenidən oyuna qayıdırlar”.
   Respublika dərəcəli hakim, Atçılıq Turizm Mərkəzinin direktor müavini Elman Qədirov meydançada düzənlənəcək açılış mərasiminə nəzarət edir. Münsiflər heyətinin katibi əsas yarış sayılan çövkən oyununun dörddəbir finalında Şəki-Zaqatala, Qax-Balakən, Ağcabədi-Ağstafa, Oğuz-Ağdam komandalarının oynayacağını qeyd edir: “Bu oyunların qalibləri çövkənin yarımfinalında əsas mükafat uğrunda, məğlublar isə sürpapaq oyununun yarımfinalında təsəlli görüşlər keçirəcəklər. Burada da qaliblər finalda birinci-ikinci, məğlublar da üçüncü-dördüncü yer uğrunda mübarizəyə qoşulacaqlar”.
   Elman müəllimdən hakimlərin işi barəsində soruşuram. Bildirir ki, 11 nəfər hakim - münsiflər heyəti var, hər oyunu da beş hakim idarə edir: “Əsas hakim at belində meydançada olur. İkisi yan xətlərdə, ikisi də qapı arxasında dayanır. Hakimlərin əksəriyyəti Şəkidəndir. Ona görə ki, burada bu oyunu bilənlər çoxdur. Amma Bakıdan, Ağdamdan, Ağstafadan da hakimlərimiz var. Oyunçu geyim qaydalarına əməl etməyəndə, kobudluq edəndə meydandan birdəfəlik və ya 2 dəqiqəlik çıxarıla bilər. Əvvəlki illərdən fərqli olaraq builki turnirdə qaydalara daha düzgün riayət edirlər. Şəki komandası iki il yarışın qalibi olub. İndi də əsas favorit sayılır. Ağstafa, Ağdam rayonlarının da atüstü milli oyunlar ənənəsi güclüdür. Hələ sovet dövründən onlar yarışlarda iştirak ediblər. Bu il Balakən də bu sıraya qoşulub. Oğuz da öz sözünü deyən komandalardandır. Bir sözlə, rəqabət güclənir”.
   
   Himnimizlə başlanan açılış
   
   Saat 12-dir. Komandalar yürüşə hazırdır. Rəsmi kürsüdə Mədəniyyət və Turizm Nazirliyinin festivalda iştirak edən nümayəndələri ilə yanaşı, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı, onun humanitar məsələlər üzrə müavini Zərinə Cavadova əyləşib. Açılışı elan edən Şəki şəhər Mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov artıq ənənə halını almış Milli Atüstü Oyunlar Festivalının geniş el bayramına çevrildiyini vurğuladı: “Festivalın ümummilli liderimizin xatirəsinə həsr olunması böyük məna kəsb edir. Çünki Heydər Əliyev xalqımızın qeyri-maddi mədəni irsinə daima böyük qayğı ilə yanaşıb”.
   Festival Azərbaycanın Dövlət Himninin sədaları altında açıldı. Sonra komandalar bir-bir meydana dəvət olundu. Onlar əllərində rayonlarının adları yazılmış lövhə ilə azarkeşlərin və rəsmi kürsünün önündən keçdilər. Yürüşdən sonra Şəki və Zaqatala komandaları arasında keçirilən maraqlı oyunu izlədik. Görüşdə həm bu turnirin, həm də çövkən yarışlarının son 4 ildəki ən böyük hesabı qeydə alındı: Şəki komandası rəqibini 9-0 məğlub etdi. Sonra Balakən komandası Qax üzərində qələbə çaldı. Hər şey Ağstafanın oyunçusu Zaurun proqnozuna uğyun gedirdi.  

   “Bizi 9-0 qorxutmur, amma ehtiyat edirik”
   
   Maraqlı məqamlardan biri də yarışda iştirak edən rayonların mədəniyyət və turizm şöbələrinin müdirlərinin arasındakı rəqabət idi. Onlar oyun zamanı nə qədər gərgin olsalar da, fasilə zamanı bir-birilərini təbrik edirdilər. Balakən rayon Mədəniyyət və turizm şöbəsin müdiri Ruqiyyət Seyidovanın da həyəcanı uzaqdan bilinirdi. Havaların yağışlı keçməsini onların məşqlərinə mane olduğunu qeyd etdi: “Yağışlar məşqlərimizi keçirməyə imkan vermədi. Amma buna baxmayaraq böyük ümidlə gəlmişik. Bu gün Qaxın üzərində qələbə çalmışıq. Sabah Şəki ilə oynayacağıq. Şəkinin 9-0 qələbəsi bizi qorxutmur, amma ehtiyat edirik. Bu oyundur, oyunda uduzan və udan olur. Biz yalnız bir-birimizi təbrik edirik”.  

   “Borclu borclunun sağlığını istər”
   
   Qax rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov isə Balakənə məğlub olmalarını rəqiblərinin gözəl oyunu ilə əlaqələndirdi. Nəzir müəllim balakənliləri təbrik etdi: “Biz onlara Şəki üzərində qələbə arzulayırıq. Atları sürətlidir. Bir az təcrübə çatmadı bizim qələbəmiz üçün. Amma bu yarışdır, necə deyərlər, borclu borclunun sağlığını istər. Əsas odur ki, maraq var. Gələcəkdə rayondaxili çempionat keçirmək fikrindəyik. Belə olan halda rayonumuzun yığması güclənə bilər. Novruz bayramında bu yarışı keçirmək mümkündür. Bu Novruzda iki kəndimiz yarışdı. Bu işi sürətləndirmək lazımdır”.
   
   Ağstafa Şəkiyə meydan oxuyur, Şəki isə sözünü meydançada deyir...
   
   Mayın 8-də festivalın yarımfinal və üçüncü yer uğrunda yarışları keçirildi. Papaq oyununda İsmayıllı Yevlağı üstələyərək birinci yeri qazandı, Goranboy isə Qəbələ üzərində qələbə çalmaqla üçüncü yeri tutdu. Sürpapaq oyunu üzrə Oğuz Qaxı məğlub edərək birinci oldu, Ağcabədi isə Zaqatala üzərində qələbə ilə üçüncü yeri qazandı.
   Milli Atüstü Oyunlar Festivalının əsas oyunu olan çövkən oyununda isə 3-cü yer uğrunda yarışda Ağdam Balakəni məğlub etdi. Bütün diqqət mayın 9-da keçiriləcək Şəki-Ağstafa final oyununa yönəlmişdi. Tamaşaçıları möhtəşəm final gözləyirdi. Ağstafa rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Gülgün Kərimov 2006-cı ildəki uğuru təkrarlayacaqlarına inanırdı: “Kuboku götürmüşük. Bu il ən azından ikinci yeri əldə edəcəyik. Düzdür, komandaların səviyyəsi yüksəkdir, amma özümüzü daha güclü hesab edirik. Rayonlar arasında ən uzaqdan gəlmişik, atlarımız, oyunçularımız yorulub və zədələnib. Amma var-gücümüzlə oynayacağıq. Rayon rəhbərliyi də bu işdə bizə kömək edir. Buradan əliboş qayıtmaq fikrindən uzağıq. Biz artıq yarımfinaldayıq. Deməli, ən pis halda çövkən oyunu üzrə ikinci yer bizimdir. Amma biz daha yuxarı yer üçün çalışacağıq”. Şəki şəhər Mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov da qələbə inamlı idi. O, uğurlarını Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialının inkişafı ilə bağlı olduğunu vurğuladı: «Sevinirəm ki, bu gün Şəki komandasının qarşısında duran hələlik bir komanda yoxdur. Rəqib komandaları da təbrik edirəm. Komandalar artıq püxtələşib. Bu gün onların səviyyəsi əvvəlki illərdən qat-qat yüksəkdir. Bu da oyunların maraqlı keçməsinə səbəb olur”.
   Oyunlara tamaşa edərkən isə daha bir maraqlı hadisə diqqətimi cəlb etdi. Hər fasilədə 11-12 yaşlı yeniyetmələr at üstündə meydana daxil olub usta hərəkətlərlə çövkən topunu qapıdan keçirməyə çalışırdı. Uşaqlar əlinə fürsət düşən kimi çomağı götürüb çövkən topunu qovurdular.
   
   “Qalib heç vaxt mühakimə olunmur”
   
   Festivalın bağlanış günü, mayın 9-da gözəl final oyununun şahidi olduq.
   Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, Şəki rayonunun rəhbərliyi də oyuna böyük maraq göstərirdilər. Şəki RİH-in humanitar məsələlər üzrə müavini Zərinə Cavadova finalda yarışacaq komandaları təqdim edərək meydana dəvət etdi.
   Şəki və Ağstafa komandalarının oyunu çox gərgin və demək olar ki, bərabər səviyyədə keçdi. Sonda sevinən tərəf isə Şəki komandası oldu: 1-0.
   Beləliklə, Şəki komandası üçüncü dəfə çövkən oyununun qalibi oldu.
   Oyundan sonra hər iki rayonun Mədəniyyət və turizm şöbəsinin müdirlərinin münasibətini öyrəndik. Ağstafanın nümayəndəsi Gülgün Kərimov oyundan razı qaldığını dedi: “Yarışa həvəslə qatılmışdıq, tutduğumuz ikinci yer də bizi qane edir. İnanırıq ki, bu gələn ilin birinci yeri üçün başlanğıcdır”.
   Aydın İbrahimxəlilov gələcək illərdə istənilən komandanın turnir üçün sürpriz ola biləcəyini bildirdi: “Hər il finalda böyük hesablı qələbə əldə edirdik. Bu il 1-0 hesabı ilə bunu bayram etdik. Amma qələbə qələbədir. Qalib heç vaxt mühakimə olunmur”.
   Festivalın ən yaxşı oyunçusu kimi gördüyüm Ağstafa komandasının üzvü Zaur Cəlilovun sol qolundan zədə alması dirsəyinə sarılan tənzifdən bilinirdi. Meydançanın kənarı ilə addımlayan Zaura yaxınlaşdım.
   - Zədəli-zədəli oynadınız?
   - Bir balaca zədələnmişəm, hə. Amma ikinci gün sənə dediyim proqnozum düz çıxdı. Finalda təxminən başabaş oyun oldu. Bu il də birinci yer bizə qismət deyilmiş, nə deyə bilərəm bundan sonra. Kimə qismət idisə, o da qazandı. 1-0 elə də biabırçı hesab deyil. Çox istəyərdik udaq, amma alınmadı.
   
   Komandalar mükafatlandırıldı
   
   Beləliklə, Zərinə Cavadova sonda çıxış edərək rəsmi qonaqları komandaları mükafatlandırmaq üçün xüsusi ayrılmış yerə dəvət etdi. Mədəniyyət və Turizm Nazirliyinin diplom və müvafiq pul mükafatları komandaların kapitanlarına təqdim edildi. Festival qara zurna sədaları altında bitdi.
   Amma əsas məsələ yerlərdə bu oyunun inkişafına qayğı göstərməsidir. Hələlik hansı rayonlarda atçılıq təsərrüfatı varsa, orada atüstü oyunlarımız inkişaf edir. Qeyd edim ki, oyun qaydalarına mütəşəkkil yiyələnməkdən tutmuş hazırlıq səviyyələrinə qədər bu turnir daha güclü təəssürat yaradırdı. Ümid edək ki, gələn il iştirakçıların sayı daha da artacaq və çövkən oyunu ölkəmizin bir nömrəli yarışına çevriləcək.
   
   İntiqam Hacılı,
   Bakı-Şəki-Bakı