Dövlət İncəsənət Muzeyində 16 min eksponat nümayiş olunur
   
   Hər bir millət, hər bir xalq öz tarixi keçmişindən söz açan zaman, ilk növbədə mədəniyyətinə, həmin tarixi əks etdirən sənət əsərlərinə istinad edir. Belə sənət əsərləri, xalqın tarixi ilə yanaşı, mədəni inkişafını, estetikasını, ədəbiyyatını, adət-ənənələrini, mənəvi dəyərlərini özündə əks etdirir. 16 mindən çox eksponatın saxlanıldığı Azərbaycan Dövlət İncəsənət Muzeyindəki boyakarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi sənət nümunələrinin bir çoxu bu baxımdan da dəyərlidir.   

    Zaman keçdikcə nadir sənət nümunələrinin toplandığı bu binanın təmirinə ehtiyac yaranmışdı. Prezident İlham Əliyev 2006-cı ilin iyulunda muzey binasının vəziyyəti ilə tanış olandan sonra burada əsaslı təmir və yenidənqurma işləri barədə göstəriş verdi. İşlər başa çatdıqdan sonra 2009-cu ilin sentyabrında muzey yeni görkəmdə qapılarını ziyarətçilərin üzünə açdı. Binanın fasadı öz memarlıq üslubunu saxlamaqla yenilənib, cilalanmış gülbax daşlarla Bakının tikinti arxitekturasına uyğun üzlənib.
   
   XIX əsrdə Bakı dənizdən necə görünüb?
   
   Binanın birinci mərtəbəsi sağ və sol qanadlara ayrılır. Sağ qanadda XVIII-XIX əsrlər rus rəssamlıq məktəbi nümayəndələrinin əsərləri nümayiş olunur. Zalda tanınmış fırça ustası V.Vereşşaginin 1872-ci ildə çəkdiyi “Bakının dənizdən görünüşü” əsəri diqqəti xüsusi cəlb edir. Rus avanqard rəssamlarının XX əsrin əvvəllərinə aid əsərləri də maraq doğurur.
   Sol qanadda isə Avropa incəsənətinin nümunələri sərgilənib. Təmir-bərpadan sonra burada ilk dəfə olaraq XVIII-XIX əsrlərə aid keramika nümunələri də nümayiş olunur. Muzeydəki dəyərli əsərlərdən biri sonuncu rus imperatriçası Aleksandra Fyodorovnanın Qarabağ xalçası üzərində təsviri olan əsərdir. Orta əsrlərə aid heykəltəraşlıq nümunələri, habelə intibah dövrü müəlliflərinin əsərlərinin məharətlə işlənilən surətləri də bu ekspozisiyanı zənginləşdirir.
   Muzeydə nümayiş etdirilən Qərbi Avropa rəssamlarının əsərlərinin kolleksiyası XV-XIX əsrlər italyan, flamand, holland, fransız, alman, ispan müəlliflərin rəngkarlıq, heykəltəraşlıq, qrafika və dekorativ-tətbiqi sənət əsərləri həmin dövrün sənətkarlıq məktəblərinin inkişaf mərhələləri, janrları, müxtəlif üslub və cərəyanlar haqqında təsəvvür yaradır. Ekspozisiyada dünya bədii mədəniyyətinin formalaşması və inkişafında müstəsna rol oynamış İtaliya incəsənəti mühüm yer tutur. Burada Venesiya, Boloniya, Neapol rəngkarlıq məktəblərini təmsil edən Leanardo Bassano, Covanno Qverçino, Bartolomeo Skedno, Françesko Solimena kimi rəssamların əsərlərini görmək mümkündür.
   
   Muzeyin ekspozisiyaları mütəmadi olaraq zənginləşir
   
   İkinci mərtəbə Azərbaycan sənətkarlarının ekspozisiyasından ibarətdir. Məlumdur ki, qədim zamanlardan Azərbaycan xalqı öz mədəni varlığını xüsusilə dekorativ-tətbqi sənətdə büruzə verib. Xalq sənətkarları ağacdan, gildən, daşdan və s. istifadə edərək öz həyat və məişətləri ilə bağlı zövq oxşayan əşyalar düzəldiblər. Bu əşyalar çağdaş dövrdə də özünün sənətkarlıq üslubu və dekorativ bəzəyi ilə diqqəti cəlb edir.
   Ekspozisiyada Mirqədim İrəvani, Əlibəy Hüseynzadə kimi müxtəlif üslublu sənətkarların əsərləri yer alıb. Burada Azərbaycanın ilk peşəkar rəssamı Bəhruz Kəngərlinin, Əzim Əzimzadə, Səttar Bəhlulzadə və Mikayıl Abdullayevin yaradıcılığını əhatə edən ayrıca zallar fəaliyyət göstərir.
   Ekspozisiyada 20-dən çox əsərin təqdim olunduğu heykəllər qalereyası da yaradılıb.
   Muzeyin Şərq zalında isə İslam sivilizasiyasının mədəni irs nümunələri, miniatürlər, müxtəlif dekorativ-tətbiqi işləmələr, xalça və rəsm əsərləri, dini nəşr nümunələri, yazılar nümayiş etdirilir.
   Muzeydə tarixi yurdlarımızın - bugünkü Ermənistan ərazisi sayılan torpaqlarımızın mədəniyyətini əks etdirən «Qərbi Azərbaycan İncəsənəti» bölməsi də var. Burada keramika və metaldan hazırlanmış müxtəlif məişət əşyaları, xalça və xalça məmulatları, nadir miniatürlər, incə tikmələr, milli geyimlər, zərgərlik və silah nümunələri, divar rəsmləri və rəngkarlıq əsərləri sərgilənib. Bölmədə həmçinin XIX əsrdə yaşamış görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin miniatür sənət nümunələri təqdim edilir.
   Azərbaycan peşəkar rəngkarlıq sənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin yaradıcılığına muzeydə geniş yer verilib. Onun lirik mənzərələri, qadın, uşaq portretləri, o cümlədən ötən əsrin əvvəlində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımından bəhs edən «Qaçqınlar» silsiləsi xüsusi maraq doğurur.
   XX əsrin birinci yarsında Azərbaycan təsviri sənətinin inkişafı həmçinin görkəmli qrafika ustası Əzim Əzimzadənin adı ilə bağlıdır. Ekspozisiyada verilən «Yüz tip» silsiləsi, «Kasıb evində toy», «Dövlətli evində toy» və başqa əlvan akvarel rəsmləri diqqətəlayiqdir.
   Azərbaycan milli rəssamlıq məktəbinin sonrakı dövrünün nümayəndələri olan Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Qəzənfər Xalıqov, Vəcihə Səmədova, Maral Rəhmanzadə və digər fırça ustalarının, eləcə də Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Ömər Eldarov, Tokay Məmmədov kimi heykəltəraşların əsərləri muzey ekspozisiyasını zənginləşdirən dəyərli sənət nümunələridir.
   Muzeyin ikinci mərtəbəsində 100 nəfərlik konfrans salonu və xalçaların nümayiş olunduğu zal fəaliyyət göstərir. Burada həmçinin xalqımızın milli geyimləri, “Qurani-Kərim”in qədim nəşrləri, orijinal mis qablar nümayiş olunur.
   Digər zallarda müasir Azərbaycan incəsənətinin görkəmli nümayəndələri olan Baba Əliyev, Ələkbər Rzaquliyev, Böyükağa Mirzəzadə, Əyyub Məmmədov, Nadir Qasımov, Oqtay Sadıqzadənin əsərləri nümayiş olunur. Burada Zərifə xanım Əliyeva, Niyazi, Şəmsi Bədəlbəyli, Natəvan və Azərbaycanın digər görkəmli nümayəndələrinin portretləri sərgilənir. Muzeydə dünya şöhrətli rəssamımız Tahir Salahovun əsərlərindən ibarət zal da var.
   Üçüncü mərtəbədəki ekspozisiyada avanqard üslubunda əsərlər nümayiş etdirilir. Burada Azərbaycanın müasir incəsənətinin tanınmış nümayəndələri - Cavad Mircavadov, Rasim Babayev, Altay Sadıqzadənin əsələrindən ibarət ekspozisiya mövzu rəngarəngliyi ilə seçilir.    

   Beynəlxalq layihələr və əlaqələr
   
   Müasir dünya standartlarına uyğun qurulan Dövlət İncəsənət Muzeyi həmçinin mədəni-maarif işləri aparır, sərgilər, mühazirə və müzakirələr təşkil edir, kataloq, buklet, albomlar nəşr etdirir. Muzeyin qonaqları audiogid vasitəsilə burada nümayiş olunan əsərlər barədə 25 dildə geniş məlumat əldə edə bilərlər. Bundan başqa, muzeydə müasir mühəndis-texniki qurğular, mərkəzi havalandırma, videomüşahidə, yanğın əleyhinə, həmçinin təhlükəsizlik sistemləri qurulub. Binada inzibati otaqlarla yanaşı, internet zalı və zəngin kitabxana da fəaliyyət göstərir.
   Muzey beynəlxalq layihələrdə də iştirak edir. Məsələn, bu il Luvr muzeyinin «Mərkəzi Asiyanın baş örtükləri» ekspozisiyasının nümayişi muzeyə 16 min ziyarətçi qazandırıb. Bu o deməkdir ki, artıq Azərbaycan Dövlət İncəsənət Muzeyi Avropanın ən qabaqcıl muzeyləri ilə birgə layihələr gerçəkləşdirmək imkanındadır.
   Qeyd edək ki, muzeydə yenidənqurma işlərinin növbəti mərhələsi olaraq ikinci binanın təmiri nəzərdə tutulur. Artıq birinci və ikinci bina arasında keçidin inşasına başlanılıb. Bir sözlə, R.Mustafayev adına Dövlət İncəsənət Muzeyi ziyarətçilərə Azərbaycan, Avropa, Şərq ölkələri və Rusiya incəsənətinin müxtəlif dövrlərini əks etdirən yüksək səviyyəli sənət əsərləri ilə tanış olmağa gözəl şərait yaradır.
   
   Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar