Təəssürat, yol qeydləri, adətən, uzaq səfərlərdən, səyahətlərdən yaranıb-yazılır. Bizim budəfəki səfərimizsə paytaxtın Suraxanı rayonundakı 3 saylı Uşaq İncəsənət Məktəbinə idi.
   
   25 may, saat 12.00. Məktəbin həyətində və akt zalının qarşısında qələbəlikdir. Buraya toplaşanlar dahi Üzeyir bəy Hacıbəylinin anadan olmasının 125 illiyilə bərabər, 1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Gününü qeyd etmək əhvalı üstdə də kökləniblər. Elə bir həftə öncə baş vermiş o tədbir haqda yazımızı bugünkü sayımıza saxlamağımız səbəbsiz deyil. Necə deyərlər, biz də bu yazı ilə 1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Gününə bir ayna tutmaq istədik.
   Bu qələbəlikdə valideynlər də var, rayon ictimaiyyəti nümayəndələri də. Əksəriyyət isə qonaqlardan - Sumqayıt şəhər F.Əmirov adına 5 saylı Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərindən ibarətdir. Sumqayıt məktəbi Suraxanı məktəbinə yaradıcılıq görüşünə gəlib. Tədbirin açılışında çıxış edən məktəbin direktoru Dəyanət Quliyev bu formatlı görüşlərin uşaqların ictimailəşmə duyğularının formalaşmasında mühüm rol oynadığını nəzərə çatdırdı. Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə elm və təhsil şöbəsinin müdiri Natiq Mustafayevin telekanallardan birinə verdiyi eksklüziv müsahibəsi buradakı tamaşaçılara birbaşa müraciət kimi də səslənir. N.Mustafayevin sözlərinə görə, belə tədbirlərdə ayrı-ayrı bölgələrdə yerləşən musiqi məktəblərinin şagirdləri öz yaşdaş-peşədaşları ilə əyani şəkildə görüşür, canlı ünsiyyət qurur, eşitdikləri söhbətlərdən, alqışlardan ruhlanıb püxtələşir, müsbət yüklü rəqabət hissləri üstdə köklənirlər.
   Beləliklə, böyüklərin təlimat, təbliğat-təşviqat məzmunlu çıxışlarından sonra, uşaqlar öz yaradıcılıq-qabiliyyət-hesabat çıxışlarına başlayırlar. Hər şey çox təbii, canlı, yaxşı mənada əyər-əskiklərilə cərəyan edir. Hiss olunur ki, hər iki məktəbin direktoru, konsertin xormeysteri, dirijoru, nəzarətçi və köməkçisi - əksəriyyəti 1-3-cü siniflərin şagirdi olan qonaq-uşaqların rəsmi protokol, mizan-düzən sıxıntılarından azad olmaları üçün hər şeyi əvvəlcədən ölçüb-biçmişlər. Hətta öz ifaları ilə dəfələrlə salonu gurultulu alqışlara qərq edən bu uşaqlardan bəzilərinin öz müəllimlərinə, xüsusən də məktəbin direktoruna «hə, necədir?!» umulu baxışları da adama yüksək sənət təmrini təsiri bağışlayırdı.
   Tədbirdən öncə proqrama baxıb 23 ifa olacağını görəndə, düzü, bir az narahatlıq keçirmişdim. Lakin bu istedadlı uşaqların bir-birindən gözəl ifaları vaxt haqda düşünməyə yer qoymurdu. İlk səda məktəbin xalq çalğı orkestrindən gəldi: Üzeyir bəy Hacıbəyli, «Arşın mal alan» operettasından müqəddimə. Uşaqlar dünyalarca məşhur bu əsərdən parçanı çox şövqlə ifa etdilər. Şagirdlərin ifasında Səid Rüstəmovun «Sumqayıt» mahnısı, M.Maqomayevin «Radio» marşı, Bethoven, Albenis və Konfrinin əsərlərindən nümunələri də salonda gurultulu alqış yaratdı. Sazçı qızlar ansamblının üzvləri xüsusilə seçildilər. Onların «Gödəkdonu» havası üstə ifa etdikləri «Azərbaycan» mahnısı, «Dilqəmi» çalğısı salonu alqış sədalarına bürüdü. Təkrarsız bəstəkarımız Tofiq Quliyevin «II Prelüd»ü, «Qaytağı»sı, «Rəqs»i, Arif Məlikovun «Skertso»su, Əşrəf Abbasovun «Gənclik rəqsi», Ağabacı Rzayevanın «Kukla», Azər Rzayevin «Qaytağı» əsərləri uşaqların ifasında tədbirə rəng qatdı.
   Daha sonra səhnəyə 30 nəfərə yaxın xor kollektivi çıxdı. Gözlərindən od parlayan, qaşlarında düşmənə nifrət düyümlənən oğlanlardan ibarət xor kollektivinin ifasında N.Əliverdibəyovun «Yollar», M.Heydərqızının «Sumqayıt» marş-mahnıları sürəkli alqışlarla qarşılandı.
   Tədbirin sonunda söz qonaq-məktəbin direktoru Elşən Quliyevə verildi. Uşaqların ifalarını səmimi qarşıladıqlarına, alqışlarına görə tədbir iştirakçılarına təşəkkürünü bildirən direktor Mədəniyyət və Turizm Nazirliyinin bu yön görüşlərə xüsusi önəm və dəstək verdiyini vurğuladı. Onun sözlərinə görə, şagirdlərin tamaşaçılar qarşısında imtahan verməsi birə-beş məsuliyyət deməkdir. Hər iki məktəbin yaradıcı fidanlarına uğurlar diləyən Elşən Quliyev yarızarafat - yarıciddi «Göz dəyməsin» adlandırdığı miniatür hədiyyəni həmkarı Dəyanət Quliyevə təqdim etdi.
   
   T.Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar