Şəki Azərbaycanın ən maraqlı və bənzərsiz rayonlarından biridir. Qədim Şəki ticarət yolları qovşağında yerləşdiyindən burada ticarət mərkəzi və ipəkçiliklə yanaşı, sənətkarlığın da yaxşı inkişaf etdiyi bir yerdir. Şəki şəhərinin 2010-cu il «Sənətkarlar paytaxtı» elan olunması bu elin sənətkarlarını daha da ruhlandırıb. Bu qərarın bir məqsədi də odur ki, qədim sənətkarlıq nümunələrilə tanınan Şəkiyə turistlərin marağı daha da artsın.
   
   Qədim sənət növlərini yaşadan Şəki ustaları daim yenilik axtarışındadırlar. Həmin sənət növləri arasında şəbəkə xüsusilə qiymətlidir. XVIII əsrdə inşa edilmiş Şəki Xan sarayının pəncərələrindəki zərif şəbəkə bu sənətin ən gözəl nümunəsidir. Sarayda oynaq, əlvan çalarlara malik gözəl şəbəkə kompozisiyaları iki əsr öncə olan görünüşünü saxlamaqla bu gün də öz parlaqlığı ilə buraya gələn çoxsaylı turistlərin marağına səbəb olur.
   
   Günəş ətrafında
   planetlərin paradı
   
   Şəbəkə sənəti memarlıqla sıx bağlı olduğundan, əsasən monumental xarakter daşıyır. Şəbəkə eyni zamanda dekorativ-tətbiqi sənətlərin xüsusi vərdiş, təcrübə və texnologiya tələb edən çətin sahələrindən biridir. İncə zövq tələb edən bu sənət günümüzə qədər gəlib çatıb. Şəbəkənin özəlliyi ondan ibarətdir ki, fiqurlarda yapışqan və mismardan istifadə olunmur. Taxtadan hazırlanan və rəngli şüşə ilə bəzədilən bu cür çərçivələr qapı və pəncərə yerinə istifadə edilir. Adətən şəbəkə ustaları ənənəvi təbiət ornamentlərinə üstünlük verirlər.
   Şəbəkə ustası Soltan İsmayılov da ilk dəfə qeyri-adi ornamentlər üzərində çalışıb. Onunla Şəkinin Sənətkarlar Evindəki emalatxanasında görüşdük. 32 ildir şəbəkə sənətilə məşğul olan usta Soltan deyir ki, 1978-ci ildə Şəkinin şəbəkə ustalarının yanında kurslar təşkil olunub: “Məqsəd şəbəkə sənətinin davamçılarını yetişdirmək idi. Məşhur usta Əşrəfin yanında 10 aylıq kurslarda bu sənətin sirlərini öyrənməyə başladım. Bizə hər ay 70 manat təqaüd də verilirdi. Elə o gündən bu sənətlə yaşayır və dolanıram. Tamamladığım son işlərdən biri mərkəzdə günəş, ətrafında planetlərin paradı olan bir işdir. Eskizini köhnə bir kitabda görmüşdüm. “Kainat” adlandırdığım bu işin üzərində altı ay çalışmışam”.
   Məlumdur ki, hər bir sənətin yaşaması sifarişçilərdən asılıdır. Bu gün evlərdə, restoranlarda və tarixi abidələrdə şəbəkə ornamentlərinə rast gəlirik. Şəkinin «Sənətkarlar paytaxtı» elan edilməsi şəbəkə sənətinin inkişafına da əlavə töhfədir. Usta Soltan onlar üçün yaradılan iş şəraitinə görə öz minnətdarlığını bildirdi: “Nə qədər ki işləyib-yaratmaq qabiliyyətimi itirməmişəm, xalqımız üçün dəyərli layihələrdə iştirak etməyə hazıram. Rəngli şüşələri əldə etmək indi çətindir. İstifadə etdiyim şüşələr sovet dövründən qalıb. Taxtalar isə yerli materiallardır. Şəkidə XVIII əsrdə - xanlıq dövründə bu sənət geniş vüsət alıb. Şəki Xan Sarayından başqa bəzi əyanların evlərində də bu sənətdən istifadə olunurdu.”
   Usta Soltanın 3 barmağı bu sənətin qurbanı olub. Elektrik rəndəsində barmaqlarını itirən usta yenə də şəbəkə sənətindən ayrılmayıb. Bildirir ki, ilk dəfə barmağını itirəndə həyəcan və qorxu keçirib: “Sifarişli iş götürmüşdüm və sahibinə çatdırmaq lazım idi. Mən özümü toplayıb yenə işimə döndüm. Sonra o biri barmaqlarımı itirəndə mənə adi gəldi. Sanki bunu işimin bir hissəsi kimi qəbul etdim”.
   
   Bir millimetr səhv işi
   korlamaq deməkdir
   
   Nəzərinizə çatdıraq ki, şəbəkə sənətində həndəsi fiqurlar birbaşa rol oynayır. Çünki bunlar müxtəlif bucaqlar altında həyata keçirilir. Cəbrdən zəif olmasına baxmayaraq, həndəsəni yaxşı bilən usta Soltan bütün şəbəkə növlərindən baş çıxarır və çətin peşəsindən zövq alır: «Şəbəkə hörmək üçün peşəkarlıq azdır. Bunun üçün həndəsəni, riyaziyyatı və rəsmxəti də bilmək lazımdır. Çünki işləyərkən bir millimetr səhv etmək bütün işi korlamaq deməkdir. Şəbəkədə ən çox vaxt alan isə şüşə işləmələrdir».
   Usta qeyd edir ki, son vaxtlar Azərbaycanda nəinki abidələrin bərpasında, hətta yeni tikililərdə də şəbəkədən çox istifadə olunur: «Otellər, abidələr üçün sifarişlər qəbul edirik. Şəkiyə xarici turistlər çox gəlir. Onlar şəbəkəyə həddindən artıq maraq göstərirlər».
   Ustanın düzəltdiyi şəbəkələr arasında lampa, rəhlə (üstünə kitab qoyub oxumaq üçün açılıb-yığılan qurğu) çoxluq təşkil edir. Azərbaycanda usta Soltanın işlərinə çox yerdə rast gəlmək olar. Bakıda Təzəbəy hamamındakı şəbəkə işləri də onun əl işləridir. O, şəbəkə sənətini yeni ornamentlərlə zənginləşdirən ustadır.
   Söhbət zamanı Şəkidə şəbəkə sənətinə maraq barədə soruşuram. Sənətkar təəssüflə şəbəkə sənətinə maraq göstərənlərin az olduğunu dilə gətirdi: «Şəkidə şəbəkə sənəti dərnəyi olsa da, gələnlər çox deyil. Ata-baba sənətini davam etdirmək, onu ölməyə qoymamaq bizim borcumuzdur».
   Qeyd edək ki, son illər Mədəniyyət və Turizm Nazirliyinin bu sahədə gördüyü işlər nəticəsində şəbəkə ustalarımızın əl işləri həm respublikamızda, həm də xaricdə yaxşı tanınır. Gözəl şəbəkə kompozisiyalarına baxan əcnəbilər Azərbaycan dekorativ sənətinin zərifliyinə, eyni zamanda, monumentallığına məftun olurlar.
   
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar