(Əvvəli ötən sayımızda)
   
   10 may 2010-cu il
   
   Şarlot şəhərinin Mərkəzi İctimai Kitabxanasında bir sıra maraqlı faktlarla tanış olduq. Yerli sakinlər və tələbələr kitabxanadan pulsuz istifadə edirlər. Başqa qraflıqlarda və qəsəbələrdə yaşayanlar kitabxanaya üzv olmaq üçün il ərzində 45 dollar pul ödəyib oxucu kartı əldə etməlidirlər. Öyrəndim ki, son bir ildə kitabxanadan istifadə edənlərin sayı xeyli çoxalıb. Bunun səbəbini iqtisadi böhranla izah etdilər - sadə amerikalılar kitabı pulla almaqdansa, onu kitabxanada oxumağa üstünlük verirlər. Kitablar üç həftə müddətinə evə verilir. Bu müddət iki dəfə yenidən uzadıla bilər. Ensiklopediyalar, lüğətlər evdə istifadə üçün verilmir. Kitabxana populyar kinofilmlərin DVD disklərinin prokatı ilə də məşğul olur.
   Maklenburq İctimai Kitabxanasının da maraqlı tarixi var. Bu kitabxananın ilk fondunu 1904-cü ildə Endrü Karnegi adlı şəxs şəhərə bağışlayıb, o həmçinin kitabxananın inkişafı üçün böyük vəsait sərf edib. Hazırda Vaşinqtonda Karnegi Fondu fəaliyyət göstərir. Fond ABŞ-da kitabxanaların inkişafına yardım edir.
   Kitabxananın tarix şöbəsində şəhərin telefon məlumat kitablarından, köhnə qəzetlərdən Şimali Karolina ştatının əhalisinin uçot-qeydiyyat sənədlərinədək bir çox materiallar saxlanılır. Burada ştat əhalisinin şəcərə tarixinə dair kitab da var. Şimali Karolina ştatında yaşayan hər bir şəxs bu kitabda öz şəcərə tarixini tapa bilər. Kitabxanadakı kataloqlar mikrosxemlərdə yığılır, burada 10 mindən çox belə mikrosxem saxlanılır.
   Maklenburq İctimai Kitabxanası səyyar xidmət də göstərir. Bu xidmətdən müəllimlər, uşaqlar, yaşlı insanlar, əlillər və imkansızlar daha çox istifadə edirlər. Səyyar xidmət poçt vasitəsilə də aparılır. Kitablar və ya onların surətləri poçt vasitəsi ilə oxucuya göndərilir və poçtla da geri alınır. Bu xidmət üçün oxucular tərəfindən haqq ödənilmir. Bütün poçt xərclərini kitabxana ödəyir. Ümumilikdə 153 min nəfərə səyyar kitabxana xidməti göstərilir.
   Kitabxanada savadsızlığın ləğv edilməsi istiqamətində də iş aparılır. Burada yazıb-oxumağı öyrənmək istəyənlər üçün pulsuz kurslar təşkil edilir. Gözdən əlillərə pulsuz kitabxana xidməti göstərilir.
   Maklenburq İctimai Kitabxanasının rəhbəri Çarlz Brovnla görüşümüz kitabxananın iclas zalında baş tutdu. Brovn bizə kitabxana haqqında məlumat verərək bildirdi ki, Şimali Karolinada kitabxanalar yerli gəlir vergiləri hesabına maliyyələşdirilir. Bəzi böyük mədəni layihələri kilsələr maliyyələşdirir. Ştatın qanunlarına görə, inşa edilən hər binanın ümumi smeta dəyərinin bir faizi mədəniyyət məsələlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi hesaba köçürülür. Bu məbləğ köçürülmədən heç bir tikintiyə icazə verilmir.
   Maklenburq İctimai Kitabxanasının illik büdcəsi 36 milyon dollardır. İqtisadi böhranla əlaqədar şəhər büdcəsində bir sıra sahələr üzrə ixtisarlar edilsə də, bu azalma kitabxananın büdcəsinə təsir etməyib.
   Qarşılıqlı söhbət əsnasında məlum oldu ki, amerikalı kitabxana direktorunun Azərbaycan haqqında məlumatı demək olar ki, yoxdur. Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova Çarlz Brovna Azərbaycandakı təhsil sistemi, icbari təhsil, mədəniyyətə göstərilən dövlət qayğısı, kitabxana işi, Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verdi.
   Nümayəndə heyətimiz adından ona xatirə hədiyyələri və kitabxana fonduna daxil etmək üçün çoxlu kitablar təqdim etdik. Görüşdə Maklenburq İctimai Kitabxanası ilə Gəncə Mərkəzi Kitabxanasının dost kitabxanalar elan olunması qərara alındı. Çarlz Brovn və Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova bu barədə memorandum imzaladılar. Memoranduma əsasən, gələcəkdə bu kitabxanalar arasında əməkdaşlıq həyata keçiriləcək.
   
   Dünyanın ən iri fotoqrafı
   
   Gün ərzində Maklenburq İctimai Kitabxanasında əlil arabasında çox iri cüssəli bir şəxsin gəzdiyini gördük. Ona kitabxananın müxtəlif bölmələrində rast gəlirdik. Yeri gəlmişkən, kitabxanada əlillərə xidmət üçün hər cür şərait yaradılıb. Onlar əlil arabaları ilə bütün şöbələri gəzə bilirlər.
   Günorta qısamüddətli fasilə zamanı əlil arabasında gəzən həmin şəxslə kitabxananın giriş qapısında yenə üz-üzə gəldik. O, arabanı saxladı və yaxamdakı vizit kartına baxıb "Azərbaycan" dedi. Hiss etdik ki, bizimlə söhbətə marağı var. Adının Robert, soyadının Radqett olduğunu bildirdi. Qeyd etdi ki, 18 il dünyanın ən məşhur xəbər agentliklərindən biri olan Röyterdə çalışıb. Vaşinqtonda universitetin hüquq fakültəsini bitirib. Sovet İttifaqı üzrə mütəxəssisdir. 53 yaşı var. Hazırda ikinci ali təhsil alır. Ayağının birini itirdikdən sonra kitabxanaya tez-tez gəlir. Vaxtının çoxunu internetdə keçirir.
   O, Azərbaycan haqqında məlumatı olduğunu, mərhum Heydər Əliyevi tanıdığını söylədi. Qeyd etdi ki, Azərbaycanda olmasa da, bizim ölkənin zəngin neft-qaz ehtiyatlarından, Amerika ilə yaxşı münasibətlərimizin olmasından xəbərdardır.
   Söhbət zamanı qeyd etdi ki, Qarabağ problemi, ermənilərin Azərbaycana ərazi iddiaları barədə də məlumatlıdır. Hətta ermənilər haqqında belə bir fikir söylədi: "Ermənilər çox rəzil və ikiüzlüdürlər. Rusiya və Türkiyənin münasibətlərini də tarix boyu ermənilər pozub".  Sonra o, saatına baxıb vaxtımızı çox aldığı üçün üzr istədi. Bildirdi ki, onu dünyada məşhur edən bədəncə çox nəhəng olmasıdır. Onu dünyanın "Ən nəhəng fotoqrafı" kimi tanıyırlar. Biz Robertlə sağollaşıb ayrıldıq.
   Axşam evdə Ömər vaxtımızın xoş keçməsi üçün xeyli çalışdı. Onun xanımı da bizə tez-tez çay, qəhvə təklif edirdi. Amerika ailələrindən fərqli olaraq bu ərəb ailəsində içkiyə meyil demək olar ki, yox idi. Ömər qızları haqqında danışdı. Bildirdi ki, böyük qızı başqa şəhərdə universitetdə, ailənin ikinci qızı isə başqa bir ştatda kollecdə təhsil alır. Daha sonra o, bir şəkil göstərərək onun qardaşı olduğunu söylədi. Bildirdi ki, qardaşı Parisdə yaşayır, diş həkimidir. İldə bir dəfə məzuniyyətə çıxanda Amerikaya gəlir və görüşürlər. Ömər onun daha imkanlı olduğunu da xüsusi vurğuladı.
   Ömər istirahəti çox sevdiyini, məzuniyyət dövründə Misirə, Türkiyəyə getdiyini bildirdi. Ov həvəskarı olduğunu, silah kolleksiyası topladığını dedi. Bizi kolleksiyasından bəzi nümunələrlə tanış etdi. "Beretta" tipli tapançasını, dörd ədəd qoşalülə ov tüfəngini, bir ədəd karabini bizə göstərdi. O, silahların hamısının qeydiyyat və icazə sənədinin olduğunu vurğuladı.   

   11 may 2010-cu il
   
   Səhər adi qayda üzrə "Beynəlxalq ev"ə gəldik. Bu gün ilk görüş Mərkəzi Piedmont İctimai Kollecinin kitabxanasında olacaqdı. Yolboyu şəhərin görməli yerləri ilə də tanış olduq.
   Bizi müşayiət edən xanım Liz sürücüyə böyük bir kompleksin qarşısında dayanmağımızı işarə etdi. Bura nəhəng bir idman kompleksi idi. Ətrafda ideal səliqə-sahman, yaşıllıq vardı. Liz məlumat verdi ki, bura Şarlot şəhər stadionudur. Stadionu 1990-cı ildə "Bank of Amerika" tikdirib. Kompleksin girişində hündür qranit abidə ucalırdı. Abidənin üzərində çoxlu adlar həkk olunmuşdu. Amerikalı xanım adları bu abidə üzərinə yazılanların Şarlotda futbolun inkişafına kömək göstərən şəxslər və ya məşhur futbolçular olduqlarını söylədi.
   Təyin olunmuş vaxta İctimai Kollecin kitabxanasına gəldik. Kitabxananın üçmərtəbəli binası vardı. Binanın girişində bar yerləşirdi. Barda spirtli içkilər də daxil olmaqla hər cür içki təklif olunur. Maraq üçün öyrəndik ki, bar aylıq gəlirinin 7 faizini kitabxananın hesabına köçürür.
   Kitabxananın çıxış qapısında yoxlama-nəzarət keçidi vardı. Onu da öyrəndik ki, kitabxana fondundakı olan bütün kitabların cildində xüsusi qoruyucu zolaq var. Odur ki, hər hansı bir kitabı kompyuterdə qeyd etdirmədən kitabxanadan çıxarmaq mümkün deyil. Bizi kitabxana ilə tanış edən kitabxanaçı kollec tələbələrinin fonddan pulsuz istifadə etdiklərini söylədi. Kitabxanada bir nəfər rus xanım da işləyirdi. Nataşa adlı həmin xanım əslən Leninqraddan (Sankt-Peterburqdan) olduğunu, 10 il əvvəl köçüb buraya gəldiyini söylədi. O bildirdi ki, Rusiyada yaşayanda da kitabxanada işləyib. Amerika kitabxanalarında işin çox dəqiq qurulduğunu, kitabxanaların oxucu problemi yaşamadıqlarını xüsusi vurğuladı.
   Kollec kitabxanasının direktoru xanım Cenifer Arnoldla görüşümüz maraqla keçdi. O, tədris prosesindəki yeniliklərdən, kollecin ixtisas və peşə istiqamətlərindən ətraflı bəhs etdi. Qeyd etdi ki, burada əsasən iqtisadiyyat üzrə mütəxəssislər hazırlanır. Kollecdə təhsil pulludur, qəbul zamanı imtahan aparılmır. Tələbələrin xeyli hissəsi kollecdə təhsilini bitirə bilmir. Yalnız çox yüksək biliyə malik olanlar sonadək oxuya bilirlər.
   Yaxınlıqda yerləşən restoranlardan birində nahar etdikdən sonra günün ikinci yarısında şəhərin büdcə planlaşdırılması, yerli xərclərin istiqamətləndirilməsi məsələlərini öyrənmək üçün yerli Hökumət Mərkəzinə getdik. Bu mərkəz təkcə Şarlot şəhərinin deyil, bütövlükdə Maklenburq qraflığının idarə olunmasına rəhbərlik edir. Şimali Karolinada yüz qraflıq var, onlardan ən böyüyü Maklenburqdur. Maklenburq qraflığını ştatın "vuran əli" adlandırırlar. Şimali Karolinanın 1,6 milyona yaxın əhalisinin 900 min nəfəri bu qraflığın ərazisində, onun da 650 mini Şarlot şəhərində yaşayır.
   
   (Ardı var)
   
   Vaqif Alıyev,
   Kürdəmir Rayon Mədəniyyət və
   Turizm Şöbəsinin müdiri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar